Avropada şeir festivalında olan Ramil Əhməd: “Xalqımıza qarşı çox böyük sevgi gördüm”

Avropada şeir festivalında olan Ramil Əhməd: “Xalqımıza qarşı çox böyük sevgi gördüm”
4 dekabr 2020
# 10:45

“Orda məndən “Bizi nə zaman Laçına, Şuşaya aparırsan?” deyə soruşurdular.”

Bu sözləri Kulis.az-a Makedoniyanın paytaxtı Üsküp şəhərində VI Beynəlxalq Yahya Kamal Bayatlı Şeir Festivalında ölkəmizi təmsil edən gənc şair Ramil Əhməd söyləyib. Tədbirin əhəmiyyətindən danışan gənc şair, bu festivalın Üsküb şəhərində keçirilməsinin simvolik məna daşıdığını qeyd edib:

“Artıq altıncı ildir ki, keçirilən festival hər il dekabrın 2-si Yahya Kamalın doğum günündə təşkil olunur. Festivalın bu tarixdə və Üsküb şəhərində keçirilməsinin simvolik mənası odur ki, Yahya Kamal bu tarixdə Üsküb şəhərində doğulub. Ömrünün uşaqlıq və gənclik illərini bu şəhərdə keçirib. Üskübün xüsusi bir əhəmiyyəti də var. Bu şəhər Osmanlı İmperiyasına İstanbuldan əvvəl gələn türk şəhəri kimi dəyərləndirilir.”

Festivalın pandemiya qaydalarına uyğun keçirildiyini deyən Ramil Əhməd bir çox şairlərin bu səbəblə festivala onlayn qatıldığını qedy edib:

“Pandemiya hər şeyə təsir etdi. Ona görə də festivalda iştirak edən şairlərin bir çoxu uçuşların olmaması səbəbilə iştirak edə bilmədilər. Onlar şeirlərini onlayın şəkildə çatdırdılar. Eyni zamanda, pandemiya bu festivalı daha geniş şəkildə təşkil etməyə imkan vermədi. Sosial məsafənin tətbiq edilməsi üçün iki oturacaqdan bir boşluq buraxıldı. Şeir gecəsi pandemiya qaydalarına tam uyğun şəkildə həyata keçirildi. Bu qədər insanın uzun müddət qapalı məkanda qalmaması üçün vaxt limiti tətbiq olundu. Hər kəsə sadəcə salamlaşmaq və şeir oxumaq haqqı verildi”.

Çıxışı zamanı Qarabağ məsələsinə diqqət çəkdiyini qeyd edən gənc şair, iştirakçılardan böyük diqqət gördüyünü deyib:

“Çıxışım zamanı ilk olaraq Qarabağ məsələsinə toxundum. Çünki 2 dekabr Azərbaycanın xəritədə bütövləşməsinin ikinci günü idi. Bizim üçün tarixi gün idi. Mən orda bu zəfərin tək Azərbaycan üçün deyil, ürəyi bizimlə döyünən bütün türk coğrafiyasının, xüsusilə türk ziyalıların zəfəri olduğunu qeyd etdim. İnanılmaz dərəcədə maraq gördüm. Hamısı xəbərləri izləyir. Hətta Bolqarıstandan olan şairlər dedi ki, bizim mediada ermənipərəst manşetlər çıxsa da biz onlara inanmaq istəmədik. Özümə, xalqımıza qarşı çox böyük sevgi gördüm. Orda məndən “Bizi nə zaman Laçına, Şuşaya aparırsan?” deyə soruşurdular. Daha sonra Yahya Kamal haqqında danışdım. Mənim Yahya Kamal ilə həm də mənəvi bağım var. Yahya Kamal İstanbul Universitetinin müəllimi olub. Mən onun dərs dediyi, portretlərinin asıldığı siniflərdə təhsil almışam. O mühitdə yetişmişəm. Bu baxımdan Yahya Kamalı mənəvi müəllimim hesab edirəm. Onun doğulduğu Üsküb şəhərində olmaq, bu şəhərə onun şeirləri ilə baxmaq gözəl idi. Mən Üskübə onun şeriləri ilə baxanda şəhərin necə də zənginləşdiyini gördüm. Orda “Günəş” adlı şeir oxudum. Yaşadığımız gözəl günlərin xatirinə istədim pozitiv bir şeir oxuyum.”

# 2320 dəfə oxunub

Müəllifin son yazıları

# # #