Kulis.az Havar Şəfiyevanın yeni şeirlərini təqdim edir.
Bir bayquş səsinə oyandım səhər,
Hasarın üstündən qıy vuran bayquş,
Səhəri gecəylə səhvmi salmısan?
Sən də mənim kimi azmısan, ay quş?
Bura xarabalıq, meşəlik deyil.
Buralar nə mənlik, nə sənlik deyil.
Daha nənəm də yox, sənə daş ata.
Deyirdi bir bayquş, bir qarğa səsi,
eşitsən, ocaqdan bəd xəbər gələr,
kimsə xəstə düşər ya kimsə ölər.
Nənəmin sözündən çıxdım bu dəfə.
Bilirəm...
Günəşdən, istidən sən dəuzzaqsan.
Gəl yaşa, günəşin söndüyü yer var,
gəl yaşa, könlündən keçdiyi yer var.
İçimdə xarabalıq minarələrdə,
könlümdə ucalan viranələrdə.
Daha nənəm də yoxdur sənə daş ata.
Adam yaşayar da, adam ölər də
Bir gün gələn adam, bir gün gedər də.
***
Uzanır aramızda şəhərlər, yollar bunca
Gecə yuxu görürdüm,
Tanış bir səs deyirdi:
"Ağla, gözəl, ağla....ağla doyunca.
Sən gedəli,
əllərim göyə qalxıb, enməyəcək daha ömür boyunca.
Həmin gündən üzüm ağdır,
Yeddi fəslin payızına, qışına.
Nənəm deyir: Mənim balam
tuş gəlmisən bir nadan qarğışına.
O vaxt ömür elə gözəl keçirdi
Biz bir kitab oxumuşduq,
Yadındadı "Tatar Çölü"?
Orda ümid axı sonda ölürdü.
Kim eşidər ha deyir ki, səbr eləyib dözərsən,
Gəl sənə yaşa bu ömrümü, Tanrı haqqı bezərsən.
Rəfimiz dağınıqdır, elə mənim beynim kimi,
Xatirələr qarışıb toz içində.
Bayaq yuxu danışdım, mən yozmuşam,
bir dəfə yoz özün də.
***
Neçə şeir doğulsa da,
Neçə kitab yazılsa da,
Bu eşq üçün ağıdır.
Qalaq-qalaq xatirələr
ürəyimə lövbər atıb,
ruhumu lap ağrıdır
Bu şəhər tam başqa idi,
Damağımda dadı qalıb.
Ha gəzirəm qarış-qarış küçələri
Hanı "Bakı Gecələri"?
Elə-belə adı qalıb.
Naz edəcək vaxtım deyil,
Əl çək, Xəzri küləyi.
Daha heç nə sevindirməz,
Daha heç kəs ovutmaz ki,
Daş olmuş bu ürəyi.
Yatammıram, inanırsan?
Gecə saat 5-də belə oyağam.
Hər nədisə, sürün-sürün
yaşayıram, hələ sağam.
Bu sarmaşıq yollarımı
öz qurumuş əllərimlə cızmışam.
Tapammıram...
indi özüm öz içimdə azmışam
İndi bildin biz tərəfdə
səhər niyə açılmır?
Günəş niyə qaradır?
İndi bu qız şair olub,
şeir yazır,
söz oynadır,
hekayələr yaradır.
***
Neçə qapı kilidli,
neçə arzu itirdi
sənin getdiyin cığır.
Beynim Çernobıl şəhəri -
illərcə yığılanlar məmləkəti tərk edir,
qaçıb aradan çıxır.
Gedirsənsə, yaxşı yol,
arada bir yad elə bu xaraba ölkəni,
daş dediyin ürəyim darıxanlar məskəni.
Bir kitab var rəfimdə -
baxıb-baxıb oxumadan qoyduğum,
Sən də onun kimisən -
yaşamağa qorxduğum.
"Sarı sim"i qırıldısa kamanın,
çalacağın sevdiyim avaz deyil.
Səmada göy qurşağı,
pəncərəmdə gün doğub,
amma yaz o yaz deyil.