Dalğa-dalğa ölmək nə çətin imiş

Dalğa-dalğa ölmək nə çətin imiş
27 noyabr 2017
# 15:48

Eyyub Xəyal

Suda boğulan balıqlar

Dünyanın döngüsü dəyişib artıq

Yağan yağışları torpaqlar yuyur

Tərsinə fırlanır, gəncləşir Dünya

Canavar çaqqala ehtiyac duyur

Bülbülün qarğaya ölümsüz eşqi

Başqa quşlara da sirr deyil daha

Dəyişilib taxtın-tacın sahibi

Meşələrin şahı şir deyil daha

Suları quruyub axar çayların

Balıqlar quruda doğulur indi

Unudub üzməyi, gölü, dənizi

Sularda balıqlar boğulur indi

Adam da dəyişib balıqlar kimi

Özünə inamı gümandan keçir

Əvvəllər insanlar yoldan keçərdi

İndi isə yollar insandan keçir

Allahın yuxusu

Dəyişə dünyamız tərsinə dönə

Torpağın altı göy üzünə baxa

Gəcə Günəş çıxa, gündüzlər sönə

Torpaqdan buluda yağışlar yağa

Günah da, savab da çıxa aradan

Nəfəsin alanda boğula insan

Elə yarada ki, bizi yaradan

Əvvəl ölə, sonra doğula insan

Allah dünyamızı heç yaratmaya

Yaradanı dünyaya gətirə insan

Dünya boyüməyə, başa çatmaya

Dünyanı Tanrıda itirə insan

Adam həqiqəti yuxudan ala

Yuxular aldada itirə bizi

Yuxu yata, insan da oyaq qala

Yuxumuz dünyaya gətirə bizi

Tanrı yaradanda bu kainatı

Adamın söz haqqı, “yoxu" olaydı

Ölümlü yaşanan insan həyatı

Allahın gördüyü yuxu olaydı

Meyvə satan qoca qarı

Səhərki mənzərə öldürdü məni

Yaman təsir etdi, gördüyüm mənə

İçi meyvə dolu ağ arabanı

Zorla aparırdı bir qoca nənə

Belə mənzərənin qaynar əzabı

İnsanın canına daraşır axı

Alma-armud satmaq altmış yaşlının

Allah harasına yaraşır axi?

Alverçi qadının həmyaşıdları

Övlad qayğısına sarılıb yatır

Şaxtalı sabahın qaranlığında

Busa arabada mer-meyvə satır

Suallar verirəm özüm-özümə

Tək keçib ömrünün baharı-yazı

Ailə qurmayıb? - Görəsən niyə?

Yoxdurmu övladı? - Oğlu, ya qızı

Düşünürəm vətən ana deyilmi?

Sildikmi yaddaşdan belə sualı?

Əgər vətənimiz anamızdırsa

Niyə bu gündədir vətənin halı?

Allah, bu qadının ahıl yaşına

Axı rəvadırmı zillətin sənin?

Cəhənnəmi nağdı yaşayırsa o…

Nəyə lazım nisyə cənnətin sənin?

Şikayət

Zəmanə eynidir, dəyişir rəqəm

Günəş gecə, Aysa gündüz oyanır

Ağacın budağı kökündən möhkəm

Mərdin arxasında namərd dayanır

Haqqın istifadə müddəti qısa

Halalın içində haram ilənir

Kişilik qocalıb, əlində əsa....

Yolun qırağında şərəf dilənir

Yalanın qaməti gerçəkdən uzun

Həqiqətin əli çatmır sabaha

Kişilik məktəbin bitirən məzun

İnsanlığa qəbul olunmur daha

Sanki bağlanıbdır kişi məktəbi

Qeyrəti olmayan olana gülür

Kişi olmağın da gəlməyir təbi

Kişilər yaşayır, kişilik ölür

Bəlkə

Çoxdan özümüzü ölmüş bilmişəm

İndi dirilməyin adı nədir ki?

Hələ dadmamışıq, dadın bilmirik

Ölüb dirilməyin dadı nədir ki?

Bəlkə doğulmadıq, insan deyilik

Həyat ağacından düşən yarpağıq

Ətdən-sümüklərdən ibarət olan

Nəfəs alıb verən canlı torpağıq

Bəlkə yaradanın yazıb-pozduğu

Dünya tarixinin yazı daşıyıq

Göylərdən gəlib yerə çatmayan

Ağlayan mələyin gözün yaşıyıq

Allah nəfəsindən ruh veribdirsə

Demək “yox” içində bir çoxluğuq biz

Bizim gözümüzə görünməz olan

Yoxluqdan var olan bir yoxluğuq biz!

Bəlkə Allahın heç demədiyi

Əsla yazılmamış Quran sözüyük

Ulu Tanrımızın Dünyanı görən

Gözə görünməyən haqqın gözüyük

İçimdəki Dəniz

Yuxudan qalxmağı unudub yenə

Dəniz ürəyimdə qıvrılıb yatıb

Sən bilmirsən dəniz sirr verim sənə

İçimdə limansız gəmilər batıb

Batan gəmilərin ünvanı yoxdur

Limanları gəzdi, qaldı seçimdə

Daha dənizlərin də canı yoxdur

Coşqun dənizləri boğdum içimdə

Dalğalar göz yaşın, ürəyində çən

Çırpınan ləpələr surətin imiş

Sənin sahilindən örgənirəm mən

Dalğa-dalğa ölmək nə çətin imiş

Qəlbim yatağındır, bölgəndir sənin

Sahili itirib, allanmısan sən

Sürünən buludlar kölgəndi sənin

Sanki buludlardan sallanmısan sən

Qəlbimdən axmasan belə olmazdın

Dünyaya gəlmisən mənim sözümdən

Mən ağlamasaydım dəniz olmazdın

Səni mən ağladım, tökdüm gözümdən

Kölgəm

Axşam düşür, gecə yumur gözümü

Kölgəm əvəzimə yatır yataqda

Tapa bilmirəm mən daha özümü

İndi sən burdasan, yoxam otaqda

Gecələr otaqda təkcə qalıram

Dalıram kabustək canına sənin

Kölgəmi özümdən söküb alıram

Çəkib göndərirəm yanına sənin

Enirəm təkliyin dərin qatına

İncidir yalnızlıq bilirsən necə?

Çəkirəm mən stulu ayaq altına

Kölgəmi saçından asıram gecə

Saçının da rəngi düşür bölgəmə

İşıq qaranlığı yıxana kimi

Sənə göndərirəm, sarıl kölgəmə

Kölgəmin də canı çıxana kimi

Pəncərədən görsən əksimi tanı

Bəlkə yorulubdur, acdır kölgəm

Sənin nurundadır kolgəmin canı

Eşqin zülmətinə möhtacdır kölgəm

Zülmətin kölgəmi yanına çəkər

Məndən ayrılanda öyünərsən sən

Gəlinlik libası istəsən əgər

Əyninə kölgəmi geyinərsən sən..

# 2567 dəfə oxunub

Müəllifin son yazıları

# # #