Mehriban Nağıyeva
Ən ağır cəza
Hardasa 10 il bundan qabağın söhbətidir. Qonşuluqda çox kasıb bir ailə yaşayırdı. Onlara elə yazığım gəlirdi ki... Tez-tez evimizə dəvət edirdim. Doyunca yedirib-içirdər və əllərinə pay verib yola salardım.
Həyat yoldaşım bizneslə məşğul idi. Yaxşı pul qazanırdı. Həmişə işdən çox yorğun gəlirdi deyə hövsələsi bir tikə olurdu. Elə qonşu arvadın yanındaca məni adi bir səhv üstündə danlayıb qışqırırdı. Sözün düzü bunu adi bir şey kimi qəbul edirdim. Bilirdim ki, işdə çox yorulur ondandır...
Bir gün yenə həmin bu kasıb qonşumuz bizdə idi. Yoldaşım da gəlib çıxdı. Ağzımı qonşu arvada əyib həyətdəki suyu açıq qoymuşdum. Hər yeri su basmışdı. Hətta su motoru da yanıb xarab olmuşdu.
Qəflətən elə bil evə bomba qoydular. Yoldaşım içəri girib qışqırdı:
- Niyə suya baxmamısan?
- Nə bilim... Yadımdan çıxdı.
Deyim ki, qonşu arvadda da üz vardı. Görürsən ara qarışıb çıx get də! Divanda oturub ləzzətlə bizi süzürdü. Nə isə, yoldaşım gördü ki, qonşu arvad bizdədir, səsini yavaşıtdı...
Səhəri gün qonşu arvad yenə gəldi. Mənə astaca dedi:
- Mehriban, gəl sənə bir məsləhət verim.
- Nə məsləhət?
- Mən bir arvad tanıyıram, cadu yazır. İstədiyin adamı muma döndərir.
- Nə demək istəyirsən?
- Demək istəyirəm ki, gəl səni aparım o arvadgilə, sənin ərinçün elə bir cadu yazsın ki, vallah, ərini tanımayacaqsan...
Dedim: Yox, yox! Nə danışırsan? Allahdan başqa heç nəyə inanmıram. Mənə nə desə yaxşıdır?
- Nə Allah, Allah salmısan, az! Ode, mən ərimçün eləmişəm. O da muma dönüb. Nə deyirəm deyir “yes!”
- Axı necə eləmisən? Məni düz-əməlli başa sal görüm.
- Cadunu yazan arvad yazıb bir banka suya qatdı. Mən də mətbəxdə hazır qoymuşam. Hər dəfə o sudan həm çayına, həm xörəyinə qatıram. Əhməd də olur imam övladı.
Susdum. Şokda idim. Gör necə bu insanı tanımayıb evin yuxarı başına keçirmişəm. Anamın ta uşaq vaxtlarından dediyi sözlər beynimdə cingildədi: “Əməl biləni əmələ düşsün”
Qonşu arvadın sözləri məni dəhşətə gətirmişdi. Ona qulaq asa-asa çökdüm yerə. İndiyə qədər cadu və cadugərlər haqqında bildiklərim kino lenti kimi gözlərim önünə gəldi. Məşhur ilahiyyatçının sözlərini xatırladım:
“Əgər bir insan ki, Allaha inanmayıb cadu ilə məşğul olursa bu cadu onun öz başında çatlayır.”
Bu söhbətdən bir-neçə il keçdi. Mən daha o qonşu ilə əlaqə saxlamırdım. Gəlib məni soruşanda gizlənirdim. Uşaqlara tapşırmışdım ki, deyin evdə yoxdur.
Qəfil qışqırıq qopdu. Səs sizə bəhs etdiyim qonşugildən gəlirdi. Qaça-qaça onlara getdim. Qonşunun əri rəhmətə getmişdi. Soruşdum niyə öldü? Dedilər mədəsi zəhrimarlardan tutmuşdu. Məşhur ilahiyyatçının sözlərini xatırlayıb həzin-həzin ağlamağa başladım...