Dil söhbəti
Dilman Şahmərdanlı
Ərəb-fars sözlərindən imtina və türk dilinə uyğunlaşma “kəndinə” dönüş deyil.
Türkiyə türkləri bizə qardaşdır. Çox yaxşı. Qardaşlarımız nə qədər çox olsa yenə də azdır. Ancaq hər qardaş özününkünü qorumaqla qardaşlığını davam etdirsə daha yaxşıdır. Bir şərtlə ki, özününkündə nöqsan olsun, qardaşından götürüb özününkünü kamilləşdirsin.
Söhbət dildən gedir. Dilçilərimizə görə Azərbaycan dili türk dilindən daha kamildir. Elə isə biz hansı dəlilə görə öz sözlərimizdən imtina edib türk sözlərindən istifadə edək? Nə üçün türklər bizdən yox, biz onlardan götürək? Say çoxluğuna görə? Dünya azərbaycanlılarının sayı da az deyil.
Türkük deyə? Türkmən də, özbək də, qazax da türkdür. Bəlkə Türkcə ifadə işlətdikdə daha müasir çıxır? Bunların heç biri Azərbaycan dilindəki sözləri sıxışdırıb türk sözləridən istifadə etmək üçün yetərli dəlil deyil. Razıyam, biz özümüzə, məsələn, türklüyümüzə dönək, ancaq Türkiyəyə yox, çünki Türkiyəyə dönüş hər zaman özünə dönüş yox, çox vaxt milli-mənəvi dəyələrini itirmiş Avropaya dönüş, nəticədə özünəyadlaşma deməkdir. Bizsə buna heç vəchlə razı ola bilmərik.
Məsələn, niyə:
- "xüsusi" yox, "özəl"?
- “hadisə” yox “olay”?
- “mübarizə”, “dözüm”, “səbat” yox, “dirəniş”?
- “şəxsiyyət” yox “kimlik”?
- “əvvəlcə”, “qabaqca” (həmçinin: “əvvəl” və “qabaq”) yox, “öncə”?
- “etibarlı” yox, “güvənli”?
- “xalq”, “cəmiyyət” yox, “toplum”?
- “ciddi yanaşmaq” yox, “ciddiyə almaq”?
- “görməzliyə vurmaq” yox, “görməzdən gəlmək”?
- “bir şey” yox, “bir şeylər”? (misal üçün: gedək, bir şey-lər yeyək)
- “ona nifrət edirəm” yox, “ondan nifrət edirəm”?
- “Güvənmək” və “günməmək”, həmçinin etibar etmək, inanmaq yox, “güvənli”, “güvənsiz”?
- “Bir azdan sonra” yox, “az sonra”?
- “sadəlövh” və “avam” yox, “saf” və “sadə”?
- “paylaşma”, “bölüşmə” yox, “paylaşım”, “bölüşüm”?
- “ayıdındır”, aydındırmı?” yox, “tamam”, “tamammı”?
- “bilmək”, “elm”, “məlumat”, “bilik” yox, “bilgi”?
- “yaşamaq” və “yaşayış”, “həyat” yox, “yaşam”? (məsələn, “yaşam tərzi”. Bir halda ki, “yaşayış tərzi”, “yaşamaq tərzi”, ən doğrusu isə “həyat tərzi”dir.)
- “Aldığım vaxt”, “getdiyim vaxt”, yox, “aldığımda”, “getdiyimdə”? (bir az diqqət etsəniz görəcəksiniz ki, “aldığımda” və “getdiyimdə” başqa mənadadır və onlarda “vaxt” anlayışı yoxdur. Bir halda ki, o ifadələri işlədən şəxsin məqsədi “vaxt”dır.)
- “da” yox, “daha”? Məsələn: “da var”, əvəzinə “daha var” demək (“onun bir xasiyyəti daha var”. Halbuki belə olmalı idi: “onun bir xasiyyəti də var”)
- “Əvvəlcə” və “öncə” yox, “ilk öncə” (“ilk” elə “öncə” deməkdir. Təkrar ifadəyə ehtiyac yoxdur)
- “Çalışmaq” yox, “çabalamaq”, “çaba göstərmək”?
- “Dəyişmə(k)” yox, dəyişim”?
- “Dövr” yox, “dönəm”?
- “Geriqalmış” yox, “geriçi”?
- “Adi” yox, “sıradan”? (Məsələn: “sıradan biri”)
- “Qarşıdurma” yox”, “çatışma”?
- “Nadan və axmaq” yox, “gerizəkalı”?
- “Qəfil” və “birdən-birə”, “gözlənilmədən” yox, “anidən”?
- “Cəmiyyət”, “şərait” və “mühit” yox, “ortam”?