“Ay canı yanmış”la bəy-gəlinə xeyir-dua verənlər

“Ay canı yanmış”la bəy-gəlinə xeyir-dua verənlər
16 dekabr 2014
# 16:19

Küləklə bir gün

Hava küləklidir, elə soyuq olmasa da külək öz surəti ilə soyuqlaşır, sanki iti bıçağa dönüb qarşısına çıxan səddə sancılır. Külək uzun, incə söyüd ağaclarının gövdəsini əyir, belə təəssürat yaranır ki, onlar elə indicə qırılacaqlar, amma nə yaxşı ki, belə olmur.

Külək-o, istedadlı bir rejissordur, şəhərin küçələrindəki tullantılardan istifadə edərək külək həyəcanlı, təlatümlü, qarışıq rəqslər yaradır. Kağız parçalarını, sellofan torbaları dairəvi hərəkət etdirərək göyə qaldırır, küləyin uğultusu bir musiqi, onlar isə bu musiqi ilə oynayan rəqqaslardır.

Uzaqda bir işıq lampası var. Küləyin hər həmləsində o, tərpənir, gah sağa, gah da ki, sola yırğalanır.

Külək ötüb keçir, keçdikcə arxasında bir mənzərə yaradır, rejissoru külək, müəllifi isə.....

Ətraf dağınıqdır. Küçələr boşdur, ara-sıra ünvanına tələsən insanları görürəm, onlar əllərini üzlərinə tutur, sanki küləkdən aman istəyirlər. Saçları dəli alov tək oynayır, paltarları küləyin caynaqları ilə arxaya dartılır.

Səma bozumtuldur, buludlar parça-parça ətrafa dağılmış, bir qatar tək üfüqə doğru uzanırlar. Elə bil küləklə buludlar, nəyə və ya kimə isə qəzəblidirlər, onunla mübarizə aparırlar.

Bayaqdan canlı, səs-küylü mərkəzi meydan indi küləyin cənginə verilib, indi lovğa, zəhlətökən alverçilərin əvəzinə burada külək at oynadır. Qəribədir, elə bil bu insanlar heç burada yox idi, onları xatırladan küləyin təsiri ilə havada rəqs edən kağızlar və sellofan torbalardır.

Tədricən buludlar yerə doğru enməyə başlayır, yerə doğru endikcə rəngləri qaralır, öz çəkiləri ilə yeri sıxırlar.

Qulağımı nə isə narahat edir, cırıltı, nə isə elə hey cırıldayır. Ətrafa baxdıqda bu cırıltının bir taxta həyət qapısından gəldiyini görürəm. Bu köhnə taxta qapı küləyin hər vıyıltısında açılır və qeyri-iradi olaraq yenidən bağlanırdı. Hər açılıb-bağlananda bu cırıltı səsi qapının şikayəti idi. Qapı öz taleyindən, küləyin işgəncəsindən şikayətlənirdi. Qapının üzərində müxtəlif izlər, çapıqlar, yazılar yaşadığı ömürdən, ötüb keçən zamandan xəbər verirdi.

Qapının taxta hissəcikləri əyilmiş, aşılanmış, mismar başlıqları xaricə çıxmışdı. Taxta qapı taqətdən düşmüşdü, elə bil bir an öncə üzərinə düşən yükü atmaq istəyirdi. Taxta qapı qoca görünüşlü idi, amma davranışı ilə gənc qıza bənzəyirdi. O, daxilini, yəni qoruduğu həyəti göstərməyə utanırdı, hər açılanda tez yenidən bağlanırdı, sanki yaşmaqlanırdı.

Axır ki, imkan tapıb həyəti gördüm. Həyətdə çoxlu pilləkən var. Bu pilləkən dolanbac, qarışıqdır. Sürahiləri köhnə, məhəccərləri naxışlıdır. Pillələri başlarını yerə doğru endirmiş, maili olmuşlar. Həyətdə o, başdan bu başa uzanan zivələri görürəm, onlardan asılan paltarlar küləyin istiqaməti boyunca dartılırdı, qırmaqdan asılan bir balıq tək çırpınırdılar. Həyətdə taxta eyvanlar, evin künclərində navalçalar. Evlərdə yanan işıqlar. Pəncərədən görünən, evlərin içində o, yan bu yana gedən sakinlər. Küləklə birlikdə bu həyətdən də sovrulub keçdim. Bu həyətin mənzərəsi, bu həyətin görünüşü mənim yaddaşıma həkk olundu.

Külək isə dayanmır, külək iddialıdır, külək yorulmazdır. Külək yenə yüksəkliyə qalxır, külək surətlə fırlanır, dövrə vurur, fırlandıqca iddiası, cəsarəti artır, daxilindəki hissələri coşub-daşır, vıyıltıya çevrilir. Görəsən yenə hansı küçəyə, hansı guşəyə baş vuracaq?

Elə bil kimsə küləyi cilovdan buraxıb. Elə bil küləyə kimsə hansısa müddətə qədər azadlıq verib. Ona gücün çatdıqca istədiyini et deyib. Külək isə bu fürsəti əldən vermək istəmir. Külək yüksəklikdə yenə bir neçə dövrə vurdu. Surət yığdı və yenə yerə doğru endi. Külək getdikcə mənim nəzərlərim onunla idi. Külək gördüyünü mən görürdüm, eşitdiyini mən eşidirdim. Sanki bir günlük külək mən olmuşdum.

Külək surət yığıb şəhərə doğru şığıdı. Küçələrdən, mərkəzi meydandan surətlə keçdi. Qəribədir, əvvəllər mənə elə gəlirdi ki, küləyin hərəkətləri xaotikdir, nizamsızdır. Amma indi mən belə düşünmürəm. Çox yerlərdən bir işıq tək keçərək külək yenə bir həyətə soxuldu. Həyətdə uzun bir dalan var, uzun dalandan sonra kiçik bir həyət, həyətdə bir-birinin içinə girmiş bir neçə kiçik ev görünür. Bizim bu külək, artıq mənim tanıdığım külək evlərin birinin pəncərəsini gözlənilmədən açdı. Evdə bir kişi masa başında oturub, qarşısında bir stəkan çay qoyulub. O, bu stəkanın üzərində barmaqlarını gəzdirir. Otaqda bir qadın da var. Qadın tələsik hərəkətlər edir, dodaqaltı mızıldanır, otağın içində ora-bura qaçırdı. Nəhayət kişi dilə gəldi:

- Gedirsənsə get, səni saxlayan deyiləm, amma unutma ki, bütün günah səndədir. Bəli, səndədir.

Buna qadın dözməyib cavab verdi:

- Necə ? Mənəm günahkar? Məyər bütün arzularımı, xəyallarımı puç edən sən deyilsən? Məyər mənə yalan vədlər verib ömürdən illərimi oğurlayan sən deyilsən?

Onlar arasında bu mübahisə getdikcə daha da qızışırdı. Qarşılıqlı ittihamlar, uca səslər, qeyri-iradi əl hərəkətləri. Gözlərim onlara baxırdı, baxdıqca onlardan uzaqlaşırdım, iki şəxsin bu mübahisəsi mənə xoş gəlmirdi. Amma birdən məndən savayı bu səhnəni izləyən digər bir müşahidəçinin də olduğunu gördüm. Qonşu otağın qapısının arxasında bir az yaşlı qız var. Baxışları durğun, donuq. Hadisələri izləyir, fikri isə başqa yerdədir. Sanki onun gözlərində baş verən səhnə durmuşdu. Mübahisə davam etsə də ona bu mübahisənin necə bitəcəyi maraqlı deyildi, o, mübahisənin baş verdiyi üçün üzülürdü.

O, hələ rastlaşmadığı həyatın digər üzünü görürdü. Buna hey baxırdı. Məsum üzündə bu səhnənin izləri, naxışları yaranırdı. Adətən uşaq gözləri sevincli, qayğısız olsa da, bu qızcığazın gözləri boş idi. Zaman onun üçün durmuşdu. Mübahisə onun yanında baş versə də gözləri uzağa zillənmişdi, gözləri yol çəkirdi. Bu günə qədər aşıb-daşan səmimiyyəti ilə dünyaya yanaşan qızcığaza bu gün bu səmimiyyətinin qarşılığında dünya öz soyuq əlini ona uzadırdı. Qızcığazın gözlərində anlaşılmazlıq var idi. Sevginin, səmimiyyətin, xoş niyyətin qarşılığında bu yaşında onun ürəyinə soyuq yara vurmaq, bu kimə lazım idi? Bu suala onun qarşısında uzun və kəşməkəşli bir dəhliz açılırdı, sonu bitib-tükənməz, sualı çox, cavabları isə kasad, səthi.

Qızcığazın gözlərindən özündən asılı olmadan yaşlar axmağa başladı. Bu gün onun ata-anası fərqli idi. Bu gün onlar əvvəlki kimi mehriban və ona qarşı nəvazişli deyildilər. Məgər belə də olarmış, o, bunu bilmirdi. Onun məsum ürəyinə izlər düşdüyünə görə mən çox üzüldüm. O, məsum ürəyi, düşüncəsi ilə bu günə qədər bu dünyada yaşayırdı, hamını özü kimi məsum, səmimi bilirdi. O, dünyada az olan, nə vaxtsa çoxluğu öz cərgəsinə çəkə biləcək səmimilər sırasında idi. Bundan sonra isə bu belə olmayacaq, bax bu ən qorxulusu idi.

Qəfildən mən yenə qızcığazdan ayrılmağa başladım. Külək səbirsizdir, bir yerdə qərar tutmur. Mən küləklə birlikdə yenə yüksəyə qalxdım. Qonağı olduğum bu həyət ayaqlarımın altında kiçik kibrit qutusuna bənzəyirdi. Küləyin isə gücü, qüvvəsi bitib-tükənmirdi. O, hey nərə çəkir, haray çəkirdi. Şəhərin üzərində var-gəl edirdi.

Külək surət yığdı və yenə aşağıya doğru şığıdı. Mağazaların yerləşdiyi küçədən onların qapı və pəncərəsini sıyıraraq keçdi. Külək keçdi, mənim gözlərim isə işıqların surətlə sayrışıb bir-birinə yayılmışcasına girdiyi bir mənzərəni görürdü, sonra külək bir dəhlizdə dayandı. Qarşımda bir mağaza var. Bu mağaza ətrafındakı digər mağazalardan elə də fərqlənmir, sadə bir ərzaq mağazasıdır. Nəzərlərimlə içəri daxil oldum. Vitrinləri, su şüşələrini, un kisələrini gördüm. Bu kisələrin, malların, qabların arasında bir kişi əlləşirdi. Bir malı götürüb, o, birini qoyurdu, o, birini götürüb, bu birini qoyurdu. Gah sağa çevrilirdi, gah da ki, sola. Bu minvalla fırlanıb hərlənib axırda əyləşməyə imkan tapdı. Oturdu, oturandan sonra baxışları ilə dükanı başdan ayağa süzməyə başladı. Qəribədir, elə bil dükana birinci dəfədir ki, gəlib, elə bil burda işləyən heç o, deyil. O, dükandakı rəflərə baxırdı, baxdıqca sanki dilsiz-ağızsız, cansız kisələrlə, qutularla, şüşələrlə danışmaq istəyirdi. Hiss edirdim ki, onun demək istədiklərində bir üsyan var, bir qışqırıq, bir etiraz:

“Mən sizi sata-sata özümü də satmışam, sizi baha satsam da özümü lap ucuz satmışam. Mən sizi satanda ömrümü-günümü sizinlə peşkəş vermişəm. Beşin üstünə on gəlim, sonra iyirmi beş gəlim, sonra çıxım, sonra vurum, bölüm. Bu malı götürüm, o, malı qoyum. Bunu satım, o, birini nisyə verim. Sizdən çoxdan bezmişəm, eşidirsiz sizdən çoxdan bezmişəm. Azadlıqda olsam da həbsdə olandan betərəm. İcarə haqqını, vergini ödəmək, müştərini itirmək qorxusundan dükanı bir gün olsun belə bağlı saxlaya bilmirəm. Mən azad ikən özümü həbs etmişəm, mən azad ikən özümü sizlərə məhbus, dustaq etmişəm”.

Bu gün mənə heç bilmirəm nə olub, küləklə birlikdə həm sərhədsiz azadlıq, həm də iti bir hissiyyat qazanmışam, insanların fikirlərini, hisslərini oxuyuram. Adi günlərdə mən bu dükandan çox alış-veriş etmişəm, amma bu günə qədər satıcının daxili dünyasını duymamışdım. Bu düşüncələrlə o, elə hey rəflərə, piştaxtalara baxırdı. Üzündə taleyin etinasızlığı oxunurdu. O, fikirləşirdi və baxırdı, saat əqrəbi isə dayanmırdı, hər çaqqıltı səsi ilə əqrəb sanki yorğun, süst zamanı öz arxasınca dartırdı. Dükanda işıq zəif, ətrafda isə hava qaranlıqdır, bircə bu dükan açıqdır, ömrünü küçələrin birində kiçik dükana həsr etmiş satıcısı ilə.

Bu dükanda ona həmdəm olan, onun dərdini az-çox ovudan çin istehsalı olan, səsi xışıltılı radio idi. Hər axşam sevimli kanalını tutar, sakitcə ona qulaq asardı.

Tədricən gözlərimin önündə olan səhnənin məndən uzaqlaşdığını hiss etməyə başladım. Yavaş-yavaş mən dükandan uzaqlaşırdım. Dükan aşağıda, mənim ayaqlarım altında qalmışdı. Uzaqlaşdıqca mən dükandan gələn zəif işığı və yarı-qaranlıq boş küçəni görürdüm. Ağaclar küləyin təsirindən oyan bu yana əyilir, uzaqlarda isə itlər hürüşürdü.

Bu dəfə küləyin yerdən-göyə doğru, həm də dairəvi hərəkətlər etdiyini hiss etdim. Bu hərəkətlər getdikcə itiləşirdi. Külək həm yuxarı, həm sağa, həm sola hərəkətlər edirdi. Mən burulğan içindəydim. Külək dövrə vurur, mən də onunla birgə dövrə vururam. Ətrafımda yarpaqlar, budaqlar, kağızlar da mənimlə birgə küləyə qoşulub dövrə vururdular. Mən indi hər gün təriflənən, səndən yoxdur deyilən biri deyil, sadəcə küləyin göyə sovurduğu yarpaq, kağız parçaları arasında bir hissəcik idim. Bu gün küləyin mehmanı olsam da ondan alışdığım ehtiramı görmürdüm.

Gördüyüm səhnələr başımda hərlənir, mən özüm də küləyin halqaları arasında fırlanırdım. Hiss edirdim ki, külək hər dəfə şahidi olduğumuz yerlərdən çıxdıqdan sonra daha da çılğınlaşır, surəti və hirsi artırdı. Bu toz, kağız qalıqları ilə bərabər fırlanarkən vıyıltı səslərinin arasından çətinliklə olsa da musiqi səsini eşitdim. Bəli, mən musiqi səsini eşidirəm, milli musiqi sədalarını. Tədricən bu səs güclənirdi. Fırlandıqca imkan tapıb aşağıya, yerə doğru baxdım.

Aşağıda bir işıqlı bina var. Bu bina ətrafdakı digər tikililərdən seçilir. Qarşısında çoxlu sayda maşınlar dayanıb. Getdikcə küləklə bərabər bu binaya yaxınlaşıram. Qapıları böyük, pilləkənləri, üzərindəki palazları təmtəraqlıdır. Dayan, deyəsən axı bu şadlıq evidir. Qarşısında insanlar tələsik ora-bura qaçır. Binaya girib-çıxırlar. Külək məni uzun dövrələrlə fırladaraq düz binanın qapısına qədər gətirdi, ordan isə bir vıyıltı həmləsi ilə içəriyə saldı. Budur mən artıq geniş foyenin içindəyəm.

Ətraf dəbdəbəli, parlaqdır. İnsanların geyimi fərqlidir, gözoxşayandır. Onlar foyenin daxilindəki divanlarda oturub söhbətləşirlər, bu kənardan parlaq jurnal səhifələrində gördüyüm şəkillərə bənzəyir. Mən onların arasından keçib zala doğru irəlilədim. Zala yaxınlaşdıqca musiqi və müğənninin səsi güclənirdi. Zalın qapıları tez-tez örtülüb-açılırdı, ofisiantlar ora-bura şütüyür, qonaqlar girib-çıxırdılar. Bir ofisiantın arxasınca mən də fürsət tapıb zala daxil oldum. İçəri necə də işıqlı idi, böyük, əhatəli çılçıraqlar alışıb-yanırdı, bərq vururdu, zalın genişliyi, masaların çoxluğu, musiqi, müğənni səsi, mərkəzi meydançada qonaqlar-başım hərləndi-bəlkə eyni vaxtda bu qədər yerə baxdım ondandır?

Özüm də bilmədim bu səhnəyə sevinim, yoxsa kədərlənim. Başım hərləndi, gözlərim qaraldı, gözlərimin önündə baş verənlər elə bil fraqmentlərə bölündü, bayaqdan işıqla, çilçıraqla, insanlarla fərəhlənən mən, indi gözlərim bulanıqlaşdı. Məkan hissini itirdim, bilmədim indi mən hardayam, mərkəzdəyəm ya kənarda?

Bu bulanıqlıq içində ara-sıra qabarıqlaşan, sonra isə ümumi bulanıqlıq ahəngində gözdən itən simaları görürəm. Gah yanımdan əlində sini tutan ofisiant keçir, gah qarşıma əcayib formada oynayan qoca çıxır, gah masa qarşısında oturub bütün bunlara məhəl qoymadan yemək yeyən, küncdə, masa başlarında şəkil çəkdirən adamları görürəm. Bütün bunlarla yanaşı musiqi də məni çaşdırırdı. “Leyli canım Leyli.....”, gah “Yanıq Kərəm”, arada “Allah xöşbəxt eləsin!”, “Mübarək olsun!” kimi sözlər deyilir və yenə də musiqi davam edirdi. Ən çox simalar, gülüşlər məni qıcıqlandırır, canıma vahimə salır. Bu insanların çoxu üzümə gülür, amma bu gülüşlərin arxasında elə bil nə isə var, nə isə qəlbimə çatmır, içimi isitmir, gözlər gülsə də, dodaqlar təbəssüm etsə də elə bil arxasında tikan var, qorxu hiss edirəm.

Ağlıma bir fikir gəldi. Bəylə gəlini görməliyəm. Bu məclisin səbəbkarlarını görməliyəm. Çəkilin! Yol verin, yol verin deyə-deyə mən irəliyə hərəkət etdim. Zalın o, tayında iki kürsü var. Orada adamlar da çoxdur. Bəylə gəlin gərək indi orda olsun. Oynayanların arasından keçə-keçə çətinliklə özümü ora çatdırdım. Onları tapmayacağımdan qorxaraq gözlərimi ətrafa gəzdirdim. Nəhayət insanların əhatəsində iki cavanı, bəylə gəlini gördüm. Hamı onlara xeyir-dua verirdi.“Xöşbəxt olun!”, “Maral, maral, maral”, “Qoşa qarıyın!”, “Ay canı yanmış”, “Mübarək olsun!” Xeyir-dualar bu mahnılara calanırdı. Bu qarmaqarışıqlığa baxmayaraq mən bəylə gəlinə baxırdım. Bəylə gəlin isə ətrafa baxırdı.

Birdən-birə ətrafımda olan insanlar gözdən itdi, bayaqdan beynimi dəlib-deşən musiqi dayandı. İndi bu böyük zalın mərkəzində bir mən durmuşdum, qarşımda isə yalnız bəylə gəlin əyləşmişdi. Onlardan başqa daha heç kəs yoxdur. Sakitlik, tam bir sakitlik çökdu. Mən yenidən bəylə gəlinə baxmağa başladım. Onlar donub qalmışdı, gözləri cansız, heç nə ifadə etmirdi. Birdən kənarda kimsə mənim çiynimə vurmağa başladı. Üzümü özünə tərəf çevirdi. Mənə “oyna-oyna” deyərək özü qol-qanad qaldırdı və bir anda yenidən hər şey bərpa oldu. Adamlar yenə göründü, musiqi səsi yenə gəlməyə başladı. Aləm yenə bir-birinə dəydi. Ara qarışdı, məzhəb itdi. Bircə bəylə gəlinin donuq baxışları dəyişmədi, onlar elə necə varsa elə də hərəkətsiz qalmışdılar. Mən məcburən qarşımda oynayana tərəf dönərək həvəssiz şəkildə bir-iki rəqs hərəkəti edir və sonra yenə bəylə gəlinə baxırdım. Axı onlar niyə hərəkət etmir, niyə donub qalıblar. Görəsən məndən başqa bunu görən yoxdur, görmürlər ki, bayaqdan bəylə gəlin cansız oyuncaq kimi oturublar? Yoxsa görürlər, sadəcə özlərini görməməzliyə vururlar? Qarşımda oynayan da məni lap bezdirdi.

Elə hey əllərimi göyə qaldırır ki, oyna. Bu nədir, bu nə biabırçılıqdır, axı bunu görməmək olar.

Yox a, mən dəli olmuşam! Heç kimin vecinə deyil. Yox, mən özüm onlara yaxınlaşmalıyam, mən də bunlara qoşulub niyə oynayıram, gedim, bəlkə onlara kömək lazımdır, birtəhər məni zorla oynatmaq istəyənin əlindən yaxa qurtarıb bəylə gəlinə tərəf hərəkət etməyə başladım.

Elə bir-iki addım irəliyə addım atmışdım ki, arxamda sərinlik hiss etməyə başladım, uğultu səsi gəldi. Deyəsən axı bu yenə, deyəsən axı bu yenə küləkdir. Dönüb arxaya baxdım. Yanılmamışdım. Bəli, bu küləkdir. Bu günlük mənə yoldaş olan külək. Artıq zalın arxa tərəfi küləyin burulğansayağı qollarının ağuşunda idi, ora görünmürdü. İrəlidə isə yalnız bəylə gəlin qalmışdı. Mən küləyə əhəmiyyət verməyərək yoluma davam etmək istədim. Artıq küləyin məni özünə tərəf çəkdiyini hiss edirdim.

Zorla bir-iki addım irəliyə addımladım. Yer ayağımın altından qaçır. Külək məni daha böyük güclə özünə tərəf çəkirdi. Paltarım küləyə tərəf dartılırdı, yox mən buna davam gətirə bilmərəm. Qeyri-iradi şəkildə mən döşəmədə sürüşərək tədricən geriyə, küləyə tərəf dartılırdım. Fürsətdən istifadə edib bir daha bəylə-gəlinə tərəf baxdım.

Yox, onlar elə necə var elə də hərəkətsiz qalmışdılar. Gözləri donuq, ifadəsiz. Sanki bu məclis onlar üçün deyildi, sanki buraya gələnlər onlar üçün gəlməmişdilər. Onların bu məclisə aidiyyatı yoxdur. Onlar bu məclislə qaynamır, qarışmır, həyəcanlanmır, uzlaşmır. Bu məclislə onlar arasında uzun bir məsafə var. Bu fikir və təəssüratlarla mən yenə küləyin sonsuz fırlanıb-hərlənən burulğanının mərkəzinə sovruldum. Bu cavanların siması başımdan çıxmır. Gah oynayanlar yadıma düşür, gah şəkil çəkdirənlər, gah da ki, bir küncə sıxılıb ac gözlüklə yemək yeyənlər. Daha taqətim tükənib, dözə bilmirəm. Bu gün nə vaxt bitəcək, görəsən?

Külək yenə də buludlara tərəf qalxdı. Səma qaranlığa bürünüb. Qara buludlar əvvəlkinə nisbətən daha çoxdur, aralarından ara-sıra zəif ildırımlar çaxır. Küləyin surəti azalmır, əksinə daha da vüsət alır, vıyıltısı isə dözülməzdir. Qaranlıq səmada məkan bilinməsə belə külək oyan bu yana şütüyür, özü-özü ilə danışır və daha da coşur. Mən arada fürsət tapıb aşağıya baxıram. Ayaqlarımın altında dənə-dənə ətrafa səpilmiş işıqları görürəm. Bu işıqların hər biri bir evin çırağı və yaxud da bir küçənin işığıdır. Ayağın torpaq üzərində olanda hər şey çox böyük və tutumlu görünür. Yuxarıdan isə, yuxarıdan isə kiçik və əhəmiyyətsiz. Hər gün işə getdiyim yol, işlədiyim bina mənim üçün necə də əhəmiyyətlidir.

İdarədə irəliləmək və uğur qazanmaq üçün etdiyim səylər və sərf etdiyim zaman. İndi mənə bu idarəmin binası bir kibrit qutusu kimi görünür. Qeyri-iradi düşünürəm görəsən mən bu kibrit qutusuna, bu kibrit qutusunun içində hər hansı bir mövqe qazanmağa görə bu qədər zəhmət çəkdim? Bu an mənə bütün bunlar gülməli gəlir. İndi mənə öz yaşadığım dünya yad gəlir, indi məndən soruşsan daha mən o, kibrit qutusuna görə mübarizə aparan, onun üçün təlaş keçirən Mən deyiləm. İndi mən keçmişimdən, üç-dörd saat bundan əvvəlki keçmişimdən utanıram. Uşaqlarla oyuncaq üstündə dava edən, böyüyəndə bundan xəcalət çəkən bir insan kimi. Mən yetkin ola-ola bir az da yetkinləşdim.

Bunları düşünə-düşünə yüksəkliyi itirdiyimi hiss edirəm. Binalar, küçələr tədricən yenə böyüyür və mən öz dünyama qayıdıram. Bayaqdan kinayəsini etdiyim dünyama.

Külək istiqaməti şəhərin mərkəzi küçələrinin birinə tərəf götürdü. Bu küçədə bir çox dövlət idarələri və nazirliklər yerləşir. Külək onları da keçib küçənin lap axırına, polis bölməsinin yerləşdiyi yerə tərəf şığıdı. Küləyin surəti çox yüksəkdir. Bölməyə yaxınlaşdıqca surəti lap artır. İşıqları arxamca yayılan görürəm. Bir sıyırtı səsi ilə külək məni içəriyə saldı. Həyəcandan iki əlimlə başımdan tutmuşam. Bu vaxt hiss etdim ki, hərəkət dayandı, bayaqdan surətli hərəkətin yaratdığı fısıltı səsini eşidirdim, indi onu eşitmirəm.

İndi sakitlikdir. Yavaş-yavaş əllərimi başımdan çəkdim. Gözlərimi açanda gördüm ki, otağın bir küncündəyəm. Gözlərimi döşəmədən qaldırdım, qarşımda bir masa var. Arxasında bir cavan oğlan əyləşib. Üst-başı səliqəsiz, dağınıqdır. Köynəyinin bəzi hissələrində dartılmış cırıq yerləri var. Şalvarında tozdan sıyrıntılar görünür. Saçları dağınıq, üzündə tük çoxdur. Gözlərinə baxdıqda cavan yaşlarında olduğu bilinir, amma görkəmindən isə yaşlı bir adama bənzəyirdi. Özünü masaya yaymışdı, taqətsiz, süst idi. Ara-sıra yuxarıya baxırdı. Mən də onun baxışları ilə bərabər nəzərlərimi bir az da yuxarıya qaldırdım.

Otaqda sən demə bir başqa adam da var imiş. Özü də bu elə-belə adam deyil, bu polis nəfəridir. Orta yaşlarında olardı. Geyimi səliqəlidir. Duruşu şux. Masa qarşısında əyləşən cavan oğlanın başı üzərində dayanıb ona qətiyyətlə və dayanmadan deyirdi:

- Nə vaxta qədər səninlə əlləşəcəm, bayaq kamerada vurulan kötəklər sənə kar etmədi?

- Özün bilirsən ki, başqa yolun yoxdur, günahını boynuna al, qurtarsın getsin. Ay bədbəxt, onsuz da boynuna alacaqsan, geci-tezi var, niyə özünə əziyyət verirsən? niyə görə boş yerə kamerada verilən əziyyətlərə dözürsən? Sən dözürsən, amma bədənin dözmür, bir azdan vurulan zərbələrdən böyrəyin, qara ciyərin partlayacaq, qan qusacaqsan, ay bədbəxt !

Bu sözləri deyə-deyə polis nəfəri daha da azğınlaşırdı. Əyilib oğlanın saçından tutdu. Qulağına səsini heç kim eşitməyəcək ay bədbəxt dedi və başını geriyə itələdi.

Oğlan ona tərəf baxdı.

- Hə, nə deyirsən, boynuna alacaqsan, ya yox?

- Mən günahkar deyiləm, bu oğurluqda mənim əlim yoxdur,- oğlan cavab verdi.

- Hahahaha-, qəhqəhə çəkərək polis dedi: Deyirsən günahım yoxdur? İçəridə olanlar hamısı belə deyir. Neyləyək, demək hələ yetişməmisən, ağlın başına gəlməyib. Aparın bu küçüyü, elə edin ki, gələn səfər gələndə hazırlıqlı gəlsin, suallara lazımınca cavab versin.

İçəriyə iki nəfər cüssəli adam daxil oldu və oğlanın çiyinlərindən tutaraq oturduğu yerdən qaldırıb darta-darta qapıya doğru apardılar. Oğlan arxaya baxdı və hissləri cilovdan çıxdı:

- Buraxın məni, eşidirsiz, buraxın məni, mənim heç bir günahım yoxdur. Bu sözləri təkrar edə-edə oğlan onların əlindən çıxmaq istəyirdi, amma nə qədər çırpınsa da bunu bacarmırdı. Oğlanı güclə darta-darta otaqdan çıxardılar. Bu vaxt polis kənardan onu izləyirdi və qəfildən o, yenə qəhqəhə çəkməyə başladı.

- Günahım yoxdur, günahım yoxdur, belə sözləri çox eşitmişik, get, gələn dəfə gələndə səninlə danışarıq.

Oğlan isə hey dartılırdı, müqavimət göstərirdi, üzü arxada qalmışdı.

Polis bu qaydada onu yola salıb yenə öz iş masasının başına keçdi, hansısa kağızları vərəqləməyə başladı. Heç elə bil bir dəqiqə qabaq onun otağında belə gərginlik olmamışdı. O, kiməsə təzyiq göstərməmişdi. Əgər mən on-on beş dəqiqə əvvəl deyil, indi onun otağına gəlsəydim, onun işgüzar, vicdanlı bir işçi olduğunu düşünərdim. Amma həqiqətdə isə bu belə deyil.

Bu səhnəni izləyərkən mən arxadan yenə sərin küləyin gəldiyini hiss etdim. Bu sərinlik get-gedə lap artırdı, uğultu səsi güclənirdi. Bu dəfə mən daha təəccüblənmədim, mən artıq küləyə öyrəşmişdim. Küləyin alov dili tək qolları məni öz cilovuna aldı və dairəvi fırladıb yuxarıya doğru qaldırdı. Bir müddət dairəvi, amma şaquli istiqamətdə yuxarı qalxdıqdan sonra külək uğultu ilə irəliyə doğru hərəkət etməyə başladı. Bu hərəkət getdikcə itiləşirdi, uğultu, vıyıltı isə dözülməz həddə çatırdı. Mən hara gedirəm, heç özüm də bilmirəm. Bəlkə külək aparıb məni sıldırım bir qayaya çırpacaq, bəlkə də ucsuz-bucaqsız bir dənizin ortasına atacaq, bəlkə də, kim bilir...? Məni ən çox düşündürən isə bu gün şahidi olduğum hadisələr idi. Mən özü-özlüyümdə onlarla bağlılığımın olub-olmadığını çözməyə çalışırdım. Niyə görə mən bu hadisələrin şahidi oldum? Mənimlə onlar arasında hansı əlaqə var? Yoxsa bu təsadüfdür? Yox, belə təsadüf olmaz, bu qədər təsadüf ola bilməz. Nə isə var, nə isə var ki, mən bunları gördüm.

Buludlar yenə qaralır, onlar sıxlaşırlar. Duman əlindən önümü görə bilmirəm, mənə elə gəlir ki, qaranlıq bir tuneldə yuxarıdan aşağıya atılmış bir daşam, elə hey uçuram, amma sona gəlib çata bilmirəm.Yenə küləyin surəti azalır. Hiss edirəm ki, külək düzünə hərəkəti dayandırıb əvvəlki kimi dairəvi hərəkətlər etməyə başlayır. Mən dövrələr vurmağa başladım. Dövrələr vurduqca dövrələrin dairəsi getdikcə kiçilir. Bu minvalla mən dövrələrin mərkəzinə gəlib çıxdım. Bir-iki dəfə sağ-sola yırğalandıqdan sonra nəhayət ki, dayandım. Ətrafa baxmağa başladım. Budur külək bütün əzəməti ilə qarşımdadır. O, necə də surətlə fırlanır, uğultusu bütün səmanı əhatə edir, onun əlindən qaçmağa, daldalanmağa yer yoxdur. Külək məni hər tərəfdən əhatələyib, sanki məni girov götürüb. Başımın üstünə baxanda qara buludları görürəm. Kənardan buludlar arasından ayın işığı sızır. Buludların pambıq qozası tək topaları bu işığın fonunda görünür.

Buludlar ətrafa yayılıb, onların harada sona çatdığını bilmək istədikdə yenə boylandım, ayın işığı bitdiyi yerdə buludlar da bitir. Buludların arasından ildırımlar çaxır, bu bayaq gördüyüm ildırımlar deyil, bu ildırımlar daha güclüdür, səsləri tükürpəticidir, hər çaxanda elə bil başıma nə isə sancılır, səslərindən məni həyəcan bürüyür, ürəyim döyünməyə başlayır. Yenə dönüb ətrafıma baxıram, küləyin vahiməsi, onun bıçaq tək sancılan soyuq dilləri, başımın üstündə qara buludlar, iynə kimi beynimə batan, içimi titrədən ildırımın səsi məni çaşdırır. Mən qulaqlarımı tuturam.

Aman Allah, mən hardayam? Harda? Bu başıma gələnlər nədir! Taqətdən düşmüşəm, daha dözə bilmirəm. Bir an öncə bütün bunların bitməsini istəyirəm. Çığırmaq istəyirəm. Dayanın, bəsdir deyə haray çəkmək istəyirəm. Elə bu an qarşıma baxdım. Qarşımda balaca bir qızın şəklini gördüm. Bu nədir, deyəsən məni qara basır, bu kimdir və onun şəkli duman pərdəsinin üzərində neyləyir. Bir az daha diqqətli baxmağa başladım. Dayan, dayan bu qızcığazı mən kimə isə oxşadıram. Bu ki, bu ki, mənim o, evdə gördüyüm qızcığazdır. Ata anasının mübahisəsindən üzülən qız. Gözləri yenə qəmgindir, mənə elə hey baxır, nə hərəkət edir, nə də ki, dinir. İrəliyə addımladım, ona toxunmaq istədim, əlimi atdım, əlim boşluğa getdi. Arxaya çevrildim. Arxamda buna oxşar bir şəklin də olduğunu gördüm. Amma bu dəfə şəkildəki qız deyil, kişidir.

Bir az da diqqətlə baxdım. Deyəsən bu mağazadakı həmən o, kişidir. Hə, özüdür ki, var. Yenə dodağının altında nə isə mızıldanır, nədənsə şikayət edir. Arxaya bir-iki atdım atdım. Bu şəkli görməyim deyə üzümü yana çevirdim. Bu nədir, bu tərəfdə də şəkil var, bu dəfə şəkildə bir adam yox, iki adam var. Onlar bərli-bəzəkli bəylə gəlindir. Mənim həmən toyda gördüyüm bəylə gəlin. Simaları yaddaşımda necə həkk olunmuşdusa indi də onları eyni şəkildə görürəm. Nəzərləri uzaqlara zillənib, üzlərində heç bir ifadə yoxdur, daha dəqiq desəm ifadələri elə ifadəsizlikdir, boş bir fəza kimi, soyuq və laqeyd.

Mən onların duman pərdəsində əks olunmuş şəklinə baxdıqca onların soyuqluğu və biganəliyi mənə sirayət edir. Onsuz da bütün bu olanlardan təlaş içindəyəm, bir az da bu nəzərlər ürəyimə vahimə salır. Bu şəklə baxa-baxa donub qalmışam. Arxaya dönmək istəyirəm, amma gözlərimi şəkildən çəkə bilmirəm. Qəfil arxamdan bir ildırım çaxdı və özümdən aslı olmayaraq səs gələn tərəfə çevrildim. Bu tərəfdə də bir şəkil var. Şəkildəki polis məntəqəsində gördüyüm oğlan idi. Gözlərində qürur və haqsızlığa etiraz var idi.

Hara çevrilirsən hər tərəf şəkildir, gün ərzində gördüyüm insanların şəkilləri. Onlara hər baxanda onlarla bağlı hadisələr yadıma düşür. Bu hadisələr bəlkə də çoxlarının yaşadığı, məişət həyatının bir hissəsi hesab olunan, kimə isə danışdıqda elə də əhəmiyyət verilməyən, daha doğrusu gündəlik həyatda problemlərin çəki yükü artdığından önəm verilməyən hadisələrdir. İlk baxışda bugünkü gündə nə qədər cüzi görünsələr də, mən indi burada anladım ki, insan həyatına fon verən və insanın həyata münasibətini müəyyən edən elə bu cüzi hadisələrdir. Bu adamlar ayrı-ayrı fərdlər olsalar da, demək ki, onları birləşdirən nə isə var. Bütün bunları düşünərək mən gah sağa, gah sola, gah da arxaya çevrilirəm. Hər tərəfdə də onları, küləyin qonaq etdiyi adamları görürdüm. Bir an öncə burdan qaçmaq istəyirəm, daha onları görmək istəmirəm, mən artıq bu qədər yükə dözə bilmirəm. Yavaş-yavaş şəkillər mənim başıma fırlanmağa başladı. Hər dövrə vurduqca surətləri artırdı. Şəkillər mənim üstümə gəlirdi. Surət artır, surət artdıqca ildırım da tez-tez çaxırdı. Səs güclənirdi, küləyin vıyıltısı bir tərəfdən onsuz da dözülməz olan bu səsə bir az da güc verirdi. Mən qulaqlarımı tutdum, gözlərimi yumdum və dizlərim üstə dayandım. İldırım, vıyıltı, gurultu səsləri, aman Allah, mən artıq buna dözə bilmirəm, dözə bilmirəm deyə çığırmağa başladım.

- Dözə bilmirəm, dözə bilmirəm. Bu sözləri elə hey təkrar edirdim. Birdən hiss etdim ki, daha küləyin vıyıltısını eşitmirəm. İldırımın səsi də zəifləyib. Ancaq öz səsimi eşidirəm. Gözlərimi açdım, ətrafa baxdım, daha həmən şəkillər yoxdur. Əllərim yumşaq nəyə isə toxundu, bu ki, yorğan-döşəkdir, mən öz çarpayımdayam. Bunu anladıqda sanki üzərimdən bir yük götürüldü, quş kimi yüngülləşdim. Dərindən bir nəfəs aldım. Sən demə bütün bunlar yuxu imiş. Bunu düşünərək üzüm evin tavanına doğru bir müddət hərəkətsiz uzandım. Amma sonra uzaqdan zəif ildırım səslərini eşitdim, məni yenə həyəcan bürüdü. Tez-tələsik çarpayıdan qalxıb pəncərədən küçəyə baxdım. Yağış yağırdı, bir iki dəfə də zəif çaxdıqdan sonra ildırım dayandı. Növbəni yağışa verdi. İndi ancaq yağış yağırdı, sakit və aram. Mən pəncərənin önündə dayanıb bu yağışa baxmağa başladım. Gecə saatlarıdır, bir çox evlərin işıqları sönmüş, səs-küy azalmışdı. İndi yalnız yağışın nəğməsi səslənir, onun sakitləşdirici səsi eşidilir. Məni təəccüb bürüyüb, gördüyüm yuxu ilə indiki yağışın, o, bir iki son ildırımın əlaqəsinin olub-olmadığını düşünürəm. Bir daha gördüyüm yuxunu yadıma salıram. Küləklə şəhəri, evləri gəzməyimi, müxtəlif insanları, hər dəfə küləyin səmaya yüksəlməsini. Bütün bunlar nə idi? Bəs bu aram-aram yağan yağış nədi? Bu suallarla yenidən çarpayıya qayıtdım. Yuxuya getməyə çalışdım. Amma səhərə qədər yata bilmədim.

Səhəri bu fikirlərin müşayiəti ilə açdım. Geyinib işə hazırlaşdıqdan sonra anamla salamlaşmaq üçün pilləkənla aşağıya düşdüm. Səhər yeməyi zamanı anam mənə gecə güclü ildırımın çaxdığını, güclü küləyin olduğunu deyəndə gördüyümün yuxu deyil, reallıq olduğunu anladım.

Evin qapısını açıb işə getmək istəyəndə isə üzümə külək vurdu, bu isə yeni bir günün başlanğıcı idi.....

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #