Aysel Məmmədli
***
Bakının tavanlarından etibarsızlıq axır,
Damı sızır Bakının.
Uşaqlar vedrə düzür su sızan dəliklərin altına.
Ayaqları çirkaba batmasın deyə.
Keçməsin bu çirkli sular ayaqlarına.
Bu sudan xəstələnməsinlər deyə.
Bu evlərdəki uşaqlar, gecə yorğan altında vedrələrin dolub daşmasından qorxurlar.
O səsləri eşitməkdən qorxurlar.
Kimdir axı bardağı daşıran? Analar, ya atalar? Nə fərqi var axı...
Bakının tavanı çökür, altında qalacaq uşaqlar.
Bu çöküş yanğından betərdir. Yardima nə bir qonşu çağırmaq olur, nə bir qohum.
***
Əlvidalar həmişə çətindir. Çünki salamları yoxdur və olmayacaq.
Salam, mən sənə əlvida demək üçün yazıram. Yazıram ki, əlvida.
Bax, əlim vida bayrağı uzadır, ürəyim o bayrağı saldıracaq bir azdan.
Tez fərqinə var! Fərqinə var ürəyimin nə bayrağının, nə dirəyinin olmamasının.
Salam, mən sənə əlvida demək üçün yazmıram.
Ürək vida etmədisə, vida mərasimlərində ağlaşma qurmayaq.
Biz ki, ikimiz də ölümsüzlüyə inanırıq.
O zaman nə işimiz var o mərasimlərdə?
***
Ey müsəlmanlar, bu gün ol yarı pünhan ayrılsa,
Yer hədəqəsindən çıxacaq,
Günəş sistemi itəcək kosmosda.
Qara dəliklər çəkəcək onu içinə.
Ol yarı pünhan, naməlum və ağrılı bir yolun qaranlığında tək və acizdir.
Bu yol cəhənnəmə aparır mənim günəşimi, söndürür onu.
Ayrılmasa, bütün fizika qanunlarına qarşı çıxardıq.
Sinə gərərdik hər şeyə.
Bəlkə də qara dəlik olardıq bütün qanunları yox edərək müstəvimizdə.