Kulis.az təqdim edir.
Fəridə Məmmədova
Çıx gəl
nənəmin əlində xəlbir
buğda təmizləmək üçün
gözlədiyi külək kimi gəl...
avqust bürküsündən..
sovur ayrılıqları buğda qabığı kimi...
arx kənarlarında
dərməyə qıymadığım
bənövşələrin ətri ol, dol burnuma..
gəl...
o nəfəsə ehtiyacım var ...
bizə gözləməyi anam öyrətdi
bayram axşamlarında cəbhədən gələcəkdi atam..
gözləyə-gözləyə yuxuya daldıq..
gəlmədi.
atamın gələ bilmədiyi günlərdən çıx gəl, elə..
müharibənin və mürgülü arzuların acığına....
dərsə cavab vermək üçün havada bayraq oldu əllərim..
lap axırıncı partadan dur, gəl..
lövhəyə çağırmayan müəllimin acığına
cavab ol suallarıma....
gizlində oxuduğum kitabların
səhifələrindən qopub, düş..
gizlən şeirimin sətirlərində..
sonra hardansa çıx, gəl..
lap elə bir qadının qollarından...