Deyirəm ki, bir də məni tərk elə

Deyirəm ki, bir də məni tərk elə
22 sentyabr 2016
# 17:05

Ruzbeh Məmməd

“a” hərfi

səhərdən, axşamçağıdan

yığışmaqdan, vidalaşmaqdan xoşum gəlmir

bilirsənmi heç?

sənəcən o qadın nəfəsimi kəsmişdi

indi mənə nəfəsin lazımdı verərsənmi heç?

imkan olsa bədənində yer ver bu qoca uşağa

ölürcəsinə sevməklə qaytararam kirayə borcunu

əllərini istəyirəm

səni öpmək yox, qucaqlamaq yox

qulağına “sevgi boş şeydi “pıçıldamaq istəyirəm.

gələrsənmi heç?

dünənlərə kimi səni insafsızca qısqanırdım

bu günsə yox

sənə qızım deyirəm, bağışla

alçaqcasına qollarına vurulmuşam

hər nə olsa səndən ayrılacağam

hər nə olsa səndən ayrılacağam

hər nə olsa səni də unudacağam

hər qadının adında “a” hərfi var, mən elə eşidirəm

hər qadının baxışları sənin baxışlarına oxşayır

elə görürəm

bütün qadınlar deməli insafsızdı,

bütün qadınlar insafsızdı and ola əllərinə

bir iki-sətir yazıb get poçtla mənə göndər

bir uşaqlıq yer idi, o uzaqlıq şəhərdə

darıxanda ölməyə, yığışanda getməyə

yer var idi hardasa daha yoxdu bilirsən

belə olmaz yaz mənə görüm indi necəsən

necədi o qonşunuz, əclaf oğlu hardadı

yenə də evinizə tək gəlib, tək çıxırsan?

hamının gözü səndə, ilişib də qalırmı ?

yenə də allı-güllü donunu geyinirsən?

küçələrdə söz atır bəyəm it uşaqları?!

səf düşürmü telefona, gecənin yuxu vaxtı

bilmədiyin nömrədən zəng gəlirmi de bilim:

mən də sənə yazıram

hər gün iki-üç mesaj..

icazən olurmu heç, çıxırsanmı şəhərə

anan bezici idi, mən səni tanıyanda

yəqin atan qocalıb, anan yemək bişirmir

mətbəxdə vaxtın keçir, ya da paltar yumaqla ...

nə bilim ee üzülmə belə olur həyatdı

qoru süd əllərini nigaranam and ola

bir-iki sətir yazıb get poçtla mənə göndər,

həm vaxtın keçsin sənin, həmdə ki, bəs darıxma

məni də unudaq ...

bir qucaqlıq yerin var

qollarımda hardasan?

sənə qayıt demirəm

köhnələrcə sevmişik

imkan olsa uzaqdan

bir də məni tərk elə

pis şeydi bu bağlılıq ...

indi uzaqdan darıxan

beş adamam nə bilim

heç olmasa payızda

göndər ki, əllərini

və, sənsiz üşüməyim...

nə də olsa həmişəlik

unudulmur qadınlar

qorxuram ki, nə vaxtsa

səndə azam yenidən

hərdən tutur məndə də

bu gicbəsər uşaqlıq.

sənə qayıt demirəm

deyirəm ki, noolar

imkan olsa uzaqdan

bir də məni tərk elə

# 1540 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #