İntiharla başlayan günümüz

İntiharla başlayan günümüz
5 dekabr 2014
# 11:14

Səhər yuxudan durursan, əl-üzünü yuyub aynanın qarşısına keçib özünə təlqin edirsən ki, həyat gözəldi, mən şanslıyam ki, belə gözəl mühitdə yaşayıram-filan, filan...

Gəlirsən işə açırsan sosial medianı qarşılaşırsan intihar və işgəncə xəbərləri ilə, ya da təcavüz hadisələri ilə...

Nə deyim kədərlənir insan, hətta bu kədər insanın əhval-ruhiyyəsini elə pozur ki, uzun müddət işinə-gücünə, həyatına adaptasiya ola bilmirsən...

Əvvəllər bu cür xəbərləri bu qədər şişirtməz, reklam etməzdilər. Bəlkə bəziləriniz deyəcək ki, niyə etməsinlər, ölkədə baş verənləri bilmək yaxşıdı...

Həəə, sizinlə razıyam, elədi, insan yaşadığı ölkə ilə bağlı hər şeyi bilmək istəyir. Ümumiyyətlə insan lazım oldu, olmadı hər şeylə maraqlanır. Bu insanın təbiətinin bir parçasıdır yəqin. Nə deyim...

Ancaq bəzi şeylər var ki, normal psixologiyaya sahib olmayan insanların beynində yaşıl işıq yandırır...

Fikir versəniz, diqqət etsəniz görərsiniz ki, cəmiyyətdə baş verən bəzi pis hadisələri yaymaqla, reklam etməklə heç nə qazanmırıq, əksinə itiririk, “dəlinin yadına daş salırıq” ...

Bacısını öldürən bacı, anasını öldürən övlad, yoldaşının vücuduna azyaşlı uşaqlarının gözü önündə qaynar su töküb işgəncə edən ata, məktəbliyə təcavüz edən müəllim, heyvanları öldürən insanlar...

Daha nələr, nələr. Düzünü deyin, heç utanırsınız? Ah çəkib dağları lərzəyə gətirməyin vaxtıdı, kimdən nümunə götürəcək bu millət? Kimə inanacaq, kimi örnək alacaq?

Axı bu pis hadisələrə səbəb olan insancıqlardan savayı ağlı, əqidəsi, cəsarəti, mənəviyyatı ilə vətəninə, millətinə, ailəsinə, dəyərinə sahib çıxanlar da vardır. Onları işıqlandırmaq daha yararlı olmazmı?

Bəsdirin, az dəlinin yadına daş salın, axı hamımız insanıq, səhvlərimiz də olar, düzlərimiz də...

Niyə bir-birimizi qırırıq, qırmalıyıq?

Bundan əlavə bütün günahı yayımlanan bəzi filmlərdə, proqramlarda axtarmalıyıq...

İnsanın içindəki cinayətkarı yemləyən, qatili cücərdən verilişlərə...

Bilmirəm nə deyim, nə yazım hamımızın ailəsi var, uşağı var... Axı indi uşaq oxuya bilmir, balacadı deyib keçsək də, gələcəkdə o bu xəbərləri oxuyub necə yetişəcək, necə formalaşacaq?

İnsana sevgi, insana inam hissini necə anladacağıq ona?

Bu gün uşaqlarımızı küçəyə ötürəndə, məktəbə yola salanda və sair bu kimi situasiyalarda rahat ola bilirik, bəs mühitimizi kriminal bir mühitə çevirsək bu cür rahat yaşaya biləcəyikmi?

Hər şeyin sərhədi olmalıdı, sərhədsizliyin belə...

Bu gün kriminal xəbərlərdən zövq alan insanlar yetişir, onların içərisindəki qatili böyüdüb boya-başa çatdırmaqla nə əldə edirik görəsən ...

Ölkə də insan kimidir, ölkənin də ürəyi, ciyəri, düşüncələri, psixologiyası vardır. Niyə psixologiyamızı pozursunuz axı?

Başqalarının bədbəxtliyini qabardaraq nə qazanırıq görəsən, nə itiririk görəsən...

Mühitimiz buna hazırdımı? Mühitimiz kriminal xəbərlərə hazırdırmı?

Müxbir tanıyıram deyə-gülə kriminal xəbər axtarışına çıxır, sanki bunun boynundan medal asacaqlar, ay yazıq, get işinlə-gücünlə məşğul ol, inkişafdan yaz, gözəllikdən yaz, başarıdan, idealdan, məhəbbətdən yaz ... Yaz ki, sağlam düşüncəli toplum, cəmiyyət yetişsin. Qəhrəmanlıqdan yaz, yaz ki keçmişimizi unutmayaq, əxlaqdan yaz, yaz ki, Burla xatınları nümunə alaq. Namusdan yaz, yaz ki, necə ərənlərimizin, necə kişilərimizin, necə qadınlarımızın olduğunu unutmayaq... Bu torpağın yetişdirdiyi dəyərlərdən yaz... Qələmin etdiyini qılınc heç bir zaman edə bilməz bunu unutmayaq ... Yaxşı deyiblər...

Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.

# 1410 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #