Zamiq Zərdabi
Məni görüşünə çağıran gözəl,
Səni tanımadım düzü, bağışla.
Dəyişir adamlar, dəyişir zaman,
Dəyişir həyatın üzü, bağışla...
Qabaqlar astadan xəfif gülərdin,
Nə yaman dəyişib gülüşün sənin...
Sən əvvəl arxayın, şux yeriyərdin,
İndi başqa cürdür yerişin sənin.
Yox, bu sən deyilsən, bu sən deyilsən,
Sən çox ətirlisən, çox bəzəklisən.
Mənim xəyalımda yaşayan səndən
Hələ də bənövşə qoxusu gəlir.
Sən mənim üç günlük qəfil qonağım,
Sən özgə ocağın közüsən daha.
Mənim bilmədiyim, anlamadığım
Əcnəbi bir dilin sözüsən daha.
Mən sənin nəyinəm axı – dünənin!
Mən sənin keçmişin - beş il əvvəlin.
Mən başqa adamam, sadəcə sənin
Burnuna keçmişin qoxusu gəlir.
Sən bura gələndə balan neylədi -
Baxıb ağlamadı dalınca sənin?
Qaynanan: “gəlinim gör nə gözəldi” -
Deyib boylanmadı dalınca sənin?
...Sənə necə deyim axı qəm yemə,
Biz artıq nə vaxtdır batmışıq qəmə.
Sən Allah başını qoyma sinəmə,
Saçından yad kişi qoxusu gəlir...
Səkidə yatan adam
Dünyanın ən rahat yerimi bura?
Bu asfalt döşəyi əvəz edirmi?
Başının altına qoyub yatdığın,
Bir cüt ayaqqabı səninkidirmi?
Bir evin, ocağın yoxdurmu sənin,
Yatmağa özgə yer tapmadınmı sən.
Bu qədər oteli olan ölkənin,
Yaddan çıxarılmış sakinisən sən...
Gəlib götürərlər bir azdan səni,
Əcnəbi qonaqlar görməsin deyə...
Qıyarlar... qıyarlar yuxuna sənin,
Ağarmış saçların, qırışmış üzün,
Kiminsə gözünə girməsin deyə...
Cənablar indicə gəlib qarşına,
Yəqin ki, qaşqabaq sallayacaqlar.
Götürüb bəlkə bir yük maşınına,
Dünyanın yükü tək tullayacaqlar...
Dur, bir az dərdləşək, danışaq, qoca
Sən mənə özünün uşaqlığından,
Körpə çağlarından bir söhbət elə,
Uşaqkən sevdiyin oyunlarından,
Məktəb dostlarından bir söhbət elə,
Danış şuluq-şuluq əməllərindən,
Çəpərdən atlanıb hücum çəkdiyin,
Alma bağlarından bir söhbət elə.
Yəqin ki, dünyasın çoxdan dəyişmiş,
Atanı, ananı yada sal bu gün...
Yəqin ki, sənin də doğulmağına,
Çalıb oynayıblar şənlik ediblər...
Amma, vəfasızlıq edib onlar da,
Gedəndə səni də götürməyiblər..
Dünyanın bu boyda ağır yükünü,
Çiyninə tullayıb çıxıb gediblər...
Danış gəncliyindən, cavanlığından,
Neçə qız qəlbini yaralamısan...
Danış ilk gənclikdən bu günə kimi,
Nə qədər arzular sıralamısan...
Hanı o sevdiyin, həyat yoldaşın,
Yoxsa unudubdur o xoş günləri...
Hanı can dediyin bacın, qardaşın
Hanı “bacın qurban” deyən dilləri,
Bir vaxt sənin üçün min dava edən,
Böyük qardaşının yoxmu xəbəri?
Yoxmu oğlun, qızın harda ölüblər,
Harda kef edirlər görəsən indi?
Yəqin unudublar damardan axan,
Onları yaşadan, o qan sənindi...
Arada nəfəs al, qoy sual verim:
Nə qədər təqaüd alırsan qoca,
De ki, doxsan manat...
De ki, utanım,
Bu gün gözəllərlə gəzib dolanıb,
verdiyim hesabdan utanım qoca...
Utanım, utanım öz gəncliyimdən,
İşimdən, peşəmdən utanım qoca,
Hər gün mışıl-mışıl, rahat yatdığım,
O isti guşəmdən utanım qoca...
Yox sənin yuxuna qıya bilmərəm,
Bəlkə bu ən şirin yuxundur sənin...
Amma, səni burda qoya bilmərəm,
Qoy yığım, qoy yığım “103” nömrəsin...
Bir matəm havası çalın, oynayım
Yenə həsrətinlə baş-başa qaldım,
Hardadır həsrətin başı, tapmıram.
Didib dağıdardım mən o həsrəti,
Vurardım başına daşı, tapmıram.
Səninçün dünyanı vurub yıxardım,
Ovcumda yumurta kimi sıxardım...
Mən qaş düzədirdim gözü çıxardım,
İndi göz cəhənnəm, qaşı tapmıram.
Kədərdir bir ömür qismətim, payım,
Bir matəm havası çalın, oynayım,
Elə istəyirəm bir yol ağlayım,
Quruyub gözümün yaşı, tapmıram.
Riyaziyyat bilmirəm
Sənə demişdim axı,
riyaziyyat bilmirəm...
bilsəydim sənin kimi
gərəksiz adamları
TOPLAMAZDIM başıma...
Bilsəydim zamanında
Doğmalar arasından
Özüm ÇIXARDIM səni...
Bilsəydim yalanları,
Elədiyin səhvləri
Üzünə VURMALIYDIM
BÖLÜB həyat sirlərin,
İçindən düzlərini
Seçib ayırmalıydım...
İndi günahkar mənəm,
yoxsa həyat bilmirəm...
Tək onu bilirəm ki,
Riyaziyyat bilmirəm...
***
Hamının dərdi var, Allah,
Ya da hamı çəkməyə
Bir dərd tapır özünə...
Birinin dərd dediyi,
Birinin xoşbəxtliyi.
Kiminin xoşbəxtliyi,
Kiminin bədbəxtliyi...
Naşükürdür adamlar,
Hələ də şükür edən yox,
Nə yaxşı ki dərdimi,
çəkə bilirəm deyə...
Nə yaxşı ki, çəkməli,
Bir dərd tapıram deyə.
Ən xoşbəxti özüməm,
İndi çəkə bildiyim,
bir dərdim də qalmayıb....
Daha dərd çəkmirəm ki,
DƏRD özü çəkir məni...