İlk eşq, ilk əzab, ilk ləzzət

İlk eşq, ilk əzab, ilk ləzzət
27 yanvar 2014
# 16:13

Fidan Həsənova

Hər məşuq aşiqin rənginə boyanarmı? Geyinərmi onun libasını? Yanarmı atəşində? Pərvanə təki... Şama aşiq pərvanə təki...

Şamın görkəmindən utanar bütün pərvanələr. Qaranlıq çökən kimi gözlər onun nuruyla boyanar. Əzəmətli, qürurlu Şam bələddir öz gücünə. Pərvanənin ona vurulduğundan əmindir. Diqqətini çəkmək üçün hər gecə işığını biraz artırar, nurunu daha çox saçar.

Pərvanə bir pəncərə arxasından o axtardığı işığı görür bir gün. Şamın hərarəti pərvanəni səslədikcə biganə qala bilmir məşuq. Yaxınlaşdıqca işıq daha da cəlb edir, istisi daha da çox çəkirdi onu. Dönməyə başlayır ətrafında Şamın. Hər döndükcə aralarındakı məsafəni bir az da kiçildir. Nəhayət bir gün yaxınlaşmağa qərar verir. Uzaqdan sevməkdən usanan Pərvanə ona toxunmaq, istisini duymaq istəyirdi. Yanacağını bilə bilə bəlkə də...

Amma Aşiqin eşqindən ölmək də ayrı bir zövq idi. Bir neçə dəfə işığın istisində döndükdən sonra yaxınlaşır Şama. Pərvanənin döndüyü halqa getdikcə daralmışdı. Və nəhayət eşqlə Şama yaxınlaşarkən qanadının biri alovdan öz nəsibini alır. Çırpına- çırpına geri çəkilir Pərvanə. Ona artıq dəqiq bəlli idi: “Eşq əzab çəkmək, eşq odda yanmaqdır. Yaxınlaşıb bir dəfə yandınsa ya tamamilə geri çəkilməli ya da alovun rənginə boyanana qədər yanmalısan. Sevgidən kül olmaq eşqin ibadətidir çünki. ”

Can ağrısıyla Şamdan uzaq düşən Pərvanə dayanıb uzaqdan seyr edir bir müddət aşiqini. Lakin sonsuz olanlar arasında ən tez öləni sevgi olduğuna görə Pərvanə də bir qərar verməli idi. Şam ki günü –gündən əriyirdi. Onu alışdıran ipi günü-gündən qısalırdı. Məşuqunun həsrətindən öləcəkdimi? Sap qısaldıqca alov güclənir, alov gücləndikcə Şam daha sürətlə əriyirdi. Məşuq daha dözməyəcəkdi. Alova toxunmuş qanadının yarası sağalmamış bir az da yaxınlaşmaq qərarına gəlir. Yenə dönməyə başlayır aşiqinin ətrafında. Alovun işığı, istiliyi artıq bir qanad çırpısı qədər yaxın idi. Nəhayət o son qanadı da çalır. Bircə toxunuş və küldür Pərvanə...

Şam “göz yaşını” tökür Pərvanənin üstünə. Amma nə fayda. Məşuq aşiqinin kiçik bir işığına aldanıb kül olmuşdu. Amma bu sevdada tək yanmaq yox idi. Aşiqin “can”ı da bitirdi yavaş yavaş. Nəhayət tamamilə ip qısalır və Pərvanəyə qarışmış Şam əriyərək öz işığını da söndürür... Özü yanmadan yandırmamışdı. Amma yalnız öldürdükdən sonra ölə bildi...

Eşq düşdü. Öncə aşiqə, ondan da məşuqə. Öncə sevilənə, sonra sevənə. Aşiq bir işıq yandırdı ki, Pərvanə dönsün ətrafında. İşığı görən məşuq öz sevgisini isbat etməkçün kül olmalıydı aşiqinin oduna, qarışmalıydı onun “göz yaşlarına”. İlk dəfə qanadını şama toxunduran Pərvanənin içi yansa da bundan həzz almışdı.

Çünki ilk eşqin ilk əzabı ləzzətdir. Yandırsa da yanmazsan. Hətta o qədər xoşhal olarsan ki, bu əzabdan yenə istərsən. Yenə və yenə. Hər dəfə də biraz çox yanmaq, canını biraz da təhlükəyə atmaqdan həzz alarsan. Ondandır yəqin Pərvanə bu acının həzlə qovuşduğu nöqtəyə doğru uçdu və uçdu... Bu nöqtənin adıdır Eşq. Və

Pərvanə həmin nöqtədə kül oldu. Eşqinin rənginə boyandı...

# 6513 dəfə oxunub

Oxşar xəbərlər

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
#
#
# # #