Qızlara baxmağın xatirinə

Qızlara baxmağın xatirinə
7 oktyabr 2013
# 15:14

Vüsal Hacıyev

Günorta saatları idi. Qapı arxasında öz növbələrini böyük səbirsizliklə gözləyən şikayətçilər fasilə vaxtının elan olunması ilə əlaqədar olaraq yavaş-yavaş seyrəkləşməyə başlayırdılar. Artıq onların bəziləri ilə nəinki üzdən, həm də problemləri ilə də yaxından tanış olmuşdum. Buna görə də onların hər biri ilə hörmətlə xudahafizləşməyi bir növ özümə borc hesab edirdim.

Bu gün də şikayətlərlə əlaqədar olaraq qəbula düşə bilməməyimin məyusluğunu yaşayırdım. Ziqmund Freydin termini ilə desəm psixoloji durumum frustrasiya vəziyyətində idi. Belə əhvalda dostumun yanına getməyi qətiləşdirdim. Dostumun yataq paltarında məni qarşılamasına, sonra yenə çarpayıda uzanaraq problemlərimi dinləməsinə əvvəlcə əhəmiyyət vermədim. Sonra isə ürəyimdə “bəxtəvər saat birə kimi yatır, kef çəkir, mən isə səhər 10-dan növbə tuturam, əsəb keçirdirəm, bu isə hələ də yataqdan durmaq istəmir”, - dedim.

Neçə gündü başıma gələnləri dostuma bircə-bircə nəql etdim. Gah o cibimdən, gah bu cibimdən müxtəlif məzmunlu şikayət ərizələri çıxarır, hər birini bütün incəliklərinə qədər və böyük səylə başa salmağa çalışırdım. Sanki arzusunda olduğum nazirin qəbuluna düşmüşdüm. 10 gündən artıqdı ki, əzbərlədiyim sözləri ardıcıl şəkildə deməyə başlamışdım. Bu vaxt dostumun otağına nahar yeməyi gətirdilər və o yenə çarpayıdan qalxmadan yeməyə başladı.

İndi başa düşdüm ki, mən içəri gələndən onun vəziyyətini heç soruşmamışam. Çünki onun xəstələnməsi nədənsə ağlıma gəlməmişdi. Dərhal böyük təşvişlə onun səhhətini xəbər aldım. O isə çarpayıdan azca aralıda yerləşən stolun üstünü göstərdi. Burada bir neçə kağız-kuğuz və dərmanlar var idi. Məlum oldu ki, mənim başım sosial problemlərimə qarışdığı vaxt dostum bərk xəstələnibmiş. Ən az mənim şikayət ərizələrimin sayı qədər onun da reseptləri, xəstəxana kağızları var idi.

Görünür, kəmiyyət baxımından belə uyğunluq dostumun da diqqətini çəkib. Hətta, mahiyyət etibarı ilə də bir oxşarlıq hiss etmək olardı. Ümumiyyətlə, belə vaxtlarda adam həmişə hamının hər hansı problemində öz probleminə uyğunluq yaxınlıq axtarır. Nə qədər qəribə də görünsə mənim vəziyyətimi yaxşı başa düşməsi üçün dostumun xəstələnməsinə sevindim. Çünki, mən öz problemlərimi danışarkən o da öz başına gələnləri düşünür və dərhal müqayisə aparırdı. Necə ki, o danışanda mən öz problemlərimdən ayrıla bilmir, hər məqamda analoji uyğunluq tapırdım.

Mənim o vaxtkı təhlilim belə idi: İkimizin ortaq problemlərinin kökündə bir səbəb dayanır-süründürməçilik. Çünki, ərizələrimin kəmiyyət etibarı ilə dostumun reseptlərinə bərabər olması bundan xəbər verir. Belə ki, idarələrin mənə bəslədiyi hər etinasız münasibətlər, bürokratiya növbəti ərizələri yazmağa vadar etmişdi. Beləcə sayca azalmaq bilməyən problemlərim daha da artmış dostumun vəziyyəti ilə eyniləşdirmişdi. O da öz səhhətinə bu cür bürokratik münasibət bəsləməsi nəticəsində yatağa düşmüş, həm də mənim şikayət ərizələrimin sayı qədər resept almışdı.

Nahardan sonra idarə yenidən qəbul keçirməli idi. Mən tələsik öz kağız-kuğuzumu dostumun reseptləri arasından seçə-seçə xudahafizləşir və ona bir neçə dost məsləhətləri verirdim. Əlini sıxaraq dedim: Dostum qızlara baxmağın xatirinə gözlərini, saçlarını, dalınca danışanları eşitmək üçün qulaqlarını, acını şirindən fərqləndirmək üçün dilini, yardım göstərməkdən ötrü əllərini, sevə bilmək üçün isə ürəyini qorumağa çalış.

# 2122 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #