Yuxuya gələn transseksual

Yuxuya gələn transseksual
6 may 2013
# 07:00

Sanan Safarov

Hipnofobiya

Gecə saat 03:30. Qışqırıq səsləri. Kimsə məni boğur. Əllərim, qollarım da donub sanki. Heç bir müqavimət göstərə bilmirəm. Nəfəsim artıq daralıb. Elə bil ciyərlərimə nasosla hava vurublar, yerindən partlayıb çıxmaq istəyir. Nəhayət uzun işgəncədən sonra yuxudan ayılıram.

- AAAAAAAAA!!! Bu nədir mən görürəm neçə günlərdir ilahi! Keçib hamamda üzümə su vururam. Güzgüdə rəngi qaçmış sifətimə baxıram, yuxusuzluqdan şişkin və qızarmış gözlərim məni bir az da heybətli göstərir. Yanımda bir kimsə də yoxdur ki, gecə mən yuxuda qorxanda bir az da olsa məni sakitləşdirsin. Otuz yaşım var. Atam həbsxanadadır, anamı xüsusi amansızlıqla qətlə yetirdiyinə görə ömürlük cəza alıb, bir bacım var o da rayonda ərdədir.

Qalmışam tək. Artıq on gündür ki, yuxu nədir bilmirəm. Hər gün eyni insanı yuxuda görürəm. Cinsini də bilmirəm. Nə qadındır, nə kişi. Yox transseksual da deyil. Bilmirəm nədir?! Hər gün gəlir ki, səni öldürəcəyəm. Hətta həmişə qorxduğum şey o olub ki, qorxudanca yuxudaca keçinərəm.

Səhərlər açıldıqca məndən bir xəbər yox. Öz yatağımda çürüyürəm. İy də basıb aləmi. Qonşular yığışıb polis çağırır. Gəlib məni yarı çürümüş vəziyyətdə yatağımda tapırlar. Fuu... Bunu düşünmək necə də iyrəncdir?!

Tez qaçıb pəncərəni açıram. Sərin yaz axşamıdır. Xəfifcə külək əsir. Bir az da yağış yağıb və dayanıb. Nəm torpaqdan qalxan xüsusi qoxu da ətrafa yayılıb. Bu mənim ən sevdiyim iydir. Təbiətin ətri. Siqareti kibritlə odlayıram. Nədənsə heç yadıma gəlmir ki, siqareti alışqanla yandırım.

Buna nəsə adət etməmişəm. Siqaretimi çəkə-çəkə səmaya baxıram. Sakitlikdə ürəyimin necə döyülməsini də eşidirəm. Artıq yuxum qaçıb. Çarpayım mənə dar məzarı xatırladır. Hər yuxuya gedəndə orada ölümlə üzləşirəm. Deyirlər yuxu ölüm kimi şeydir. Ölüm kimi şey zad deyil, elə ölümün özüdür.

Artıq on gündür ki, mən yuxuda ölümlə mübarizə aparıram. Hələ ki, ona məğlub olmuram. Mən artıq yatmağa qorxuram. Hər yatağa girəndə gözümdə həmənki kadrlar film şəklində canlanır. Bir az o yan bu yana çevrilib nəhayət ki, yuxuya gedirəm. İki saat sonra qışqıraraq yenidən oyanıram.

Oyandıqdan sonra isə artıq yata bilmirəm. Bu günü də həmənki qaydada yuxusuz başa vurdum. Yuxusuzluq məndə anemiya da əmələ gətirib. Bunu əllərimin həmişə soyuq olmasından, baş gicəllənməsindən, iştahasızlıqdan hiss edirəm. Təcili bu barədə bir şey fikirləşməliyəm. Bəsdir artıq özümə qarşı bu dərəcədə laqeyd oldum. Məncə bu laqeydlik xüsusiyyəti mənim kimi tənha insanların başlıca əlamətidir. Səhərin açılmasını gözləyirəm.

Bəlkə mənə kimsə cadu edib? Yox əşi nə cadu? Caduya inananlardan deyiləm. Bir şeyə inandığında o sənə təsir edə bilər. Mütləq həkimə getməliyəm.

Səhər. Saat 11:00. Həkimin qəbulunda.

Doktor:

- Nədir problem?

- Mən, artıq on gündür ki, eyni yuxunu görürəm, bir adam gəlir yuxuda məni boğaraq öldürmək istəyir.

Bir dəfə, iki dəfə, üç dəfə “günah”-ından keçdim. Amma məndən əl çəkənə oxşamır. Artıq yatmağa qorxuram, doktor! Əvvəllər gecənin düşməsini səbirsizliklə gözləyirdim ki, sakitlik düşəcək, yorğun Bakı ilə birgə mən də yuxuya gedəcəm. Amma indi hər şey əksinə olub. Əlacım olsa günəşi batmağa qoymaram. Qorxuram yatmaqdan.

Həkim də mənə bir-iki sual verəndən sonra dedi:

- Səndə “hipnofobiya” var.

- O nədir?

- Yatmaqdan, yuxuya getməkdən, hipnoz olmaqdan qorxmaq qorxusu. Əslində hər kəsdə bir fobiya var. Amma sənin problemin sırf beyinlə, şüurla əlaqəli olduğu üçün bir az riskli və təhlükəlidir. Buna görə mən sənə dərman yazacam, müəyyən müddət kurs müalicəsi almağın lazımdır. O fikirləri də başından at getsin. Yaxşı bir şeylər haqqında fikirləş.

Xəstəxanadan çıxıb yolun əks tərəfindəki aptekdən psixatrop dərmanları alıb, yarıyuxulu vəziyyətdə evə gedirdim. Yuxusuzluq məni o vəziyyətə salmışdır ki, ətrafa reaksiyam sıfıra enmişdir. Yaşıl işıqda yolu keçirdim, az qala maşın vuracaqdı, hətta sürücünün mənə söydüyünü də eşitdim.

Cəhənnəmi söydü. Kim kimin dərdindən xəbərdardır ki? Ona görə də söyürük. Güc-bəla ilə evə çatdım. Özümü hamama salıb yaxşıca duş qəbul etdim. Saat günorta ikini göstərirdi. Naharımı edib işə getdim.

İşdən çıxanda axşam saat səkkiz idi. Acmışdım. Kafelərin birində oturub şam yeməyi yeyəndən sonra evə doğru getməyə başladım. Günəş yavaş-yavaş batırdı. Hiss edirdim ki, canıma bir üşütmə gəlir. Bir azdan yatmaq vaxtı olacaq, mən yatıram yenidən boğuluram. Yox bu dəfə belə şey olmayacaq. Dərmanım var. O məni yuxuya verəcək. Həkimin dediyinə görə güclü dərmandır.

Divanda uzanıb televizora baxıram. Maraqlı bir film gedir. Film qurtardıqdan sonra hiss edirəm ki ,göz qapaqlarım məndən xəbərsiz bağlanır. Yuxum gəlir. Dərmanımı içib çarpayıma girirəm. Qorxuram, bərk qorxuram. Özüm-özümü qucaqlayıb yuxuya gedirəm.

Gecə saat 03:30.

Yenə həmin adam, yenə mən. Başlayır məni boğmağa. Müqavimət göstərirəm. Amma gücüm çatmır. Qışqırmaq istəyirəm, səsim tutulub. Dəhşət boğuluram. Fikirləşirəm ki, yox bu yuxudur. Həmin mənim on gün ərzində gördüyüm yuxu. Ayılmaq istəyirəm, amma bacarmıram. Bilmirəm dərmanlar məni belə ayılmağıma mane olur ya nədir?!

Beynim yuxudadır, amma mən hər şeyi olduğu kimi hiss edirəm. Dəhşət! Ürəyim partlayır. O, məni boğaraq öldürür. Mən heç bir müqavimət göstərə bilmirəm, artıq tam sakit vəziyyətdə yerimdə uzanmışam, heç ayılmağa da cəhd etmirəm.

Bu hadisədən iyirmi gün sonra onu yarıçürümüş iylənmiş vəziyyətdə yatağında tapdılar. Ən çox qorxduğu şey bu idi, o da başına gəldi. Qorxular əslində bizi qoruyur, amma onun qorxusu onu məhv elədi. Bundan sonra heç bir şeydən qorxmayacaq. Son nöqtə bu idi. Artıq əbədi yuxudadır.

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #