Hər gün işdən getdiyim o yolda, gözümə sataşan o gözlər…
Sanki, sanki gülümsəyir. Nəsə deməyə çalışır. Yorğun kədərli düşüncəmə mane olur. Və nədənsə hər gün bir cür diqqətimi çəkir, o. Qəribə baxışlarla baxır. Məni uzaqlara aparan baxışları var onun.
Bəzən, gözəl dünya elə burdan baxmaqdır, bəzənsə nə xoşbəxtsən. “Gəzirsən, döyünən bir ürəyin varsa yaşadığın saatların qədrini bil”, - deyir, bəzənsə, "Dünyaya burdan baxmaq, dərdlərdən uzaq olmağın ən gözəlidir",- deyir mənə o baxışlar. Hər bir halda, bunları deyən bircə gülümsəyən o daşdır. Minlərcə qəbirlərin içindən gülümsəyən o daş.
Payızı üstü yarpaqlarla xəzan olan, qışı ağ qarla örtülü olub üşüyən o daş, yazı ətrafı gül-çiçəklə gözəlləşən, yayı sağında bitən təkcə bir ağacın verdiyi o sərin mehin sənə demək istədiyi minlərcə bitməyən fikirlərdir.
O daşın qarşısında dayanıram. Sanki bəzən özümdən bezəndə "məni hiss edən ilk odur",- deyə düşünürəm. Qəribə baxmağı fikirlərimə dəyişiklik yaradır: "Ölmək haqqında düşünmə, səni incidən insanları sadəcə xatırlama",- deyir. Xoşbəxt olacağın hər bir şeyi "elə",- deyir. Bəzənsə bütün bu olanlara "olmaz",- deyir.
İstəyirsən xoşbəxt ol, istəyirsən kədər dolu ol, öləcəyin o yerdən sonra sən artıq ölüsən. Bir müddət sonra xatırlanmayan mənim kimi bir ölü. Sadəcə kiminsə nə zamansa gözü sataşa biləcək gözlərin ola bilər.
Bəlkə, nə zamansa xatırlanıb, qəbrinə gələcək bir dəstə gül olacaq ən böyük xoşbəxtliyin. Kədərlənmə və yaşadığın müddətdə burdan keçdiyin hər dəfə gülümsəyən bu gözlərimə bax və öləcəyin və sənə də kiminsə baxacağı o insanı düşün dünyanda. Həyatında nə baş verməsindən asılı olmayaraq dərdini elə baxan bu daşlarla bölüş. Sənə verəcək ən gözəl təsəlli budur əslində.
Di indi get, gecdir. Bir ölü daşına bu qədər kədərli gözlərinlə baxma.