Qaranlıqdan yola çıxan adam - Yeni yazı

Qaranlıqdan yola çıxan adam - Yeni yazı
13 yanvar 2023
# 15:30

Kulis.az Rasim Əlizadənin "Qaranlıqdan yola çıxan adam..." yazısını təqdim edir.

Məşhur düşüncə adamlarından biri təxminən belə demişdir, Yola çıxsan yol özü görünəcək. Çox sadə bir fikirə bənzəsə də, dərin mənalara varılacaq bir cümlədir.

Bəli, ən mühüm addımdır insan həyatında yola çıxmaq, ilk adımı atıb başlamaq. İnsan həyatında hər nə baş verir versin bu əngəl olmamalıdır onun həyat mübarizəsinə. Harada bir mübarizə etməyən insan görsəniz bilin ki, hansısa bir pis hadisəyə ilişib qalıb və ya hadisənin bəxş etdiyi travmaya. Məndən soruşsanız pis hadisələr, travmalar Tanrının insana verdiyi hədiyyələrdir, insanın özünə xas olan hər bir şey onun üçün bir fürsətdir, qalır sadəcə ondan istifadə etmək, hər şeyə rəğmən yaşamağa davam etmək.

Uğurlu, xoşbəxt insanların belə həyatlarında onları narahat edən hadisələri, daxili məmnunsuzluqları olur amma onlar bunu qəbullanıb irəli baxırlar. Bəli, bu günlərdə bütün psixoloqların ən çox istifadə etdiyi sözlərdən biri, qəbullanmaq. Qəbullanmaq lazımdır ki, insan çiynindəki yükü atsın, daxili rahatlasın. Qəbullanmaqdan əlavə bağışlamaq da lazımdır, insana pislik edənləri. Və ən çox da özünü bağışlamalıdır insan, ona görə ki bir insan özünü nə qədər günahkar bilsə o heç vaxt öz daxilində aramlıq tapmayacaq.

Yəni, demək istəyirəm ki, elə bir insan ola bilməz ki həyatındakı hər şey yolunda olsun və ya yaşadığı bu qədər müddət ərzində heç vaxt problemlə üzləşməsin. Burdan yola çıxsaq insanlar bu barədə ikiyə ayrılır, ilişib qalanlar və qalmayanlar. İlişib qalanlar, keçmişdə yaşayanlar xoşbəxt ola bilmirlər nə qədər uğur qazansalar belə. Keçmişin qaranlığında o qədər itiblər ki, nə aydınlığa çıxa bilirlər nə də ki, həyatlarında baş verən gözəllikləri görüb fərqində ola bilirlər, belə insanlar çox vaxt naşükür olurlar, Tanrıya və insanlara qarşı küsgün olurlar. Xoşbəxt olmaq insan həyatının ən önəmli hissəsi və qayəsidir. Bukovski deyirdi ki, sən tənbəl deyilsən, sən sadəcə xoşbəxt deyilsən, xoşbəxt olmayan insanın heç bir şeyə həvəsi olmur. İnsanlara tənbəl damğası vurmaqdansa bir həyatına baxıb xoşbəxt olub, olmamağını aydınlaşdırmaq lazımdır. Bəzən düşünürəm ki, insanın xoşbəxt olması üçün nə etməsi, necə olması lazımdır?

Xoşbəxtlik də çünki nisbi anlayışdır, dəyişən bir şeydir, hər zaman xoşbəxt hiss etmək də mümkün olmur belə bir dünyada hansı ki hər anında bir xaos yaşanır. Məsələn dini mətnlərlə tanış olanda görürsən ki, dünyada tam mənada rahatlıq yoxdur, hər şey gözəl olacaq deyə bir şey olmur yaşantılarımızda, bəri başdan qəbullanıb həyata elə başlamaq lazımdır ki, sonra adi bir çətinlikdə çaş-baş qalmayasan. Dünya özü bir zindandır insanlar isə dustaq, elə buna görə bəzən yeni doğulan körpələrin ağlamağına səbəb bunu görürlər ki, dünyaya daha bir dustaq gəlir anlamında, bənzətməyə bax ilahi.. Həyat nə qədər çətin bir şey imiş, bir vaxt heç bir qayğısı, dərdi olmayan bir uşaq böyüyüb bütün yükləri öz üzərinə götürəndə anlayır həyatı. Uşaqların xoşbəxt olmalarını onların həyata qarşı olan maraqlarından sezmək olur, hər şeyə həvəsli şəkildə yanaşırlar amma böyüyərkən xoşbəxtlikləri hər keçən anda get gedə azalmaya başlayır.

Analiz edəndə görürsən ki,bu dünyanın insanı tam mənada xoşbəxt etməsi mümkün deyil, çünki insan qəlbini tətmin edəcək şeyləri vermək bu dünyanın güc və ixtiyarında deyil, çünki dünya müvəqqətidir. İnsan ruhu isə əbədi bir şey istəyir, əbədi bir şeyləri isə mənəvi olaraq tapmaq olar, Tanrı ilə rabitədə məsələn, təbii ki, bu inanc məsələsidir, inanıb inanmayan insanlar mövzsundan yazsam gərək bu yazı bitməsin. Amma bir şeydə var ki, tək mənəvi şeylərlə yox insan hansısa bir xəyalına, hədəfinə tutunmaqla da daxili məmnunluğunu tapa bilər.

Keçən yazımda qeyd etdiyim kimi, artıq müəllim kimi fəaliyyət göstərməyə başlamışam, müəllimlik müqəddəs bir peşədir və olduqca maraqlı. Müəllimlik peşəsini sevərək görsən həm xoşbəxt, həm uğurlu olmaq ehtimalın çox olur, əsas məsələ işini sevərək görəsən, bəzən sakit xarakterimdən dolayı özümü ifadə etməkdə çətinlik çəkirəm deyə şagirdlərlə istədiyim ünsiyyəti qura bilmirəm amma hər şeyə rəğmən bunu həyatımın ən önəmli anlarından biri kimi görürəm bəlkə də həyatımın dəyişiminə təkan verəcək bir hadisə kimi, əvvəldə dediyim kimi insanın həyatına gələn hər bir şey ona özəl hədiyyədir.

Müəllimlikdən bəhs etmişkən bunu da deyim ki, valideynlər övladlarına nəzarət etməlidir və hər şeyi müəllimdən gözləməli deyillər, məktəb və müəllim anlayışına yanaşmalarını daha da müsbət formada dəyişməlidirlər. Sizlə bir müşahidəmi bölüşüm. Mən yaşadığım rayonda deyil başqa rayonda işlədiyim üçün məktəbə 1 saatlıq müddətdə yol gedirəmnvə maraqlı hadisələr yaşanır maşında. Deməli, işə girdiyim təzə vaxtlar idi, məktəbdən qayıdırdım artıq, maşına cavan bir xanım mindi və orada başqa bir tanıdığı xanımı görüb salamlaşdı və söhbətə başladılar, mən də pəncərədən çölə baxırdım və oturacaqlar yaxındır deyə edilən söhbətləri eşitmək olur.

Yaşlı olan bu cavan xanımdan hal əhval tutub uşaqları soruşdu, dərsləri necədir deyəndə, bu xanım “uşaqları məktəbə göndərmirəm orada pozularlar birdən deyə” cavabladı. Həmin o cavab mənə çox toxunmuşdu yeni işə girmiş bir müəllim olaraq. Məktəb tərbiyə ocağı bilinərkən valideynin bu cür mənfi yanaşması çox təsir etmişdi. İndi kim deyə bilər ki, bu xanımın övladları böyüyəndə təhsilə, universitet oxumağa, faydalı bir fərd olub ölkəyə yardım etməyə çalışan biriləri olacaqlar?

Mən şəxsən inanmıram, çünki bir uşağın təhsilli, uğurlu, hətta xoşbəxt olmasında bir başa rol model valideyn olur müəllim sadəcə biliklərini onla bölüşüb nələrisə öyrədib onlara yön verərək istiqamətləndirirlər. Mən burda müəllim əməyini dəyərsizləşdirmirəm onsuzda müəllimlərin borcu ödənməz baxmayaraq ki, müəllimlər layiq olduğu dəyəri görmürlər bu ölkədə. Vurğulamağa çalışdığım məsələ odur ki, valideynlər daha diqqətli olmalıdırlar çünki övladları 45 dəqiqə bir müəllimlə ünsiyyətdə olurlar günün bir çox hissəsi evdə birlikdə olurlar. Uşaq oxumaq istəməyəndən, valideyn nəzarət etməyəndən sonra müəllimin həmin şagirdlə uğur qazanmaq ehtimalı nə qədər ola bilər ki?

Yazını yavaş-yavaş yekunlaşdrım necə deyərlər..

Yazının əvvəlində dediyim kimi yola çıxsan yol özü görünəcək sən yetər ki hərəkət et, aydınlığa çıxmaq üçün addım atıb birinci qaranlıqdan keçməlisən, hər bir insan üçün uğura gedən yol uğursuzluqdan keçir, bunları övladlarımıza, ətrafımızdakı insanlara, ən başda isə özümüzə aşılamalıyıq..

Mən özüm bunları qaranlıqdan yola çıxan adam kimi yazıram və həyat elə gətirib ki, hər gün evdən işə gedəndə də qaranlıqdan yola çıxıram..

# 5148 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #