Kulis.az Elish Xanın (Elçin Xanmədov) şeirlərini təqdim edir.
***
Burda nəfəs saxtadır
Alan çıxmır sabaha
Tövbə edən adamlar,
Hər gün batır günaha.
Xoşbəxtəm deyən kəsi
Həyat salır cənginə
Fərq qoymur təkcə ölüm,
Nə yoxsula, zənginə.
Həyat davam eləyir
Bir müstəvi cizgidə
Sənə baxan adamı,
Tanımırsan güzgüdə.
Təkcə ətəklər deyil,
ömürlər də qısadır
Sevinc bilib yediyin,
təamlar zəhər dadır.
Hərə bir can xətrinə
Yarım ömür yaşayır,
Ölümlər cavanlaşır,
Əzrail gecə-gündüz,
Yerə adam daşıyır.
Bura böyük dənizdir
Üzür böyük balıqlar
Yem olan hər balıqda,
Tez tapılır boşluqlar.
Burda nəfəs saxtadır
Alan çıxmır sabaha
Tövbə edən adamlar,
Hər gün batır günaha.
***
GəL öpüşək, birgə ölək, əzizim
Ölümlü dünyadır özün bilirsən
Nəfəs gəldi, nəfəs getdi ölürsən,
Ölmədən bir istəyim var gələrsən,
Məhv olmasın arzu-dilək əzizim,
Gəl öpüşək, birgə ölək əzizim.
Son baxışım gül üzünlə, təninlə,
Qoy keçməsin həmin anlar hüzünlə,
Bir yaşaya bilməsəm də səninlə,
Barı yarı ömrü bölək, əzizim,
Gəl öpüşək, birgə ölək, əzizim.
Çətin görəm birdə nur baxışları,
Hiddətlənib çatılan düz qaşları,
Qəlbimizə axan qəmli yaşları,
Sarılaraq eşqlə silək əzizim,
Gəl öpüşək, birgə ölək, əzizim.
Dodağımda sabahların jaləsi,
Yanağımdan axır eşq piyaləsi,
Sən gözümdə bir ölüm ilahəsi,
Qabağlayaq əcəli gələk, əzizim,
Gəl öpüşək, birgə ölək, əzizim.
Kimlər bizə yas saxlayar bilmirəm,
Ürəyini kim dağlayar bilmirəm,
Bizdən sonra kim ağlayar bilmirəm,
Biz ölümə ancaq gülək əzizim,
Gəl öpüşək, birgə ölək əzizim.
Dəyişməz
Şirin həqiqətlə üstün hey bəzən
Əgər acıdırsa yalan dəyişməz.
Yalanın ömrü var kəpənək qədər,
Qarışqa yükünü alan dəyişməz.
Tanrı düz mənzilə çəkər qulunu,
Şeytanı cahilin alar ağlını,
İmansız adamlar azar yolunu,
Allaha imanı olan dəyişməz.
Nə fərqi ümmandı axılan yaşlar,
Üzülən baxışlar, çatılan qaşlar,
Tərk edib gedəcək ürəyi daşlar,
Bir qəlbdə eşq ilə qalan dəyişməz.
Ağızdan azalıb dünyanın dadı,
Unudur doğması, itirir yadı,
Eşşəyin üstündə qalıbdır adı,
Qızıldan qoysan da palan dəyişməz.
Kim bilər, kim anlar, kimin halından,
Dünyanın götürən var halalından,
Nə qədər çalışsan dönməz yolundan,
Əlini vicdana qoyan dəyişməz.
Ayırıb pislərdən seçsən xeyri yox,
Hər dəfə səhvindən keçsən xeyri yox,
Əlin pul çirkindən çəksən xeyri yox,
Pul üçün alçalan nadan dəyişməz.
Çoxunda qalmayıb yaşam həvəsi
Bir gedir, bir gəlir, bitir nəfəsi,
Anla Nuh deyilsən, Adəm nəvəsi,
Gücün çatsa bilə, dövran dəyişməz.
Cavanlıqdan-Qocalığa
Daha saçıma da, əl gəzdirmirəm
Qalmayıb başımda saçda darağlıq
İçimdən getməyən bu cavanlığı,
Aparmaq istəyir, zorla qocalıq.
İndi yaddaşım da, yox olub mənim
Çox şeyi beynimdə unutmuşam mən
Gümrahda deyiləm heç əvvəlki tək,
Taqətdən düşmüşəm, yorulmuşam mən.
Gözün də yox olub nuru haçandı
Ayıra bilmirəm ağı, qaradan
Bilmirəm film kimi bitən ömrümü
Lent kimi qaytarıb, baxım haradan.
İndi bir tabloyam, köhnə şərabam
Daşları uçulmuş qədim divaram
Yer kimi adım var, özümsə yoxam,
Yaşayan ölütək, sadəcə varam.
İllərdən bu yana yaşadıqlarım
Bilmirəm yuxudur, yoxsa gerçəkdir
Qırışmış üzümlə, qırışan alnım,
Mənim keçmişimdən bir nişanədir.
Quru can qalıbdır məndən əlamət
Ölmüş bir adamın doğum günüyəm
Qalmayıb canımda daha dəyanət,
Baş daşı olmayan məzar kimiyəm
Ömrün son qatarı, son dayanacaq
Burdan o, tərəfə, yol yox mənimçün
Uzun yol qət edib, cavanlıqdan mən,
Çatdım qocalığa sonda ölməkçün!
Gəl Görüşək
(Müşviqnamə...)
Gəl görüşək, sevgilim
Müşviq deyən o bağda
Səni arzu etdiyim,
Günlər deyil uzaqda.
Dənizin göy mavisi
Gözlərində görünsün
Əlim dəysin əlinə,
Qoy ürəyin döyünsün.
Quşlar oxusun bizə
Gözəl sevgi nəğməsi
Dilimizə düşməsin,
Heç ayrılıq kəlməsi.
Müşviqin bağ şeirin
Səsləndirim səninçün
Dilbər kimi naz elə,
Nazın xoşdu mənimçün.
Gəl çalışaq pozmayaq,
Nizamlanan ahəngi
Toxuyum saçlarına,
Lalədən gül çələngi.
Dalğalanıb saçların
Tökülsün al üzünə
Kirpiklərin çətir tək,
Kölgə salsın gözünə.
Müşviqin Dilbəritək
Yanımda ol beləcə
Gözün gözümə baxsın,
Səni görsün sadəcə.
Nə rəssama iş düşsün,
Nə fırçalar rəngləsin,
Qızmar günəş altında
Üzümüzə rəng gəlsin.
Birgə gedək o bağa,
Qaçaq gedək hamıdan
Uzaqlaşaq hər kəsdən,
Yaxınlardan, qohumdan
Əl çəkməyək bircə biz,
Bu işıqlı dünyadan.
Yaxın olaq sevgilim,
yaxın olsaq səninlə,
Ürəklər də bir olar,
İki aşiq sevincə.
Arzuya bax sevgilim
Mənim ürəyimcədi
Mən bilirəm sənində,
Arzum ürəyincədi.
Gəl, görüşək sevgilim
Müşviq deyən o bağda
Sənli xəyal qurduğum,
Günlər deyil uzaqda
Sən gedəni
Sən gedəni boşalıb
Tutqun olan otağım
Günlərdi yuxusuzdur,
Əlin dəyən yatağım.
Sən gedəni mədbəxtdə
Asılıbdır xalatın
Toz basmış çəkməcə də,
İşləməyən saatın.
Sən gedəni saat tək,
Donub bütün zamanım
Təqvimi unutmuşam,
Səndə qalıb hər anım.
Sən gedəni sədanla
Yetim qalıb gitaram
Mizrabdan ayrı düşmüş,
Köklənməyən bir taram.
Sən gedəni həyatım
Qalıb eyni cizgidə
Mənə baxan adamı,
Tanımıram güzgüdə.
Sən gedəni gecələr
Həsrətin məni örtür
Əlimdə cansız rəsmin,
Üzümdən hər hər gün öpür.
Sən gedəni hər tərəf
Gözümdə sən görünür
Rəng korudur gözlərim,
Səndən özgəni görmür.
Sən gedəni həsrətin
Susayıbdır bədənə
Gəlmir mənim ölçümə,
Ucuz ölüm bir dənə.
Sən gedəni ətrindən
Qalıb bir az yataqda
Çəkdiyim siqaretlə,
O da, itir otaqda.
Sən gedəni tənhalıq
Gecələr mənlə qalır
Səhərlər xəyalını,
Boş evə səssiz salır.
Sən gedəni əzizim,
Şamı sönmüş adamam
Şirindən ayrı düşmüş,
Qəm libaslı Fərhadam.
Sən gedəni boşalıb
Tutqun olan otağım
Günlərdi yuxusuzdur,
Əlin dəyən yatağım.