İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə
23 dekabr 2024
# 17:30

Kulis.az Vahab İsmayılzadənin "İnsanla təbiətin bəhsi" adlı poemasını təqdim edir.

Bir gün dalıb xəyala, insan oğlu, öyündü,
Əməli ilə fəxr edib, qürrələnib, söyündü.
Bax bir məndəki gücə, hünərə, cəsarətə,
Yeri, göyü fəth edib, almışam əsarətə,
Başım üstə səmalar, ayağım altında yer,
Günəş, ay həsrət ilə məni etmədədir seyr.
Zəbt elədim çünki mən, onların hər birini,
Onlara qonaq oldum, öyrənərək sirrini.
Elə bir şey düşünüb, gərək, mən icad edəm,
Ən uzaq ulduzların birinə qonaq gedəm.
Əminəm, yüksəklərə qalxmağa var qüdrətim,
Hər şeyə qadirəm mən, tükənməzdi qüvvətim.
“İnsan” ... “İnsan” hamıya bəllidir bu ayəmiz.
Torpaq bizim beşiyimiz, təbiətsə dayəmiz.
Mən olmasam, bəs kimə gərək olar günəş, ay?!
Kimdən feyz alacaq bəs qış, payız, bahar, yay?!
Təbiət qüssələnib insan övladı üçün,
Fəsilləri dəyişib, qarışdıracaq bütün,
Bu vaxt təbiət özü dil açıb dilə gəldi,
Dedi: - “Ey insan sənə xas olmayan əməldi”.
Bu boyda yer kürəsi tanrı sənə etdi pay,
Nə yaxşı iş görmüsən, gəl otur birəbir say.

İnsan:

- “Əvvəla, ey təbiət, mən səni abad etdim,
Sən yetirən zinəti, bircə-bircə ad etdim.
Özün bilirsən, nələr qurmuşam bu əlimlə,
Səni gözəlləşdirib, yaşatdım əməlimlə.
Nədən narazısan ki, məni sən qınayırsan,
İnsafsızlıq edibsən, bəlkə də sınayırsan?!”

Təbiət:

- “Nə yaxşılıq etmisən, ey insan bu vaxtadək?!
Sənin əməllərindən zara gəlibdir fələk,
Mübahisə eyləmə insafdan, mənimlə gəl,
Mənim bu təklifimdən razı ol, eylə əməl”.
İnsan dedi: - “Yox, dayan! Gəl ayırd edək bunu,
Söylə, mən nə etmişəm, tapdamışam qanunu?!”

İnsan:

Mən, dağlar, qayalar yarıb yol çəkdim,
Və dağlar əvəzinə, əkinlər əkdim,
Qayadan daş kəsib, binalar tikdim,
İnsandır insafsız, yoxsa təbiət?!

Təbiət:

Köksümdə qubarlar yetişib, şişdi,
İnsan da qubarıma dağ deyib deşdi.
Yaramın közünü qoparıb, eşdi,
İnsandır insafsız, yoxsa təbiət?!

İnsan:

Böyük dənizlərdə mən, lövbər atdım,
Buruqlar kəşf edib, mədən yaratdım.
Ən dərin yataqlardan neft çıxardım,
İnsandır insafsız, yoxsa təbiət?!

Təbiət:

Neft deyib, qanımı sordun bir cürə
Hər gizli damarımı oydun bir cürə
Suyu yaman günə qoydun bir cürə
İnsandır insafsız, yoxsa təbiət?!

İnsan:

Torpaqdan əridib düzəltdim dəmir,
Süxurlar qazıyıb çıxartdım kömür.
Bu işə sərf etdim, bütöv bir ömür,
İnsandır insafsız, yoxsa təbiət?!

Təbiət:

Gündə bir növ zülm icad eylədin,
Məni hər zinətmə bir ad eylədin.
Yaralı köksümü bərbad eylədin,
İnsandır insafsız, yoxsa təbiət?!

İnsan:

Əsrlər boyu sirr saxlarsan, yenə,
Göylərdə qapıları açmırsan mənə.
O sonsuz fəzalar nə gərək sənə?
İnsandır insafsız, yoxsa təbiət?!

Təbiət:

Qollara güc verdim, beyinlərə təb,
Özümə nə qaldı, təlatüm, əsəb.
İndi sən nəfəsmi edirsən tələb
İnsandır insafsız, yoxsa təbiət?!


Təbiət:

Məni məhv etməyə eylədin adət,
Bütün var-yoxumu eylədin qarət.
Qolumda-qıçımda qoymadın taqət,
İnsandır insafsız, yoxsa təbiət?!
Köksümə yaralar vurdun dinmədim,
Damarımdan, qanı sordun, dinmədim.
Məni texnikanla yordun, dinmədim
İnsandır insafsız, yoxsa təbiət?!

Yaxşı, məni şikəst etməyin nədir?!
Hər bir məqsədinə yetməyin nədir?
Bəs insan, insanı didməyin nədir?
İnsandır insafsız, yoxsa təbiət?!

Eşit, bil ey bədbəxt, biçarə insan!
Yadından çıxarma bunu heç zaman.
Xaliq bəxş edəndən səni həyata,
Başlanmış torpaqda bəla və xəta.
Canlını, cansızı şikəst eylədin,
Axır, öz-özünə də qəsd eylədin,
Bilmək istərsənsə sözün düzünü,
Çox gülünc bir günə qoydun özünü.
Uydun şan-şöhrətə, qapıldın hissə,
Ayırdın özünü bir neçə hissə.
Saldın aranıza nifaq və zillət,
Çıxardız araya bir neçə “millət”,
Mən özüm məəttələm kamalınıza,
Daima yanıram sizin halınıza.

Ey bədbəxt insanlar! Eşidin məni!
Siz zarə gətirdiz bütün “kürrəni”

Kainat sizinçün sirr olmayıb mı?!
Məgər əcəliniz bir olmayıb mı?!
Babanız “ilk insan Adəm” deyil mi?!
“İnsanlar” insanla həmdəm deyil mi?!
Cisim bir qanınız bir qan deyil mi?!
Məgər vahid millət “İNSAN” deyil mi?!

İnsan:

Tutaq ki, bilmirəm mən qiymət, qədir,
De: “İnsan” kəlamının mənası nədir?!

Təbiət:

Sənə bu mənanı bilmək gərəkdir,
Adınsa, “torpağa gübrə” deməkdir.

Xuda xəlq eyləmiş torpaqdan səni,
Məgər, bu quruluşu bilmirsən, yəni?!

Ey insan! Sən bunu nə üçün danırsan?!
Torpaq sənin deyil, sən torpağınsan!!!

Əgər yeri bölmək cürətin varsa,
Günəşə çatmağa qüdrətin varsa,
Qalx göyə, arzuna tezliklə çat,
Bir çəngə günəşdən payını qopart.
Elə et, payın tək səni isidsin,
Cahanda gül-çiçək səninçün bitsin.
Tezliklə muradın olarsa hasil,
Ayrıca günəşin də olacaq, bil!

İnsan:

Yaxşı, insan sözün nədirsə bildim,
Bəs nə üçün xəlq olub, dünyaya gəldim?!

Təbiət:

Sənintək yaratmış Allah!
Tək odur hər sirrindən xəbərdar, agah.
Məsləhət görübmüş ki, yaranaq biz,
Bütün yer kürəsini yaşadaq biz.
Madam ki, biz varıq gəl ömür sürək,
Bu geniş dünyanı, həm xoşbəxt görək.
Yaşasın insanla, təbiət həmrəy,
Bir-birin yıxmağa göstərməyək səy.
Sən gəl “İnsanlığı” eylə ki, bərpa,
Kökün kəsilməsin qalmayım tənha.

# 81 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #