Plastik əməliyyatlar, açıq-saçıq geyim, əndrəbadi saç stili - Müəllimlərimiz niyə belə geyinir?

Plastik əməliyyatlar, açıq-saçıq geyim, əndrəbadi saç stili - Müəllimlərimiz niyə belə geyinir?
13 may 2025
# 14:26

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.

“Dəyişib dövrü-zaman hamı gümannan danışır,
Molla rüşvətxanadan, kafir imannan danışır.
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,
İndi eşşəyimiz ölüb, at da samannan danışır”

Mən də gəldim Sabirin sözünə qüvvət deyib, 21-ci əsrin ortasında heç bir halda müzakirə mövzusuna çevrilməli olmayan geyimdən danışmağa.

Səhv başa düşməyin, heç kəsin geyiminə qarışmaq kimi fikrim yoxdur. Çünki "əxlaq" dediyimiz məfhum heç bir halda paltarla, geyimlə ölçülməli deyil.

Əxlaq insanın vicdanında olmalıdır.

Sadəcə, bir vətəndaş kimi kiçik iradlarımı bildirmək istəyirəm. O da ki, pedaqoq dediyimiz, hər peşədən uca tutduğumuz müəllimlərin geyiminə aid.

Müəllimlərin etik davranış qaydalarının 2.1.5-ci maddəsi “Mədəni davranış” adlanır. Bu maddəyə görə, müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

Bu qanunun bütün maddələrinə riayət etmək, müəllimin əsas peşə borclarından biridir. Bizdə isə bəzi müəllimlər, deyəsən, son cümləni başqa cür başa düşüblər. Xarici görkəminə və geyiminə diqqət etməlidir fikrini səhnə adamlarının görünüşü ilə qarışdırıblar. Baxımlılığı modabazlıqla səhv salıblar. Bilmirsən, məktəbə gəlir, yoxsa moda kastinqinə.

Yadımdadır, mən məktəbdə oxuyanda bizim müəllimlərdə belə şeyləri heç görməzdim.

Kənd məktəbində təhsil alsam da, kifayət qədər savadlı və dünyagörüşlü müəllimlərimiz olub. Bütün bunlara baxsaq, onlar da öz dövrlərinin “modabazları” ola bilərmişlər. Hazırda da çoxu ilə əlaqəm var və görürəm ki, necə görmüşdümsə, o cür də davam edirlər. Sadəliyi önə çəkərək, müəllim formasını hələ də qoruyub saxlayırlar. Mən heç vaxt onlarda uzun dırnaq, qısa ətək, açıq-saçıq hər hansı bir dekolte paltarlar görməmişəm. İndi deyəcəklər ki, kənd yeridir də, necə olmalıdır? Məncə, bu halın kənd və ya şəhərlə heç bir əlaqəsi yoxdur. Müəllim hər rəftarı ilə şagirdlərə örnək olmağı bacarmalıdır.

Çünki uşaq elə bir varlıqdır ki, gördüyü hər şeyi qəbul edir. Pis və ya yaxşı, fərq etmir. Ona görə də müəllim və məktəb direktorları üçün əsas olan peşəkarlıq, nümunəvi davranış və şagirdlərə örnək olmaqdır.

Hətta biz özümüz belə dırnağa lak çəkmək bir yana, saçımızı da açıb tökməyə utanmışıq. Amma indi səhərlər məktəbliləri görürəm, əksəriyyəti laklı dırnaqda, qısa ətəkdə, açıq və buruq saçda məktəbə gedirlər. Qınamıram heç onları da, çünki gördükləri odur.

Müasirlik adı altında daha yaxşı şeyləri qabarda bilərik. Məsələn, təhsil səviyyəsini artıra bilərik.

Hazırda bir sinifdə 30 uşaq varsa, onun 28-i hazırlığa gedir. Dəhşətlisi isə budur ki, uşaq hazırlığa elə 1-ci sinifdən başlayır. Bu problemi niyə aktuallaşdırmırıq? Uşaqlarda oxumağa qarşı niyə həvəs yarada bilmirik?

Şagird görür ki, müəllim məktəbə podiumda yeriyəcəkmiş kimi gəlir, o da düşünür ki, elə belə də olmalıdır.

Yanılırıq axı. Olmalı deyil.

Xarici görünüş, əlbəttə, müəyyən dərəcədə önəmlidir, çünki bu, insanın özünə və işinə olan hörmətini göstərir. Amma "baxımlı olmaq" təmiz, səliqəli və uyğun geyinmək deməkdir, hər şeyin dozasını qaçırmaq demək deyil.

Lakin həddindən artıq bəzək, uzun və parlaq dırnaqlar, makiyaj və s. məktəb mühiti və pedaqoji etika baxımından uyğunsuz görünür.

Məktəb, daha çox sadəlik, ciddilik tələb etdiyi üçün, müəllimlərin və məktəb rəhbərinin hər bir halı şagird üçün örnək olmalıdır.

Sosial şəbəkələrin aktiv olduğu dövrdə yaşayırıq. Hər gün qarşımıza xeyli müəllim, direktor videoları, şəkilləri çıxır. İlahi, hansı görkəmdə olur əksəriyyəti. Əndazəni aşan plastik və estetik əməliyyatlar, dekolte geyim, konsert verən müğənni saç stili... Axı belə müəllim olmaz.

Rastımıza xarici ölkələrin müəllimlərinin videoları da çıxır, necə sadə geyindiklərini, saçlarının, makiyajlarının necə olduğunu görürük. Bu fərqi təkcə geyimləri ilə yox, elə tədris metodlarında da göstərirlər. Şagirdlərlə daha rahat dili tapırlar, daha sadə, daha təvazökar davranırlar.

Bilmirəm, bəlkə də, yanılıram, amma müəllimlərimizi hazırki görkəmlərində, geyimlərində görmək məni çox narahat edir, hətta qıcıqlandırır. Düşünürəm ki, şagirdləri qarşısında ciddi hörmət, sevgi qazana bilməməklərinin əsas səbəbi də bu olur. Şagirdlərə təsir edə bilmirlər, ciddi qəbul olunmurlar. Digər problemlər də bundan sonra başlayır...

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

SSRİ bayrağı qaldıran sədr:  "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

SSRİ bayrağı qaldıran sədr: "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

18:38 13 may 2025
Stalinin kölgəsində çəkilmiş şəkil:  Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

Stalinin kölgəsində çəkilmiş şəkil: Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

18:20 13 may 2025
"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

18:10 13 may 2025
Tehran Kitab Sərgisində "Dədə Qorqud"  qadağası

Tehran Kitab Sərgisində "Dədə Qorqud" qadağası

18:00 13 may 2025
"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

17:00 13 may 2025
"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

16:10 13 may 2025
#
#
# # #