İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi
24 fevral 2025
# 09:55

Kulis.az Bayram Soylunun "İçimdəki fırtına" hekayəsini təqdim edir.

Bu, şanlı zəfər savaşı qəhrəmanlarından
birinin qızı Səmanın hekayəsidir. Kədərin
qürur və sevincin işığında ovunduğu bu
hekayə şəhid və qazilərimizin minlərlə
qəhrəmanlıq hekayəsindən yalnız biridir.

İki min iyirminci ilin sentyabr ayı idi. Payızın qızılı rəngləri günəşin şəfəqlərinə bürünüb yaşadığımız kənd evinin pəncərəsindən açılan tabloda daha ecazkar mənzərə yaradır, küləyin yüngül toxunuşu qurumuş yarpaqları ətrafa səpələyir, bacadan çıxan tüstü evin isti nəfəsini uzaqlara aparırdı.

Nənəm üzərinə buta naxışlı örtük sərilmiş taxtın üstündə əyləşib əlindəki mili çevikliklə hərəkət etdirir, iplikdən corab toxuyurdu. Nənəmin arıq barmaqları arasında rəqs edən milin ritmik səsi otağa dolub payızın səssizliyinə öz ahəngini qatırdı.

Mən kənarda, masanın baş tərəfindəki taxta oturacaqda oturub gözlərimi qarşımda açıq qalmış kitabın səhifələrinə zilləmişdim. Məni maraq və heyrət bürümüşdü - kitabın hər cümləsi məni bu kiçik kənd evindən çox-çox uzaqlara, qəhrəmanlıq nağılının sehrli dünyasına aparırdı. Orada atamı görürdüm, Vətənimizin keşiyində duran şanlı ordumuzun qəhrəman zabitini.

Vaxt keçdikcə sobanın zəif alovu otağı daha da isidir, evimizdə nənəmin əllərinin istiliyində toxunan corabın, mənim gözlərimdə alovlanan arzuların və payızın könül oxşayan rənglərinin harmoniyası hökm sürürdü.

- Nənə, nənə can, mənə bayraq toxumağı öyrədərsən? – sükutu mən pozdum.

Nənəm sual dolu baxışlarını mənə zillədi.

- Azərbaycan bayrağını, - tez dilləndim, - Atam gələndə verəcəm ki, onu qorusun.

Nənəmin parlayan gözlərinin dolduğunu hiss etdim.

- Sənin gözəl ürəyinə nənən qurban! Mənim ağıllı balam, niyə öyrətmirəm ki, öyrədərəm.

Nənəmin təklifimə bu qədər ürəkdən sevinməsi məni də duyğulandırdı. Bunu hiss edən nənəm mili və ipliyi kənara qoyub ayağa qalxdı, mənə yaxınlaşıb saçlarıma sığal çəkdi.

- Gözümün işığı, sən onsuz da toxumağı az-çox bilirsən. Bayraq toxumağı lap tez öyrənərsən. Inşallah, atan gələnədək toxuyub bitirərik. Bitirərik deyəndə ki, sən toxuyacasan, nənə də yanında olacaq. Amma deyim ki, hədiyyənə atan çox sevinəcək ha, mənim gülüm.

- Nənə can, atam nə vaxt gələcək?

- Bir həftədən sonra, mənim balam. Deyəsən çox darıxmısan haa atandan? Nə qalıb ki, bir də görəcəksən ki, günlər ötdü, budur, atan qapıdan içəri girir, sən də qaça-qaça qucağına atlanırsan, - deyib nənəm saçlarıma sığal çəkdi.

Nənəmin saçlarımda dolaşan əllərinin incə hərarəti ruhumun dərinliyinə yayılan bir məlhəm kimi idi. Sarıldım ona. Nənəmi qucaqlayarkən mənə elə gəldi ki, o, nağılların unudulmaz xilaskar mələklərindən biridir və yanımda olması bütün arzularımın gerçəkləşməsinə yeganə vəsilədir.

- Çox sağol, nənə can, - gözlərim doldu və başqa heç nə deyə bilmədim.

- Gəl, gəl, otur yanımda, bayrağın necə toxunduğunu öyrənək.

Üzərinə buta naxışlı örtük sərilmiş taxtın üstündə yanaşı əyləşdik. Nənəm bayrağın, xüsusilə onun üzərindəki ay və ulduzun toxunma qaydasını elə gözəl izah edirdi ki, dinlədikcə bayraq gözümün önündə canlanırdı.

- Nənə can, nə gözəl izah elədin, lap keçən dəfə şarf toxumağı öyrətdiyin kimi.

- Hə, gözəl balam, indi başla toxumağa.

Cəmi üç günə toxumanı tamamladım. Bayraq o qədər gözəl alınmışdı ki... Nənəm zərif bir xəzinəyə toxunurmuş kimi bayrağı əlinə alıb əvvəlcə öpdü, sonra onu heyranlıqla nəzərdən keçirib dedi:

- Mənim balam, bu bayraq atan üçün bir dua kimidir. Həm onu qoruyacaq, həm də ona güc verəcək.
- Çox sağol, nənə. Nənə can, səndən yenə bir şey istəyə bilərəm?
- De görüm, nə istəyirsən, mənim ağıllı balam.
- Neçə gündür beynimi məşğul edən istəyimi dilə gətirdim:
- Nənə can, mənə corab toxumağı da öyrədərsən?
- Bəs dərslərin, gözəl balam? Bilirsən ki, dərslərindən geri qalsan, anan buna çox hirslənər. Axı anan məktəbdə müəllimdir, sonra ona deyərlər ki, başqa uşaqlardan yaxşı oxumağı tələb edir, amma öz qızı dərslərindən geri qalır.
- Yox, nənə, söz verirəm ki, dərslərimi oxuyandan sonra toxuyacam. Qoy atama corab da toxuyum ki, ayaqlarını qorusun, onları üşüməyə qoymasın, - tez dilləndim.
- Yaxşı, nənən qurban, dərslərini həmişəki kimi yaxşı oxuyacağına söz verirsənsə, öyrədərəm.
- Çox sağol, mənim gözəl nənəm, - deyib nənəmin boynuna sarıldım.

Nənəm mili və qalın saplı ipliyi götürüb həmişəki kimi üzərinə buta naxışlı örtük sərilmiş taxtın üstündə oturdu və əlinin işarəsi ilə məni yanına çağırdı. Mən qaça-qaça taxtın üstünə atlanıb nənəmə qısıldım. Nənəm saçıma sığal çəkərək corabın necə toxunduğunu səbrlə izah elədi.

Mili elə sürətlə çevirirdim ki, nənəm mənə heyrətlə baxırdı.

- Səma, sən əməlli-başlı toxuyursan ki! Kənardan baxan heç deməz ki, bu balaca gözəlin cəmi on yaşı var. Bax, bir işi sevgi ilə görmək buna deyərlər.

Elə bu vaxt qapı açıldı. Gələn anam idi.

- Yorulmayasınız! Yenə nənə-bala baş-başa verib nə toxuyursunuz?
- Ana, mən atama corab toxuyuram. Nənəm elə gözəl öyrədir ki...
- Bəs dərslərini, qızım, oxumusan?

Səma mənə söz verib ki, dərslərini əvvəlkitək yaxşı oxuyacaq, - nənəm mənə inam ifadə edən əminliklə dedi.

- Mən də Səmaya inanıram. O bilir ki, atasına ən böyük hədiyyəsi dərslərindən aldığı qiymətlərdi. Əlbəttə, atası üçün corab toxuması da gözəl fikirdi, - deyib anam mətbəxə keçdi.

Mən corabın bir tayını toxuyub bitirənə qədər nənəm yanımda qaldı. O, toxuduğum corabı əlinə alıb diqqətlə nəzərdən keçirdi, elə bil hər ilmədə səliqəmi, zəhmətimi ölçürdü. Gülümsəyərək dedi ki, artıq ikinci tayı sərbəst toxuya bilərəm. Elə bu an azan səsi eşidildi. Nənəm asta hərəkətlə ayağa qalxdı, azan onu sehrli bir çağırışla yanına çəkirdi. Namaz vaxtı idi. O, ipliyi və ilməni mənə verib mehribanlıqla başımı sığalladı, sonra sakit addımlarla otaqdan çıxdı.

Corabın ikinci tayının ilk ilmələrini vururdum ki, birdən nənəmə verdiyim söz yadıma düşdü. Əllərimi ipdən çəkib toxumanı kənara qoydum, sabahkı dərsə daha yaxşı hazırlaşmaq üçün masa arxasına keçdim. Bu dəfə dərs oxumaq mənə daha maraqlı gəlirdi.

Hazırlığı yekunlaşdırıb yenidən toxumaya qayıtım. Yorğunluq göz qapaqlarıma ağırlıq çökdürsə də, corabın ikinci tayını da toxuyub bitirdim. Kitablarımı çantaya yığıb, qonşuluqda yaşayan sinif yoldaşım Türkangilə getmək üçün anamdan icazə aldım.

Türkan mənim üçün təkcə sinif yoldaşı deyildi. Bizim birləşdirən daha möhkəm bağ vardı - hər ikimizin atası hərbçi idi. Biz atalarımızı yalnız sevmirdik, həm də onları qəhrəman sayırdıq. Bəzən gələcək haqqında xəyallara dalanda, qız olmağımıza baxmayaraq, özümüzü atalarımızın yolunu davam etdirən qəhrəmanlar kimi təsəvvür edirdik. Biz də onlar kimi Vətənin keşiyində dayanacağımızı düşünürdük. Bu fikir bizi qürurlandırır, qəlbimizdə şölənən, gələcəyin sirli pərdəsini aralayaraq arzularımıza işıq saçan alovun hərarətini daha da artırırdı.

Hər dəfə Türkanla bir araya gələndə vaxtın necə keçdiyini hiss etmirdik, zaman qanad açıb uçurdu. Bu dəfə də elə oldu. Biz çox şeydən danışdıq - dərsdən, dostlarımızdan, arzularımızdan, atalarımızdan və daha nələrdən. Mən atam üçün bayraq və corab toxuduğumu söylədim. Türkan isə toxumağı bacarmadığını deyib təəssüflə içini çəkdi. Ona toxumağı öyrədəcəyimə söz verdim. Türkan çox sevindi, o da öyrənən kimi atası üçün bayraq, corab, hətta əlcək də toxuyacağını dedi. Bu fikir məni də özünə çəkdi - əlcək, doğrudan da gözəl ideya idi! Fikirləşdim ki, əlcək də toxusam necə gözəl olar… İçimdən Türkana minnətdarlıq hissi keçdi, bunu sözlə də ifadə etdim: “Çox sağ ol, yaxşı fikirdir, əlcəyi tamam unutmuşdum”.

Artıq hava qaralmağa başlamışdı, axşam düşürdü. Türkanla xoş duyğular içində vidalaşıb evə yollandım, içimdə yeni bir ilham və həyəcanla…

Evə gəldiyimdə anam, hər gün olduğu kimi, dərslərimi soruşdu. Təbəssümündən anladım ki, hazırlığımdan razı qalıb. Mətbəxdə axşam yeməyi üçün sakitcə süfrə hazırlayan nənəmin mənə baxıb pıçıltı ilə “afərin” dediyini eşitdim. Nənəmə verdiyim sözü tutduğum üçün özümü xoşbəxt hiss edirdim.

Süfrə səliqə ilə açılmış, təzə bişmiş şorbanın ətri havaya qarışaraq evin hər küncünə yayılmışdı. Nənəm təzə isidilmiş xırt-xırt çörəyi qırış dolu zərif əlləri ilə qırıb mənim boşqabıma qoydu. Onun gözlərindən axan sevgi dolu qayğıkeş baxışları sezməmək mümkün deyildi. Anamınsa baxışları ara-sıra pəncərənin o üzünə dikilirdi - sanki uzaqlara boylanır, sonra isə təbəssümlə yenidən süfrəyə dönürdü.

Mən balaca əllərimlə qaşığımı şorbanın içində gəzdirir, nənəmin söylədiyi xatirələrə maraqla qulaq asırdım.

Kənd axşamının sakitliyi süfrəyə bir başqa ovqat qatırdı.

Və beləcə, o isti evdə, sobanın pıçıltıları arasında sevgi dolu bir ailə hekayəsi davam edirdi…

Şam yeməyindən sonra sabahkı dərslərimi bir daha gözdən keçirib yatmağa hazırlaşırdım. Anam şagirdlərinin yazı işlərini yoxlamağa başlamışdı. Nənəm həyət qapısını bağlamağa getdi. Birdən nənəmin sevinc dolu, titrək səsini eşitdik: "Boyuna qurban olum!" Anamla mən qeyri-ixtiyari qapıya doğru qaçdıq. Gələn atam idi.

Mənim qəhrəmanım, ən çox darıxdığım insan! Evimizin taxta pilləkənlərinin kandarında dayanıb gülümsəyən atamın qucağına atlandım. Onun isti qucağı, tanış qoxusu, mehriban səsi mənə dünyadakı heç bir nemətlə müqayisə olunmayacaq xoşbəxtlik bəxş edirdi. Bu gözlənilməz gəliş hamımızı hədsiz sevindirdi, evimiz nura boyandı.

- Bəhruz, belə tezliklə gələcəyini gözləmirdik. Nəsə olub? – anam narahatlıq ifadə edən tonla soruşdu.
- Yaxşı ki, gəlib. Mən çox darıxmışdım, - nənəm atamın başını sığallaya-sığallaya dedi.
- Mən də darıxmışdım, ata, - tez dilləndim.
- Bəhruzun gəlişi mənə də xoşdu, Gülüstan xala. Əlbəttə, biz hamımız darıxmışdıq, sadəcə belə bivaxt gəlişi narahat elədi məni.
- Sizi başa düşürəm, Şəhla, - atam anama üzünü tutaraq dedi, - Əslində, bu gün gəlməli deyildim, amma bilirsiniz ki, mən hərbçiyəm, bəzən bu cür gözlənilməzliklər olur. İnşallah, imkan olan kimi daha uzun müddətə gələrəm.
- Təki xeyirliyə olsun, - anam fikirli-fikirli dilləndi.
- Amin! – nənəm əllərini qaldırıb dua etdi.
- Amin! – mən də nənəmi təkrarlamağa çalışaraq əllərimi açıb göyə baxdım.
- Mənim çiçək balamın dərsləri necədir? – atam soruşdu.
- Yaxşıdır, ata. Ata, gör sənə nə toxumuşam, - deyib atamın qucağından düşdüm.
- Baxım görüm, mənim balaca mələyim mənə nə toxuyub? – atam sözlərini bitirmişdi ki, hədiyyələrimi gətirdim.
- Ata, bu Azərbaycan bayrağıdı, onu yaxana tikərsən, o səni qoruyacaq. Sənə corab da toxumuşam.
- Mənim ağıllı qızım, bunlar mənim üçün ən dəyərli hədiyyələrdi, - atam məni bağrına basıb doyunca öpdü, - Çox gözəl toxumusan, amma mən bir azdan qayıtmalıyam. Bu isə yerinə düşdü, - coraba içarə edərək dedi, - onu mütləq geyinəcəm. İndi Fuadgilə baş çəkib qayıtmalıyam. O, gələ bilmədi. İnşallah, gələn dəfə onunla birlikdə gələrik.

Fuad əmi Türkanın atası idi. Bir anlıq Türkan üçün də məyus oldum. Kaş Fuad əmi də gələrdi, atam məni qucaqladığı kimi Türkanı qucaqlayardı, axı o da atasını çox sevirdi.

- Bəs gecəni qalmırsan? – nənəmin gözləri dolmuşdu.
- Yox, ana, getməliyəm. Söz verirəm ki, mütləq daha uzun müddətə gələcəm.

Anamsa artıq heç nə demir, göz yaşını gizlətməyə çalışırdı. Atam çörək yemədi, bir fincan çay içib ayağa qalxdı. Nənəm atamın boynuna sarılıb ona dua etdi. Anamla atam qucaqlaşıb susdular, amma mənə elə gəlirdi ki, danışırdılar, sadəcə, biz eşitmirdik. Sonra atam məni bağrına basıb öpüşlərə qərq elədi, mən də atama bərk-bərk sarıldım, amma ağlamadım. Atamınsa gözlərinin dolduğunu gördüm...

Atamın gedişindən iki gün sonra müharibə başladı. Onun qəfil gəlişinin səbəbi indi aydın olurdu, amma bilmirdik ki, bu, qırx dörd günlük şanlı zəfər yürüşünün başlanğıcı olacaq.

O günlərdə nələr yaşamadıq... Hər gün ordumuzun yeni bir qələbə xəbərinə sevinir, eyni zamanda, şəhid xəbərlərinin qəlbimizdə açdığı dərin yaralarla sarsılırdıq.

Türkanla hər zəfərdə atalarımızın da payı olduğunu düşünüb qürur duyur, lakin hər şəhid xəbərində göz yaşlarımızı saxlaya bilmirdik. Sözlər artıq mənasız idi - biz sadəcə susur, amma eyni şeyləri düşünürdük: atalarımızı, qəlbədən sonra evə döndüklərində onlarla görüş səhnəmizi, şəhid olmuş qəhrəmanların övladlarını...
Zəfər savaşının iyirminci günü idi artıq. Gecə boyu narahat yatmışdım. Yuxularım qırıq-qırıq, düşüncələrim qarışıq idi. Sübh tezdən çarpayımın yanında salınmış canamazın üstündə pıçıltı ilə dua edən nənəmi eşidirdim. O, Tanrıya yalvarırdı. Səsi titrək idi, duaları ürəkdən gəlirdi. "Allahım, torpaqlarımızı tezliklə azad et, müharibəni dayandır, oğlumu və bütün əsgərlərimizi sağ-salamat evlərinə qaytar. Bir daha bu torpaqlara müharibə gəlməsin, heç bir ana balasının yolunu gözləməsin…"

Nənəmin hər sözü qəlbimə işləyirdi. O an dünyada ən çox istədiyim şey onun dualarının qəbul olunması idi. Amma az sonra elə bir xəbər aldıq ki, o duaların hələ Tanrıya çatmadığını düşündüm. Əgər çatsaydı, bəlkə də bu acı xəbəri eşitməyəcəkdik...

Nənəm namazını bitirib sakitcə otaqdan çıxdı. Mən yerimdə oturub bir müddət hərəkətsiz qaldım - ev sakit idi. Sonra yavaşca paltarımı geyinib dəhlizə keçdim. Anam donumu ütüləyirdi, nənəm isə görünür, həyətə düşmüşdü.

- Sabahın xeyir, ana.
- Sabahın xeyir, qızım. Belə tez niyə durdun? - anam məni süzdü.
- Ana, yata bilmirəm. Dərsdən gəlib yataram.
- O zaman əl-üzünü yu, dərslərinlə məşğul ol.
- Yaxşı, ana can, - deyib yuyunmağa getdim.

Əl-üzümü yenicə yumuşdum ki, birdən qışqırıq və ağlaşma səsi eşidildi. Bədənimə bir üşütmə yayıldı. Səs Türkangil tərəfdən gəlirdi...

Qorxuyla anamın yanına tələsdim. Rəngi qaçmışdı. Mənə evdə qalmağı tapşırıb tələsik çölə çıxdı. Nə baş verdiyini anlamırdım, amma içimdə bir narahatlıq vardı.

Gözlərim qapıya dikilmişdi, oradan gələcək cavabdan qorxurdum.

Bir az sonra nənəm geri döndü. Üzü solğunlaşmış, gözləri qızarmışdı. İçəri girən kimi məni bağrına basdı. Onun titrəyən nəfəsi boynumda hiss olunurdu. Dərindən, bəlkə də həyatının ən ağır kədəriylə pıçıldadı:

- Fuad əmin şəhid olub. Şəhidlərin məkanı cənnətdir, mənim balam.. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun.
- Amin, - dedim və göz yaşlarımı saxlaya bilmədim…

Fuad əmi şəhid olandan sonra Türkanla görüşməmişdik. Hələ dərsə gəlmirdi, mənsə onlara getməyə cəsarət eləmirdim, nədən ehtiyatlandığımı heç özüm də bilmirdim. Yalnız bir həftə sonra Türkanı gördüm. Dərsə gəlmişdi, amma o, əvvəlki Türkan deyildi. Baxışları dərin bir kədərin içində itib-batmış, gözlərindəki parıltı sönmüşdü. Bütün günü susdu, heç kimlə danışmadı. Əslində, heç kəs onu sözə tutmağa cəsarət eləmirdi - hamı kədərinə şərik çıxmaq, amma eyni zamanda, onu incitməmək istəyirdi.

Dərsdən sonra birlikdə evə yollandıq. Yol boyu ikimiz də sakit idik, danışacaq söz tapa bilmirdik. Ayrılarkən Türkan sükutu pozdu:
- Kaş mən də atama bayraq toxuyaydım, - dedi və evlərinə tərəf döndü.

“Mən söz vermişəm, səni öyrədərəm” demək istədim. Amma artıq gec olduğunu anlayıb susdum. Bir anlıq düşündüm: “Türkan haqlıdır. Mənim atamı bayraq qoruyur. Onun da atasının bayrağı olsaydı, onu qoruyardı. Kaş ki, Türkana vaxtında öyrədə biləydim, ya da mən özüm bir az tez öyrənib Fuad əmi üçün də bayraq toxuyaydım. Kaş ki, hər şey fərqli olardı…”

Oktyabr ayının sonuna yaxınlaşırdıq. Artıq hər gün yeni bir qələbə xəbərinə sevinməyə alışmışdıq. İlahi ədalət bərpa olunurdu, Tanrı nənəmin dualarını eşitmişdi.

İçimdə qəlbimi titrədən bir həyəcan vardı - atamın qalib kimi qayıdacağı günü gözümün önündə canlandırırdım: o, yaxasına Azərbaycan bayrağı tikilmiş hərbi formasında evimizə dönür… Mən ona tərəf, o isə mənə tərəf qaçır… Qucağına atılıram, polad biləkli əlləri məni başı üzərinə qaldırır, sonra bağrına basıb öpüşlərə qərq edir…

Atam zəfər savaşı başlayandan bəri ilk dəfə idi ki, anama zəng edirdi. Bu tarixi heç vaxt unutmaram - oktyabrın iyirmi doqquzu. O gün atamın səsi könlümə işıq kimi doldu. Hər birimizlə ayrıca danışdı, səsi gümrah, ruhu möhkəm idi. “Düşməni diz çökdürmüşük, tezliklə qələbə bizim olacaq” dedi. Sözlərindən qələbənin nəfəsini hiss edirdim. Amma Fuad əmi barədə heç nə demədi… O boşluğu isə hamımız hiss edirdik…

Nəhayət, həsrətlə gözlədiyimiz gün gəlib çatdı. Doğma Şuşamız azad olundu, düşmən təslimçilik aktını imzaladı. Bütün ölkə qələbəni bayram edir, hər kəs şəhidlərin ruhu, qazilərin mətanəti qarşısında baş əyir, düşməni qalan torpaqlarımızdan da qovub çıxarmaq üçün səbrsizlənirdi. Biz artıq qalib xalq idik! Bu zəfərin hər anı içimi qürur və fəxarətlə doldururdu. Bilirdim ki, bu qələbədə atamın da payı var. O, Vətən üçün döyüşmüş, qələbəyə gedən yolda inamla addımlamışdı.

Qələbədən sonra atamla hər gün danışırdıq, amma görüntüsüz. Atam görüntülü danışmağa icazə verilmədiyini, zabit olduğundan hələ bir qədər də ləngiyəcəyini, lakin tezliklə gələcəyini deyirdi. Mənsə səbrsizliklə atamın yolunu gözləyirdim. Günlərsə ərimək bilmirdi…

Dekabr ayının iyirmi beşi idi. Həyət saralmış yarpaqlarla örtülmüşdü, hərdən külək yerdə xışıltı ilə sürüşən yarpağı oyuncağına çevirib havada fırladır, sonra yenə torpağa qovuşdururdu. Çılpaq ağacların budaqları nənəmin dua üçün göyə uzanmış əlləri kimi görünürdü.
Hava soyuq olsa da nənəm həyətin bir küncündə quraşdırılmış təndirə çörək yapırdı. Onun yanındakı köhnə samovar tüstülənir, buxarı burula-burula havaya qarışıb yuxarı qalxırdı.

Mən əynimi qalın geyinib həyətdəki tut ağacından asılmış yellənçəkdə oturmuşdum. Havanın sərinliyi içimdəki həsrəti unutdura bilmirdi. Yelləncək yavaş-yavaş irəli-geri hərəkət etdikcə, xəyallarım da dalğalanırdı – amma nə qədər çalışsam da, başqa heç nə haqqında düşünə bilmirdim. Bütün fikrim atamda idi.

O, qələbə əzəməti ilə evə qayıdır… Mən ona tərəf qaçıram… Onun güclü qolları məni göyə qaldırır... Gülüşlərimiz havaya yayılır… Sonra məni bağrına basır...
Bu düşüncələrlə özümü ovudurdum. Həsrətim yelləncək kimi gah yüksəlir, gah da qəlbimin dərinliklərinə çökürdü.

Soyuq yavaş-yavaş təsirini göstərir, əllərimi üşüdürdü. Bir az da qalsaydım soyuqlaya bilərdim. Evə qalxmaq məcburiyyətində qaldım. Amma içimdə atamla bağlı xəyallarım hələ də isti idi…

Sobanın yanında əyləşdim. Taxtın üstünə sərilmiş örtükdəki butanı xatırladan alovun narıncı işıqları divara düşüb oynayır, içəriyə xoş istilik yayılırdı. Əllərimi irəli uzadıb isinməyə çalışdım. Atamın əlləri gəldi gözümün önünə. Görəsən, onun da əlləri soyuqdan üşüyürmü? Bəlkə indi haradasa, elə mənim kimi əllərini ocağa tərəf uzadıb qızdırmağa çalışır? Eh, hər şey necə də gözlənilməz oldu...

Birdən, artıq toxuyub başa çatdırdığım əlcəyi götürmək, onu əzizləmək istəyi keçdi içimdən. Yavaşca qalxıb dolaba yaxınlaşdım. Əlcəyi götürüb yenidən sobanın yanına qayıtdım.

Onu sinəmə sıxdım. Yumşaq toxunuşu içimi isidirdi, atamın nəfəsini hiss edirdim. Bütün bədənimi xoş bir istilik bürüdü. Atamın əllərinə çox yaraşacaq...
Xoş duyğularla sobanın istiliyində isinərkən həyət qapısının açıldığını eşitdim. İçimi naməlum bir həyəcan sardı. Ardınca nənəmin titrək, amma sevinc dolu səsi yüksəldi:

“Bəhruz, oğlum!”

Bədənim titrədi, nəfəsim kəsildi. Atam?!

Bir anlıq donub qaldım. Sonra sevinclə həyətə doğru qaçarkən içimi xöş bir həyəcan sardı. O gəlmişdi! Mənim qəhrəmanım! Atam qayıtmışdı!

Amma...

Sevincdən qanadlanıb evimizin taxta pilləkənlərindən yüyürə-yüyürə endiyim an qarşıma çıxan mənzərəni təsvir etmək nə qədər çətindir...

Atam qarşımda dayanmışdı. O, yaxasına tikdiyi Azərbaycan bayrağının ətrafını bəzəyən medallarla dolu hərbi formasında qürurla, dik durmuşdu. Əyilib məni bağrına basdı, öpüşlərə qərq elədi, amma başı üzərinə qaldıra bilmədi...

Əlimdə sıxdığım əlcək yerə düşdü. O an atamla görüş üçün qurduğum bütün xəyallar paramparça olub ətrafa səpələndi. İçimdə qopan “kaş”larla dolu fırtınanın səsi hələ də qulaqlarımdadır...

Qarşımda qürurla dayanmış atamınsa gözlərində sonsuz inam, çöhrəsində qələbə rəngli təbəssüm vardı. Əlləri biləkdən aşağı yox idi, amma canından əziz bildiyi

Azərbaycan bayrağını yenə də böyük sevgi ilə ürəyinə sıxmışdı...

# 163 dəfə oxunub

Oxşar xəbərlər

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
#
#
# # #