Ruhların səssiz addımladığı şəhər — Xocalı

Ruhların səssiz addımladığı şəhər — Xocalı
21 aprel 2025
# 13:00

Kulis.az Türkanə İsrafillinin "Ruhların səssiz addımladığı şəhər - Xocalı" adlı yazısını təqdim edir.

Xocalı elə bir şəhərdir ki, ora yaddaşımızda dağıntılarla, faciə ilə qalıb…
Adətən, hansısa rayonu, şəhəri xatırlayanda oradakı abidələr, görməli yerlər və sairə gözümüzün qabağına gəlir. Amma Xocalıda… Xocalı faciə ilə xatırlanan şəhərdir… Xocalıda qəribə bir hüzn var. Havası belə ağlayır...

Gəzdiyimiz hər qarışda bir şəhid var... İnsan ayağını yerə basmaq istəmir... “Göylə gedir” ifadəsinin təsvirini yaşamaq istəyir insan… Göylə getmək istəyir… Kiminsə üstündən keçərsən, kimisə tapdalayarsan deyə qorxursan... Ağırdır Xocalıda olmaq. Ağırdır bu torpağa ayaq basmaq… İnsanların mühasirədə olduğu yerdən dayanıb qaçdıqları meşəyə baxmaq… Burada insanların gözlərinin içinə baxmaq olmur… Hər baxışdan kədər sallanır… Ağırdır… Ağrılıdır… İnsan ağrının nə olduğunu burada dərindən hiss edir… Ağrının ən ağır təsviridir Xocalı… Burada insan nəfəs almağa utanır… Nəfəs alsan, ruhlara haqsızlıq olar deyə düşünürsən… Utanırsan… İçində tutursan nəfəsini... Qəhər boğazını yandırır. Xocalıda hər şey üçün utanırsan: gəzdiyin üçün, baxdığın üçün, eşitdiyin üçün, sağ olduğun üçün… Ağırdır…

Bu gün elə Xocalının özündən yazıram. Hər addımda bir tale, hər küncündə bir fəryad gizlənən şəhərdən...
Küçələr boş, amma xatirələrlə doludur. Ruhlar məskənidir bura. Məsum insanların ruhları gəzir yollarında. Sanki ruhlar səssiz-səmirsiz addımlayır bu küçələrdə. Burada hər şey başqadır – torpağın qoxusu, küləyin səsi...

Meşəyə gedən yol xilas yolu olmalıydı, amma əcəl yoluna döndü. Oradakı ağacların hər biri təbiətin canlı şahididir – gördüklərini danışa bilsəydilər, dilləri tutulardı dəhşətdən.
Xocalıya bahar da başqa cür gəlir. Çiçəklər utana-utana açır, quşlar kövrək-kövrək oxuyur. Təbiət də bilir ki, bu torpaqda hər qarış bir məzardır. Otlar şəhidlərin qanı ilə sulandı, ağaclar göz yaşları ilə böyüdü...
Burada zaman donub. Tarix 26 fevralı göstərir hələ də... Sanki şəhər o gecədən çıxa bilmir, o dəhşətdən ayıla bilmir. Hər səhər eyni faciəni yaşayır, hər axşam eyni ağrını çəkir...

Xocalıda insanların gözlərinə baxmaq çətindir. O gözlərdə elə bir kədər var ki, baxan kimi insanın içi üşüyür. Gülüşlər yarımçıqdır, söhbətlər yarıda kəsilir... Hamı sanki nəsə deməyə çalışır, amma sözlər boğazlarda düyünlənir...

Məzarlıqda daşlar bir-birinə söykənib. Hər başdaşıda bir ömrün qırıq hekayəsi, hər məzarda bir nakam tale gizlənir...
Xocalı təkcə faciə deyil, o, köksümüzə, tariximizə vurulan sağalmaz bir yaradır ki, dayanmadan qövr edir... O, ürəkdağlayan bir haraydır – ədalət istəyən, haqq tələb edən bir haray... O bir dərsdir – unudulmaması, unutdurulmaması vacib olan bir dərs...

İnsan Xocalıda addımlarını yavaş atır, nəfəsini içində saxlayır. Hər addımda bir şəhidin ruhu var, hər qarışda bir qəhrəmanlıq dastanı yatır...
Xocalı artıq coğrafi məkan çərçivəsindən çıxıb. O, sadəcə bir şəhərin adından çox daha dərin məna daşıyır... Xocalı – ədalətin boğulduğu, amma həqiqətin ölmədiyi şəhərdir. İnsanlığın susduğu, amma vicdanların susmadığı yerdir. Dünyanın gözü qarşısında törədilmiş vəhşətin şahidi, eyni zamanda dünyaya haqqın, ədalətin səsini çatdıran bir kürsüdür...

Bu şəhər hər birimizin içində bir məşəldir – ədalət, həqiqət, azadlıq məşəli... Nəsildən-nəslə ötürülən, heç vaxt sönməyən, daim yanan bir məşəl...

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər