Yalanın təntənəsi - "Boşanma" filmi haqqında

Yalanın təntənəsi - "Boşanma" filmi haqqında
9 iyul 2022
# 12:00

Kulis.az Xəyal Əfəndiyevin ""Boşanma” filminin fabulası üzərində düşüncələr" adlı yazısını təqdim edir.

Bu filmə ikinci bir ad versəydim, təxminən belə olardı: “Yalanın təntənəsi”.

Baxmayaraq ki, film, bir cütlüyün boşanma qərarının məhkəmə tərəfindən düşünmə dönəminə göndərilməyi ilə başlayır, irəlidə tamaşaçını bu potensial ayrılıqdan daha çox iki zidd ailənin haqq uğrunda gərgin mübarizəsi nigaran salır. Paradoksal olsa da, bu, elə bir haqq mübarizəsidir ki, ard-arda yalanlar doğur, xarakterləri inkişaf boyu riyakarlığa sövq edir. O da gözdən qaçmır ki, müəllif yalanı daha çox qadın obrazlara dedirdir.

Bəli, əsas qadın obrazlarının yalanlarına qarşı yalnız bir kişi obrazının yalanı… Söz yox ki, hər birinin nitqində yalana yer verməyə öz səbəbi var idi. Lakin onlardan heç biri buna görə vicdan əzabı çəkmədiyi halda, yalnız biri – Nadirin 12 yaşlı qızı Terme atasının xilası üçün olsa belə, dediyi yalana görə göz yaşlarına boğulur.

Çünki o anlayır: həyatın qəddar üzü onun saflıq, dürüstlük bəkarətini pozub. Məhz bu personajın eynək istifadəçisi olması sanki onun gözlərindən üsyan edib damlayan göz yaşlarını daha iri ölçüdə görərək bir daha düşünməyimiz üçün bizə çağırış edir: paltaryuyan maşında anasının daim işlətdiyi rejimi tapdığına görə məntiqli; yanacaqdoldurma stansiyasının əməkdaşına saxladığı bəxşişə görə şəfqətli; atasının tapşırığı ilə haqqını tələb edə bildiyinə görə əzmli; musiqi ilə məşğul olduğuna görə incə ruhlu; atasını riyakarlıqla bağlı sorğuladığına görə dürüst olaraq tanıdığımız bu qızcığazın da nə vaxtsa yalan danışa biləcəyi kimi neqativ ehtimalın mövcudluğunu gözardı etməyək deyə.

Raziyə adlı dayə obrazına gəldikdə isə, sonda onun da öz yalanından narahat olduğunu görürük, lakin bu narahatlıq, işə məhz dini faktorlar qarışanda, yəni əməlinin günah olduğunu öyrənəndən sonra ortaya çıxır. Deməli, o, günahından qorxmasaydı, başqasının həyatını öz yalanı ilə puç edəcək qədər vicdandan kasad bir xarakterdir. Halbuki filmin əvvəlində bu obrazın yüksək insanpərvər keyfiyyətinə şahid olmuşduq. O zaman sual yaranır: bəlkə nümayiş etdirdiyi qayğıkeşlik də özünün axirət dünyası üçün topladığı savabdan başqa bir şey deyil? Bəlkə cənnətdə rahatlıq qayğılarından azad olsaydı, özündən başqasını düşünməyəcəkdi bu həyatda?

Bu suala rejissorun özünəxas cavabı da çox gecikmir. O, hicab başdan açıldıqdan sonra ekranda göstərilən çərçivədəki kəpənəklərlə, əslində, dayənin sərhədlərlə çevrələnmiş daxili aləmini çatdırmağa çalışır. Məhkəmədəki səhnədə isə müəllif göstərir ki, başına gələcək bədbəxt hadisədən qorunmaq üçün dayənin hamiləliyinin kənardan bilinməsinin şərt olduğu bir məqamda hicab, real faktı örtən pərdə kimi çıxış edir.

Digər bir səhnədə – yaşlı kişinin geyimlərini dəyişmək lazım gələndə dayə, 5 yaşlı qızının ona təklif etdiyi “Atama demərəm ki, ona paltarlarını dəyişməyə kömək etmisən” hiyləsi ilə barışaraq ərinin xoşuna gəlməyəcək bir addım atmağa hazır olduğunu göstərir. Ərinə sədaqət qayğısı hiss etməyən dayə, əvəzində dini qanunlara itaət nümayiş etdirərək bu hərəkətin günah olmadığını xüsusi idarədən öyrənir; artıq bu işi rahatlıqla görə bilər. Ərinin münasibəti isə onu maraqlandırmır. Əsas odur ki, günah qazanmayacaq.

Dayənin şəxsi mənafeyinin yenə ön plana keçdiyi bu səhnədə müəllif insanlarda sədaqət keyfiyyətinin kasadlığını qətiyyətlə tənqid edir. Bütün bunlar həm də insanların etiqad azadlığına müəllifin həssas düşüncəsinin təzahürüdür.

Müəllif digər ailənin xanımını – Termenin anasını isə “tamah gülləsi ilə vurur”: Simin adlı obraz qaynatasının xəstə olduğu və xüsusi qulluğa ehtiyac duyduğu bir məqamda onu tərk edərək əri və qızı ilə firavan həyat üçün ölkə xaricinə getməyə çalışır. Buna nail olmayanda isə ərindən boşanma qərarı alır. Məhkəmədə səbəb kimi göstərdiyi, ərinin onları tək qoyması fikrində yatan məntiqsizlik özünü bariz şəkildə biruzə verir. “Ərimin heç bir mənfi xüsusiyyəti yoxdur, o, yaxşı insandır, amma birlikdə xaricə – daha firavan ölkəyə köçmək istəmir deyə ondan boşanıram”, – deyən Simin xəstə qayınata amilini gözardı edərək tamahına məğlub olur.

Evdən ayrılarkən qayınatasına “gələcəyəm” deyən Simin, sadəcə ərinin onunla xaricə köçməsinə razı olacağı təqdirdə qayıdacağı üçün, bu gəlişin, əslində, yeni bir gediş olduğunun fərqində olsa da, riyakar davranır. Müəllifin bu obraz vasitəsilə işarə etdiyi digər məsələ isə ölkədə sosial-iqtisadi vəziyyətin ürəkaçan olmamasıdır. Bir ananın – Siminin düşüncəsində övladının gələcəyi üçün üstündən xətt çəkdiyi mənəvi dəyərlər ölkədəki ağır vəziyyətin fonunda dərin kölgədə qalır. Övladını qorumaq instinkti onu məcbur edir ki, yalandan da olsa, təqsiri boynuna alıb qan pulu verməsi üçün ərini dilə tutsun. Lakin ərini – Nadiri yalnız ədalət maraqlandırdığı üçün o, Siminlə heç cür razılaşa bilmir.


Nadirin tutumlu davranışı o demək deyil ki, qızı üçün narahat olmur; əksinə, qızını onu cinayətkar kimi tanımasıyla yarana biləcək mənəvi əzabdan var gücü ilə qorumağa çalışır. Bununla yanaşı ona öz haqqını qorumağı öyrədir, dərsləri ilə yaxından məşğul olur. Onu da qeyd edim ki, onların dil dərsi məşğələsində öyrəndikləri sözlərin səslənmə ardıcıllığında yenə müəllifin “gizli qələmi” ilə rastlaşırıq. “Din, çöl və üsyan” ifadələr zənciri, ölkədə din adı altında edilən təzyiqin vicdani keyfiyyətləri qurutduğuna – çölə çevirdiyinə qarşı müəllifin mənəvi üsyanına gizli yönəltmədir.

Yönəltmə demişkən, məhkəmə binasında qızına söz verərkən əlini yuxarı qaldırdıqda biləyindəki qandala bağlı olan başqa bir əl də qalxır. Bu əl hüquq mühafizə orqanı əməkdaşının əlidir, təbii ki. Məhz o obrazın sayəsində belə bir bənzətmə yaranır: “Söz verdinsə, o sözə qandalla bağlanır, məsuliyyət daşıyırsan”. Səhnələrin birində qızına bəxşişvermə prosesinin insanın yalnız öz təşəbbüsü ilə baş verməli olduğunu, özbaşına “alınan” pulun, əslində, haqq tapdamaq sayıldığını öyrədə bilən ata rahatdır, gözü arxada deyil. Qızının məntiqi təhlilinə güvənən ata, ona belə bir qərar seçimi də verir: “Əgər mənim təqsirli olduğumu düşünürsənsə, ananı da çağır, gedib qan pulunu verək”.

Qızının ona inandığını görən Nadir üzündəki sadə, amma daxilindəki hədsiz sevinci ilə Termenin doğru təhlil qabiliyyətindən razı qaldığını aydın büruzə verir. Qızına həssas yanaşdığına görə, müstəntiqin ondan nə soruşacağı və necə cavablamalı olduğu barədə təlimat vermir ona. Çünki nə qədər paradoksal səslənsə də, onların ədalət mübarizəsində deyilməsi şərt olan bir yalan var idi və o, qızını buna təhrik edə bilməzdi. Hər nə qədər qızı birdən doğrunu desə və atası, əslində, haqsız yerə cəzalansa da, Nadir onu “öz əlləri ilə” riyakarlığa sövq etməyi bacarmazdı.

Bəli, atası bunu bacarmır. Terme heç nədən xəbərsiz, öz vicdanı ilə girir sorğuya. Nəticə isə təzadlı və maraqlı olacaqdı: Bir tərəfdən ədalətin qalib gəlməsiylə cinayət işinə xitam veriləcək, digər tərəfdən isə dürüstlük bəkarətinin pozulması hesabına yeni bir yalan doğulacaqdı…

/kinoyazar.az/

# 2319 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #