Kulis.az “Naməlum kino” layihəsində Əli İsa Cabbarovun 2002-ci ildə çəkdiyi “Bir ana tanıyıram” sənədli filmini təqdim edir.
“Bir ana tanıyıram” çağdaş sənədli kinomuzda poetik-dokumental janrda çəkilmiş ən yaxşı nümunələrdən biridir.
Filmin qəhrəmanı Şamaxının ucqar kəndində yaşayan 56 yaşlı Şura xanımdır. Bu kənddə ondan və qızı Sevincdən başqa kimsə yaşamır.
Alpout adlanan bu kəndin sakinləri zaman-zaman oranı tərk ediblər. Həmçinin, Şura xanımın bacı-qardaşları da. Qohumları ona da yurdunu tərk etməyi məsləhət görsələr də, o, qızıyla burada yaşamağı seçib : “Nə qədər canım var, istəmirəm bu vətəndən ayrı yerdə gəbərim”.
O, müasir insanın yaşaması üçün ən zəruri şərtlərin - işığın, qazın, adi məişət rahatlığının olmadığı maşın kuzovundan düzəltdiyi daxmada yaşayır.
Bu kəndə yol yoxdur. Daha doğrusu, kəndə gələn yol o qədər bərbaddır ki, çəkiliş heyətinin mikroavtobusu belə yarıyolda qalıb, traktorun köməyi ilə çıxarılıb...
Qadının gündəlik həyatı hər səhər mal-qaranı örüşə buraxmaqdan, tövləni təmizləməkdən, iti yedizdirməkdən, əkin-biçindən, ev işləri ilə məşğul olmaqdan ibarətdir.
O, virtual dünyanın (televizorun, müasir texnologiyanın) mövcud olmadığı başqa bir dünyada, ətrafdan təcrid olunmuş yaşayır. Ancaq darıxmır, özünün dediyi kimi əsas odur ki, pis adam üzü görmür.
Filmi izlədikcə, belə hiss yaranır ki, Tanrı elə haradasa buralarda, Şura xanımın lap yaxındadır. Və ondan mərhəmətini, qayğısını əskik eləmir.
“Deyirəm sənə qurban olum Allah, görürsən də təkəm. Bax bu dağın başında, heç xəstələnmirəm də, Allah muğayat olur məndən”.
O, çətinliklərini təmkinlə, qəzəbsiz ifadə edir. Böyük şəhərin böyük qayğılarından, səs-küyündən, dibsiz stressindən uzaq, azadə yaşayan bu iddiasız qadının həyata sadə baxışı, təklikdə yaşam fəlsəfəsini tapa bilmək bacarığı qibtə doğurur...
Kinoda bir qayda olaraq təbiət təsvirlərinin idillik obrazını yaratmaq yaz və yay fəsillərində daha rahatdır. Film qışda çəkilməsinə rəğmən, qadın soyuqda çırpı yığanda da, uzaq məsafədən su gətirəndə də, qabarlı, kobudlaşmış əllərini ocaqda isidəndə də idillik obrazın nizamı pozulmur. Səbəb təkcə rejissorun seçdiyi poetikləşdirilmiş təsvir dilində yox, həm də qadının daxilən təbiətlə harmoniyasındadır. Şura xanımın təbiətlə rahat ünsiyyəti, gücü, iradəsi alternativ həyat modelinin mümkünlüyünü diktə edir.
Adətən bir insanın həyatını tamaşaçıya tamlıqla anlatmaq, hiss etdirmək üçün normalda uzun müddət, məsələn, heç olmasa bir ay vaxt tələb olunur. Ancaq o vaxt telefilmin şərtləri daxilində - qoyulan vaxt məhdudiyyəti üzündən müəllif qəhrəmanın sadəcə bir gününü çəkməli olub. Və əhvalatın effektli alınması üçün poetik dokumental janra köklənib.
Statistik portret planlar düşünülmüş çəkilib. Məsələn, Şura xanımın qardaşının susqun olduğu kadrda onun bütün bioqrafiyası oxunur. Qadının üzünün dərin ifadəsi tamamən imkan verib ki, hərəkətsiz kamera onu sadəcə fiksə eləsin.
Final səhnəsini ağac yanında dayanan ana-qızın statik planı ilə bitir. Kamera uzaqlaşdıqca ana, qız və ağac- ikonalardakı təsvir effektini verir.
Detal planlar, səhərdən gecəyə, istidən soyuğa sərt keçidlər qəhrəmanın daxili dünyasının bütövlüyünün kompozisiyasını cızır. Film MDB və Baltik ölkələrinin Kinoforumunda nümayiş olunub.
Filmin ssenari müəllifi Vüqar Tapdıqlı, operatoru Adil Abbasovdur.
Film “Azərbaycantelefilm”in istehsalıdır.