Jak Odiarın 2015-ci ildə lentə alınmış “Dipan” filmi Parisə gəlmiş şri-lankalı bir döyüşçüdən bəhs edir. Arvadını və qızını itirmiş separatçı döyüşçü ilə evsiz qalan uşaqlı qadın siyasi sığınacaq almaq üçün özlərini ailə kimi təqdim edirlər. Dipan onların saxta sənədlərdəki yeni familiyasıdır.
Film miqrantların həyatlarını, problemlərini diqqətə gətirir. Mayda gözlənilmədən Kann festivalının baş mükafatını alan filmin rejissorunun Rusiya mətbuatında verdiyi müsahibəni təqdim edirik.
- İlk növbədə “Dipan” nə barədədir? Hər yerdə oyaq olan müharibə haqda, sevginin yaranması haqda, yoxsa ailəsini qoruyan qəhrəman haqda?
- Yəqin burada hamısından bir az var. Filmin ideyası mən “Peyğəmbəri” bitirəndən sonra yarandı. Sem Pekinpin “Saman köpəkləri”nin remeykini çəkmək istəyirdim. Amma diqqəti Parisin o qədər də yaxşı olmayan rayonuna köçmüş miqrantlara fokuslamaq istəyirdim.
- Bəs bu miqrant ailəsi necə peyda oldu? Əsas qəhrəmanınız haqda soruşanda kafe və küçələrdə adamlara yaxınlaşıb qızılgül satan amma hər dəfə adamlardan “Yox, lazım deyil” eşidən küçə alverçisi obrazından danışırsız. Niyə birdən ona diqqət etdiniz?
- İstəyirdim ki, məndən çox uzaq olan adamlar haqqında danışam. Bilmirəm niyə. Mən özümü çox yaxşı tanıyıram, amma başqalarını o qədər yaxşı tanımıram. TV-lərdə, qəzetlərdəki miqrantların nə sifəti, nə bədəni, nə fikirləri var. Mənə onları düşünmək maraqlı oldu. Ona görə də “Dipan” da mənim küçə alverçim azacıq araşdırmadan sonra “Tamil şirləri” döyüşçüsü çıxdı.
- Siz demisiniz ki, sizə Monteskyönün “Ərəbistan məktubları” təsir edib?
- Nəinki təsir edib, bu məndən çox uzaq bir əsərdir. Mən sadəcə əsas qəhrəmanın, ərəb Rikinin məktubundakı ifadədən istifadə etmişəm, orada qadın yazır ki, on səkkizinci əsrin Paris küçələrində gedəndə insanlarda maraq oyadırmış: “Ərəb olmaq necədir?” soruşurlarmış. Sadəcə “Dipan”da bu təəccüb tərsinədir: Mən “Fransız olmaq necədir?” soruşuram.
- Niyə bəs personajlarınıza ana vətən kimi Şri-Lankanı seçdiniz? Heç çox tamaşaçı o ölkəni xəritədə göstərə bilməz.
- Bir tərəfdən istəyirdim ki, mənim qəhrəmanım narahatlıqlar yaşanan ölkədən qaçıb gəlsin, digər tərəfdən də istəyirdim Fransa koloniyası ilə bağlı olmasın. Bu axtarışları əhəmiyyətli dərəcədə məhdud edirdi. Biz də Şri-Lankanı seçdik. 2004-cü ildəki dağıdıcı sunamidən başqa mən praktiki olaraq bu ölkə haqda heç nə bilmirdim. Oradakı vətəndaş müharibəsi haqda ümumiyyətlə məlumatım yox idi. İngiltərə istisna olmaqla Avropada Tamil dirçəliş hərəkatı haqda az məlumat var. Bu kor ləkə məni cəlb etdi: hadisə və onun iştirakçılarını hələ heç kim təsvir etməyib, deməli obrazları yaratmaqda xüsusi sərbəstliyim var. Mən “Sərbəstlik” deyəndə nəzərdə tuturam ki, reallıq, tarixi hadisələr və başqa təfərrüatlarla özümü çərçivəyə salmadım, mən bədii film çəkmək istəyirdim, sənədli yox.
- Siz tez-tez personajın şəxsiyyətinin formalaşması üçün qəddarlığı əsas vasitə kimi istifadə edirsiniz. Bu qəddarlıqdan keçərək qəhrəman özü olur, öz taleyini tapır.
- Etiraf edim ki, qəddarlıq mənim bütün hekayələrimdən keçir. Həmişə katarsis epizodu olur ki, personaj bundan sonra qəhrəmana çevrilir. Əhvalatın və filmin qəhrəmanına. Qəddarlıq səhnələrinə gəlincə, onlar “Sevgi” səhnələrinə oxşayır: tamaşaçı bilir ki, bu “qəsdən”dir. Güllələr öldürmür, sevgi səhnələrindəsə eyham və simulyasiya üzərində qurulur. Məncə bu reallıq və həqiqətə uyğunsuzluq arasında sərhəd çəkmək çün ən yaxşı imkandır.
- Mənim məhdud imkanlı personajlara xüsusi marağım var: “Dodaqdan oxu”dakı zəif eşidən Karla, “Pas və sümük” də əlil olan Stefani... Bəzi hallarda bu, emosiyanı hiss edə bilməməkdir, məsələn “Peyğəmbər”dəki kimi. “Dipan”da belə məhdudiyyət dildir - film demək olar ki, əvvəldən axıradək tamil dilində çəkilib.
- Haqlısınız, məni filmlərimin qəhrəmanları böyük mənada şikəstdir: onlar nədənsə məhrum olunub. Bu onların həyatını mürəkkəb edən amildir: Onlara yaşamağa və irəli getməyə daha çox güc lazımdır. Bundan başqa mən belə tip personajlarda əlavə bir həyat qurmaq imkanı görürəm. O nədən ibarət olacaq? Bizim neçə həyata haqqımız var? İkinci həyat hansı qiymətə başa gəlir?
- “Dipan” sizin o biri filmləriniz kimi janr kinosu çərçivəsinə daxil olsa da son məqamda müəllif məhsulu olaraq qalır.
- Janr Troya atı kimidir, o, tamaşaçı ilə tezbazar kontakta girə bilir. O, bir növ sadələşmədir. Janr aydın olanda, forma mənimsəniləndə başqa alt mövzular da gətirmək yeni xətlər əlavə etmək olar.
- Siz həmişə filmlərinizin ssenarisini özünüz yazırsınız. Onlar nə dərəcədə ədəbi əsərdir?
- Mənim ssenarilərim, ümumiyyətlə filmlərim çox təfərrüatlı yazılır. Mən filmi təsəvvür etməliyəm ki, ora “girə” bilim. Bundan sonra, çəkiliş vaxtı mən ssenari ilə vuruşuram ki onu seyrəldim, elə bir təbii forma tapım ki, sanki onu mən yazmamışam. Bir məqamda hər şey alınır və mən görürəm ki başqa seçimim yoxdur. Məsələn, filmdə fil obrazı: o, mənim üçün həyəcan təlqin edən sakit gücü əks etdirir. Həyəcanlı bir qəribəliyi...
- Sizin üçün uğur nədir?
- Bilmirəm, yəqin ki, sənin tanımadığın adamların da səni sevməsi. Mən öz filmlərimə yenidən baxmıram. Amma ən yaxşı xatirəm ikinci filmim “Çox ciddi qəhrəman”ın çəkilişlərindəndir.
- Bəs Kann?
-“Qızıl palma budağı”nı heç gözləmirdim, heç ümid də eləmirdim, heç indi də mənə bu məsələ mənə çatmır.