Nə xoş: teatrdan bədgümanlıq, teatra olan naqolay münasibət yavaş-yavaş aradan qalxmaqdadır. Yetər ki, ömrünü illərdir teatra həsr edən insanlar ən azı tamaşaçının zaldan xoş təəssüratla çıxmağından ötrü axtarışda olsun, nəyinsə xətrinə keyfiyyətsiz əsərləri səhnəyə daşımasın. Özünə, sənətinə, içinə, vicdanına xəyanət edib nəyəsə göz yummasın. Anlayıram, sadaladıqlarım olan yerdə maraqlı yox, ciddi və dahiyanə sənət yarana bilər. Amma biz bircə “xoş təəssürat”la da iştahımızı boğa bilərik.
Ötən həftə Akademik Milli Dram Teatrının səhnəsində “Şah Qacar” tamaşasına baxdım. Əli Əmirli və Azər Paşa Nemətovun araya-ərsəyə gətirdiyi səhnə əsəri Azərbaycan tarixində, ictimai şüurunda Qacara olan “ağ-qara” münasibətə yeni baxış sərgiləmək, ortalığa fərqli mövqe qoymaq baxımından çox maraqlı idi. Son aylarda Qacar polemikasının qızışdığı, insanların bu tarixi şəxsiyyətə olan münasibətindəki ikili münasibəti nəzərə alsaq, milli teatrın səhnəsində “Qacar xanədanı” qurmağın başqa adı həm də zamanla ayaqlaşmaqdır. O zamanla ayaqlaşmaq ki, teatrı haqlı tənqid edən insanların ciddi və güclü arqumenti idi.
Azərbaycan tarixində Vurğunun və Haqverdiyevin yaratdığı Qacar obrazı məhz yuxarıda dediyim “ağ-qara” münasibətindən başqa bir şey deyil. Düşünürəm, bunu demək artıqdır və hər kəs bilir ki, sənət ağ və qaradan, pis və yaxşıdan, xilaskar və qaniçəndən ibarət ola bilməz. Məsələn, Qacar Şuşanı mühasirəyə alanda işğalçıydı, yoxsa bütöv Azərbaycan yaratmaq istəyən uzaqgörən hökmdar? Bunu müxtəlif cür yozmaq olar, necə ki, Ağa Məhəmmədə bizim tarixçilərin, sənət adamlarının yaxşı və pis münasibəti məhz bu məsələdən qaynaqlanır. Yaxud, hökmdar qardaşını öldürür, ən yaxın silahdaşlarını vaxtaşırı aradan götürürsə, buna nə ad vermək olar?
Əli Əmirli və Azərpaşa Nemətovun “Şah Qacar”ındakı Ceyran xanımın oğluna dediyi “şaha qatil demək caiz deyil. Sən mənim şah balamsan” kontekstindən yanaşmaq, yoxsa... Yoxsası məlum...
Əli Əmirlinin Qacarı (Fuad Poladov) şərti mənada desək, tarixilikdən çıxıb ədəbiyyat materialına çevrilib. Və zənnimcə, ən doğru yol, məhz budur. Qacar öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran, uşaq kimi anasının xoş sözlərindən, təsəllilərindən sevinən faciəvi insandır.
“Kərim xan Zəndin əsiri olanda tülkü ovuna gedərdim. Ələ gətirdiyim heyvanın boynuna zınqırov bağlayıb sərbəst buraxardım... Tülkü bu zınqırov səsindən hürküb özünü ora-bura vurur, vurnuxur, kol-kosa girir, əldən düşənəcən ulayırdı, amma hər tərpənişdən cingildəyən səsdən yaxa qurtarmaz, ov eləyə bilməzdi, hürküdərdi cəmi heyvanatı. Tədricən bu yad səsə alışan tülkü yaxşı ov eləyə bilməsə də, ac da qalmırdı, yaşamağın çəmini tapırdı, amma heç vaxt cütləşə bilmirdi, dişi tülkülər zınqırovun səsindən qorxub qaçırdılar. Yalqızlığa tab gətirə bilməyən zavallı heyvan qüssədən, tənhalıqdan hey ulayar, nəhayətdə canını tapşırardı. Mənim, bütöv İran səltənətinə hökmü çatan Ağa Məhəmməd şah Qacarın içində boynundan zınqırov asılmış bədbəxt bir tülkü daim ulayır, uuu…”
Fuad Poladovun səhnədə “ulamağı” tamaşanın ən təsirli səhnəsi, kulminasiya nöqtəsidir.
...Qacar qardaşı Cəfərquluya vaxtilə etdiyi və peşmanlığını hələ də yaşadığı xəyanətini bağışlamır, qardaşını özünə sıxanda xidmətçi xəncəri Cəfərqulunun kürəyinə saplayır. Yaxud ona sui-qəsd xəbərini gətirən xidmətçisini “Sən də sui-qəsd planında iştirak etmisən, deməli, xəyanətkarsan” deyib, boynunu vurdurur. Tamaşada Qacarın Kərim xan Zənd (Məmməd Səfa), Cəfərqulu xan (Anar Heybətov), Ceyran xanımla (Laləzar Mustafayeva) dialoqlarında daxilindəki ziddiyyətlərə, ədəbi və əzəli suallara cavab tapmaq cəhdi, dramaturqun obrazı təqdim etmək üçün yararlandığı üsulların az qala hamısı bircə qayəyə xidmət edirdi: nəticəni tamaşaçı özü çıxarsın! Bəlkə buna “rejissor yozumu, dramaturq mövqeyi artıq heç nəyi həll etmir” şəklində don geydirmək də olar! Yəni, Qacar qardaş qatilidir; həm də işğal etdiyi torpaqlarda insanlara qarşı mərhəmət göstərir. Qacar üçün “gözləri çıxarılsın”, “dərisi soyulsun”, “boğazına qaynar qurğuşun tökülsün” əmrini vermək su içmək qədər asandır. Bir tərəfdən də, silahdaşlarının qarət istəyini qəzəblə qarşılayır, “mən xəzinədən onların istədiyinin iki qatını verdim” deyir. Şuşada şahın adından istifadə edib zəngin bir kişidən 5000 tümən pul alan, üstəlik qızıl bazu-bəndini çıxaranda kişinin qolu sındıran köməkçisini öz əlləriylə şallaqlayır. Ona qibleyi-aləm deyən Şuşa axunduna “Dünyanın bir qibləsi var, o da Məkkədir” cavabını verir və s.
Qacar Fuad Poladovun boyuna biçilmişdi demək, hər halda mübaliğə kimi səslənməz. Səs, xarizma, psixoloji qəhrəmanın bütün ziddiyyətini açmaq üçün aktyor məharəti Fuad Poladovun növbəti uğuru idi. Ümumiyyətlə, rejissorun Qacar rolunu məhz Fuad Poladova həvalə etməyini, tamaşanın uğur qarantı kimi də dəyərləndirmək olar. “Şah Qacar”da daha çox fərqlənən aktyorlar məhz əsas rolların ifaçıları oldu. Sabir Məmmədovu, Anar Heybətovu, Laləzar Mustafayevanı, Ayşad Məmmədovu uğurlu aktyor oyununa görə təbrik etmək olar!
Tamaşanın final səhnəsində Qacarın cəsədinin (kəndirlə) “göylərə” (oxu: ruhunun dərgaha) qalxmağını isə məcazi mənada həm də belə yozmaq olarmı, görən: bu, rejissor və dramaturqun ürəyində Şaha könül sevgisinə işarə deyil ki? Axı, nəticəni tamaşaçı özü çıxarmalıydı...