Ötən illərə nisbətdə film sahəmizdə uğurlu işlər görülür. Bu prosesdə çağdaş dövrün aktyorlarının da rolu az deyil. Proses gənc aktyorların gündəmə gəlməsi üçün də müəyyən şərait yaratdı. Kulis.az “müasir kinomuzda ən yaxşı aktyorlar kimlərdir?” sualı ilə sənət adamlarına ünvanlanan sorğunun cavablarını təqdim edir.
Xalq artisti Firəngiz Mütəllimova
İstedadlı aktyorlarımız var, Bu yaxınlarda bir filmə baxdım, çox maraqlı idi. Hikmət Rəhimov, Rasim Cəfər, Xalidə Quliyeva oynayırdı. Komediyalara baxmıram eyni aktyorlar və eyni zarafatlar var. Arzu edirəm ki, bütün gənc aktyor və aktrisalara meydan verilsin. Rejissorlar istedadlı aktyor və aktrisaları seçməlidir.
Rejissor, Əməkdar artist Elxan Cəfərov
Mən bütün Azərbaycan aktyorlarını bəyənirəm. Bu sektorda olan bütün aktyorlara böyük rəğbətim var.
Xalq artisti Vidadi Həsənov
Çox gözəl haldır ki, televiziyalarımız belə seriallara büdcə ayırırlar. Seriallarda çəkilən aktyorların hamısı böyük qəhrəmanlıq edirlər. Yəni, bunu qəhrəmanlıq adlandırmalıyıq ona görə ki, onlar az qonorar qarşılığında bu zəhməti çəkirlər.
Xalq artisti Xalidə Quliyeva
Bu gün istedadlı aktyorlar çoxdur, bunun səbəbi isə istedadlı rejissorların ortaya çıxmasıdır. Dünən “Yarat”da baxdığım “Mərmər soyuğu” çox gözəl və təsirli film idi. Aktyorlardan Elşən Əsgərov xüsusilə fərqlənir. Qurban İsmayılov aktyor kimi özünü təsdiq edib, buradakı rolunda isə o, tamamilə fərqli və maraqlı idi. Səmimi Fərhad, Qorqud, Gülər Nəbiyeva, Abbas Qəhrəmanov, Nofəl Vəliyev kimi istedadlı aktyorlarımızın adını çəkmək istəyirəm. Azər Aydəmirin üç işinə baxmışam, hər biri fərqli və gözəldir. Azər istedadlı aktyordur.
Hikmət Rəhimovu və Elşən Rüstəmovu qeyd etməsəm olmaz. “Əqrəb mövsümü”ndə tam başqa, “Simruq”da tam başqadır. Kiminsə adını çəkmədimsə, indidən üzr istəyirəm.
Emilin son vaxtlardakı bütün işləri təqdirəlayiqdir. Rüfət Şahbazovun komandasındakı aktyorlar xüsusilə maraqlıdır. Bizə istedadlı aktyorları üzə çıxartmaq üçün yaxşı rejissorlar lazımdır. Bu günlərdə “Çılpaq” filminə baxdım. Rasim Cəfəri vurğulamaq istəyirəm. Gözəl film idi.
Rejissor Tahir Tahiroviç
Adları çəkilən seriallar son zamanlar böyük rəğbətlə qarşılandı. İTV iki ilə yaxındır ki, təkcə serial sahəsində deyil, həm sənədli kinoda, həm də ümumən proqram siyasətində çox uğurlu yol keçir. Nə xoş ki, serial sahəsində də artıq yaxşı işlər görülüb. İnanıram ki, İTV artıq bədii filmlərə də yol açacaq. Emil Quliyev və digər peşəkar rejissorların bu işə cəlb olunması öz bariz nümunəsini göstərdi. Söz yox ki, həmin o seriallarda aktyor ansamblı da peşəkarlıqla öz rollarının öhdəsindən gəldilər. Daha öncə də Emil Quliyev həmin aktyorlarla işləmişdi, onlar birgə böyük tandem əmələ gətiriblər. Əlavə olaraq qeyd edim ki, Azərbaycanda ümumən aktyor sənəti çox yaxşı inkişaf edirdi, təkcə seriallarda deyil, bədii kinoda da aktyorlar öz sözlərini deyib. Ələlxüsus da gənc aktyorlarımız.
Düşünürəm ki, gənclərdən Hikmət Rəhimov, Azər Aydəmirin adı xüsusi vurğulanmalıdır. Natəvan Abbaslı çox möhtəşəm aktrisadır. Orta nəslin nümayəndəsi kimi Gülzar Qurbanovanın yaradıcılığını yüksək qiymətləndirirəm. Azərbaycan kinosunda onu ulduz sayıram. Dediyim kimi, bu siyahını genişləndirmək də olar.
Əməkdar artist Suğra Bağırzadə
Aktyorun işi daha çox rejissordan asılıdır. Ona görə də, aktyor haqqında bircə seriallara baxaraq fikir bildirmək olmaz. O baxımdan heç kim haqqında fikir bildirmək istəmirəm.
Rejissor Kənan MM
Hikmət Rəhimov, Tural Əhmədov, Cavidan Novruz, Günəş Mehdizadə, Ziya Ağa kimi istedadlı aktyor və aktrisaların adını çəkə bilərəm.
Aktrisa Zülfiyyə Qurbanova
Müasir dövrümüzdə kifayət qədər çox istedadlı aktyor və aktrisalarımız var. Ancaq mən ad çəkə bilmərəm, məni səmimi qəbul edin. Çox istedadlı aktyor və aktrisa ilə tərəf müqabili də olmuşam. Ancaq etik olaraq ad çəkə bilmərəm, olar ki, kiminsə adını unuda bilərəm. Bu isə yaxşı olmaz. Bildiyim odur ki, gənc və istedadlı nəsil yetişir.
Aktyor Cavanşir Hacıyev
Mən hesab edirəm ki, indiki gənc nəslin arasında Hikmət Rəhimov, Azər Aydəmir, Türkay Cəfərli, Tural Əhməd, Abdulla Elşad kimi istedadlılar var. Qızlar arasında parlaq, gözə çarpan aktrisamız gözə dəymir. Ancaq bu, mənim fikrimdir. Mən təvazökarlıqdan uzaq olsa da, bəzi aktyorlardan fərqli olaraq, hər zaman layiq olan gəncləri vurğulamaqdan, onları tərif etməkdən çəkinmirəm. Məsələn, gənc aktyor Elşən Əsgərov mənim çox xoşuma gəlir, onun səhnədə, filmdə yaşamağını görürəm.
Aktyor Kamran Ağabalayev
Yaxşı aktyor, pis aktyor, orta aktyor olmur (gülür). Çəkilən filmin, səhnələşdirilən tamaşanın allahı var, yəni rejissor.
Biz baxdıqlarımıza rejissor prizmasından baxırıq. O səbəbdən özünüz düşünün nə demək istəyirəm. Çəkilən filmlərə gəlincə, nisbətdə filmləri, tamaşaları tərifləyirik, Valehə baxanda yəni Saleh yaxşıdır və bu belə olmamalıdır, dünya kinosu haradadır? Biz haradayıq? Yenə deyirəm anlayan anlayar məni, var görmüş, var görməmiş.
Ssenarist Hacı Səfərov
Mənim fikrimcə Qurban İsmayılov, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Qorqud Cəfər, Zemfira Əbdülsəmədova, Zülfiyyə Nəzər Məmmədova, Orxan İskəndərli, Rəna Əsgərova, Hikmət Rəhimov, Elşən Hacıbabayev uğurlu işlərə imza atıblar.
Aktyor Sənan Ellez
Müasir kinomuzun ən yaxşı aktyoru mənəm. Çox səmimi və tam olaraq ciddiyəm. Əksini iddia edən varsa, buyursun.