"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək
14 sentyabr 2026
# 12:40

Silivri Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 12 noyabr 2011-ci ildə Silivri cəzaçəkmə müəssisəsindəki müəmmalı ölümü ilə bağlı istintaq davam edir.

Kulis.az xəbər verir ki, araşdırmalar çərçivəsində Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının həmin ərəfədə yayımlanan bəzi bölümlərindəki ölüm səhnələri və mesajlar diqqət mərkəzinə düşüb.

Sənəddə yer alan məlumatlara görə, serialın Kozinoğlunun ölümündən cəmi iki gün əvvəl – 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümündə "Kazım Kaşifoğlu" adlı obrazın kamerada saxlanıldığı və Polat Alemdarın hədiyyəsi olaraq Yaşar Ağaya təhvil verildiyi səhnə yer alıb. Həmin kadrlarda Yaşar Ağa tərəfindən döyülən Kaşifoğluna İlhan adlı personaj "Kaşifoğlu! Sənin Əzrailin mənəm, səni mən öldürəcəyəm!" deyə hədə-qorxu gəlib. Bu bölümün efirə getməsindən iki gün sonra gerçək həyatda Kaşif Kozinoğlunun həbsxanada dünyasını dəyişməsi istintaqın ən çox maraqlandığı və araşdırdığı detallardan biridir.

Araşdırma çərçivəsində serialın Kozinoğlunun ölümündən sonra yayımlanan epizodlarından biri də araşdırılıb. 8 dekabr 2011-ci ildə efirə gedən 139-cu bölümdə Kazım Kaşifoğlu obrazının idman etdikdən sonra nəbzinin yüksəldiyini deməsi, ardınca duş alarkən "Qara" (Kara) adlı personaj tərəfindən qoluna şprislə hava vurularaq öldürülməsi səhnəsi aşkarlanıb. Real həyatda da Kozinoğlunun idman etdikdən sonra halının pisləşdiyi və ürək çatışmazlığından öldüyü iddia olunmuşdu.

Baş Prokurorluğun apardığı istintaq tədbirlərində serialın digər bölümlərindəki bəzi şübhəli vizual elementlər də işə əlavə olunub. Məsələn, 17 may 2012-ci ildə yayımlanan 159-cu bölümdəki qəbiristanlıq səhnəsində üzərində "ERDOĞAN" yazılmış başdaşı xüsusi olaraq göstərilib. Bundan əlavə, 4 fevral 2010-cu il tarixli 79-cu bölümdə "34 FG 7061" dövlət nömrə nişanlı avtomobilin nümayiş etdirildiyi müəyyənləşib.

İstintaq çərçivəsində sənəddə yer alan bu qəribə təsadüflərə və səhnələrə aydınlıq gətirilməsi üçün "Kurtlar Vadisi"nin ssenaristləri – Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın məlumatlı şəxs (şahid) qismində ifadə vermək üçün prokurorluğa çağırılacağı məlum olub. Hüquq-mühafizə orqanları serialdakı bu ssenari xətti ilə Kozinoğlunun real ölümü arasında hər hansı gizli bağlantının və ya kəşfiyyat sızmasının olub-olmadığını araşdırır.

Kaşif Kozinoğlu kimdir?

Kaşif Kozinoğlu — Türkiyə hərbçisi və Milli Kəşfiyyat Təşkilatının (MİT) xarici əməliyyatlar şöbəsinin keçmiş rəhbər işçilərindən biri olub. Xüsusi Təyinatlı Qüvvələrdə uzun illər mühüm vəzifələrdə çalışıb. O, 2011-ci ildə Türkiyədə səs-küy yaradan "Ergenekon" işi çərçivəsində həbs edilərək Silivri cəzaçəkmə müəssisəsinə göndərilmişdi. Məhkəmədə gizli məlumatlar barədə ifadə verməsinə az qalmış, 12 noyabr 2011-ci ildə həbsxanada qəfil ürək çatışmazlığından (infarkt) vəfat etdiyi açıqlanıb. Lakin onun ölümünün əslində sui-qəsd olduğuna dair şübhələr bu günə qədər davam edir.

# 56 dəfə oxunub

Oxşar xəbərlər

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

12:00 14 sentyabr 2026
Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi

11:20 14 sentyabr 2026
44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
Entoni Hopkinsin yeni layihəsi açıqlandı

Entoni Hopkinsin yeni layihəsi açıqlandı

15:30 11 sentyabr 2026
Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər