Kulis.az "Loqlayn" layihəsindən Rik Famuyivanın "Dope" filmi haqqında məqaləni təqdim edir.
Təsəvvür eləyin ki, Amerikanın ən qorxulu, kriminal məhəllələrindən birində yaşayırsınız. Hər gün yanınızdan silahlı qruplaşmalar keçir, küçənin o başında kimsə nəsə qanunsuz işlə məşğuldur. Adəti üzrə baxdığımız filmlərdə necə olur? Belə yerdə böyüyən gənc necə olmalıdır? Ya qanqster, ya da qurban. Bəs o gənc silah və cinayət əvəzinə retro videooyunlara, 90-cı illərin hip-hopuna aludə olan, pank-rok qrupu yaradıb ancaq Harvardda oxumağı arzulayan məsum bir gəncdirsə... Bax, beynimizdəki o məşhur "küçə uşağı" stereotiplərini alt-üst edən əsl məzhəkə də elə burdan başlayır.
Gəlin etiraf edək, kinoda eyni şablonlardan, kədərli və pafoslu "kasıb məhəllə" dramlarından yaman yorulmuşuq. Adam bəzən istəyir ki, kimsə çıxıb o ağır mövzuları fərqli, rəngarəng, əyləncəli və ironik bir pəncərədən göstərsin.
2015-ci ildə Sandens kinofestivalında böyük səs-küy yaradan “Dope” filmi belə filmlərdəndir. "Dope" müasir Amerika kinosunda stereotipləri darmadağın edən ən maraqlı ekran işlərindəndir. Filmin müəllifi, amerikalı Rik Famuyivanın da əsas mövzusu cəmiyyətin ümumi normalarından kənarda qalan, fərqli həyat tərzi sürən gənclərin hekayəsidir. Famuyivanın qəhrəmanları adət etdiyimiz "kriminallara" bənzəmir. Adətən, kino sənayesində qara dərili gənclərin həyatı "Boyz n the Hood" və ya "Menace II Society" kimi ağır sosial dramlarda, qan, silah və narkotik üçbucağında göstərilir. Famuyiva isə bu şablonları alıb, onlara tamamilə fərqli, əyləncəli bir bucaqdan yanaşır. O da blokbasterlərin pafosundan qaçır və böyük ekranda real, eyni zamanda dinamik insan hekayələri danışmağa üstünlük verir.

“Dope” əslində, hibrid bir filmdir. Kinodan az-çox anlayışı olan tamaşaçı buradakı gənclik komediyası, cinayət filmi və klassik "böyümə hekayəsi" elementlərini dərhal sezəcək.
Hadisələr Kaliforniyanın ən təhlükəli məhəllələrindən biri olan İnqlvudda baş verir. Baş qəhrəman Malkolm və onun iki yaxın dostu Cib və Diqqi məhəllənin qanunlarına tabe olmayan, 90-cı illərin hip-hop mədəniyyətinə aşiq, pank qrupunda ifa edən əsl "gik"lər, yəni kitaba, musiqiyə, texnologiyaya aludə olmuş gənclərdir. Malkolmun ən böyük arzusu Harvard universitetinə qəbul olmaqdır. Ancaq bir gün o, təsadüfən yerli narkotik satıcısı Domun gizli partisinə düşür. Səhərisi gün Malkolm məktəb çantasında külli miqdarda ekstazi və bir tapança tapır. İndi o, həm bu narkotiki satıb canını qurtarmalı, həm də maneələri aşıb Harvarda qəbul olmalıdır...
Rejissor sadəcə qeyri-adi süjetlə kifayətlənmir. Filmin böyük həcmli girişində və sonrakı gedişatında Famuyivanın müasir kapitalist sisteminə, rasizmə satirik tənqidi baxışı açıq sezilir. Əgər bəzi filmlərdə varlıların həyatı başgicəlləndirici templə verilirsə, “Dope”da bu estetik fəndlər küçə həyatına və texnologiya əsrinə tətbiq olunur. Sürətli montaj həlləri, parlaq rənglər, ekranın ortasına çıxan sosial şəbəkə bildirişləri, bitkoin və darknet elementləri filmi klip dinamikasına çatdırır. Bu vizual fəndlər İnqlvudun o qaranlıq, cinayət dolu küçələrini bədbinlikdən çıxarıb, ona ritmik, şən, az qala karnavalsayağı bir ab-hava qatır. Film sənə deyir ki, bəli, bura təhlükəlidir, amma eyni zamanda burada nəbz çox sürətli döyünür. Düzdür, bəzən məktəb komediyası elementlərinin çoxluğu filmin tonunu həddindən artıq yüngülləşdirmək təhlükəsi yaradır, amma rejissor sürəti o qədər yaxşı tənzimləyir ki, tamaşaçı yorulmur, əksinə, prosesə qoşulur.

Filmin davamında ictimai tənqid xətti daha da güclənir. “Dope” cinayət macərasından daha çox deyil, şəxsiyyət axtarışıdır. Malkolm obrazı "qara dərili gənc belə olmalıdır" şablonuna vurulmuş ən böyük sillədir. O, küçə jarqonu ilə yox, mürəkkəb cümlələrlə danışır, qanqster olmaq istəmir, amma cəmiyyət və sistem onu zorla həmin qəlibə salmağa çalışır. Dom kimi dilerlər də birtərəfli pis adam qismində verilmir; Dom ağıllıdır, praqmatikdir, bəlkə də başqa şəraitdə doğulsaydı, böyük bir şirkətin rəhbəri ola bilərdi. Bunun müqabilində filmdəki varlı, ağdərili haker gənclərin afro-amerikan mədəniyyətini necə mənimsəməsi çox incə ironiya ilə tamaşaçıya çatdırılır.
Adətən film təhlillərində simvollara ifrat aludəliyin fikri əsas qayədən uzaqlaşdırdığını düşünürəm. Amma Malkolmun həm də tarixi bir ad (Malkolm X) daşıması təsadüfi deyil. Hadisələr inkişaf etdikcə aydın olur ki, Malkolmun mübarizəsi təkcə canını qurtarmaq, pul tapmaq üzərində qurulmayıb. O, öz ləyaqəti, mənliyi və kimliyi uğrunda mübarizə aparır. O, sistemin ikiüzlülüyünü görür, eyni cinayəti edən ağ dərili tələbə olanda adı "gənclik səhvi", qara dərili olanda isə "kriminal" olur.
Bəs “Dope”un yekun ideyası nədən ibarətdir? Axı bu qədər kütləvi formalardan, yüngül komediya şablonlarından istifadə edən film nə demək istəyir?
Famuyiva şablonları dağıtmaq üçün elə şablonların özündən silah kimi istifadə edir. Finalda Malkolmun Harvard üçün yazdığı inşa – "Mən niyə qəbul olmalıyam?" sualına verdiyi cavab filmin əsl manifestidir. O, sistemə, cəmiyyətə sual verir ki, əgər mən ağdərili olsaydım, indi sən bu hekayəyə başqa cür baxacaqdınmı? Rejissor bəlkə də yekunda bir az didaktikaya qapılır, fikrini tamaşaçının gözünə çox soxur, lakin bu emosional katarsis işə yarayır. Malkolm əyilmir, şəraitin qurbanına çevrilmir, əksinə, oyunun qaydalarını öyrənib sistemi öz silahı ilə vurur.
“Dope” mürəkkəb xarakterləri, rəngləri və bitib-tükənməyən enerjisi ilə həm vizual zövq verir, həm də tamaşaçını düşünməyə vadar edir. O, maskalanmış popkorn filmi yox, həm popkorn yeyərək əylənə biləcəyiniz, həm də bitdikdən sonra uzun-uzun müzakirə edəcəyiniz nadir filmlərdəndir.