Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə
7 sentyabr 2026
# 15:05

Kulis.az Lent.az-ın əməkdaşı Sifayə Abbasın ömrünün otuz ilini meyit yumağa həsr edən, Hacı Cavad məscidində çalışan Kərbəlayi Faiqlə müsahibəsini təqdim edir.

İnsan dünyaya gələndə onu yuyur, təmizləyir, bələyir və həyata hazırlayırlar. Dünyadan köçəndə də son yolçuluq yenə su ilə başlayır: yuyulur, kəfənlənir və torpağa tapşırılır. Başlanğıcla son arasında illər, xatirələr, sevinclər, itkilər, uğurlar, günahlar, peşmanlıqlar və saysız-hesabsız hekayələr dayanır. Amma insanın dünyaya gəlişi ilə bu dünyadan gedişi qəribə şəkildə bir-birinə bənzəyir.

Doğulanda bizi başqaları yuyur, bələyir, qucağına alır. Öləndə də yenə başqalarının əllərinə əmanət oluruq. Bir vaxtlar həyat üçün hazırlanan bədən, bu dəfə son mənzilə hazırlanır. İnsan dünyaya əliboş gəlir, əliboş da gedir. Arada qazandıqlarımızın, topladıqlarımızın, uğrunda mübarizə apardıqlarımızın çoxu isə geridə qalır.

Meyit yuyan insanlar ölümün ən çılpaq həqiqəti ilə hər gün üz-üzə qalan şəxslərdir.

Biz ölümün özündən deyil, ölən insanı son mənzilə hazırlayan şəxsdən, hər kəsin bir gün keçəcəyi o son yolun səssiz şahidindən danışacağıq.

- Neçə ildir bu işlə məşğulsunuz?

- Otuz ilə yaxındır.

- Sizin neçə yaşınız var?

- Altmış

- Necə və niyə bu işlə məşğul oldunuz?

- Yeddi ölü yuyub, yeddi dəfn etmək bütün müsəlmanların borcudur. Mən də siftə bu niyyətlə başladım. Beləcə, davam elədim.

- Ailənizdə kimsə bu işlə məşğul olub, ona baxıb öyrənmisiniz, yoxsa öz-özünüzə başlamısınız?

- Vaxtilə atam bu işi bacarıb, mən də ondan öyrənmişəm. Özüm də bəlkə də on adamı öyrətmişəm. Tələbələr gəlirlər, sorğu-sual edirlər, mən də onlara hər şeyi tək-tək başa salıram. Amma işləmək istəyən yoxdur.

- İlk dəfə başlayanda hansı çətinliklərlə üzləşdiniz?

- İlk dəfə bu işə başlayacağım gün yol gələ-gələ Allaha dua edirdim ki, bu gün yuyacağım insanların bədəni salamat olsun, yavaş-yavaş uyğunlaşım. Qurban olum Allaha həmin gün yeddi meyit gördüm, birinin də bədəni salamat deyildi. Qəza keçirən, binadan yıxılan, yanan, bıçaqlanan... Elə buna görə də, tez uyğunlaşdım bu işə.

44 günlük Vətən müharibəsindəki şəhidlərimizi mən yuyurdum. Həkimlər deyirdilər ki, sən qurd ürəyi yemisən, biz həkim ola-ola ürək eləyə bilmirik.

- Çətindir.

- Əlbəttə, məsuliyyətlidir, çətindir. Kənardan baxan deyə bilər ki, əşi, orada nə var ki? Amma elə deyil. Sabah mən də dünyamı dəyişəcəm, Allah qarşısında cavab verəcəm.

- Meyit necə yuyulur? Hansı qüsullar verilir?

- Meyiti yuyub, təmizləyəndən sonra qüsullara keçirik. Meyitə üç qüsul verilir. Əvvəlcə sidrlənmiş su ilə ölüyə qüsul verirəm, vacib qürbətən ilallah deyib, birinci başı, sonra çevirib sağ və sol cinahı qüsullayırıq. Hətta bir tükün belə dibinə o sudan dəyməsə, bunun bütün günahı meyit yuyanın boynuna düşür. Əsas məsuliyyət budur.

- Bəs ölünü yumaq təxmini neçə dəqiqəyə başa gəlir?

- Əgər yarası yoxdursa, salamat bədəndirsə, onda heç tələsmədən qırx-əlli dəqiqəyə yumaq olur.

- Yaralı bədəndən gələn qanı necə kəsirsiniz? Eşitdiyimə görə qan qüsulu batil edir.

- Biz elə etməliyik ki, qüsul verilən anda bədəndən qan gəlməsin. Qüsul verilib, qurtardıqdan sonra qanın gəlməyi qüsulu pozmur.

- Qüsul verilməyi mümkün olmayan meyitlər də olur. Məsələn, illərlə itkin düşmüş şəxslər... Bəs onları necə paklayırsınız?

- Morqdan gələn meyitlərin bir çoxuna su ilə qüsul vermək mümkün olmur. Dərini kəsib, tikdikləri üçün orada dəri bitişmir, buna görə də qüsul suyu bədənin hər nöqtəsinə çata bilmir. Bu halda qüsul versək də, o, batil hesab olunur. Belə meyitlərə torpaqla təyəmmüm edirik.

- Deyirsiniz ki, ən kiçik bir dəri hissəsinə belə, su çatmırsa, bu qüsul batildir. Bəs saçı, dırnağı qaynaq olan insanları necə qüsullayırlar?

- İnsan bədənində olan bütün əlavə vasitələr təmizlənir.

- Necə?

- Burada aparatlarımız var. Dırnaqlarda boya olanda qadınlar onları silirlər, çıxarırlar. Bapbalaca boya qalsa, bu günah hesab olunur. Necə ki, protez diş çıxarılır, eləcə də dırnaqlar.

- Bəs implant olsa, onda necə?

- Onu çıxarmaq mümkün deyil.

- Ayağı, qolu sınan adamların bədəninə dəmirdən mil taxırlar.

- Onların hamısı açılıb, götürülür.

- Elə meyitlər yumusunuz?

- Mən nələr görməmişəm ki.

- Otuz ildir işləyirsiniz, yanıqdan, bıçaqlanmaya qədər görmüsünüz. Bəs ən çox təsir edən hansı meyitlər olub.

- Allah heç bir evə göstərməsin, uşaqların, cavan oğlanların ölümü mənə çox pis təsir edir. Hər ay üç-dörd körpə uşaq meyiti gəlir.

Yaşlı insanı yuyanda fikirləşirəm ki, bu ömrünü sürüb, pis-yaxşı nələrsə, yaşayıb. Amma geridə heç bir nişanəsi qalmayan cavan uşaqlar gələndə çox pis hiss edirəm.

- Kiminsə yanında “meyit yuyanam” deyəndə necə reaksiya verirlər?

- Mən hər yerdə deyirəm ki, Allah bu işlə məşğul olanlara can sağlığı versin, beş-on ildən sonra meyit yuyanlar olmayacaq.

- Nəyə görə?

- Meyit gətirirlər, deyirəm ki, gəlin, kömək edin götürüb qoyaq. Hərə yaxasını bir tərəfə çəkir ki, mən qorxuram. Başa sala bilmirəm ki, yatmışdan yox, diridən qorxun. Baxıram ki, indi belə qorxu varsa, kim meyit yuyacaq? Heç kim. Əvvəlki adamlar dinə meyilli idilər, indiki cavanlar uzaqlaşırlar.

- Qadınları qadınlar, kişiləri isə kişilər yuyur. Bəs dinə görə hansısa halda qadın kişini, yaxud kişi qadını yuya bilər?

- Ər öz yoldaşını, qadın öz ərini, oğul atasını, qız anasını, qardaş qardaşını, atasını yuya bilər. Mən atamı da, qardaşımı da özüm yumuşam. Bu sadaladıqlarım məhrəm hesab olunur. Adicə meyit dəfn olunanda naməhrəm hesab olunanların qəbirüstünə getməsinə icazə verilmir.

- Dəfnə qadınları niyə buraxmırlar?

- Mənim fikrimcə, qadınların qorxa biləcəyinə görə, icazə verilmir. Kişilərə dəfn prosesi qorxulu gəlmir, amma qadınlar daha zərifdirlər.

- Ölünün üstünə torpaq atan adam kürəyi yerə atır, sonra başqası götürür. Niyə əldən-ələ vermirlər?

- Bunun mənası halallıqla bağlıdır. Onu yerə atırlar ki, kimin ürəyi istəyirsə, o götürüb, torpaq atsın.

- Meyit yumaq hər yerdə eynidir?

- Qanuna qalsa, İslamda meyit bir formada yuyulur. Amma indi o qədər şeylər çıxarırlar ki. Məcbur edir ki, bu belə deyil, elədir. Onda deyirəm ki, günahı sizin boynunuza, mən öz bildiyimi dedim.

Biri gəlir, deyir ki, bu əlli dənə pambığı yığ meyitin altına, yeri yumşaq olsun. Deyirəm bunun ölüyə nə xeyri var? Biz bir-iki bamdığı işlədirik ki, burundan, ağızdan və digər yerlərdən axıntı olub, kəfəni batırmasın. Amma meyitin altına döşək salarmışcasına pambıq qoymağın mənası yoxdur.

- Yuduğunuz adamlardan yuxunuza gələn olub?

- Ancaq şəhidləri yuxumda görmüşəm. Hər dəfə də gülə-gülə, nurani üzlə mənə tərəf gəliblər. İndiyə qədər yadıma düşmür ki, hansısa şəhidi qəmgin halda yuxuda görüm.

Bəziləri şəhidləri yuyandan sonra necə varsa, elə də büküb, ailəsinə təhvil verirdilər. Amma mən deyirdim ki, İlahi, birdən valideyni kəfəni açıb baxmaq istəyər. Heç olmasa, bədəni tikib, insan fiquruna salım. Mən oturub, tək-tək onların dərisini əlimlə tikirdim.

- İnsan dərisini əlinizlə tikirdiniz?

- Olurdu ki, qolu qırılıb, qarını deşilib, orqanları çıxıb. Onları nizama salıb, tikirdim ki, baxan olsa, ürəyi dözə bilsin.

- Siz necə ürək etmisiniz buna?

- O qədər elə şeylər görmüşəm ki, mənim üçün adiləşib. Elə vaxt olub ki, zəng ediblər filan məscidə meyit gəlib, yuyan qorxur, xahiş edirik sən gəl bura. Meyit var ki, illər sonra tapılıb, çürüyüb, dağılıb. Onları təyəmmüm edirik.

- Meyitin dirildiyi olub? Yaxud gözündən yaş axdığı?

- Yox, dirilən olmayıb. Amma gözündən yaş gələn meyit olub. Meyit var ki, boynunu düz qoyursan, amma əyilir. Bunun belə bir açıqlaması var: İnsan can verən vaxt gözü qapıda olur, hansısa yaxınını, övladını, əzizini axtarır, o halda öləndə isə boynu əyri qalır.

- Qüsuldan sonra meyitə toxunmaq olar?

- Mən, qüsula qədər meyitə toxunmağa icazə verirəm. Amma qüsuldan sonra, yox. Çünki kimin pak olub-olmadığını bilmirəm.

- Ən çox hansı halda gələn meyitlərlə qarşılaşırsınız?

- Ekspertizadan, morqadan gələnlərlə. Adətən, başları, bədənləri yarılır.

- Yuxunuzu heç qarışdırmırsınız?

- Yox, adi insanlar heç vaxt yuxuma girmir. Bircə şəhidlər və cavan uşaqlardan başqa.

- Meyitin ölçüsünə, vəziyyətinə görə yuyulma qiyməti dəyişir?

- Yox. Bütün şəhər üzrə ən ucuz qiymətə biz meyit yuyuruq. Ümumilikdə hər şey daxil məbləğ 60 manatdır.

- Ailə üzvlərinizdən kimsə sizin işinizi davam etdirir?

- Oğullarımdan biri hərbçidir, digəri isə restoran işlədir. Amma mən bir-iki dəfə izah etmişəm ki, öyrənin, hər müsəlmanın borcudur yeddi meyit yumaq.

- Faiq bəy, adamların illər sonra cəsədi tapılır, gətirilir qüsullanmağa. Bəs həmin ruhun uzun müddət qüsulsuz şəkildə qalması günah deyil?

- Yox. İnsan torpağa qoyulmayana qədər onun ruhu gəzir. Bir insan rəhmətə gedəndə onun ruhu ərşə qaldırılır, bütün cənnəti, cəhənnəmi göstərib, öz bədəninin yanına endirirlər. Həmin ruh yuyulanda da, qəbirüstünə gedəndə də öz bədəninin yanında olur, hamının üstünə qaçıb, ölməmişəm deyir. Amma bizim bəsirət gözümüz bağlı olduğuna görə həmin ruhu görə bilmirik. Meyiti qəbirə qoyub, sonuncu torpağı tökəndə ruh qəbirə daxil olur, öldüyünə inanır.

- Yuduğunuz adamlar arasında hansısa tanınmışlar olub?

- Çox. Milli Qəhrəman Mübariz İbrahimovu, Fərid Əhmədovu, Yaşar Nurini, Rafael Dadaşovu mən yumuşam. Çox aktyorlar olub, indi yadıma düşmür adları.

- Deyirlər ki, şəhidlərin meyiti digərlərindən fərqli olur, ölü kimi görünmürlər. Bu düzdür?

- Düzdür. Meyit var ki, gələndə rəngi qapqara olur. Amma indiyə qədər bir şəhid görməmişəm ki, ya qaşqabaqlı olsun, ya da qəmgin. Şəhidin məqamı Allah yanında ucadır.

- Bir meyiti neçə nəfər yuyur?

- Bacarırsansa tək, bacarmırsansa, iki nəfərlə. Qorxanlar adətən iki nəfərlə yuyurlar, amma mən tək edirəm.

- Hər gün təxmini neçə meyit gəlib?

- Gün olub ki, beş meyit gəlib, bəzən heç meyit gəlməyib.

- Bu gün meyit var?

- Bu gün meyit gəlməyib.

- Siz hər meyitdən sonra qüsul alırsınız?

- Biz əlcək taxırıq, forma geyinirik. Əl ətə dəyəndə qüsul almaq lazımdır.

- İyrəndiyiniz meyit olub?

- Çürümüş insan bədənindən gələn qoxu heç nədən gəlmir. Amma mən məcburən bunu etməliyəm.

- Təzə meyitlərdə bəs qoxu olur?

- Adətən olmur.

- Mən çox görmüşəm, meyit səhər dəfn olunacaqsa, axşamdan səhərə qədər onun üzərinə güzgü, yaxud başının altına bıçaq qoyurlar. Bu nə məna verir?

- Şəriətdə belə bir şey yoxdur. Bunları etmək olmaz, dinə aidiyyatı yoxdur.

- İndiyə qədər təxmini neçə meyit yumusunuz?

- Vallah sayını dəqiq bilmirəm. Bəlkə də on mindir.

- Həmişə Hacı Cavad məsciddə işləmisiniz?

- Xeyr. Təzə Pirdə də, Göy məsciddə işləmişəm.

- Meyiti yuyanda onun yanında neçə nəfərin olmasına icazə var?

- Nə qədər az adam olsa, o qədər yaxşıdır. Çünki meyitin ruhu yanındadır, özünü o vəziyyətdə görüb xəcalət çəkir. Bir-iki nəfər yaxını olsa, kifayətdir.

- Adətən kənd yerlərində meyitin suyu tökülən yeri yuyat yeri adlandırırlar, oranı tapdalamağa icazə vermirlər. Bəs burada necədir? Meyitin yuyulduğu su hara axır?

- Bunlar boş şeylərdir. Mən cənubluyam, bu şeylərlə ən çox məşğul olan bölgə bizik. Dində belə bir şey yoxdur. Ona görə də burada meyiti yuduğumuz su kanalizasiyaya axır. Şəhərdə o qədər suyu yığa bilmərik.

- Bu iş maddi cəhətdən sizə sərf edir?

- Allah hərənin gününə bir ruzi yazıb. Şükür Allaha dolanırıq. Mən heç vaxt arzulamamışam ki, kimsə ölsün onun pulunu qazanım. Amma Allah hər kəs üçün bir ömür yazıb, o ömür bitəndə yuyulub, kəfənlənməlidir.

- Meyit yuyulandan sonra nə vaxt dəfn edilməlidir?

- Nə qədər tez dəfn olunsa, o qədər yaxşıdır. Meyitin saxlanılması bəyənilən əməl deyil.

- Yuxumuza ölülər girəndə Quran oxutdururuq. Bəziləri isə deyir ki, “Qurani-Kərim” ölülər yox, dirilər üçündür, onun ölüyə xeyri yoxdur.

- “Qurani-Kərim” dirilər üçündür. O, İslam dininin konstitusiyasıdır. Ölüyə yalnızca “Yasin” surəsi oxunmalıdır.

- Kafirlə, dindarın meyitlərində fərq olur? Yoxsa bu gözlə görüləcək bir şey deyil?

- İnsan insandır. Kafir Allahı tanımayan adamdır. İnsanlar əməllərinə görə fərqlənirlər.

- Kafir olduğunu bildiyiniz insanı yuyarsınız?

- Bilsəm, yox yumaram.

- Xristian dininə mənsub insanı yumusunuz?

- Çox. Lakin Xristian dininə görə, onlar yuyulmurlar. Spirtlə bədənlərini silib, təzə kostyum, köynək, corab, ayaqqabı geyindiririk.

- Yuduqlarınız arasında kimsəsiz adamlar olub?

- Bəli, olub. Onları gətirən maşını, mollanı, kəfəni, yuyulmanı məscid qarşılayır.

- Meyitlərin yuyulduğu yeri görmək istəyirəm.

- Gedək, göstərim sizə.

Meyitlərin yuyulduğu yerə daxil oluruq. Burada bizi iki otaq qarşılayır, qadın və kişilərin yuyulduğu yer.

Qarşımızdakı ağ kafelli otaqda iri mərmər masa, divardan asılan qara şlanq, rəfdə səliqə ilə düzülən ləvazimatlar və küncdəki yaşıl pərdə görünür. Divarlara baxa-baxa ağzımdan bir kəlmə çıxır: “qorxuram”.

Kərbəlayi Faiq deyir: Əvvəl, axır hamımızın ömrü bitəcək. Xoş o adamın halına ki, öləndə yuyulub, kəfənlənir. İnsanlar var, illərdir meyiti tapılmır.

Otaqdan çıxarkən müsahibə zamanı Kərbəlayi Faiqin dediyi bir cümlə yadıma düşür: “Yatmışdan yox, diridən qorxun”.

İnsan dünyaya gələndə su ilə həyata hazırlanır, dünyadan köçəndə isə yenə su ilə son mənzilinə yola salınır. Başlanğıcla son arasındakı bütün fərqlərə baxmayaraq, insan bu dünyaya əliboş gəldiyi kimi, əliboş da gedir.

# 110 dəfə oxunub

Oxşar xəbərlər

Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14:15 7 sentyabr 2026
Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü

13:29 7 sentyabr 2026
Türkiyə Simfonik Orkestri 200 illik yubileyini qeyd edəcək

Türkiyə Simfonik Orkestri 200 illik yubileyini qeyd edəcək

13:20 7 sentyabr 2026
13 türk musiqiçi "Recording Academy” üzvü seçildi – Tarixi uğur

13 türk musiqiçi "Recording Academy” üzvü seçildi – Tarixi uğur

12:20 7 sentyabr 2026
Əfqan müğənni qadınlar üçün konsert turu təşkil edəcək

Əfqan müğənni qadınlar üçün konsert turu təşkil edəcək

11:40 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər