"Bizdə rüşvət yoxdur, Azərbaycanı biabır edirlər..." - Murad niyə həbs olunmuşdu?

"Bizdə rüşvət yoxdur, Azərbaycanı biabır edirlər..." - Murad niyə həbs olunmuşdu?
10 mart 2025
# 12:00

Bu gün Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun anım günüdür.
Kulis.az Rüstəm ibrahimbəyovun ssenarisi əsasında çəkilmiş "İstintaq" filmi haqqında operator Rafiq Qəmbərovun xatirələrini və digər maraqlı məqamları təqdim edir.




Moskvanın qərarı: "Aparın filmi öz ölkənizdə göstərin"

“İstintaq” filmi 1979-cu ildə lentə alınıb. Filmdə ölkədə baş verən ictimai-siyasi məsələlər, insanları narahat edən problemlər öz əksini tapıb.
O dövr üçün SSRI tərkibində olan bir ölkədə korrupsiya, banditizmə film həsr etmək çətin məsələ idi.
Bütün çətinliklərə baxmayaraq, Rasim Ocaqov bu missiyanı öz üzərinə götürür və uğurlu bir film ərsəyə gətirir.

Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Rafiq Qəmbərov, rejissor Ramiz Əliyev, quruluşçu rəssam Fikrət Bağırov, bəstəkar Emin Sabitoğludur. Baş rollarda Həsən Məmmədov, Aleksandr Kalyagin, Şəfiqə Məmmədova, Yelena Smirnova, Yevgeni Lebedev və başqaları çəkilib. 1980-ci ildə filmin yaradıcı heyətinə Düşənbədə keçiriliən XIII Ümumittifaq kinofestivalıda baş mükafat, 1981-ci ildə isə SSRI Dövlət Mükafatı verilib.

Filmin ssenarisi real hadisələr əsasında yazılıb

1977-ci ildə Rüstəm İbrahimbəyov “İstintaq” filminin ssenarisini təqdim edəndə bu tandemin - ssenarist R. İbrahimbəyov və quruluşçu rejissor R.Ocaqovun çəkdiyi “Ad günü” filmi o qədər böyük uğur qazanmışdı ki, onlara etmad edilirdi.

Rafiq Qəmbərov: “Rasim Ocaqov ”İstintaq"a qədər cəmi 3 film çəkmişdi. İlk dəfə “Qatır Məmməd” filmini çəkdi. Sonra “Tütək səsi”, 3-cü filmi isə “Ad günü” oldu. “İstintaq” filmi bizim ilk birgə işimiz idi. Ssenari ilə tanış olduqdan sonra onun qaynaq mənbəyini soruşdum. Rasim müəllim dedi ki, “Rüstəm İbrahimbəyovun bir dostunu həbs ediblər. Rüstəm həmin dostunun yanına türməyə gedib-gələndə onların müəyyən söhbətləri oldu. Söhbətin əsasında da ssenari yaranıb”.

Maraqlıdır ki, film çəkilməzdən əvvəl R.İbrahimbəyovun eyni adlı povesti əsasında Dövlət Dram Teatrında tamaşa da səhnəyə qoyulub.

Rafiq Qəmbərov: “Həmişə də mənə maraqlıdır ki, niyə bu fakt heç yerdə öz əksini tapmayıb. Rasim Ocaqov rejissor kimi ömründə bir dəfə teatrda tamaşa qoyub. Azərbaycan Milli Dram Teatrının səhnəsində ”İstintaq" adında tamaşa oynanılıb. Pyesin müəllifi Rüstəm İbrahimbəyov idi. Filmdən qabaq səhnədə qısa müddət tamaşa oynanılıb. Baş rollarda tanınmış aktyorlar Məlik Dadaşov və Hamlet Xanızadə olub.
Tamaşa çox maraqlı idi. Aktyorlar rollarını özünəməxsus manerada yaratmışdı və obrazlar çox inandırıcı alınmışdı.

Film istehsala buraxılanda əksəriyyət elə bilirdi ki, elə bu pyesin filmini çəkəcəklər və baş rollarda da həmin aktyorlar oynayacaq. “İstintaq” tamaşasında təqsirləndirilən şəxs rolunda Hamlet Xanızadə oynayırdı, müstəntiq rolunda isə Məlik Dadaşov. Çox da inandırıcı alınırdı".


Rüstəm İbrahimbəyov

“Əvvəlcə baş rollara Həsən Məmmədov və Hamlet Xanızadə təsdiq edildi”

Film təsdiq edilir və kinossenari yazılmağa başlanır. Rasim Ocaqov hamıya bildirir ki, çoxlu sınaq çəkilişləri aparılacaq.

Rafiq Qəmbərov: “Əvvəlcədən bilirdik ki, Gülya roluna Şəfiqə Məmmədova çəkiləcək. Rasim müəllimin ona çox böyük inamı və etmadı vardı.

Bədii Şura və Rasim Ocaqovun qərarı ilə baş rola (müstəntiq) Həsən Məmmədov, təqsirləndirilən şəxs roluna isə Hamlet Xanızadəni təsdiq etdi. Həftənin cümə günü Bədii Şuranın toplantısında qərar açıqlandı və çəkiliş qrupu olaraq bildik ki, növbəti həftənin birinci günü çəkilişlərə başlanacaq. Rollar təsdiq edilib, kostyumlar, rekvizitlər çəkiliş qrupu tam hazır vəziyyətdədir, çəkiliş yerləri təyin olunub".

Rasim Ocaqovun ani qərarı hər şeyi alt-üst etdi

Çəkliş günü Rasim Ocaqov kinostudiyaya gəlmir. Narahat olan heyət bununla bağlı müxtəlif reaksiyalar verir.

Rafiq Qəmbərov: “İkinci rejissor Ramiz Əliyevdən nə baş verdiyini soruşdum. Ramiz dedi ki, ”Rasim Bakıda yoxdur". Məəttəl qaldım. Ramiz mənə dedi ki, “Rasim filmə çəkilməyə başqa aktyorlar dəvət etmək üçün şənbə günü qəfildən Moskvaya uçub”. Bu, bizim üçün tamamilə gözlənilməz oldu. Bir neçə gündən sora Rasim Moskvadan qayıtdı. Bizi yığıb dedi ki, sınaq çəkilişlərinə diqqətlə baxıb və aktyorların ifalarına heç bir iradı yoxdur. Daha sonra “amma mənə elə gəlir ki, seçimim düz deyil” dedi. Hamımız bu çıxışın nə ilə nəticələnəciyini intizarla gözləyirdik. Rasim Ocaqov elan etdi ki, filmdə müstəntiq rolunda SSRI-də o zaman çox məşhur olan aktyor Aleksandr Kalyagini çəkəcək. Təqsirləndirilən şəxs rolunda isə Həsən Məmmədovu görür. Bu qərarla çəkiliş heyətində tamamilə başqa bir ab-hava yarandı".

Kalyagin Rasim Ocaqovla şərt kəsir

Məşhur sovet artisti ilə danışıqlar asan keçmir. A.Kalyagin həddən çox çəkilişlərdə olduğuna və teatrda oynadığına görə, xüsusi vaxt qarafikinin yaradılmasını istəyir.

Rafiq Qəmbərov: “Ssenari ilə tanış olduqdan sonra Kalyagin bildirmişdi ki, sınaq çəkilişləri aparmadan onu filmə çəkəcəklərsə, o zaman razılıq verəcək. ”İstintaq" filminə qədər Kalyagin Bakıda olmamışdı. Kalyaginin daha bir şərti çəkilişlərin onun xüsusi qrafikinə əsasən, həyata keçirilməsi oldu. Qərara alındı ki, onunla bağlı səhnələri bir dəfəyə - iki-üç günə günə çəkilsin. Kalyagin həm də israr etmişdi ki, ona rahat olması üçün çəkiliş pavilyonları “Azərbaycanfilm” kinostudiyasında yox, Moskvada hansısa bir studiyanın ərazisində tikilsin. “Yalnız o zaman mən böyük məmnuniyyətlə sizin filmdə çəkilərəm” demişdi. Rasim müəllim onun bütün şərtlərinə əməl etdi, razılıq verdi, rəhbərlikdən çətinliklə də olsa icazə aldı".

Filmin aktyor heyətindən çıxarılan Hamlet Xanızadə filmdə çəkilməməsini ömrünün sonuna qədər heç vaxt büruzə verməyib. Amma görünən o olur ki, aktyor bu hadisədən çox məyus olubmuş.

Rafiq Qəmbərov: “Filmin çəkilişi sözün əsl mənasında ağır oldu. Çünki Kalyagin zəng vururdu ki, ”5-ci gün gecə Bakıya gələcəm, 2-ci gün gecə qayıdacam Moskvaya". O Bakıda olduğu müddətdə əlimizdən gələni edir, mümkün qədər çox çəkiliş aparırdıq. Pavilyonları quruluşçu rəssam Fikrət Bağırov Moskvada “Qorki” adına kinostudiyada tikmişdi. İki aya yaxın Moskvada yaşadıq. Bütün pavilyon çəkilişləri, adətən, gecə saat 21:00-da başlayıb səhərə qədər gedirdi. Kalyagin tamaşadan çıxıb gəldiyinə görə çəkilişlər gecə olurdu. Elə olurdu ki, bir həftə heç nə çəkə bilmirdik, Kalyagini gözləyirdik. Bütün bunlara baxmayaraq film vaxtında təhvil verildi".


Rasim Ocaqov

“Moskvada filmi qəbul etmədilər”

Filmdə söhbət Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiyadan gedir.
Güləşçi Murad Əbiyev (Həsən Məmmədov) birdən-birə qalanteriya sexinin rəisi təyin edilir. Bu barədə ona istintaqda da sual verilir ki, siz necə oldu o sexə rəis təyin edildiniz? Müttəhim çətinliklə vəziyyətdən çıxır ki, təklif olundu, qəbul etdim. “Kim təklif etdi?” – sualı isə cavabsız qalır. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev (Aleksandr Kalyagin) vicdanlı adamdır. Hiss edir ki, bu işin altında başqa adlar var, onlar da Muradı qabağa veriblər, yəni, işi onun adının altında görüblər.

Müstəntiq işi çözüb, düzgün aparıb, alt qatdakı cinayətkarları ifşa etməyə çalışır. Hətta kimlər olduğunu da bilir, amma bunu fakt kimi yalnız istintaqdakı adam təsdiqləyə bilər, o da etmir. Bunu satqınlıq hesab edib heç kimi güdaza vermir, həm də öz bədbəxtliyi hesabına...

Bunları başa düşən müstəntiq, nəhayət, vicdanının yönləndirdiyi kimi hərəkət edir, amma gec olur, günahsız müttəhim kamerada özünü asır.
Bütün filmlərdə olduğu kimi, ədalət qalib gəlir, günahkarlar cəzalarını alır. Əvəzində Seyfi rütbəyə, evə çata bilməsə belə...

İstintaqın gedişində ona "yuxarıdan" rütbə, ev eyhamı vurulur, əlindəki istintaqı “lazım olduğu qədər” tezliklə başa vurmasını tələb edirlər. Vicdanlı adam – bədbəxt adamdır… Bəlkə də, xoşbəxt. Bilmirəm, nisbi məsələdir. Onu heç həyat özü müəyyən edə bilmir…

Bütün bu detallara görə, sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara? – deyibən filmdə əsaslı dəyişikliklər tələb edirlər.

O vaxt ölkəyə rəhbərlik edən Heydər Əliyev məsələyə qarışır. Filmdə qabardılan məsələlər, əslində, onun hakimiyyətə gələrkən dərhal mübarizəsinə başladığı cinayətlər idi. Ona görə də, əksinə, bu qəbildən filmlərin daha çox çəkilməli olduğunu deyir: “Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin - korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla Rasim Ocaqov nəzərdə tutulur – red.) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı..."

Moskvadakı Bədii Şura üzvləri “bədii cəhətdən yüksək səviyyədə olsa da, sovetlər ölkəsinə belə bir film yaraşmaz" fikrində idlər.

Çox çək-çevirdən sonra filmin 28 kadrına "düzəliş" edilir: “O düzəlişləri etməsək, filmi, ümumiyyətlə, silə bilərdilər. Rüstəmlə birgə bu qərara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4-5 kadrında dəyişiklik etmək lazımdır. Misal üçün, filmin qəhrəmanı Muradın son anda özünü necə asmasını tam açıq şəkildə göstərirdik. Həmin kadra qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik. Dəyişiklik də, əsasən, ondan ibarət oldu ki, müstəntiq Seyfinin evinə zəng edib, Muradın özünü asmağa cəhd göstərdiyini deyir".

Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verirlər. Moskva yenə də mane olmaq istəyir.
İşə yenə Heydər Əliyev qarışır; “Biz filmi bəyənmişik” deyir. Bədii Şuranın üzvləri öz aralarında “onsuz da bu filmlə özlərini biabır edirlər, söhbət Azərbaycandan gedir, qoy etsinlər” – deyib, icazə veriblər.

Film Moskva Bədii Şurasının baxışından keçdikdən sonra yüksək kateqoriyaya layiq görülür. Buna baxmayaraq, tirajı çox olmur. Bəzi respublikalar, xüsusilə, Özbəkistan, Ukrayna filmi qəbul etmədikləri üçün onun öz ölkələrində nümayiş edilməsinə qarşı çıxıblar.

Rafiq Qəmbərov: "Çəkiliş bitəndən sonra Rasim Ocaqov onu montaj elədi və təhvil məqamı yetişdi. Məhz bu zaman böyük problemlər oldu. Kinostudiyanın Bədii Şurası filmi qəbul etdi və bildirdi ki, bəzi əyri-əskikləri var. Məsləhət olundu ki, Moskvaya aparıb orda SSRI Kinomatoqrafiya İttifaqında göstərək. Rasim Ocaqov və Rüstəm İbrahimbəyov filmi Moskvaya apardılar. İttifaq filmi qəbul etmədi. "Aparın filmi öz ölkənizdə göstərin" dedilər. Bildirdilər ki, "SSRİ-də korrupsiya, rüşvət adında bir şey yoxdur". Filmdəki mövzu elə açıq çalarlala əks olunmuşdu ki, bu onları qorxudurdu və buna görə də qəbul etmirdilər. Onu da bildirdilər ki, əgər filmi ümumittifaq ekranına təhvil vermək istəyiriksə, o zaman təqdim etdikləri 40-a yaxın düzəlişi yerinə yetirməliyik. Rasim kor-peşman Bakıya qayıtdı".

Beləliklə, filmə cüzi dəyişiklik edilir və Rasim müəllim onu yenidən Moskvaya aparır. Nəhayət, filmə "birinci dərəcə" verilir. Bu, o demək idi ki, film SSRI ekranlarına çıxacaqdı və nüsxələrin sayı mindən çox olacaqdı. Beləcə, SSRI-nin bütün şəhərlərində film nümayişə icazə aldı.

“Kalyagin məşhur ”O-o-dur" nidasını elə həyəcanla qışqırdı ki, ağzından qan gəldi..."

Film faktik olaraq Bakıda və Moskvada çəkilib. Filmdəki zindan Moskvada pavilyonda tikilib. Həsən Məmmədov və Aleksandr Kalyagin tez müddətdə dil tapır. Aktyorlar o dərəcədə bir-birini başa düşürlər ki, him-cimlə, göz-qaşla anlaşırlar. Bəzi səhnələrdə Rasim Ocaqov Kalyagindən daxili emosiyalarla danışmasını tələb edir. O isə bildirir ki, Rasim müəllim, bir az səbr edin, kulminasiya nöqtəsini görəcəksiniz. Mən bu rolu o qədər dəqiq dərk edib mənimsəmişəm ki, bilirəm, harada nə etməliyəm.

Söhbət sonuncu görüş səhnəsindən gedirdi. Filmdə müstəntiq Seyfi toya gedəcəyinə görə istintaqa kostyumda gəlir və Murada bildirir ki, bu son görüşləridir. Həmin səhnə çəkiləndə Kalyagin möhkəm əsəbiləşir: “Səndən soruşuram odur?! Buna görə sən onu müdafiə edirsən?!”.

"Epizodun birinci dublu çəkiləndən sonra Kalyagin icazə istədi. Səhnənin arxasına keçdi, tüpürdü və ağzından qan gəldi. Rola o qədər hakim idi, o dərəcədə özünü sıxmışdı ki, hətta boğazından qan da gəldi. Ona yarım saat vaxt verildi ki, özünə gəlsin. Çünki boğazında kiçik damarlar partlamışdı. Özünə gələndən sonra Rasim müəllim ona bildirdi ki, “indi bildim ki, sən niyə səbr etməyimi istəyirdin”.

“İstintaq” filminin sonu müəmmalı bitir, tamaşaçı bilmir Murad öldü ya qaldı?

Filmin hansı sonluqla bitməsi tamaşaçıların ixtiyarına verilib. Tamaşaçı yaxşı, pis sonluğu düşünməkdə sərbəstdir. Bildiyiniz kimi, həbsə düşən adamdan intihar edə biləcəyi bütün əşyalar alınır. Müstəntiqə onun intihar xəbəri veriləndə, soruşur ki, ”onda ip hardandır?". Murad ipi gizlətmişdi. Operator filmin sonluğunun açıq qalmasının təfərdarı olduğunu bildirir. Bu bir növ, ümid yeri deməkdir. Qoy tamaşaçı fikirləşsin ki, bəlkə, ölmədi, bəlkə, sağdır. Biz hamımız başa düşürük ki, bu film indi də aktualdır. Bu günümüzlə səslənir.

Rafiq Qəmbərov: “Kalyaginin uşaqlarla çəkməçiyə gəldiyi yer ”Baksovet"də, “Axundov bağında” çəkilib. Çəkməçi rolunda Ağadadaş adlı gözəl aktyor oynayıb. Hər bir aktyor çox inandırıcı obraz yaratmışdı bu filmdə.

Muradın uşaqla dənizin kənarında qaçdıqları yer Novxanı çimərliyi idi. Yaxın olduğuna görə oranı seçmişdik. Murad öz ailəsilə dincəlir. Orada sanki azad quş kimi oğlu ilə uçurlar".

"Azərbaycan" hotelinin girişində əməli-başlı toy təşkil edilib

Rafiq Qəmbərov: "Birinci işimiz idi. Filmdə improvizasiyalar az oldu. İlk birgə işimiz olmasına baxmayaraq, Rüstəm İbrahimbəyov mənim təkliflərimə müsbət reaksiya verirdi. Hansısa təklifi bəyənməyəndə isə onu elə tərzdə deyirdi ki, adamın ruhu da incimirdi. Mənə bir dəfə tapşırıq verdi ki, Muradın kamera yoldaşı başını qaldırıb havaya baxacaq və deyəcək ki, ”azadlığın xüsusi havası var". Rasim müəllim də dedi ki, “buna uyğun kadrlar seçməyi sənin öhdənə buraxıram”. İki-üç gün əl kamerasını götürüb şəhərə çıxdım. Kadrları çəkəndə çalışırdım ki, insanlar kameranın çəkdiyini hiss etməsin, kadr təbii alınsın. Onu xüsusi sənədli film kimi çəkdim və filmə əlavə etdik.

Bir də, filmdə toy səhnəsində atanın rəqsi zamanı qızın iri planda görünüşü var. Təəccüblə atasına, sonra bəyə baxır. O epizodu xəbərsiz çəkmişdik. Həmin qız aktrisa deyildi. O vaxt “Azərbaycan” hotelinin girişində əməli-başlı toy təşkil etdik. Yemək-içmək - hər şey təşkil edildi. Ordakı insanlar hamısı dəvət olunmuş adamlar idi. Özümün yeddinci filmim olsa da, Rasim Ocaqovla ilk filmimiz idi, çox həyəcanlı idim.

Ssenaridə yeganə olmayan epizod Kalyaginin ağır addımlarla uzaqlaşmasıdır. O addımlar həqiqətin səsi idi. Müstəntiq Seyfiyə vəd etdikləri ev verilmədi, bütün çətinliklər onun üzərinə çökdü. Amma buna baxmayaraq o, həqiqət uğrunda mübarizədən əl çəkmədi..."

# 940 dəfə oxunub

Oxşar xəbərlər

"Mədəniyyət Nazirliyinə üç layihə təqdim edilib" - Azər Aydəmir

"Mədəniyyət Nazirliyinə üç layihə təqdim edilib" - Azər Aydəmir

14:30 10 mart 2025
“Cinema Talks” panel müzakirəsi aparılıb

“Cinema Talks” panel müzakirəsi aparılıb

13:59 10 mart 2025
Məşhur aktyor:  "Yeni Ceyms Bond ingilis olmalıdır"

Məşhur aktyor: "Yeni Ceyms Bond ingilis olmalıdır"

10:46 10 mart 2025
"Yalı çapkını"nda yeni sima

"Yalı çapkını"nda yeni sima

13:12 8 mart 2025
"Sustalı Ceylan"la bağlı dəyişiklik

"Sustalı Ceylan"la bağlı dəyişiklik

10:34 8 mart 2025
Caner Cindoruk yeni serialda

Caner Cindoruk yeni serialda

10:40 7 mart 2025
# # #