Aqil Abbas tənqidlərə cavab verdi
23 avqust 2012
06:00
“Dolu” filmi haqqında səslənən tənqidi fikirlərlə bağlı Kulis.az saytının suallarını filmin ssenari müəllifi, millət vəkili Aqil Abbas cavablandırır.
- Hər bir filmə rejissorun da öz əlavələri olur. “Dolu”dakı rejissor əlavələrindən narazı qalmadınız?
-“Dolu” filmi məni yüz faiz qane elədi.
- Film haqqında müəyyən tənqidi fikirlər səsləndi. Məsələn deyilir ki, əsərin kinematoqrafik yozumu çox zəifdir.
-Bilmirəm bunu deyəndə nəyi nəzərdə tutublar. Ümumiyyətlə, filmə cəmi min nəfər baxıb. Amma indi elə təəssürat yaranır ki, guya filmə baxanların sayı həddindən artıq çoxdur. Film haqqında şərhlər yazırlar, sən filmə baxmamısansa, necə şərh yaza bilərsən? Əsərin kinematoqrafik yozumu filmin ən böyük uğurudur. Əsərin kino həlli belə olmalıdır da, necə olmalıdır ki? Axırda hamı gedir Qarabağa, bundan böyük nə həll olacaq ki? Filmə baxıblar, çox xırda məqamları irad kimi səsləndirirlər. Məsələn, nöqsan tuturlar ki, əsgərlərin qollarında Azərbaycan bayrağı var, amma başlarının üstündən Sovet bayrağı asılıb. Bəli, o vaxtlar insanlar Sovet hökumətinə inanırdılar. İnanırdılar ki, hökumət müharibəni dayandıracaq. Sən cavansan, bilmirsən, mən isə bilirəm ki, insanlar həsrətlə gözləyirdilər. Hər yerdə də Sovet bayrağı dalğalanırdı. Ancaq irad tutanlar bir şeyi unudurlar. Birincisi, həmin vaxt meydanda Azərbaycan bayrağı qalxmışdı. İkincisi, Heydər Əliyev Naxçıvanda rəsmi olaraq üçrəngli bayrağımızı qaldırmışdı. Vuruşan da könüllü batalyondur, dövlətin batalyonu deyil ki, qoluna Sovet bayrağı vura. Könüllü döyüşən uşaqlar da qollarına öz bayrağımızı taxmışdılar. Bir məqamı da nəzərə almaq lazımdır ki, filmdə şərtiliklər var. İnsanların hissləri, çəkdikləri əzablar qalıb bir qıraqda, deyirlər ki, bayrağa ləkə düşmüşdü. Bunlar lətifəyə bənzər iradlardır.
- Filmə ayrılan vəsaitin 40 faizinin xərcləndiyi deyilir. Doğrudanmı belədir?
-Filmə 1 milyon 300 min manat ayrılıb. Bunun 200 mini dərhal vergiyə gedir. 100 min manat icarə haqqı kimi kinostudiyaya verilir. 200 min manat isə icarəyə götürülmüş aparatlara verilib. “Dolu” filmi 800 minə çəkilib. Amma filmin 2 milyon manat xərci ola bilərdi. Daxili İşlər Nazirliyinə öz təşəkkürümü bildirirəm ki, o kollektiv 3 ay bu filmin əziyyətini çəkib. Onların dəstəyi olmasa idi, bu film yaxşı alınmazdı. İsmayıllı İcra Hakimiyyəti də sağ olsun, orada bir gün qalmaq 40-50 manatdır. Amma biz orada su qiymətinə qalmışıq ki, filmi çəkə bilək. Əslində film bahalıdır, ancaq 800 minə çəkilib. Belə şeylər var, amma bunları bilmədən bu cür fikirlər səsləndirirlər. Tutulan iradlardan biri budur ki, axırda Qarabağa ölülər gedir. Halbuki Komandir sağdır, Komandir gedir. Biz deyirik ki, şəhidlər ölmür və şəhid olan silahdaşları da onunla yanaşı gedirlər. Ümumiyyətlə, müharibə başlasa, drakonlar, pələnglər, komandirlər, müəllimlər olmayacaq? Deyirlər ki, ruhlardır, orada ruh var?
- Yazılardan birində qeyd edilmişdi ki, filmin sonu çox təsirlidir, ancaq əl çalmaq yox, ah çəkmək lazım idi.
-Onda Qədir Rüstəmov oxuyub-qurtaranda əl çalmayaq da. Axı Qədir içimizi çıxardır çölə. Qədir, Alim oxuyandan sonra oturub ağlaşmırıq ki... Ədalət “Yanıq Kərəm”i çalanda vay-şivən qopardaq da, “pojarnı komanda” çağıraq ki, gəlin, Kərəmi yandırırlar. Film bitəndən sonra tamaşaçılar əziyyət çəkənləri alqışlamalıdırlar, bu, bütün dünyada bilməlidir.
- Tutulan iradlardan biri budur ki, məğlubiyyət haqqında qələbə filmi çəkmək doğru deyil.
-Azərbaycan məğlub olub ki? Məğlub olmuşuqsa, onda oturaq evimizdə də. Azərbaycan məğlub olubsa, Kulis.az, “Ədalət” qəzeti kimə lazımdır? Məğlub olmuşuqsa, gedək özümüzü ataq da. Almanlar Mozdoka gəlib çıxmışdı, axırı necə oldu? Müharibə qurtarmayıb ki. Fələstin 30-40 ildir ki, mübarizə aparır. Məğlubiyyət o vaxt olar ki, müharibə qurtarsın. Hər gün cəhbə xəttində döyüş gedir, əsgərlər ölür. Məğlubiyyət sözünü demək düz deyil. Bir məqamı da deyim, filmə baxanlar Ağdamın adını çəkir. Həmin adamlar filmdə və yaxud əsərdə bircə dənə Ağdam sözü tapıb mənə göstərsin, filmdən də, kitabdan da aldığım qonorarı ona bağışlayacağam. Digər tərəfdən söhbət Ağdam söhbəti olsaydı, buranın 16 Milli Qəhrəmanı var, baş rola onlardan birinin adını verərdim. Amma konkretləşdirmək istəməmişik, hamı Pələngdir, hamı Komandirdir, hamı Drakondur.
- “Dolu” haqqında məqalələrdən birində belə bir fikir vardı: “”Dolu” filmi Qarabağ müharibəsini mövzu olaraq kino vasitəsilə təqdim edə bilmədiyimizi bir daha nümayiş etdirdi”.
- Mən bu fikirlə qətiyyən razılaşmıram. “Dolu” Qarabağ müharibəsini göstərib, özü də lap canlı. Azərbaycanda indiyədək döyüş səhnələri bu qədər canlı olan film çəkilməyib. Hətta Həzi Aslanova həsr olunmuş filmdə də döyüş səhnələri bu qədər canlı çəkilməyib. Bu filmdə partlayan evlər həqiqətən partlayıb, mərmilər həqiqətən işə düşüb. Biz buna qədər getmişik. Azərbaycanda bundan yaxşı döyüş filmi göstərsinlər. Film müharibəni göstərə bilib, kim nə deyir, bu, onun şəxsi fikridir. Onu da nəzərə almaq lazımdır ki, Elxan Cəfərov nə “İncil”i, nə “Tövrat”ı, nə də “Quran”ı ekranlaşdırıb. Hamının “Dolu”dan xoşu gələ bilməz ki. Tənqid edənlərə də, tərifləyənlərə də minnətdarıq. Tənqidçilər bu filmi ən yaxşı filmlərlə müqayisə etmək istəyirlər, sağ olsunlar, ancaq reallıqları da nəzərə almaq lazımdır.
- Pələng öləndə deyir ki, “mən qız görmədim”. Bunu köhnə variant hesab edənlər var.
-Heç bir filmdə belə şey yoxdur ki, qəhrəman desin, mən qız görmədim. Bu, bizim variantımızdır. Ölən 17-18 yaşlı uşaqdır, indiyədək qız öpməyib, dünyada kişi üçün qadından gözəl nemət yoxdur. Uşaq ayrı nə deyə bilər? Yalandan desin ki, Şuşanı görmədim? Deyərdi ki, kaş Şuşanı görüb ölərdim. Və yaxud 4 dəfə Azərbaycan deyib ölərdi?
Ağa Cəfərli
2148 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024