Vəzifəyə keçən kimi katibə haqqında düşünən məmur - YENİ HEKAYƏ

Vəzifəyə keçən kimi katibə haqqında düşünən məmur - <span style="color:red;">YENİ HEKAYƏ
21 iyun 2017
# 12:26

Kulis.az Kəramət Böyükçölün “Vəzifə” adlı yeni hekayəsini təqdim edir.

Eşidəndə ona ciddi vəzifə veriblər, ən birinci katibə haqqında düşündü. Xəbər mətbuata da sızmışdı, ancaq işinin nə olduğu hələ bilinmirdi. Ürəyi partlayırdı. Yan-yörəsində çoxlu adam vardı. Bilmədi özünü necə ələ alsın, durduğu yerdə əlini tanımadığı bir adamın çiyninə qoyub dedi:

“Nə olur-olsun, əsas odu vəzifə olsun, elə deyilmi?”.

Tanımadığı adam diksindi:

“Nə?”.

Nazim müəllim üzr istəyib bir az kənara çəkildi...

Düzü, onu irəli çəkilmə söhbəti çoxdan vardı. Bu barədə əvvəlcədən lazımlı adamlarla görüşüb danışmışdı da. Boynuna nə düşürdüsə hamısını eləmişdi, oturub evdə cavab gözləyirdi. Xəbəri eşidəndə isə Bakıda deyildi, Kürdəmir rayonunda yaxın bir qohumu rəhmətə getmişdi, onun hüzründə çörək yeyirdi. Əslində, yasa gəlməyə də bilərdi. Amma çox darıxırdı, başını qatmaq istəyirdi. Yas yerində sevinmək yaxşı çıxmır, buna görə özünü güclə saxlayırdı, ancaq axıra kimi bacarmadı. Gizlin bir yerə çəkilib sevindiyindən ağacın yarpağından öpdü. Əlində-ovcunda olanı satıb bu işə vermişdi, gecə-gündüz fikirdən yata bilmirdi.

Dost-tanışları, yaxınları zəng eləyib yeni işinə görə onu təbrik eləyirdi. Heç dostlarının bu qədər çox olduğunu bilmirdi. Hiss edirdi ki, telefonda danışan adamların hamısının səsi dəyişib, intonasiyalarında özünə qarşı sonsuz hörmət və sayğı duyurdu. Telefonu susmurdu, jurnalistlərin ardı-arası kəsilməyən zəngləri Nazim müəllimi boğaza lap yığmışdı, əsas sual isə bundan ibarət idi:

“Vəzifəyə gedəcəyinizdən əvvəlcə xəbəriniz vardımı?”

“Elə şey olar? Əlbəttə, yox idi. Hər şeyi dostlarımın zəngindən sonra bildim. Etimad göstərənlər sağ olsunlar. Ömrüm boyu çalışacağam ki, göstərilən diqqətə layiq olum”.

Nazim müəllim jurnalistlərlə danışarkən səsinin tonunu dəyişir, özünü soyuqqanlı bir insan kimi göstərirdi. Xəlvətcə yas çadırının arxasında qol açıb oynamağını isə ağacın başında yuva quran sərçələrdən başqa heç kim görmədi. Qolunu yuxarı qaldıran kimi quşlar pırr eləyib yuvalarını tərk etdilər. Göy üzündən ha baxdılarsa onun əl-qol hərəkətlərindən heç nə anlaya bilmədilər. Çünki quşlar da bilirdi ki, bu gün yasdır, toy deyil.

Rayona yas yerinə gedəndə Nazim müəllimin cibində pul çox az idi. Əyni-başı da nimdaş görünürdü. Buna görə utanırdı. Boy-buxun, saç-baş... hamısı yerində idi, qurbanolduğum onu elə bil vəzifə üçün yaratmışdı, amma gəl ki, iki il bundan qabaq aldığı şalvar-köynək hələ də canından azad olmamışdı. Bəs Bakıya belə necə qayıtsın? Ayıb deyilmi o boyda vəzifənin sahibi bu viddə adam içinə çıxsın?

Yas yerində, Nazim müəllim elə adamların içindəcə qəfil ciddi bir görkəm aldı. Əlini çənəsinə dayayıb belini dikəltdi. Vəzifə elə şeydir ki, insan olduğunu nə qədər bildirməsən, o qədər yaxşıdı. Sərt olmaq lazımdı! Yeri gəldi-gəlmədi səmimiyyət, mehribanlıq işləmir. İnsanların gözünə nə qədər az görünsən, o qədər hörmətli olarsan. Adamlar ki, səni görəndə bir addım kənara qoyub, pencəklərinin orta düymələrini bağlayıb əllərini yanına salmadı, daha o nə vəzifə oldu?

Düzdür, vəzifə əbədi deyil, amma müvəqqəti olan bir şeydən gələcəyin üçün istifadə eləyə bilmirsənsə deməli, balaların sənin ağzına-üzünə söyəcək. Xərc çəkib bu boyda işə gəlmisən, nə olar sənin də dörd-beş yerdə yüngülvarı dükanın olsa? Nə olar şəhərin mərkəzi yerlərində dörd-beş balaca restoranın olsa? Nə olar şəhərin üç-dörd yerində evin olsa? Nə olar iki-üç maşının olsa? Adam nə qədər eyni arvadla yaşayar, nə olar kənarda bir saxladığın olsa? Çox şey nəyə lazımdır? Hərəsindən iki-üçü oldu, bəsdir. Onsuz da dünya fanidir, hamı beş arşın ağdan başqa heç nə aparmayacaq.

Əlbəttə, ən vacib məsələlərdən biri də katibədir – Nazim müəllim qəfil əlini çənəsindən çəkib yanına saldı. Xalqa xidmətə katibədən başlayanda vəzifə uğurlu, xeyir-bərəkətli olur. Vəzifəni vəzifə eləyən katibədir! Katibən olmadısa o vəzifəni apar tulla. Katibə iş yerinin yaraşığıdır. Qapını açanda üzünə ay parçası kimi yupyumru bir qadın gülümsəmədisə, deməli, həmin gün işə gəlməmisən.

Bir əsas məsələ də vardı. İş otağının arxasında bir yataq otağı da olmalıdır. Ora yüngülvarı divan-kreslo qoyursan, balaca bir sauna düzəldirsən, qurtardı getdi. Adam ciddi işləyəndə çox yorulur, tez-tez əsəbiləşirsən, beyin dözmür. Arada dincəlmək lazımdır. Keçirsən arxa otağa, yüngülcə uzanırsan, canını dincə qoyursan, yuyunursan, tərləyirsən, boynunu, kürəyini masaj elətdirirsən, olursan qoz kimi. Yaxşı pürrəngi çaydan sonra yenidən xalqa xidmət kimi məsuliyyəti bir işin başına keçirsən.

Nazim müəllim adamları addım səslərindən tanıyırdı, amma düşündü ki, otağının qabağında xüsusi kameranın olması vacibdir. Lazımsız adamlar çox gəlib-gedir. Elələri olur, girib otağında uzun-uzadı qəzəl oxuyur.

“Ərim müharibədə ölüb”

“Neyləyim? Ərini mən öldürmüşəm?”

Başqası gəlir:

“Oğlum itkin düşüb?”

Bu sözə lap əsəbiləşdi, stolun altında yumruğunu sıxıb qaşlarını çatdı:

“Neyləyim? Oğlun cibimdədi? Balanı mənim otağımda niyə axtarırsan?”.

Sonra başını ovcuna aldı:

“Bu adamlar birdəfəlik niyə başa düşmürlər ki, vəzifə sahibi bank üstündə oturmayıb”.

Kameranı belə adamlar üçün istəyirdi. Bəri başdan qabaqlayıcı tədbir görürsən ki, hansısa yersiz-yurdsuz, yetim-yesir burnunun ağzının içinə kimi gəlib çıxmasın. Bizim Qarabağ kimi böyük dərdimiz var, mən burda Ağdamın, Laçının, Kəlbəcərin dərdini çəkirəm, bu da gəlib deyir, işləmirəm, dolana bilmirəm, mənə iş ver. Utanmasa deyər ki, bacı-qardaşını çıxar, oğlunu-qızını çıxar, məni qoy onun yerinə. Bu adamlarda abır-həya qalmayıb. Mən bütün günü otağımda doğma dədə-baba yurdumu düşünməsəm, ağlayıb-sızlamasam, onda el-obanın dərdini kim çəkəcək?

Fikirləşdi ki, axşamdır, vaxt keçir, təcili borc pul tapıb rayonun mərkəzi dükanlarından birinə girsin, geyim-kecimini düzəlsin. Bacısı oğlunun yaxşı maşını var, onu da minib gəlsin şəhərə. Özü də mütləq maşının arxa oturacağında oturmalıdır. Bacım oğlu da özümünküdür. Maşallah, maşını da yaxşı sürür, sürücü kimi işimə yarayar. Elə onun əmrini verim işləsin.

Bu vaxt telefonuna zəng gəldi. Yüz faiz bilirdi ki, yenə jurnalistlərdir.

"Bunlar nə həyasız adamlardı..."

Dodağının altında mızıldana-mızıldana başını qaldırdı ki, ölən qohumunun mağarın başından asılan şəklindən başqa yas yerində heç kim qalmayıb.

# 2107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #