Zahid Xəlilov küçəsi... - Kəramət Böyükçöl yazır

Zahid Xəlilov küçəsi... - Kəramət Böyükçöl yazır
5 iyul 2019
# 21:00

Kulis.az Kəramət Böyükçölün "Zahid Xəlilov küçəsi" yazısını təqdim edir.


Mən əvvəllər elə bilirdim ki, həyasız və sırtıq küləklərinə, dingiş müğənlilərinə az-çox bələd olduğum Bakını heç vaxt sevə bilmərəm və heç təəsəvvürümə belə gəlməzdi ki, bir gün qədimliyinin arxasında gizlənən bu şəhərin tən ortasında - Zahid Xəlilov küçəsinin üzündəki o müqəddəs inam tam aydınlığı ilə mənə doğma ola bilər. Mən düz 4 il bu küçədə təhsil almışam, bu küçənin tələbəsi olmuşam və bu 4 ildə demək olar ki, hər gün bu küçədə özümlə qarşılaşıram, özümə salam verirəm və özümü bu küçədə çox yaxşı tanıyıram. Olub ki, arada daşı ayağıma ilişib, polisi qolumdan yapışıb, “xazeyka”sı evindən qovub, ancaq bir dəfə olsun bu küçənin üzünə qayıtmamışam, danışanda sözünü kəsməmişəm, bir dəfə də olsun yanından salamsız ötməmişəm, əlini havada qoymamışam.

Mənim Zahid Xəlilov küçəsi ilə tanışlığım 2007-ci ildən başlayıb və bu tanışlıq o zaman baş verdi ki, o ili Bakı Dövlət Universitetinin tələbəsi oldum. Biz qrupda 30 tələbəydik və filologiya fakültəsi olduğumuzdan qızlar sayca üstünlük təşkil edirdi. Həmcins mübtədalı cümlələr kimi yan-yana düzülən qızların içində vergülə oxşayan tək-tük oğlanlar isə adətən, hüquqa balı çatmayan kasıb balaları olurdu. Bakı Dövlət Universitetinin 1 saylı “korpus”unda - filologiyadan üç mərtəbə yuxarı “hüquq” fakültəsi yerləşirdi və bizdə qızlar çox olduğuna görə “hüquq”un oğlanları demək olar ki, hər dəfə yolunu bu tərəfdən salırdılar. Bir-iki dəfə bu barədə yüngülvari tədbir görsək də, nədənsə, xeyri olmadı. “Hüquqi” cəhətdən əsaslandırıldı ki, biz günahkarıq. Sonra da başımızı salıb aşağı öz işimizlə məşğul olduq. Mən onda hələ bığ yeri təzə-təzə tərləyən və ayrı-ayrı yerlərdən gələn uşaqların eyni ünvanda birləşməsini çox böyük maraqla qarşılayan yeniyetmə bir oğlandım. Hər şeyə şeir kimi baxırdım və elə bilirdim ki, bu dünyada hər nə vardırsa, hamısı mənim gözlərim boydadı.

Mənimlə eyni küçədə bir qız da oxuyurdu. Balaca, kövrək bir qızıydı, adama elə gəlirdi ki, əl vursan o saat ağlayar - adına da “Sərçə” deyirdim. Təbiətin bu balaca balası qrupumuzun son beşiyidi, nə vaxt baxırdın uşaq kimi əlləriylə oynayırdı. “Sərçə”nin qardaşı yoxuydu, əllərini özünə qardaş sayırdı. Onun tullana-tullana yeriməyi hələ də yadımdadı və xüsusən belə vaxtlarda “Sərçə” altından xətt çəkilmiş cümlə kimi heç vaxt mənim gözlərimdən yayınmazdı. Ancaq “Sərçə”nin yerişi nə qədər şılqtaq olsa da, bu addımlar mənim gözümə həmişə kimsəsiz görünüb və elə təsəvvür eləmişəm ki, onun bu qorxaq ayaqları Zahid Xəlilov küçəsində kirayə yaşayır.

Filologiya fakültəsində mühazirə dərsləri adətən birinci saatlara salınırdı. Gecələr gec yatıb səhərlər yuxudan tez durmaq və xüsusən soyuq qış aylarında dərsə vaxtında çatmaq çox çətin olurdu. Təəssüf ki, tələbələrin saçlarında bir ovuc qarla siyidə-siyidə otağa daxil olması belə müəllimlərin qayıb yazmaq hissinə mane ola bilmirdi. Günü bu gün də olduğu kimi yadımdadır: ayağının altında qaldığımız günlərin birində Zahid Xəlilov küçəsinə şıdırğı bir yağış yağdı, o günü bu küçədə elə bil heç kəs yaşamırdı, hər yan şaxtalı qış gecələrində olduğu kimi kimsəsiz idi. Mən heç vaxt belə tənhalıq görməmişdim: elə bil Allah Zahid Xəlilov küçəsinin üzünə ölüm hökmü oxuyurdu. Həmin gün “Sərçə” dərsə gecikmişdi və bu zaman mən dərs jurnalını da qoltuğuma vurub (“Sərçə”yə qayıb düşməsin deyə) onun yolunun üstündə dayandım. Sumqayıtdan Zahid Xəlilov küçəsinə gələn ağ rəngli avtobusu son ana qədər gözlədim. Birdən yağışın arxasında “Sərçə”nin nərmənazik ağ əllərini gördüm və elə küçənin ortasındaca dəli bir həsrətlə onun boynunu qucaqladım, titrəyən əllərimlə saçlarını daradım, qayğılı gözlərinə doyunca baxdım. Dipçək gülünə oxşayırdı qucağımda “Sərçə”. İki-üç dəqiqə üz-üzə dayandıq. “Sərçə”nin vulkan gözləri aşmış qayığa oxşayan qaşlarının altında par-par parıldayırdı və yağış onun kədərli gözlərinə dəyib sönürdü. “Sərçə” qollarımın arasına sığacaq qədər balacaydı, elə bil Allah onu qucaq üçün yaratmışdı. Düzü, həmin an yağış da bizə xeyli aradüzəldənlik elədi və beləliklə, aramıza çökən dərin bir səssizlik ilk dəfə idi ki, yağış sinfoniyasının sədaları altında hisslərimizi bu qədər aydın ifadə edə bilirdi.
Aylar biri-birinin dabanını basa-basa ötüşür, günlər üstümüzdən toz kimi çırpılırdı. Oxuduğum bütün kitabların içindən “Sərçə” çıxırdı.

Evimizdə palazımızın altında saxlayırdım şəkillərini. Hər gecə şəkillərinə yalvarırdım. Dərslərdə də yanaşı otururduq. Elə bil qol saatım idi “Sərçə”. Həmişə yanımda olurdu. Bir dəfə professor mənim ağ kəpənəyimə dünya ədəbiyyatından “3” yazdı. “Sərçə”nin kədərli gözlərinə baxanda o qədər darıxdım ki, barmaqlarımı cilovlaya bilməyib onun “3” nü jurnalda “9” elədim. Bilə-bilə ki, buna görə məni universitetdən qova bilərlər. Maraqlı anlar idi, çox maraqlı... daha bir də yaşya bilməyəcəm o günləri... belə uşaq kimi sevmək getdi işinə daha:

Öldü gözlərimdə bir dəvə kimi,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi,
Çəkildi başımdan gənclik havası.
Bir də bir kimsəni sevməyəcəm,
Bir də sevda nədi bilməyəcəm.

Dördüncu kursun mayı idi. Biz tələbələr bəzənib-düzənib, geyinib-kecinib ayrılıq gününə hazırlaşırdıq. “Sərçə”nin üzündə isə tamam ayrı bir ifadə vardı, fikirləri də saçları kimi dolaşıq və qarmaqarışıq idi. Mən ona yaxınlaşdım. O isə elə bircə kəlmə “olmaz” dedi. Mən hər şeyi aydınca, ürək ağrısıyla dərk elədim və “axır ki, həyat mənim də üzümə güldü, ancaq ironiya ilə!” - deyə düşündüm. Təngnəfəs oldum və heç bir söz demədim. Əslində, bu novellavari bir sonluq da deyildi. Mən lap əvvəldən, elə ilk gördüyüm gündən əmindim ki, “Sərçə” mənim bu üstü-başı nimdaş, köynəyi ütüsüz sevgimə layiq deyil, ikincisi, onu da deyim ki, adına “Sərçə” dediyim həmin o qızın bir gün qollarına quş lələyi taxıb elə bu küçədəncə nazik dişli darağa oxşayan əllərini saat əqrəbləri kimi üzümə yelləyib uçub gedəcəyini də bilirdim.

“Sərçə” mənim gözümdə Zahid Xəlilov küçəsinin ilk şəkli idi, neyləyim ki, o da qollarına quş lələyi taxıb uçub getdi buralardan və orasını da necə deməyim ki, ondan sonra mənim gözüm bu küçədə daha özgə bir qanadlı görmədi. Bütün bunlar demək olar ki, 4 il ərzində baş verdi. İndi isə mən Zahid Xəlilov küçəsində - Bakı Dövlət Universitetinin həyətində oturmuşam. Qəribə də olsa, mənə elə gəlir ki, ömrü boyu bu küçədə yaşamışam, hərdən də elə olub ki, bu küçəni öz evim hesab eləmişəm və yalnız elə indi, bu yazını yaza-yaza fikirləşirəm ki, daha mən dostu düşmən, düşməni düşmən, iqtidarı iqtidar, müxalifəti iqtidar olan bu küçənin nə ikili-üçlü, saçları pırtdaşıq tələbəsi, nə də kasıb, tör-töküntülü saikiniyəm. Elə bil ömrümü başa vurmuşam və mənə elə gəlir ki, daha bu dünya qurtarıb.

# 8207 dəfə oxunub

Müəllifin son yazıları

# # #