Kulis.az Kəramət Böyükçölün yeni yazısını təqdim edir.
Naşir Şahbaz Xuduoğlu deyir ki, Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik. Bir millət, bir dil olmalıyıq!
Mən hesab edirəm ki, bu fikir böyük təxribatlara yol aça bilər. Çünki bu təklif birbaşa Azərbaycan Respublikasının Konstitusiyasını pozur və konstitusiyamızda dövlət dili və xalqın vahidliyi ilə bağlı əksini tapan müddəalara ziddir.
Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. (AR dövlət dili haqqında Qanunu, maddə 18.1)
Əgər bu gün ictimaiyyət tərəfindən Şahbaz bəyin təklifinə ciddi təpki sərgilənməsə, sabah onun bu fikirlərindən ilhamlanan bir başqası da durub deyəcək ki, Azərbaycanda 300-dən çox rus məktəbi var. Gəlin dövlət dilini rus dili edək. Başqa birisi də durub deyəcək ki, bizim dinimiz islamdır. Gəlin dövlət dilini fars və yaxud ərəb dili edək.
Qətiyyən düşünmürəm ki, Şahbaz Xuduoğlu yazdıqlarını dərk etmir. Çünki özü yazır ki, Azərbaycanın müasir oxucuları Dostoyevski, Tolstoy, Çexov, Turgenev və s. kimi rus klassiklərini türkcə oxuyurlar. İndi Putin bizim “qeydimizə qalaraq” Şahbaz bəyin bu təklifinə qatılıb desə ki, rus klassiklərini niyə türkcə oxuyursunuz? Elə gəlin Dostoyevski, Tolstoy, Çexov, Turgenevi öz ana dilində oxuyun. Onda bu ayı xidməti kimin işinə yarayacaq?
İkinci məsələ. Azərbaycan Respublikası ərazisində yaşayan, dinindən, irqindən, milliyyətindən aslı olmayaraq hər bir vətəndaş soruşmaz ki, mənim dövlətimin dili niyə şivə olmalıdır? Sizcə, bu aruqmentdən Azərbaycan dövlətinin əleyhinə Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Osetiyadakı kimi istifadə edən tapılmayacaq?
Şahbaz bəy yazır ki, indi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılaraq ədəbi dil şəklini alıb və göründüyü kimi heç də hamının sevimlisi ola bilməyib. Deyir ki, dilimizin konstitusiyada adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı.
Bu fikir isə Azərbaycanın ərazi bütövlüyünü, konstitusion quruluşunu hədəf alır. Necə yəni dilimiz əyalətçilikdən xilas olmadı? Bu nə deməkdir? İllərdən bəri fəaliyyət göstərən Qanun Nəşriyyatının rəhbərinin bu açıqlaması heç bir məntiqə sığmır. Üstəlik də durduq yerə Türkiyə ilə Azərbaycan münasibətlərinə, qarşılıqlı rəğbət və sevgiyə, qardaşlığa ciddi zərbə vurur. Olmadıq yerdə Azərbaycan xalqını Türkiyənin əleyhinə çevriməkdə məqsəd nədir? Çünki görürəm ki, öz dövlət dilini müdafiə etmək istəyən sadə Azərbaycan insanı Şahbaz Xuduoğlunu tənqid edəndə onun yanına Türkiyəni də qoşur. Və deyim ki, İranın təsirində olan adamlar da Xuduoğlunun xidmətlərindən məhahərtlə istifadə edə bilirlər.
Şahbaz bəyin bu gün sahib olduğu nə varsa, onun hamısını ona bəyənmədiyi Azərbaycan dili qazandırıb. Mirzə Cəlilin “Ah, yazıq vətən!” dediyi bu ölkənin dilinə hörmət etmək üçün görəsən, Şahbaz bəyə daha nə lazımdır?