Atamın Xalq şairi olmaq arzusu

Atamın Xalq şairi olmaq arzusu
11 iyul 2017
# 13:01

Üzünə deyə bilməsəm də atamı yaşadan hisslər, onu həyata bağlayan tellər mənə qəribə gəlir. Məsələn, hər Novruz bayramında Xalq şairi olmaq arzusu onun ürəyində səməni kimi göyərir. Siz Allah, arzuya baxın!

Mənim 28 yaşımda çatdığım həqiqətlər atam üçün hələ çox-çox uzaqdadır. Onun inandığı şeylərə gülməyim gəlir. Elə adamlara etibar eləyir, onların hansı yuvanın quşu olduğunu mən ovcumun içi kimi bilirəm, amma atam bilmir. Görəsən, niyə mənim dırnaqarası baxdığım adamların hamısı atam üçün az qala ideal bir səviyyədədir?

Atam iki seçkidə Milli Məclisə namizədliyini verib. Heç birində də seçilə bilməyib. Təsəvvür edin, adam o qədər safdır ki, öz gücünə deputat seçiləcəyinə inanırdı. Hələ üstəlik də elə bilir nə vaxtsa Xalq şairi olacaq. Nə qədər xalq şairləri, xalq yazıçıları tanıyıram, oturub-durmuşam, vumka rumkaya vurmuşam, onların mahiyyətini bilirəm. Amma o, bilmir.

Ayrı-ayrı düşüncə sahibləri olan ata-oğulun bir evdə yaşaması sizə asan gəlməsin. Bunun nə qədər çətin və ağır olduğunu Anar bilməz, ancaq Allah bilər. Mənə gücü çatmayanlar atamdan intiqam alır, o da evdə məni danlayır. Mən yazdıqlarımın cəzasını evdə çəkirəm, daha şərlənib eləməyə ehtiyac yoxdur.

Atam deyir, sən yazında filankəsi tənqid etməsəydin, o adam mənim filan işimi burmazdı, qabağıma kötük dığırlatmazdı. Evimizdə bu söhbətləri eşitməkdən yorulmuşam, bezmişəm... Hələ anamın bütün bu söhbətlərdən başı çıxmaya-çıxmaya atamı müdafiə eləməsi lap dözülməzdir.

Hərdən də fikirləşirəm ki, guya mən yazıq nə edirəm ki? Nə yazıram ki? Mənim qəhrəmanlığım nədir ki, atam, anam bu qədər üstümə düşür? Camaatın balaları həbslərdə yatır.


Mən Yazıçılar Birliyindən çıxarılanda atam mətbuata açıqlama vermişdi. Demişdi ki, oğlumu yaxşı eləyib qovublar. Bərk əsəbiləşmişdi. Axşam evə getmək istəmirdim. Bilirdim ki, səhərə kimi baş-beynimi aparacaqlar. Anar AYB-dən çıxarmışdı, atam da evindən!

Ay ata, Yazıçılar Birliyi nədir ki, ona görə mənim xətrimə dəyirsən?

Sədr Anar müsahibəsində demişdi ki, Kəramətin atası, tanınmış şair Qəşəm Nəcəfzadə də oğlunun birlikdən çıxarılması məsələsində bizimlə razıdır. Yüz əlli yaşlı kişinin özünə bəraət hissinə baxın. Ağ saçlarına quzu kəsim.

Amma hərdən atanı da anlayıram... Çünki bütün bunlar ona görə baş verir ki, biz anormal bir cəmiyyətdə yaşayırıq. Mən isə atanı oğula düşmən eləyən bir cəmiyyətdə Xalq şairinin oğlu olsam, vallah, utanaram, xəcalət çəkərəm...

# 2247 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #