Elə astanaca dünyanın faniliyi sərt şillə kimi adamın üzünə dəyir. Dəhlizdə bizi kitablar qarşılayır, kitab rəflərində düzülmüş kitablara yəqin ki, çoxdandı toxunulmur, kitablar qədim sükutu sədaqətlə qoruyur. Yaşı az qala, bir əsri haqlamış ev yiyəsi nəhayət ki, o sükutu pozdu; yoxsa lap yüz il qala, onun varlığından heç kim xəbər tutmayacaqdı... “Adamlar və talelər” prospektindən keçib “Son döngə”ni adladı.
Ev yiyəsi susub və bu susmaqla da o qədər mətləblərin üstünü açır ki... Sağdakı otaqda onun cənazəsi qoyulub – Ələviyyə Babayevanın. Qonşu otaqda 5-6 adam var, o da yaxın qohumları və qonşular idi. Onun həmyaşıdlarından heç biri qalmayıb, o, “köhnə qvardiya”nın sonuncu nümayəndəsi idi. Ələviyyə Babayevanın ölümü bütöv bir epoxanın başa çatması deməkdi, onunla Azərbaycan ədəbiyyatının sovet dövrü mərhələsi bitir. Məqsədim bunları yazmaq deyil, tamam başqa mətləblərdən danışmaq istəyirəm.
Dünyanın asudə çağlarında Ələviyyə Babayevanın kitabları əl-əl gəzirdi, bu kitablar oxunmaqdan didik-didik olmuşdu. O vaxtın bestselleri idi bu əsərlər. “Adamlar və talelər” bir neçə dəfə təkrar nəşr olunmuşdu. Bu əsərlər həm də sovet mühitinin məhsulu idi, onun əsərlərində təsvir etdiyi adamlar həm də sovet insanı idilər.
Şəhərin mərkəzində, Natəvan heykəli ilə üzbəüz binanın ikinci mərtəbəsindəki evinə girəndə də adamı ötən əsrin havası vurur. Divara çox sevdiyi yazıçı Tolstoyun portreti vurulub. Minlərlə kitabdan və Tolstoyun portretindən başqa heç nə gözə dəymir. Onu dünyaya bağlayan da elə bu kitablar idi. Qohumları deyir ki, özünün kitablarından heç qalmayıb, gəlib-gedənlərə oxumaq üçün verib, aparıb gətirməyiblər.
Hüzr yerində qələm adamlarından heç kəs gözə dəymir. Axı necə ola bilər ki, ucdantutma hamının yazıçı olduğu bu ölkədə 80 illik yaradıcılıq yolu keçmiş qocaman bir yazıçının dəfni bu qədər urvatsız olsun?!
Uzun illər idi ki, evdən çölə çıxa bilmirdi. Dostlarını ölüm əlindən aldıqca daha da tənhalaşırdı, özünə qapanırdı. Onun mənsub olduğu ədəbi nəslin nümayəndələrindən heç kəs qalmayıb. O, sonuncu mogikan idi. Nəhayət ki, o da tarixə qovuşdu. Hekayələrindən birini xatırlayıram, orda belə bir cümlə vardı, təxminən beləydi: “Kitablarımın ömrü mənim ömrümdən qısa olacaqsa, elə hesab edin ki, mən heç yaşamamışam”.
Deyirlər çox mərd, sözü üzə deyən, cəsarətli qadın olub. Elə buna görə də çoxlarının ondan xoşu gəlməyib. Xarakterindəki əyilməzlik bir sıra məsələlərdə ona “mane” olub. Çoxları ondan qisas almaq istəyib... Ömrü boyu təmənnasız yaşayıb, heç nədə gözü olmayıb.
Ötən əsrin havası dolaşan bu evdə nə qədər romanlar, povestlər, hekayələr yazılıb. Sağlam, gümrah, hafizəsinin hələ yerində olduğu vaxtlarda bu evə onun qələm dostları gəlib-gedərmişlər. Bəxtiyar Vahabzadə Tolstoyun portretinə işarə edərək deyərmiş ki, sənin də Allahın budur.
Qardaşı, rəssam Rasim Babayevin ölümü onun qəddini bir az da bükdü, qardaş itkisiylə birgə yaddaşı da zəiflədi, huşu getdi. Sərbəst yeriyə bilmədiyindən ona bu evdə köməkçisi baxırdı.
Dünyanın ən kədərli mənzərəsidi bu ev. Yiyəsiylə birlikdə bu ev də sanki öldü. Bu evin təyinatı dəyişdi. İndi bu evi heç kim tanımır, tanıyanlar haqq dünyasındadırlar.
Nə vaxtsa binanın fasadına barelyef vurulacaqmı ya yox, bilmirəm... “Bu evdə yazıçı Ələviyyə Babayeva yaşayıb”... Onda bu ev yenidən diriləcək...