Gündəlik mütaliə vərdişinə baxmayaraq, Saramaqonun “İsanın İncili” romanını düz üç aya oxuyub bitirdim. Bu, indiyə qədər oxuduğum əsərlərin içində mütaliə prosesi uzun çəkən yeganə romandır. İsanın obrazı Bulqakovun “Master və Marqarita”, Çingiz Aytmatovun “Qiyamət” əsərlərində də işlənib. Bu haqda vaxtilə ayrıca bir yazı yazmışam, ona görə özünü təkrara yol vermək istəmirəm. Bu dəfə Saramaqonun İsası haqqında yazmaq istədim.
“İsanın İncili” oxucudan xüsusi hazırlıq tələb edir. Əsər mürəkkəb dil strukturuna malikdir. Xoşbəxtlikdən indiki tərcümə hərc-mərcliyində bu romanın bəxtinə İlqar Əlfioğlu kimi peşəkar bir tərcüməçi düşüb. Saramaqonun yırtıcı təfəkkürünün həddi-hüdudu yoxdur, onun təxəyyülünün sərhədləri sonsuzdur, elə ilk cümlələrdən dibi görünməyən bir okeana düşdüyünü anlayırsan; üzməyi bacarmasan, batacaqsan. Mən “İsanın İncili”ni oxuyub bitirənə qədər arada, 6-7 roman oxudum. Fərqli müəlliflər idi – Aqata Kristi, Martin Paj, Henri Miller, Folkner, Heminquey, Aişə Kulin... Çünki Saramaqonu birnəfəsə oxumaq qeyri-mümkündür. İllüziya və gerçəkliyin qovuşduğu hadisələrin kökündə əbədi bir həqiqət dayanır: İsanın həqiqəti!
Saramaqo bu əsərinə görə dövlət katibinin müavini postundan istefa verərək vətəni Portuqaliyanı tərk etmək məcburiyyətində qalıb. Onu küfr yazmaqda, Tanrıya qarşı çıxmaqda, tarixi həqiqətləri lağa qoymaqda ittiham etdilər. Yazıçının Kanar adalarına mədəni şəkildə sürgün olunmasıyla nəticələnən bu əsər eyni zamanda onu Nobel kürsüsünə gətirib çıxardı.
Romanda tarixi həqiqətlərin yazıçı tərəfindən interpretasiyası olunması xüsusilə diqqəti çəkir. Yazıçı “Bibliya”, “İncil” və “Əhdi-Cədid”də əksini tapan səmavi həqiqətlərə toxunmadan öz həqiqətini, öz İsasını yaradıb. Amma bu İsa səmavi və dünyəvi həyatın həqiqətlərinin qovuşuğunda təsvir edilir. İsanın taleyini müəyyənləşdirən qara gil kasa əsərin əvvəlindən sonuncu cümləsinə qədər oxucunu mistik aurasında saxlayır. Sonda da çarmıxa çəkilən İsanın qanı məhz elə o gil kasanın içinə damla-damla axır. Kasa vasitəsilə Məryəmə əyan olan sirli həqiqət sonda bir ovuc qana çevrilib kasaya qayıdır.
Dülgər İosifin qapısına dilənçi formasında gələn o naməlum şəxs Məryəmə bətnində uşaq gəzdirdiyini xəbər verir. Daha sonra dülgər İosif təsadüfən çar İrodun Vifliyemdə doğulan körpələrin qılıncdan keçirilməsi haqqında əmrini eşidir və Məryəmi də götürüb mağaraya çəkilir. Həmin şəxs mağaranın ağzında da Məryəmin gözünə görünür və ona deyir ki, sənin ərin günahkardl, o, bu məşum xəbəri Vifliyem əhalisinə çatdıra bilərdi, amma o, ancaq özünü və ailəsini düşündü. İndi atasının törətdiyi cinayətin kölgəsi İsanın üstünə düşəcək.
Bundan sonrakı hadisələrdə İsa bir neçə dəfə Tanrıyla qarşılaşır və möcüzələr göstərməyə başlayır. Anasıyla görüşdə Məryəm oğluna deyir:
- İsa, sənin dilinlə İblis danışır.
İsa isə anasına belə deyir:
- Bəlkə İblis deyil, Tanrıdır?
Daha sonra isə deyir ki, görünür, insanlar həqiqəti lap doğulanda tapırlar, amma dillərinə gətirmirlər ki, tapdıqlarının həqiqət olduğuna əminlikləri yoxdur.
İsa həqiqəti doğulanda tapmışdı və onun başqa insanlardan fərqi də ondaydı ki, həmin həqiqəti dilinə gətirməkdən çəkinmədi. Baxmayaraq ki, o, atasının günahını öz canında ağrı kimi daşıyırdı, amma özü günahsızlıq mücəssəməsinə çevrilməyi bacardı. O, seçilmişlərdən idi.
Və qaçılmaz sonluq – İsa çarmıxa çəkilir...
Saramaqonun təsvirləri mükəmməl və möhtəşəmdir. İnsan zəkasının, təxəyyülünün bu qədər hüdudsuz olmasına heyrətlənməmək mümkün deyil. Yazıçı bədii mətndə ustalıqla tarixilik və müasirliyin sintezini yaradıb. Əsəri oxuduqca zaman amilini unudursan. Əbədi həqiqətlər həmişə zamandan ötədir. Bəlkə də bu, ona görə belədir ki, İsanın həqiqəti zamanın sərhədlərini çoxdan aşıb. Yazıçı zaman problemini çox ustalıqla həll edə bilib.
“İsanın İncili” bu baxımdan mənim üçün qiymətli bir əsərdir.