Unudulmuş zamanın göyərçini

Unudulmuş zamanın göyərçini
30 sentyabr 2014
# 10:41

Nigar İsmayılqızının bu günlərdə Kulis.az-da gedən “Gözəl qadına bənzəyən şəhər” yazısını oxuduqdan sonra İstanbulla bağlı yaddaşımdakı xatirələr yenidən oyandı və bu yazını qələmə alası oldum.

Ümidlər mövsümü bitir və son baharın nisgil dolu ovqatı içimizi üşüdür... Özləm fəsli başlayır, günlər qısalır, gecələr uzanır. Və darıxırsan... Gedənlərin bir daha qayıtmayacağını bilə-bilə yenə darıxırsan. Amma gedənlər elə-belə getmir, “gedəndə də qalır adam”... Getməyənlərçün də darıxırsan; həyatın təsəlli adlı bu miskin payına da sahib çıxa bilmədiyinçün darıxırsan. Bu can üzən mürəkkəb həyəcanların qoynunda tufana düşmüş gəmi kimi çalxalanırsan. B. Rassel deyirdi ki, bəşəriyyətin törətdiyi günahların yarısı darıxmaq üzündən baş verir. Darıxmaq insanı günaha sürükləyir.

Bir də darıxdığın şəhərlər var. O şəhərlər ki, hər dəfə getdiyində ruhun bədənində dinclik tapır, hiss edirsən ki, yaşayırsan, dünyanın bütün gözəllikləri nəhəng, ucsuz-bucaqsız bir sərgi kimi qarşında açılır. O şəhərlər taleyin vurduğu yaraları ovudur, sanki bədənin qabığını dəyişir, ağrılarını unudursan və ona qənirsiz bir gözələ vurulduğun kimi vurulursan, onunla centlmen kimi davranmağa məhkum olursan. İstəyirsən ki, bir müddət gəldiyin şəhər içində unudulsun. İstanbul mənim üçün həmişə belə bir şəhər olub. Sultan Mehmetin savaş tarixində bənzəri olmayan bir planla, gəmiləri qurudan keçirərək fəth etdiyi İstanbul!

İlk dəfə beş-altı il bundan öncə Bozaziçindən keçəndə sanki duyğulardan yaranmış bir dağın zirvəsini fəth edirmiş kimi köksüm qabarmışdı, fövqəladə hisslər yaşamışdım. Həyatım boyunca yaşadığım ən gözəl duyğu idi bu! O anlarda beynimdən belə bir fikir keçdi ki, nə qədər insan bu gözəl anları yaşamadan dünyadan köçüb. İstanbul sevdasından doyulmayan bir şəhərdir. Xoşbəxt olduğun anlarda zamanı unudursan, İstanbul insana zamanı unutduran şəhərdir. Bəlkə də xoşbəxtlik elə zamanı unutduğun yerdən başlayır...

İstanbul sözün əsl mənasında zəngin mozaikalı, qəlbinin qapılarını bütün millətlərin, xüsusən, türkdilli xalqların üzünə çox böyük bir genişliklə, səxavətlə açmış bir şəhərdir.

İstanbul gecələri dillərdə dastana çevrilib, axşamlar şəhər sanki təzə gəlin kimi duvağını üzündən qaldırır və qənirsiz gözəlliyi ilə adəm övladını mat qoyur. Dünyanın dörd bir tərəfindən bu əfsanəvi şəhərə axın var. Prens adalarının ən böyüyü olan Böyükada Bizans dövründə sürgün yeri olub. Tarixi binaları, quş civiltiləri, çiçək qoxulu küçələri və təmiz havasıyla İstanbulun dibində bir cənnət kimi duran Böyükadanın ən yüksək təpəsində yerləşən Aya Yorgi kilsəsi və monastırına qalxmağa dəyər. Buradan görünən gözəlliyi sözlə ifadə etmək sadəcə, mümkünsüzdür, gərək hər şeyi gözünlə görəsən.

Həmişə bu şəhərin küçələrini pay-piyada doyunca, yorulunca gəzməyi arzulayırdım. İndi Zeytinburnudan gəzə-gəzə gəlib Topqapıya çıxıram, Topqapı insanın xəyalını tarixin dərinliklərinə doğru çəkir. Topqapı Bizans sarayının qalıqları üzərində tikilib, dəfələrlə bu sarayın üzərində inşa əməliyyatları aparılıb, hər gələn sultan bu sarayı öz zövqünə ram etmək istəyib. Topqapı günümüzə bax, beləcə gəlib çıxıb, dəfələrlə tikilib-sökülərək, zahiri görkəmini dəyişə-dəyişə. Amma bu sarayın əzəməti, möhtəşəmliyi insanı həmişə heyrətə salıb.

İstanbul küçələrində azad bir məhbus kimi dolaşıram. Şəhər kəmşirin çaxır kimi beynimi dumanlandırır.

Türklər İstanbulu fəth etdikdən sonra bu şəhər ağlasığmaz dərəcədə dirçəliş dövrünü yaşadı. İstanbulun ən möhtəşəm saraylarını Memar Sinan tikdi və öz yaratdıqları ilə daha zirvəyə yol qoymadı. Amma nədənsə onun heykəli İstanbulda deyil, Ankarada ucaldılıb. 1100 illik tarixə malik olan Şərqi Roma imperatorluğunu aradan qaldıraraq İstanbulu fəth edən Fateh Sultan Mehmetin ilk sözü belə olmuşdu: “İstanbul dünyanın paytaxtı olmalıdır!” Bu xülya I Pyotrun da beyninə uzun müddət hakim kəsilib. İstanbul dünyanın paytaxtı olmasa da dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi.

Zaman-zaman İstanbula yolu düşən, Adaları gəzən səyyahlar, var-dövlət sahibləri, zəngin insanlar ömürlərini başa vurduqdan sonra burada dəfn olunmaqlarını vəsiyyət edirmişlər. Bu qəribə vəsiyyət əlbəttə, əbədiyyət istəyindən doğurdu. Bu insanlar istəyirdilər ki, zaman durduqca onların ruhu bu cənnət guşədə, əbədi məkanda qərar tutsun. Deyilənə görə, həmişə uzaq-uzaq ölkələrdən Adalara tabutlar daşınırmış. Bizansların dövründə bu yerlərdə istirahət ocaqları olubmuş. Adalardan bəhs edərkən yadıma çox-çox illər bundan əvvəl hansısa türk müğənnisinin ifasında dinlədiyim bir şarkı düşdü:

Adalardan bir qız gəlir bizlərə,

Aman Allah, gözlərə bax, gözlərə!..

İndi bu sətirləri yaza-yaza düşünürəm ki, Adalar kiminə cənnət, kiminə cəhənnəm yeri olub. Türk yazıçısı Səmihə Ayverdi özünün məşhur “İstanbul gecələri” kitabında yazır:

“İstanbulu qılınc və qüvvət zoruna olduğu qədər də mənən fəth etmiş, onu öz mədəniyyəti, öz imanı, öz zövqü və sənəti ilə əzəl başdan yoğuran türklər sanki bu şəhərlərə qaçıb Mərmərəyə sığınmış kimi diz-dizə, baş-başa vermiş olan Adaları əsrlər boyu mənimsəyə bilmədilər. ...Əcəba, türklər buraya, əsilzadə qanıyla dönən Bizansın bu zülm və işgəncə çarxına, heyvanlarda belə müşahidə olunmayan bir vəhşət və canavarlıq səhnəsi olduğu üçünmü uzun müddət soxulmadılar? Yer üzündəki monastır və zindan diyarlarının bəlkə ən qorxuncları arasında sayılan bu kiçik torpaq yığınları, taxtından cəllad pəncəsinə düşən saysız-hesabsız imperatorlar, ana-ataları tərəfindən gözləri çıxardılmış şahzadələr, vücudları dağlanan şahzadələr, qamçılanan rahiblər, dörd atlı zəfər arabaları bir zamanlar düklər və patriklər tərəfindən idarə edilmiş başı taclı, əli əsalı kraliçaların ürək parçalayan dəhşətli aqibətlərini görmüşdür.” ( S. Ayvedi “İstanbul gecələri” səh. 154, Bakı 1993.)

İstanbulun cənnəti olan Adalar belə qanlı olaylara da şahidlik edib. Avropalılar bu yerləri Prens adaları kimi tanıyırlar. Baxıram, nə qədər xristian, müsəlman məzarlıqları var, burada yatanlar çox güman ki, yuxarıda dediyim kimi, Adalarda dəfn olunmağı vəsiyyət etmiş qəriblərdir. Həftənin şənbə və bazar günləri Adaları ziyarətə gələn yerli və yabançı insanların, turistlərin sayı həddən artıq çox olur. Biz orada olduğumuz zaman öyrəndik ki, Osmaniyəli Yörüklər turistlərin hədsiz maraq göstərdiyi Adalarda- Böyükada iskələsində sərgi açıblar. Yörüklər öz mədəniyyətlərini adalılara və turistlərə tanıtmaq istəyilə düzənlədikləri bu sərgidə dünyaca ünlü Qaratəpə kilimləri haqda qonaqlara məlumat verirdilər. Əl dəzgahlarında toxunan bu kilimlərin ipləri qoyun yunundandır, boyalar isə dağlardan toplanan bitkilərdən qazanlarda qaynadılaraq ənənəvi üsullarla hasilə gətirilir.

Şalvar geyinmiş Yörük qadınları ayran çalır, fəsəli yayırdılar. Bu çadırlarda Osmaniyə yeməkləri, qədim alətlər, milli geyimlər və daha nələr, nələr nümayiş etdirilirdi. Öyrəndik ki, bu tük çadırlar Osmaniye Kültür və Yardımlaşma Dərnəyi Onursal başkanı Sabahattin Küçükosmanoğlunun təşkilatçılığı ilə qurulub. Azərbaycanda da vaxtaşırı belə çadırların qurulmasını ürəkdən arzulayıram. Bu tipli sərgilərə bizim daha çox ehtiyacımız var, çünki biz öz keçmişimizi tez unuduruq. Buradan unudulmaz təəssüratlarla ayrıldıq.

İstanbulda ən çox axtardığım kitab mağazalarıydı. Şişlidə, Bağırköydə və bir də İstanbulun özündə, bizim Torqovıya bənzəyən, bulvar deyilən yerdə Kitab fuarına rast gəldim. O vaxt hər yerdə - avtobus dayanacaqlarında, çarşılarda və digər yerlərdə Elif Şafakın “Aşk” kitabının reklamı gedirdi. İstanbulda da onun kitabları uzun müddət satış listələrindən düşmür. Orda olduğum zaman Türkiyədə yenicə nəşr olunmuş “Aşk” kitabını, Orxan Pamukun “İstanbul. Xatirələr, şəhər”, Hitlerin Azərbaycanda böyük bir qovğaya səbəb olmuş “Kavğam” kitablarını və bir neçə kitabı alıb bununla da qane oluram. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun kitabları digər əcnəbi yazıçılarının kitablarına nisbətən kitab fuarlarında çoxluq təşkil edir, hər halda İstanbulda mənim ən çox rastlaşdığım kitablar Çingiz Aytmatova məxsus idi. Bəlkə də bu, ondan irəli gəlir ki, Ç. Aytmatovun əsərlərində müəyyən mənada türkün möhtəşəm ruhu, mənəvi dünyası öz əksini tapıb.

İstanbulda aradığım insanlardan biri də çağdaş türk şeirinin ünlü simalarından biri olan Ataol Bəhramoğlu idi. Türkiyəyə səfər ərəfəsində şair dostum Səlim Babullaoğlu ilə görüşmüşdük və ona İstanbula gedəcəyimi demişdim. O da mənə Ataol Bəhramoğlunun telefonunu vermişdi və onunla görüşsən, çox yaxşı olar, demişdi. Amma Səlimin sözarası dediyi “bir az soyuqqanlı adamdır,” ifadəsi beynimdə təkrar-təkrar səslənirdi.

Bir sabah tanış bir şəhərə girərkən

İsti və dost şeylər düşünür insan.

İsti və dost şeylər düşünə-düşünə Ataol bəyə telefon açıram, dəstəyi qaldırır, kimliyim haqqında məlumat verib artıq bir neçə gündür ki, İstanbulda olduğumu bildirirəm. “Bəs niyə həmən beni aramamısan?” deyə bir qədər məni danlayır. İstanbula tedavi məqsədi ilə gəldiyimi söyləyirəm, “keçmiş olsun!” deyir və əlavə edir ki, sağlığını türk doktorlarına əmanət edə bilərsən. Onunla görüşmək arzusunda olduğumu bildirirəm.

Sən demə, mən zəng etdiyim gün-avqustun 12-də Datçada yerli bələdiyyə və Ədəbiyyatçılar Dərnəyinin təşkilatçılığı ilə türk şeirinin tanınmış isimlərindən olan Can Yücəlin vəfatının 10-cu ildönümü münasibətilə düzənlənən Datça Ədəbiyyat günlərinin açılışı imiş. Ataol Bəhramoğlu həmin tədbirə qatıldığını bildirdi və dedi ki, hal-hazırda mən Datçadayam, könlün istəyirsə, gəl, görüşək.

Orda yaşayan dostum Sahibə telefon açıb Datçaya getmək istədiyimi dedim və xahiş etdim ki, yolu mənə başa salsın. Vallah, sənə nə deyim, ən azı 12 saatlıq yolun var... – dedi. Fikirləşdim ki, təkcə gedib qayıtmaq üçün 24 saat - düz bir gün vaxt tələb olunur. Yola çıxmaq imkansız idi. Çünki növbəti gün avtobusla Bakıya çıxmalıydım, artıq biletləri də almışdım. Böyük təəssüf hissi ilə bu səfərdən vaz keçməli oldum. Sübh tezdən telefonumun zənginə yuxudan ayıldım. Ataol Bəhramoğlu idi: - Kenan bey, dün sizi bekledim, gelməz oldunuz...

Vəziyyəti anlatdım. Təəssüfləndiyini bildirdi və İstanbula gəldiyim gün zəng vurub xəbər vermədiyimə görə məni yenə yüngülcə qınadı. Xahiş etdi ki, Azərbaycandakı bütün dostlara onun salamlarını çatdırım. Qismət olarsa, haçansa görüşəcəyimizə inandığını bildirdi.

Yay keçdi, hüznlər qaldı,

Dodaqlarda öpüşlərdən izlər qaldı.

Seyrəldi get-gedə ulduzlu gecələr,

Soyuq aylar, yaşıl gündüzlər qaldı...

Yaddaşımda Ataol Bəhramoğlunun bu misraları dolaşırkən İstanbuldan heç ayrılmaq istəmirəm. Heç...

...Təkrar yollar heç əvvəlkinə bənzəmir. Gələndə Qara dənizin səthi masmavi idi, indi isə rəngi boğulub, qaralıb. Avtobusumuz yenidən Boğaziçindən keçir, mənə elə gəlir ki, Bəbəkdə əbədi donub qalmış Orxan Vəlinin yol çəkən gözləri arxamızca boylanır, bizə uğurlu yol diləyir... Qəfildən bir göyərçin sürətlə şütüyən avtobusun ön şüşəsinə çırpılıb yol kənarına düşür. Unutduğum ağrılar o göyərçinin ölümüylə oyanır və bütün gecəni o quşun intiharı haqda düşünürəm...

# 1859 dəfə oxunub

Müəllifin son yazıları

# # #