Bütün arzulara yox
Heç vaxt mənim olmayacaq
nəsnələri arzulamaqla keçdi ömrüm,
sevdiklərim heç vaxt mənim olmadı,
ilk oxum daşa dəyəndən
yanıq düşmüşəm sevgidən,
arzular zamanın çuxurunda buxarlanıb,
yox olub,
arzuladığım qadınlar çox olub,
onlar da elə arzu olaraq qaldı,
insanı arzu qocaldır,
arzu öldürür,
tüpürdüm bütün arzulara!
Hər gün, hər saat, hər dəqiqə səni arzulamaq
araqdan, tütündən betər parçalayır
ciyərlərimi...
nə gəlirsən, nə gedirsən,
həyatımın ən öldürücü arzusu oldun sən,
sənə görə
tüpürdüm bütün arzulara!
Səni sevən gündən darıxmaq xəstəliyinə tutuldum,
ürəyimin döyüntüsü saniyələri qabaqladı,
yarpaq küləyə boyun əyən kimi
təsilim oldum sənə-
yəni ayrılığa...
o gündən
tüpürdüm bütün arzulara!
Sən əzbərimdə olan
ən uzun bir şeirsən,
bir daha yadımdan çıxmazsan yəqin,
noolsun kəsildim bu imtahandan...
axşambazarıdı,
götürün, bütün hisslərimi sizə bağışladım
və...
tüpürdüm bütün arzulara!...
Hardasan
Ünvanını tapmayıb
Üstümə qaydır
Yorğun ümidlərim...
Darıxıram yol ayrıcında,
Vağzallarda,
Ünvanın dəyişib,
Xəbərsiz getmisən...
Hardasan, harda?..
Son dəfə nələrdən danışdıq?
Mən Ondan,
Sən də Ondan,
Özümüz yaddan çıxdıq...
Gözlərin uzaq idi,
əllərin yaxın,
istədim soruşum:
hardasan, harda?!..
Sən də gəlib keçdin ömrümdən,
Hürkək addımlarınla,
Sən də qalmadın...
Kipriklərini yaylıqtək yelləyib keçdin,
Hardasan, harda?
Yenə ürəyimin səsini
ayaqlarım eşidir,
ümidim sən gələn yola söykənir,
susaraq getməyi
nə tez öyrəndin?
Hardasan, harda?!.
Günahlarımın əfvinə
Bu badəni sənin yoxluğuna qaldırmışam,
günahlarımın əfvinə içirəm-
bağışlamayacağını bilsəm də.
Mən də bu günahı seçdim özümə,
yanımda olsaydın, yenə günaha batardım,
günahsız yaşamaq olmur
bu fani dünyada...
günah həyatın astar üzüdü,
sənin yoxluğuna içirəm...
Orucu pozulmuş adam kimi
“daha keçdi” deyib
bir siqaret də yandırım
sənin yoxluğuna...
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?...
Xəyalımda səni düşünüb
özgəsinin qoynunda itdim,
sənin yoxluğundan başladı
xəyanətə aparan yollar,
sənin gözlərində batdım günaha,
özgənin qoynunda səni itirdim.
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?...
İçimdə qara gün üçün saxladığım ümidi
güllələdim bu gecə,
sənin yoxluğuna içdim bu gecə...