"Onların böyük mətnlər yaratmağına mütilikləri imkan vermədi!" - Səksənincilər niyə kölgədə qaldılar?

"Onların böyük mətnlər yaratmağına mütilikləri imkan vermədi!"   - Səksənincilər niyə kölgədə qaldılar?
17 oktyabr 2025
# 14:00

Yazıçı Səfər Alışarlının şair Əlisəmid Kürün vəfatından sonra səsləndirdiyi "Gözümüzün qabağında böyük bir nəsil haqqını almadan qırılıb gedir" - fikri səksənincilərin "itkin nəsil" olmasını yenidən gündəmə gətirib.

Kulis.az ədəbiyyat adamlarının bu mövzuya münasibətini təqdim edir.




Saday Budaqlı:

"80-ci illər nəsli deyəndə bir xeyli imza yada düşür: Afaq Məsud, Rafiq Tağı, Səfər Alışarlı, Əlisəmid Kür, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Rahim Dünyamalı, Maarif Soltan, Əlabbas Bağırov, Nəriman Əbdürrəhmanlı…

Ədəbiyyatdan söhbət düşəndə indi də bu adamların adı çəkilir. Yəni unudulmaqdan, laqeyd münasibətdən söhbət gedə bilməz.

Sadəcə, 80-ci illər nəslinin yazıb-yaratdığı dövr müharibəyə təsadüf etdi. Onda da, ümumiyyətlə, ədəbiyyat arxa plana keçmişdi. Jurnallar çıxmırdı, kitab çap olunmurdu. Çap olunanda da demək olar, oxunmurdu.

Təbii ki, təlatümlər dövrü olan bu on il (90-cı illər) hamı kimi həmin nəslin nümayəndələrinin də əlini soyutdu, hansısa yazılar yarımçıq qaldı, düşünülən nələrsə yazıya çevrilmədi".



Səfər Alışarlı:

"Zaman 80-ci illərin ədəbiyyata gəlişi dövründə dəyişmədi. Onda oturuşmuş bir zaman var idi, 60-cı illərdən gələn ədəbi məfkurə 80-ci illərdə davam edirdi. Böyük bir sabitlikdən söhbət gedir.

O zaman ədəbiyyata həqiqi ədəbi dəyərlər hakim idi. Lakin 80-ci illərin sonlarında SSRİ-nin dağılması ilə əlaqədar ədəbi kriteriyalar dəyişməyə başladı.

Ədəbiyyat arxa plana keçdi və ədəbi simaların böyük əksəriyyəti birbaşa siyasətə atıldı. Siyasət və ədəbiyyatın dostluğu isə alınmaz.

Ona görə də 80-ci illər ədəbi nəsli həm vaxt, həm intensivlik, həm də ədəbi məhsul baxımından müəyyən itkilər verdi. Amma bütövlükdə nəsli "itirilmiş nəsil" hesab eləmək olmaz.

Laqeyd münasibətin birmənalı səbəbi isə ölkəmizdə ədəbi müxalifliyin qəbul olunmamasıdır.

80-ci illər ədəbi nəslində də müəyyən ədəbi müxaliflik var idi və bu, 60-cı illərin ədəbi müxalifliyindən heç də geri qalmırdı. Əksinə, irəli idi.

80-ci illərdə sistem köhnəldi, bağlar boşalmağa başladı, insanlar bu barədə danışırdılar və yazıçılar insanların danışdıqlarını ədəbiyyata gətirməli idilər. Altmışıncılarda isə bu azadlıq nəfəsi nisbətən zəif idi.

Buna baxmayaraq, onlar bu nəfəsi qoruyub, 80-ci illərəcən daşıya bilmişdilər. 90 və 2000-ci illər ədəbi nəsillərində isə mən ədəbi müxaliflik görmürəm.

Onlar, əsasən, peşəkarlığın yüksəlməsi uğrunda mübarizə aparırlar".



Zahid Sarıtorpaq:

"Sözün düzü, mən ədəbiyyatçıları nəsillərə bölməyi qəbul etmirəm. Ədəbiyyat var və onu yaradanlar var. Bunun zamanla nə qədər bağlı olması fərq etməz.

Ona görə də kimin itmiş, kimin qalmış nəsilə aid olması mənim üçün maraqsızdır.

Laqeyd münasibətin obyektiv və subyektiv səbəbləri təkcə nəsil fərqliliyində deyil, oxucu səviyyəsindədir. Bu qədər…"





Nəriman Əbdürrəhmanlı:

"Şəxsən mən 80-ci illər ədəbi nəslinin "itmiş nəsil" olduğu fikrini düzgün saymıram. Sadəcə, yaradıcılıqlarının ilkin mərhələsi zəmanənin qarışıq vaxtına düşdü, bir çoxları öz potensialını yetərincə gerçəkləşdirə bilmədi, ya böyük zaman itkisinə məruz qaldı. Bu səbəbdən də 80-cilər bir ədəbi nəsil kimi çox çətin yol keçdi, tam formalaşa bilmədi.

Mən mənsub olduğum nəslin yaradıcılıq siqlətini sübuta yetirmək üçün hətta yaratdıqları poeziya, nəsr, ədəbiyyatşünaslıq, ədəbi tənqid, tərcümə nümunələrindən ibarət ikicildlik antologiya da tərtib elədim. Təəssüf ki, o antologiyanı hələlik nəşr etdirə bilməmişəm. 80-ci illər nəslinə mənsub olanlar arasında sanballı əsərlər yaratmış yetərincə ciddi imzalar var, əsərləri və imzaları sadalamaq çox yer tutardı. Lazım gəlsə, Kulis.az saytında hər həftə 80-cilərdən birini təqdim eləyə, istedadlarının miqyasını göstərə bilərəm.

80-ci illər ədəbi nəslinin boyunun yetərincə görünməməsinin obyektiv səbəblərindən biri klassiklərin və 60-cıların kölgəsinin daim üstlərində olmalarıdır. Daim ədəbi nümunələrin nəşri məsələsi ortaya gələndə onlar siyahıya salınıblar, fəxri məqamlar və adlar veriləndə siyahıda onlar olublar.

Ədəbi araşdırmalarda başlıca olaraq onların yaradıcılığına müraciət olunub. Üstəlik, ədəbiyyatşünaslar və tənqidçilər 80-ciləri bir ədəbi nəsil kimi təsdiqləməyə meyil göstərməyiblər.

Nəticədə də bizə “itmiş nəsil” yarlığı yapışdırılmasına göz yumublar. Belə çıxır ki, 60-cılarla 2000-cilər (yəni, ən son nəsil) arasında qara dəlikdən başqa heç nə yoxdur. Bu, əlbəttə, ağrılı haldır".



Fəxri Uğurlu:

"Gərək düzünü deyəsən, nəsrimizin 1980-ci illərdə ədəbiyyata gəlmiş nəslinin bəxti doğrudan gətirməyib. Bir yandan özündən əvvəlki nəsillərin ədəbi-siyasi avtoriteti, avtoritetlərin həm ədəbi, həm siyasi basqısı altında ədəbiyyata gəlməyin, yəni həm yazmağın, həm də çap olunmağın çətinliyi, o biri yandan 80-ci illərin ortasında çalxanıb bulanmağa başlayan mühitin sözü-sənəti yavaş-yavaş batırması, sənət adamını atdan salıb sənətin laboratoriyasında klonlaşdırılmış embrioncuqları ata mindirməsi bu nəslin belini qırdı. Yazıq gənc yazıçı bundan sonra neyləsin – oxuyub öyrənməyin, yazıb çap elətməyinmi qayğısına qalsın, yoxsa çörək dalınca qaçsın, ev qursun, bala saxlasın, mitinqə getsin, elegiya yazsın?

Elegiya yazmağına indi də yazırlar, ancaq daha böyük-kiçik düşmənlə savaşda ölənlərə yox, özlərinə – redaksiyalarda, nəşriyyatlarda itib-batan, əsir düşən ümidlərinə, cırılıb-atılan, yandırılan, qorxusundan heç doğulmayan yazılarına…

Əyalətdə yaşayan Aslan Quliyev "ölümündən sonra" yazdığı yekə bir "cinayət xronikasında" onu iyirmi il qabaq doğulmamış öldürən "qatillərindən" yaxşıca "qisas alıb".

Sinəsi yaralı Əlabbas da əlinə bir çomaq alıb dərddaşının hayına yetib: "Onlar kimi öldürmədilər?"

Nəriman Əbdülrəhmanlı bir az da uzağa gedib, "Yalqız" romanını öz ədəbi nəslinə elegiya adlandırıb.

Mən onları başa düşürəm. Özümu 80-cilərin cərgəsinə qatmasam da, mənim də ilk yazılarım o illərdə üzə çıxıb, bəxtim onlarınkından yeyin yerisə də, o dövrün ədəbi siyasətindən, redaksiya mühitindən xəbərim var. O zamanın eyiblərini nə təkcə adamların, nə də təkcə dövrün ayağına yazmaq olar.

Sözün düzü, üstündən on illər ötəndən sonra o keçmişin bədnam işləklərinə əzabkeş-qisasçı prizmadan baxmağı tendensiyaya çevirməyin mən o qədər də tərəfdarı deyiləm. Sənətdə hər pisliyin cavabı yaxşı əsərlə verilməlidir.

Üstəlik, o dövrdə redaksiyalardan qaytarılan yazıların bir çoxunun gerçəkdən zəif olduğuna mən bu gün də şübhə eləmirəm.

O biri yandan 80-ciləri yalnız qarğanmış nəsil kimi ağlamaq da olmaz, "bəxti gətirənlər" də vardı; məsələn, Səfər Alışarlının bir cüt hekayəsi "Azərbaycan" jurnalında baş redaktor Əkrəm Əylislinin məktub-təqdimatının ardınca təmtəraqla çap olunmuşdu, Eyvaz Əlləzoğlunun, Rafiq Tağının adı artıq təsdiq olunmuş yazıçılar sırasında çəkilirdi, Yaşarın hekayələri "Ulduz" jurnalında qoşa-qoşa dərc olunurdu...

Saday Budaqlı bir az da irəli getmişdi, Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu vaxtlarda Moskva mətbuatında hekayələri çap olunmağa başlamışdı, hətta ilk kitabı da qırmızı dünyanın paytaxtında çıxmışdı, həm ayrı-ayrı yazılarına, həm də kitabına görə mükafatlar almışdı, bir az da keçsəydi, yəqin dünya ədəbi mühitinə yol tapacaqdı. Ancaq qəribədi, beton divarlar, dəmir pərdələr söküldükcə bizim dünyamız bir az da kiçildi. Bu gün Azərbaycan yazıçısı nəinki dünyaya, heç Bakıdan Bakıya da gedib çıxa bilmir…" - Bu, mənim 2007-ci ildə yazdığım "Yazıçının qisası" adlı yazımdan bir parçadı. O vaxtdan indiyə vəziyyət bir o qədər də dəyişməyib.

Səksənincilər nə köhnə quruluşdan, nə də yeni zamandan yarıdılar. Hərçənd təqribən ötən qırx ildə ədəbiyyatımızın qızıl fonduna düşəsi çoxlu gözəl əsər ortaya qoyublar.

"İtkin nəsil" deməzdim, ancaq fakt budur ki, səksənincilərin parlayan çağı nəsillər arasındakı bağların qırılan vaxtına düşdü, o səbəbdən onların nə əvvəlki, nə də sonrakı nəsillər arasında qədri-qiyməti bilindi.

Hərçənd bilənlər də var, səksənlər nəslinin aparıcı nümayəndələri bu gün də şövqlə yazıb yaradırlar. Onlara uğurlar diləyirəm, arzum budur bu dünyada özlərini axıracan ifadə eləyə bilsinlər".



Şərif Ağayar:

"80-ciləri haradasa, necəsə "itmiş", "itirilmiş nəsil" saymaq olar. Obyektiv səbəb sualın özündə var: SSRİ-nin dağılması, Milli Azadlıq Hərəkatı, yaradıcılığın arxa plana keçməsi, ardınca müharibə, işğal, qaçqınlıq və köçkünlük, iqtisadi böhran…

Subyektiv səbəb isə budur ki, mənəvi ataları heç bir postu onlara güzəştə getmədilər. 60-cılar nəinki öz övladlarını, hətta nəvələrini də "yedilər", nəticələri isə zamanın axarında özləri gedib onların boğazlarına düşdülər. Lakin bütün zamanlarda istisnalar olub və var. Məncə, 80-cilər bir az da çəkingən oldular. Onlar yeganə mövcudluq yolunu 60-cılarla dil tapmaqda gördülər, onlara sığındılar, 60-cılar isə daim onlardan istifadə etdilər.

Az qala hər patriarx 60-cının özünün 80-cilər “davamçısı” vardı. Kömək edirdilər, tanıdırdılar, amma bir yerəcən! Buynuzun qulağı keçməsinə imkan vermədən… Məncə, xeyli istedadlı imzalar olsa və xeyli maraqlı əsərlər yazılsa da, 80-cilər bir nəsil kimi “qəfəsi sındırıb tazə gülüstan tələb edə” bilmədilər. Düzdür, bu gülüstan heç vaxt gəlməyəcəkdi, amma ən azı tələb eləmək lazım idi.

Böyük ədəbiyyat nəticədən çox qovğanın özündən yaranır. 80-cilər nəsli “başını aşağı sal, yazını yaz” məntiqinin puçluğuna bariz nümunədir. Yazıçı başını aşağı salıb yalnız biət edə bilər.

Bütün bu obyektiv-subyektiv səbəblərlə yanaşı, 80-cilər arasında Səfər Alışarlı və Saday Budaqlı kimi oxuyub öyrəndiyimiz və mənəvi ata saydığımız dəyərli qələm adamları da var.

80-cilərin bir müsbət cəhəti də var: atalarından zülm görsələr də, övladlarını incitmədilər, onların uğuruna sevinə bildilər. Azadlıq və müstəqillik havasını şəxsən mən bütün nəsillərdən çox 80-cilərdən hiss etdim.

Onlar qəti şəkildə sovet konyunkturasına uymadılar, həqiqi ədəbiyyatın nə olduğunu çox erkən başa düşdülər. Bu işdə onlara Qorki adına Ədəbiyyat İnstitutu yaxından kömək elədi.

Həqiqi ədəbiyyatı anlayıb Azərbaycanda yaşamaq isə təxminən, məşəqqətdir".



İham Əziz:

"80-ci illər nəsli, 60-cıların sıx yarpaqlarının altında gün üzü görə bilmədi. Bunun obyektiv və subyektiv səbəbləri var. Bunlar aşağıdakılardır:

60-cılar sovetin quruculuq və inkişaf dövrünə düşdü. Həmin dövrlərdə yazıçılar həm də kommunist ideyalarının təbliğat və təşviqat maşınına xidmət edir, bu işə dövlət külli miqdarda vəsait xərcləyirdi. Siyasi iddiası olmayan yazıçıları xalqa tanıdır, onları partiya və hökumət orqanlarına yüksək vəzifələrə çəkirdilər.

60-cılar qıvraq tərpənib dünya ədəbiyyat nümunələri ilə tanış olan kimi o təsirdə əsərlər yazdılar. Bu mətnlər yeni idi, tezliklə uğur qazandılar.

Bizim ölkədə 60-cılar özlərindən qabaqkı nəslin davamçıları, hətta övladları idilər. Bu baxımdan onlara hər yerdə yaşıl işıq yandırılırdı.

Xoşbəxtlikdən həmin dövr yazıçılarımız da istedadlı çıxdı, rəqabətdə gözəl əsərlər yarada bildilər.

80-lər nəsli bir tərəfdən ölkənin durğunluq və dağılma dövrünə düşdülər. Çörək puluna görə çoxu yazıçılığı ikinci plana atdı.

60-cıların ağır senzurasına uğradılar.

80-lərdə yazıçı eqosu olmadı. 60-cılara heyrət və həsədlə baxdılar. Bu da onlara imkan vermədi ki, özündən qabaqkı nəsli inkar etsinlər. Böyük mətnlər ancaq inkarla yarana bilərdi. Mütilikləri imkan vermədi.

80-cilərin ən böyük "həndqap"larından biri də özlərindən sonra gələn nəslin inqilabçılığı oldu. Onlar hər şeyi inkar etdilər, özlərindən qabakıları linç etdilər və önə çıxdılar.

Əslində, Saday Budaqlı, Fəxri Uğurlu, Etimad Başkeçid, Qurban Yaqubov, Mahir Qarayev və başqaları böyük gələcək vəd edən yazıçılar idilər. Ancaq yuxarıda sadaladıqlarım buna imkan vermədi.

Ancaq bununla belə Saday Budaqlını yeni mərhələ hesab edirəm. 80-lərin nəsrinə və yaradıcılığına yenidən qiymətləndirmə indiki nəslin üstünə düşür".


# 960 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..."  - MÜZAKİRƏ

"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..." - MÜZAKİRƏ

12:00 30 sentyabr 2025
“Ona heç bir halda baş qoşma” - 20 günə tərcümə olunan bu kitab hansı dildədir?

“Ona heç bir halda baş qoşma” - 20 günə tərcümə olunan bu kitab hansı dildədir?

12:00 29 sentyabr 2025
Dəniz, buz kimi pivə, yay mallarına 70 faiz endirim - Yazıçılar yayın bitməsini nədən hiss edirlər?

Dəniz, buz kimi pivə, yay mallarına 70 faiz endirim - Yazıçılar yayın bitməsini nədən hiss edirlər?

12:00 10 sentyabr 2025
Ədəbi mühit lazımdırmı? - Yazıçılar öz məclislərindən danışdı

Ədəbi mühit lazımdırmı? - Yazıçılar öz məclislərindən danışdı

11:48 5 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər