Min qeyddən bir yazı

Min qeyddən bir yazı
30 noyabr 2012
# 08:00

Bu günlərdə, nə vaxtsa, uzun illər bundan öncə yazdığım və az qala unutduğum bir yazını xatırladım. Həmin yazının arxivimdə neçə müddətdi ki, cidd- cəhdlə məndən gizləndiyini də bilirdim. Odur ki, cani- dildən axtarışa başladım və müxtəlif illərin qeydlərlə dolu dəftərçələri diqqətimi çəkdi. Sanki özgəsinin yazılarını oxuyurammış kimi, sonsuz maraqla bu dəftərçələrə aludə oldum.

Müxtəlif situasiyaları əhatə edən, hardasa bütöv yazılarıma hazırlıq mərhələsində yaranan, bəlkə də o yazıların hansısa bəndindən sürüşüb düşən bu qeydləri bir yerə toplayıb yazı şəklinə salmaq istədim. Sonra isə düşündüm ki, həmin qeydlər heç vaxt bir yazının hökmünə, strukturuna tabe olmayacaq. Onları elə pərakəndə şəkildə təqdim etsəm yaxşı olar.

***

Qayalar zaman- zaman dənizin köpüklü dalğaları üzərinə yazılmış sirli yazıları oxuyur və öz daş sinəsinə yazır. Qayalar dənizlərin tarix kitablarıdır. O tarix kitablarını sükut dilində oxumaq üçün bir balıqçı ömrü yaşamaq gərəkdir.

***

“Ölülər” Bakı tamaşaçısının hay- küylü varasiyalarının, ümumi heyranlığının yavaş- yavaş qapanan dairəsindən çıxıb.

Saray ağır, təmkinli sakitliyə batmışdı. Hamı pərdənin açılmasını gözləyirdi. Zalda oturanların parlaq, ani, rəngarəng mənzərələrə öyrəşməklə korlanan qavrayışı səhnədə olanları anlamağa imkan tapmamış hardansa soyuq, təkəmseyrək alqış sədaları eşidildi, tez də kəsildi. Yenə baxışlar səhnənin dərinliyinə zilləndi.

Kefli İsgəndər hansısa məqamda zəncirini qıran ruhun uçuş məqamı idi. Dünyanı məhəbbətdən, eşqdən yaradan Tanrı ilə ondan törəyən kiçik zərrənin, böyük işıqda ondan qopan qığılcımın mərd- mərdanə söhbəti, xoflanmış baxışların qarşısında gedən dialoqu idi.

Hamı XX əsrin sonu, XX1 əsrin əvvəlində bütün sivilizasiyalı dünyanın vurnuxa- vurnuxa axtardığı, həsrətində olduğu böyük harmoniya, böyük əlaqə qığılcımının öz daxilində, gen yaddaşında yaşadığını hiss etdi... Hər birimizin içində yaşayan o səsə sadəcə, qulaq vermək gərəkdir.

Psixotexnikaya doğru bir gediş. Səs zalın divarlarına dəyib çiliklənir, tamaşaçıların üzərinə səpələnir.

Hamı qeyri- ixtiyari diksinir...

***

Divar dibində bitən ağaclara etibar yoxdur. Qulluğunda duracaqsan, böyüyüb bəhər verəcək, di gəl, meyvəsini yoldan ötənlər yeyəcək. Bir gözü həmişə hasarın o üzündə olacaq, budaqları da o üzə meyllənəcək.

***

Yenicə şeir yazmağa başlayan gənclər poeziyaya ölüm dalğası üstündə gəlirlər. Sanki qələmin ucunu ölüm kəlməsilə yonub- yontalayırlar. 70- ci illər poeziyasının dəlilik dövrünü adlayıb 90-cı illərin ölüm mərhələsinə çatmasıyla simvolik düşüncəyə vida deməsi, bəlkə də bir qanunauyğunluqdan irəli gəlir. Simvolik düşüncə ölüm kəlməsinin çırpıntıları içində can verərək öz sonuna yetişdi.

***

Moris Flyori tənhalığın böyük faciəsini şəxsi taleyində yaşayan bir insandır. İnsan qəlbinin namütənahi duyğuları müharibədə sifətinin gözəl cizgilərini həmişəlik itirmiş döyüşçünün bütün varlığına hakim kəsilir. Üzünün gözəlliyini itirən adamı zəngin mənəvi aləmi xilas edir. Çöhrəsi gözəl olan maskalı adamlardan daha çox onun başını dik tutub utanmadan yerimək haqqı var. (İspan yazıçısı Lagerkvistin “Moris Flyori” hekayəsinin qəhrəmanı nəzərdə tutulur. – K.H)

***

Uzun –uzun illər keçəndən sonra başa düşürsən ki, nə vaxtsa tapdığın və ömründə donub qalan ən xoşbəxt an – keçmişlə bu günün görüşməsindən yaranan qeyri – adi bir andır.

***

“Gedənlərin qayıtması” romanındakı Əbədə yolda daş görən kimi götürüb atırmış kənara. Bizim cəmiyyətimizdə heç olmasa, danışa bilməsə də, lal Əbədə kimi, yolumuz üstündəki daşları təmizləyə bilənlərə bilirsinizmi nə qədər ehtiyac var?

Onun bir oğlu vardı, onu da müharibə udmuşdu. Amma Əbədə heç müharibənin mahiyyətini belə anlamaq fəhmində deyildi. (Sabir Əhmədlinin “Gedənlərin qayıtması” romanı nəzərdə tutulur. – K.H)

***

Ölkəni laqeydliyin cəngindən qurtara bilmədiyimiz üçün hamımız günahkarıq. Ancaq sahələr üzrə günahın çəkiləri də müxtəlifdir.

***

Şeir izaholunmazdır, əgər izah olunursa, artıq o şeir deyil. Şeir ruha hakim kəsilmək üçündür, içində nəyəsə dəyib əks- səda yaratmaq üçündür. Şeir sənin hisslərinin, duyğularının içində əriyib axır və beləcə izah olunur. Əriyib axan o “çaya” bir dəfə, yalnız bircə dəfə baş vurmaq kifayətdir.

***

Başqalarına bələd olduqca özünü daha yaxşı tanıyırsan. İnsan özünü ətraf aləmlə ünsiyyətdə kəşf edir. Gündəlik təmasda olduğun insanlar sənin indiyədək özünə məlum olmayan tərəflərini özləri də bilmədən üzə çıxarırlar.

***

Avstriya yazıçısı Erix Maria Remarkın “Lissabonda bir gecə” romanından parçalar oxudum. Əsər faşizm taunundan, onun törətdiyi fəlakətlərdən, insanların taleyinə vurduğu yaralardan bəhs edir. İnsan dərdlərinin tərcümanı olan Remarkın əsərləri qana susayan vandalistlər tərəfindən qadağan olunub, kütləvi şəkildə yandırılıb. Lakin onlar bir şeyi unutmuşdular ki, sahib olduqları hakimiyyət ötəridir, keçəridir, Remark və onun əsərləri isə qalarıdır, əbədidir.

Sözün bütün zamanlar üzərində və zamanın fövqündə qalib hökmü ilə durması onun əbədi haqqıdır. Bu haqqı Sözün taleyinə Allah özü yazıb.

***

Çernışevski Marya Alekseyevnanı “yaxşı olmayan adamların içində hamısından yaxşısı” adlandırır və onu belə xarakterizə edir. Marya Alekseyevna “pis işlərlə məşğul olur,” çünki düşdüyü şərait belə tələb edir. Müəllif yazır ki, “lakin siz başqa bir şəraitə düşsəniz, məmnuniyyətlə zərərsiz və hətta xeyirli olarsınız.” ( Bu sözlər M. Alekseyevnaya ünvanlanıb.)

Mənsə inanmıram. Düzdür, o, Lopuxovu məhkəməyə vermədi, çünki bilirdi ki, bu, mənasız və faydasız bir işdir. Lakin M. Alekseyevna ağılsız və kütbeyin olmasa da, xeyirxahlıq üçün dünyaya gəlməyib. O, başqa bir mühitin adamı, inkişaf etmiş cəmiyyətin üzvü olsaydı belə, yenə də pis və namussuz işlər görərdi və biz onun bu əməllərinə hardasa yenə də haqq qazandırmış olardıq.

Vera isə tamamilə başqa xarakterli qadındır – anası olmasına baxmayaraq, demək olar ki, M. Alekseyevnanın büsbütün əksi. Lakin məsələ burasındadır ki, ana ilə bala arasındakı xəyali dialoqda M. Alekseyevna qızına “sən anla ki, Verka, mən belə olmasaydım, sən də elə olmazdın.” deyir. Deməli belə çıxır ki, xeyirxahlıq kin və acıqdan törəyir?..

M. Alekseyevnanın pis fikirlərinin arxasında cüzi bir xeyirxahlıq da gizlənir. Anaya Veranın elmli olmağı lazım idi, məhz ona görə ki, qız onun üçün dövlətli bir kürəkən ələ keçirsin. Ananın fikirləri pis idi, amma bu pis fikirlər bəzən fayda da gətirirdi. Çernışevski bunu belə izah edir ki, pis və kinli adamların əllərinin altında xeyirxahlıq böyüyüb artır.

Mən belə düşünürəm ki, pis və kinli adamlar ona görə xeyirxah deyillər ki, xeyirxah olmaq onların məhvi deməkdir. Bu, Çernışevskinin dövründə və ondan qabaq da beləydi, indi də belədir və sabah da belə olacaq (Söhbət Çernışevskinin “Nə etməli?” romanından gedir. – K.H).

***

Axıb gedən zamanın içərisində elə ki, saat əqrəbləri bir- birinə dolaşıb düyün düşür, şairi darıxmaq adlı dəhşətli bir hiss bürüyür, bax, onda danışmaq, pıçıldamaq, yazmaq istəyirsən...

Vəssalam, burda fasilə vermək olar...

# 2333 dəfə oxunub

Müəllifin son yazıları

# # #