Neçə gündü yay fəslinə xas olmayan küləklər əsir... Bu küləkli gecələrdə çox-çox uzaqda qalmış bir yay gecəsini xatırlayıram. O gecə də uzaqlardan qərib bir külək gəlib özünü inadla pəncərəmizə çırpırdı. İndiki külək isə məni yad pəncərəsindən salamlayır... İndi mən özüm də elə o başsız, qərib küləklər kimiyəm, bütün şəhəri dolaşıb öz pəncərəmi tapa bilmirəm...
Əgər o yay gecəsi bu yay gecəsinə bənzəsəydi, o yay gecəsinin ağrısı bu yay gecəsinin ağrısına oxşasaydı, bu gecələr arasında mən də böyüməsəydim, deyərdim bəs anam hanı? Atam hardadır, niyə mənə “möhkəm ol!” demir, “kişi ağlamaz” deyə tənbeh eləmir?
Gün boyu qəfəsdə qayğısızcasına cəh-cəh vuran sarı bülbül neçə gündü fikrimdən çıxmır... Uşaqlığımın ən kədərli xatirəsidir o balaca quş...
Bülbülün on yaşı vardı, bizim ailənin bir üzvü də o bülbül idi. O bülbülsüz həyatımızı təsəvvür edə bilmirdik. Onun qəfəsini eyvandakı mıxçadan asmışdılar, anam ona xüsusi qulluq edirdi. Onun ayrıca qida rejimi vardı.
Eyvanımız böyük və geniş idi. Mən arada futbol topunu o baş-bu başa qovur, ayağımla çiləyirdim. Küləkli yay gecələrinin birində necə oldusa, top qəfəsə dəydi və qəfəs mıxçadan qopub guppultuyla yerə düşdü. Bir anlıq donub qaldım. Qorxudan qəfəsə tərəf baxa bilmirdim. Anam qonşu otaqdan səsə çıxdı və “hə, sakit ol indi, bülbülün axırına çıxdın!” dedi.
Bülbül ölmüşdü... Bir damcı qan dimdiyinin ucunda qalmışdı. Qəfildən qəfəsin önündə dizləri üstə çöküb hönkür-hönkür ağlamağa başladım. Anam məni heç cür ovuda bilmirdi. “Yox” deyirdim, “ölməyib, ölməyib” deyirdim. O gecə evimizin qabağındakı ərik ağacının altında torpağı ovuc boyda qazıb bülbülü basdırdıq və basdırılan yeri kiçik bir taxta parçasıyla manşırladım. Bülbülün ölümü mənim həyatımın ilk sarsıntısı idi. Bütün gecəni ağladım, çöldə külək səngimək bilmədi, pəncərədən qorxunc səmaya baxıb üşənirdim. Arada anam yuxudan oyanıb “ay bala, yat, olacağa çarə yoxdu, atan təzə bülbül alar” deyirdi.
Atam bir daha evə bülbül gətirmədi...
Çox sonra atam həyəti satdı, bülbüllə bağlı o göynərtili xatirə də tədricən unuduldu... Son günlər tez-tez o bülbülü xatırlayıram, o qərib küləyin uğultusu qulaqlarımdan çəkilmir... Elə bilirəm o uğultu küləyin deyil, bülbülün ahıdır, məni qarabaqara izləyir...
Həyat yenə burnumun ucundan vurub məni tənhalığa qaytarır... Bəlkə də məni o bülbülün ahı tutub...