Məşhur isveç rejissoru və dramaturqu, tənqidçi İnqmar Berqman 1918-ci ildə İsveçin Upsal şəhərində ruhani ailəsində anadan olub. Stokholm Universitetinin Ədəbiyyat fakültəsini bitirib. 1944-cü ildən fəal ədəbi yaradıcılığa başlayıb. O, İsveç və dünya ölkələri səhnəsində 70-dən artıq əsər tamaşaya qoyub.
İ. Berqman kinorejissor kimi 50-yə qədər filmə quruluş verib. “Liman şəhəri”, “İlan yumurtası”, “Yay gecəsinin təbəssümləri”, “Məhbəs” “Payız sonatası” və s. filmlər ona dünya şöhrəti qazandırıb. Berqman həmçinin bədii yaradıcılıqla da məşğul olub. Bir sıra nəsr əsərlərinin müəllifidir. 2007-ci ildə vəfat edib.
Kulis.az rejissorun “Hər dəfə sanki sonuncu filmimi çəkirəm” essesindən bir parçanı təqdim edir
Müdrik adamlardan biri yaxşı deyib: Təcrübəni qırx yaşadək qazanmaq lazımdır. Qırxdan sonra ancaq şərh eləmək olar. Mənə gəldikdə, hər şey əksinədir. Heç kim məndən artıq öz nəzəriyyəsinin doğruluğuna əmin deyildi və onu başqalarına çatdırmağa da mənim qədər can ata bilməzdi. Mən belə düşünürdüm ki, kinonu axıradək bilirəm, onun vasitəsilə hər şeyi ifadə edə bilərəm. İndi bir az soyuduqdan, bir az da yaşa dolduqdan sonra mən daha ehtiyatla danışıram. Təcrübə mənə bəzi şeyləri öyrədib və filmlərin necə, nə cür hazırlanması məsələsinə toxunmaq istəmirəm.
Zənnimcə rəssamın fəaliyyətində ən vacibi nəticədir. Elə ona görə də mən heç kəslə mübahisəyə girmək və yaxud nəyisə izah etmək niyyətində deyiləm. Vaxtilə yaradıcının naməlum qalması müsbət hal idi. Nisbi anonimlik kənardan kobud müzakirənin qarşısını alaraq eyni zamanda yaltaqlıq və pulgirlik ilə məşğul olmağa imkan vermirdi. Sənətkar öz işini vicdanla görərək qərar çıxarmağı Tanrıya tapşırırdı. O da ondan artıq-əskik olmayan başqa sənətkar kimi yaşadı və öldü. Amma o, təbii olaraq özünə güvənirdi və böyük sadəliklə alın yazısına tabe olurdu. Bu da hər bir incəsənət əsərini səciyyələndirən ən yüksək keyfiyyətlərdir.
Müasir sənətkarın vəziyyəti getdikcə şübhə doğurur. O, yavaş-yavaş əcaib bir aktyora çevrilərək daim qovdu-qaçdıdadır. Müasir sənətkarın tənhalığı, dünyadan təcrid edilməsi kütləvi nevroz və psixoloji hallara gətirib çıxarır. Onun özünəməxsusluğu artıq özünün dəhşətli bəlasına çevrilmişdir. Və o qeyri-adilikdə təsəlli axtararkən yalnız ağrı-acılarla rastlaşır.
Ssenari
Qəribədir, ssenari həmişə mənasız bir replika, anlaşılmayan, amma eyni zamanda xoş bir hadisə, ilk baxışda sənə aidiyyəti olmayan bir pıçıltıdan başlayır. Başqa sözlə desək, şüuraltında heç özümüzə də bəlli olmayan gizli işartılar sonradan ssenarinin əsasını təşkil edir. Və əgər biz bu ilkin işartıları, duyğuları müəyyən bir sistem və ahəng çərçivəsinə sala bilsək, artıq tam bir filmin konturları görünə bilər. Və yalnız bu ahəngə görə film sonradan ilkin şüuraltı işartılara uyğun olaraq əsas görkəmini alır.
Uzunsuzluq duyğusu hələ yazı masasının arxasına oturmazdan əvvəl səni tərk etmir. Bir an içində əvvəlcədən düşündüyün qeyri-adi fikirlər, böyük ideyalar, səmavi fantaziyalar necə donur? Amma mən bütün çoxsaylı maneələri adlayaraq yolumdan dönmürəm və film çəkmək əzmindəyəm. Buna görə mən bütün psixoloji gərginlikləri, xoşagəlməz vəziyyətləri və ümumiyyətlə, film ətrafında yarıtmaz ab-havanı dəf edərək ssenarini yazmaqda davam edirəm. Burada əsas dialoqdur. Lakin dialoq hardasa sənə naməlum olan oyunda xalların hesablanmasına bənzəyir. Ümumiyyətlə, dialoqu yazmaq o qədər də çətin deyil. Lakin sonradan dialoqun tempini, ahəngini, pauzaları, surətini ssenaridə əks etdirmək qeyri-mümkündür. Çünki belə qeydlərlə yüklənmiş ssenarini oxumaq imkansızdır.
Doğrudur, mən bunların hamısını müəyyən mənada qeyd edə bilərəm. Amma ən əsası montajdır. Yalnız montajın üçüncü ölçünü düzgün hiss eləyərək və lazımi səhnəcikləri, epizodları intuitiv şəkildə bir-birinə uyğunlaşdıraraq daim yaradıcı axtarışda bəlli bir nöqtəyə gəlib çıxmaq olar. Və mən bu ölçünün meyarlarını təyin etməkdə çətinlik çəkirəm. Bilirsiniz, hər hansı bir incəsənət əsərinə həyat verən əsas amili dil vasitəsilə ifa etmək imkansızdır. Mən həmişə kinofilmin xüsusiyyət və çalarlarını əks etdirən not yazısına bənzər qeydlər aparmaq istəmişəm. Amma nə qədər çalışsam da bu qeydlər filmin çəkilişində mənə kömək etmir və kinossenari texniki baxımdan filmin heç də kamil olmayan əsasıdır.
Çünki kino və ədəbiyyat başqa-başqa şeylərdir. Özü də bir çox halda onların keyfiyyəti və məğzi bir-birini istisna edir. Bunun səbəbi anlaşılmazdır. Söz iradəmizin məhsulu olaraq sonradan bizim duyğularımızı oyadır. Kinoda isə ayrı cürdür. Biz zalda oturarkən əvvəlcədən bizim üçün hazırlanmış illüziyanı dərk etməyə çalışırıq və zəkanın razılığı ilə həmin illüziyanı qəbul edirik. Kadrlar ardıcıllığı isə şüuru adlayaraq birbaşa bizim hisslərimizə toxunur. Məhz buna və bir çox digər səbəblərə görə ədəbi əsərlərin kino dilinə tərcüməsizliyini nəzərə alaraq, həmin əsərlərin ekranlaşdırılmasından vaz keçmək lazımdır. Amma bütün səbəblərə baxmayaraq biz yenə də ədəbiyyatımızı ekranlaşdırmağa cəhd ediriksə, onda ədəbiyyat müxtəlif translyasiyalara məruz qalaraq öz ilkin mənasını itirir. Mən nə demək istədiyimi çox yaxşı bilirəm. Çünki filmlərim dəfələrlə ədəbi-tənqidi qiymətləndirmələrə məruz qalıb.
Bu, futbol şərhçisinin heyvandarlıq haqqında fikir yürütməsinə bənzəyir. Kino hələ öz terminologiya sisteminə malik deyil və başqa sənətlərlə nisbətdə kommersiyaya bağlı olduğuna görə birbaşa bizim hisslərimizə toxunur. Bu isə kinoya qarşı laqeydliyin yaranmasına gətirib çıxarır və onun zərərinə işləyir. Ona görə də hər bir kəs kino haqqında ağzına gələni danışır.
Mən heç bir vaxt özümü yazıçı kimi təqdim etməmişəm və yazıçı olmaq istəməmişəm. Düzünü desəm, müxtəlif mövzularda roman, esse, novella, traktat və s. Yazmağa heç həvəsim də yoxdur. Mən kino yaratmaq istəyirəm və öz içimdən gələn, daxilimdə yaşayan obrazlar, psixoloji gərgin anlar haqqında filmlər çəkmək istəyirəm. Və mənim əsərimi kitaba bənzədəndə özümü alçaldılmış hiss edirəm. Ssenari mərhələsi mənim üçün çox çətin mərhələdir. Daha doğrusu, ideyaların düzgünlüyünün yoxlanılması mərhələsidir. Və ssenarini yazanda bir çox hallarda tam aydınlığa və kütləviliyə üstünlük verirəm. Təbii ki, mənim üçün ən vacibi kütlələri maraqlandıran mövzulardır. Amma nadir hallarda riskə gedərək elitar hissləri yaradan zaman kütlə bu sahədə də uğurlu addımları dəyərləndirməyi bacarır.
“Araz” ədəbi-bədii dərgisi
Oktyabr-dekabr 1996-cı il