Hakimiyyətə ehtiyac olmayacaq gün
18 may 2011
10:41
Yüz illərin basırığında bircə gün də var ki, o gün dünya durduqca unudulmayacaq. O gün İsa Məsihin çarmıxa çəkildiyi gündür. O gün Rum sərdarı Ponti Pilat ilə Nazaretli İsa arasında belə bir dialoq baş vermişdi:
“-Yaxşı, belə güman eləyək ki, sənin təlimin dürüstdü, onda de görüm, ikinci zühur günün nə vaxt gələcək?
- Şübhələrini anlamaq çətin deyil, ey Rum sərdarı, ustadın yunanlar kimi yerə yaxın, kobud düşünürsən. Mənim iradımdan qəti inciməyəsən. Nə qədər ki, mən sənin hüzurunda fani bir insan kimi müntəzirəm, höcət eləməyə haqqın var. Hələ üstəlik, biz səninlə yad-biganə adamlarıq – odla su kimi. İndi isə səni narahat eləyən məsələ barədə, hökmdar... Bir də zühur qılmağım çox çəkəcək, bax, burası doğrudur. Haqlısan. O günün nə vaxt gələcəyini əvvəlcədən heç kəs deyə bilməz, o yalnız bu aləmi xəlq eləyən ki, var, bax o kəsin yazısındadır”.
Çingiz Aytmatovun “Qiyamət”ində bu dialoq davam etdirilir və romanın strukturunda onurğa sütunu funksiyasını öz üzərinə götürür. Yer üzündə tək bir nəfər Söz sahibi olmayınca Tarix sona çatmayacaq. O bir nəfər bizim talelərimizin də yiyəsi olacaq, ruhların ixtiyarı da Ona veriləcək. Biz Onu sevməsək də, Ona təslim olacağıq. Çünki getməyə başqa yolumuz qalmayacaq.
Bir yaxın dostum Qiyamət mövzusunda yazdığımı bilincə öz qəribə versiyasını irəli sürdü: qiyamət bilirsən nə vaxt baş verəcək? Kişi qadına, qadınsa kişiyə çevriləndə. Sonra da əlavə elədi ki, çox zorba bir mövzuya girişmisən. Onun çevrilmə versiyası yadıma Kafkanın “Çevrilmə”sini saldı. Çevrilmə o zaman baş verir ki, ilahi nizam pozulur, Tanrı ilə insanlar arasındakı təmas xəttinə şeytan girir və virus kimi bütün mənəvi dəyərləri dağıdır. Və Şərin çiçəklənmə dövrü başlayır.
Daha bir söz nəhəngi Mixail Bulqakovun fikrincə isə, yer üzündə ədalətin bərqərar olması üçün Şərlə məhz şər qüvvələr vasitəsilə mübarizə aparmaq lazımdır. Şəri yalnız öz silahı ilə məhv etmək olar.
İsa və Ponti Pilat haqqında roman yazan Ustad da sözün ilahi mənasında dindən uzaq bir adamdır. Bəlkə elə buna görə o, romanda qələbə çala bilmir?
Bəziləri düşünür ki, insan ilahi bir qüvvə tərəfindən idarə olunur və buna görə Xeyrin də, Şərin də səbəbi insanın fövqündədir. Bu inamın yaratdığı monoteist avtoritar dini təsəvvürlər insanın aldadıcı “xilası” olmaqla həm də avtoritarizmin ideoloji dayağına çevrildi. “Master və Marqarita”da şər ruh və kölgələr hökmdarı Voland (müəllif onu belə adlandırır – K.H.) məhz bu dayaqları sarsıtmaq istəyirdi. O, isbat etməyə çalışırdı ki, Xeyrin də, Şərin də səbəbi məhz insanın xislətindədir.
Tamamilə ayrı-ayrı tale yaşamış iki böyük yazarı – Bulqakovu və Aytmatovu müqayisə etmək istəsəm də, tezcənə bu cəhdin əbəs olduğu fikrinə gəlirəm. Əvvəla, hər bir müqayisə qüsurludur, ikincisi, əgər onların hər ikisi eyni missiyanın daşıyıcılarıdırlarsa, müqayisəyə nə hacət?!
Bulqakov inqilabın əleyhinə olsa da, həmişə Stalin tərəfindən himayə olunub. Müvəqqəti olaraq əsərlərinə qadağa qoyulması da onun xilası naminə atılan addım idi. Bir müddət işsiz qalan yazışı məcburiyyət qarşısında qalıb hökumətə müraciət edəsi olur. Bundan xəbər tutan Stalin dərhal Bulqakovun evinə zəng vurub onun problemiylə maraqlanır və nəticədə yazıçı Moskva Akademik Bədayə Teatrında rejissor kimi fəaliyyətə başlayır.
Aytmatova gəlincə, inamla demək olar ki, o, sovet sisteminin yetişdirdiyi tək-tük nəhəng yazıçılardandır ki, rus dilində yazmasına baxmayaraq, bütün yaradıcılığı boyu milli ruhun daşıyıcısı olaraq qaldı, eyni zamanda ömrünün sonunacan hakimiyyətin favoriti oldu. Bu tarazlığı qoruyub saxlamaq hər sovet yazıçısına müyəssər olan “xoşbəxtlik” deyildi. Aytmatovun “Qiyamət”i əslində rejimin çökəcəyinə bir işarə, eyham idi. “...yaşasın ruhun inqilabı!” deyəndə yazıçı millətlər koloniyasının nəfəsliklərini sadə insanlara nişan verirdi.İnqilab öncə insanın ruhunda baş verməlidir, yazıçı oxucuya məhz bu həqiqəti aşılayır.
Volandın Levi Matveyə dediklərini xatırlayırsınızmı?
“Sən zəhmət çəkib bu sual barədə düşünə bilərsənmi ki, əgər şər olmasa xeyirin nə mənası vardı, əgər kölgələr itsə, Yer üzü necə görünərdi? Axı kölgələr əşyalardan və adamlardan yaranır.” Bulqakov da milyon illərdir ki, dəyişməz qalan bir fikri Volandın-İblisin diliylə bizə çatdırır: Xeyirlə Şərin mübarizəsi əbədidir. Milyon illərdir ki, bəşər həm də bu aksiomanın oxu ətrafında fırlanır. Yeni nəsillərin əvvəlkisiylə, ondan da qabaqkılarla can-qan qovuşuğu beləcə baş verir, dünya elə bunun üstündə quruludu, təcrübəsi də həmişə bundan bəhrələnib artır – Xeyirlə Şər nəsildən-nəsilə yaddaşın sonsuzluğunda, bəşərin zaman və məkan sonsuzluğunda ötürülür...
Aytmatovun romanında biz bu mübarizənin fraqmentləriylə rastlaşırıq. Yazıçı bir az da irəli gedib gələcəklə baglı proqnozlar verir: “ İlahi, niyə axı Sən öz çiyninə bu düzəlməz dünyanı düzəltmək kimi ağır bir yük götürmüsən? Ey Xilaskar, ey Dadayetən, bir dayan, gör nə deyirəm, yolunda çarmıxa çəkiləcəyin, müdhiş bir ölümə düçar olacağın o kəslər sonradan Səni ələ salıb güləcəklər. Bəli, bəli, bəziləri hətta qəhqəhə çəkəcək, bir parası Sənin bihudəliyinə, üstündən min illər keçəndən sonra lağ eləyəcək; onda o materialist elm Allaha inancın daşını daş üstə qoymayacaq, Sənin başına gələnlərin hamısını uydurma sayacaq: “Sarsaq! İpləmə! Səndən kim xahiş eləyib? Həmin o çarmıx oyunu kimə və nəyə lazımmış? Kimi heyrətə gətirdin? İnsan olan bəndədə bu heç olmasa bir misqal, bir tük qədər nəyisə dəyişdimi?” Sənin igidliyini hətta o nəsillər cəfəng, az qala mənasız sayacaq ki, onlar o vaxta qədər maddənin quruluşuna, ibtidai mahiyyətinə bəs qədər varacaqlar, yerin cazibəsinə üstün gəlib kosmik fəzaya ayaq açacaqlar. Sonra da Kainata sahib olmaq üstündə, daha dogrusu, kəhkəşanda ağalıq, tamah üstündə dəhşətli bir çəkişmə başlayacaq, fəza sonsuz olsa belə, Kainat onlara azlıq eləyəcək, yer üzündə bir balaca pərtliklərinin heyfini almaq üçün bütün qitəni yandırıb külə döndərməyə hazır olacaqlar.”
İsa Məsihin çarmıxa çəkilməzdən öncə dediyi sözlər Aytmatovun Avdısına və onun timsalında bütün bəşəriyyətə verilən ən dürüst cavabdır: “...hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir, vaxt gələcək, nə qeysərlərin, nə də başqalarının hakimiyyəti olacaq. İnsan həqiqət və ədalət səltənətinə daxil olacaq, orada, ümumiyyətlə, heç bir hakimiyyətə ehtiyac qalmayacaq”.
Biz hələ ki, o səltənətin peşindəyik.

2497 dəfə oxunub