Quşların, meyvələrin dilini bilən şairlər - Kənan Hacı yazır

Kənan Hacı, şair, esseist

Kənan Hacı, şair, esseist

15 iyun 2022
# 13:00

Kulis.az Kənan Hacının "Dil instinkti və ya dilin tarixi" adlı yazısını təqdim edir.

İşarələrin diliylə özünü ifadə edən şimpanzelər, danışan Neandertal insan, hər insanın beyin hasarının özünəməxsusluğu, doğuş zamanı bir-birindən ayrılan tək yumurta əkizləri, düşünən beynin rəngli görüntüləri... Kifayət qədər geniş mövzudur. İnsanın təbii instinktləri olduğu kimi dil instinktləri də dilin inkişafını şərtləndirən amillərdəndir. Dil insan növünün təməl özəlliyi olaraq yaranıb. Bir canlının öz növündən olan başqa bir canlıyla ünsiyyət qurmaq ehtiyacı milyon illər boyu davam etmiş, tədricən xaotik əlaqə üsullarının yaranmasına səbəb olmuşdur. Dünyəvi mənada dil canlılar aləminin əlaqə şəbəkəsidir.

Dil, ən bəsit formada izah etsək, bilgi əldə etmə vasitələrindən biridir. Jest və mimikalar, bədən dili, riyazi dil, Babil qülləsini xatırlayın... Bu tikili insan qürurunun hədsizliyini və cəzasını özündə əks etdirir. Yer üzünün bütün insanları eyni dildə danışırmış. Qüllə səmaya doğru ucaldıqca insan Tanrıya çatacağını zənn edirmiş. İnsanlıq cənnətin astanasındaymış. Tanrı insanı yer üzünə ona görə göndərməmişdi ki, onlar qüllə ucaldıb göyə çıxsınlar. İnsan Tanrı taxtına çıxa bilməzdi. Yaradılışın ziddinə olan bu addım mütləq cəzalandırılmalıydı. Və qüllənin tikintisində iştirak edən insanların dilləri qəfildən dəyişir, heç kəs bir-birini başa düşmür. Beləcə, böyük plan pozulur. Adamlar şəhəri tərk edib hərəsi bir tərəfə yol alır. Babil qülləsi dedikdə tamamlanmamış işlər, uğursuz planlar yada düşür. Adəmi qadağan olunmuş meyvəni yediyi üçün cəzalandırıb yer üzünə yollayan Yaradan bu dəfə də eyni dildə danışan insanları təbiətin qanununa zidd getdikləri üçün cəzalandırdı.

Əsrlər keçdi... Amerikalı araşdırmaçı Li Strobel yazır ki, Kopernik, Qaliley Tanrı və İblisin mifoloji məkanlarını boşaldıb bizə sekulyar göyləri miras qoydular. Allen Reks Sendiç, Li Strobel, Frensis Kollins, Con Lennoks Darvinin təkamül nəzəriyyəsini alt-üst etmiş alimlərdir. Onların əsərlərində elmlə din barışır və onlar dünyanın dərkini, yaradılışın mahiyyətini birlikdə araşdırırlar. Yaradılışın ən böyük möcüzəsi də dildir. Bir haşiyə çıxım. Bu elm adamlarının əsərlərində Şərq mütəfəkkirlərinə tez-tez müraciət olunur. Belə anlaşılır ki, bəşəriyyətin təbii seleksiya vasitəsilə deyil, Fövqəlqüvvə tərəfindən yaradıldığını isbat etməyə çalışan bu düşüncə adamları ən tutarlı dəlilləri Şərq alimlərinin əsərlərində tapırlar. Gürcü əsilli rus yazıçısı Borus Akuninin sözləri yadıma düşdü. O yazırdı: "Qərbin bədbəxtliyi ondadır ki, o, Şərq müdrikliyinə barmaqarası yanaşır". Axı Şərq daha qədim, daha ağıllı, daha müdrikdir. Qayıdaq öz mövzumuza.

Dil insanlığın tarixi təcrübəsi ilə o qədər sıx bağlıdır ki, onsuz həyatı dərk etmək mümkün deyil. Bu yazı dilin qrammatikası haqqında deyil, dil instinkti haqqındadır. Sözlərin lokomotivi uşaq ikən öyrəndiyimiz danışıq dilidir. Uşağın dil açması həyəcanverici bir prosesdir. Dil düşüncədən süzülüb gəlir, fərqli dillərdə danışanlar da gerçəkləri fərqli şəkildə ifadə edirlər. Dil beynimizin bioloji yapısından ayrı bir bölümdür. Uşaqlarda danışmaq bacarığı öz-özünə inkişaf edir. Bir insan danışmağı hörümçəyin tor toxuması misalı öyrənir. Tor toxumaq hörümçək tərəfindən icad edilməyib və tor toxumağı ona öyrədən olmayıb. Bəs o bunu necə bacarır? Cavab budur: onları tor toxumağa sövq edən hörümçək zəkasıdır. Hörümçəyi hərəkətə gətirən instinktlərdir. Dil də bu şəkildə inkişaf edir. O, çox yaxşı təşkilatlanmış bioloji instinktlərin məhsuludur. İnsan düşüncəsinin instinktiv təbiəti dili bir instinkt olaraq görməyimizi çətinləşdirir. Çox maraqlı məqamdır ki, indiyə qədər Azərbaycan dilçiliyində dil instinkti demək olar ki, araşdırılmayıb. Amerikan alimi Stiven Pinker "Dil instinkti" əsərində iddia edir ki, dil insana öyrədilmir, o, insanın fitri qabiliyyətidir. Pinker dili insanın ümumi düşünmə qabiliyyətindən fərqləndirir və bunun sadəcə, inkişaf etmiş zəkanın işarəsi olmadığını, əksinə, ixtisaslaşmış zehni modul olduğunu isbat edir. Hər halda, bu yanaşma da insanı dərindən düşünməyə vadar edir.

Dil instinkti şifahi dilin formalaşmasını şərtləndirir. Yazıdan əvvəl insanlar bu instinktiv impulslar vasitəsilə fikirlərini ifadə edirdilər. Pantomima dilin uşaqlıq çağıdır. Bəşəriyyətin dil açması dövründən bəhs edərkən gərək təbiətin dilini, heyvanatın dilini də araşdıraq. Bio-akustika elmi heyvanların dilini araşdırmaqla məşğuldur. Məsələn, balıqların bir-birlərini səsləməsi nəbz atışı qədər xəfifdir. Bu səslər suda dalğa yarada bilir və balıqlar instinktiv olaraq o səsə doğru yan alır. "Dilin tarixi" əsərinin müəllifi Stiven Roger Fişer yazır ki, "Yer üzünün yaşamaq üçün əlverişli hesab olunan bütün nöqtələrini işğal edən qarışqaların sayı insanların sayından (trilyonlarla) çoxdur. Onların bədən dili çox fərqlidir, belə ki, qarışqanın alt çənə tiroidləri təhlükə hiss edən anda qoxu buraxır. Beləcə, qoxu sızdırmaqla həyəcan işarəsi verir. Qarışqa düşərgəsində əlaqə sistemi bu cür yalın "dil" vasitəsilə yaradılır. Bu əlaqə necə qurulur? Əlbəttə, qarışqanın yaradılışındakı instinktlər hərəkətə keçir. Eləcə də bal arılarının, quşların, atların, fillərin, şimpanzelərin və s. öz bədən dilləri mövcuddur. Fişer adıçəkilən əsərinin bir bölümünü "Danışan meymunlar" adlandırır.

İnsanlarda isə məsələ bir az başqa cürdür. Qədim zamanlarda səyahətə çıxan səyyahlar dili olmayan heç bir qəbiləyə rast gəlmədilər. Qədim insan şikayətlərini anlatmaq üçün dili icad edib. Universal qrammatika insan həyatının çətinlikləri ilə birlikdə yaranıb və tədricən formalaşmağa başlayıb.

Şərqdə quşların dilini (Fəridəddin Əttar - "Məntiqüt-teyr"), meyvələrin dilini (Füzuli - "Söhbətül-əsmar") bilən şairlər yazıb-yaradıblar. Əlbəttə, onlar insanda olan xüsusiyyətləri alleqorik formada quşlara, meyvələrə proyeksiya ediblər. Amma hər halda, onların təbiətinə dərindən bələd olublar. Nəsimi yazırdı:

Hər kimsə Nəsimi sözünü fəhm edə bilməz,

O, quş dilidir, ani Süleyman bilir ancaq.

O dövrdə hürufilərin özlərinə məxsus olan işarələr dili formalaşmışdı. Belə bir dilin yaranması onların təhlükəsizliyi üçün olduqca vacib idi və zərurətdən yaranmışdı. Sufi simvolikasını bilmədən Nəsimi şeirinin fəlsəfəsini anlamaq qeyri-mümkündür.

Hər bir yazıçı, şair dil vasitəsilə alternativ bir dünya yaradır, ruhsal aləmlə bir irtibat qurur. Yazıçı həm də ədəbi dilin yaradıcılıq qüvvəsini artırandır, bədii dil üçün yeni üfüqlər açan söz ustasıdır. Sözün məna sərhədlərini genişləndirmək yazıçının dil qarşısında ən mühüm vəzifəsidir. Digər baxımdan, yazıçı da insandır və o da dünyaya gələndə heç bir dil bilmirdi. O da bütün insanlar kimi körpəlikdə instinktlərin köməkliyi ilə dil açıb. Dil homo sapiensin fövqəladə qabiliyyətini əks etdirir. Bu, ata-anaların övladlarına öyrətdiyi bir şey deyil, məktəbdə də öyrədilməz. İnsan düşüncəsinin instinktiv təbiəti dili bir instinkt kimi görməyimizi çətinləşdirir.

Heç bir əziyyət çəkmədən düşüncələrimizi rahatlıqla dilə gətirə bilirik, zehni nəzarət bəzən fikirlərimizi cilovlamaqda aciz qalır. Kəlmələrin axışı şəffafdır. Dilin motoru beyində yerləşir. Biz informasiyanı beyin vasitəsilə qəbul edirik və hüceyrələr bu informasiyaya avtomatik olaraq reaksiya verir, düşüncə mexanizmi sürətlə fikir istehsal edir.

Beyin yaddaş deposudur və ordakı söz ehtiyatı nə qədər zəngin olarsa, insan da fikirlərini çox rahatlıqla ifadə edə bilər. Ən çox söz ehtiyatına malik olan zümrə yazıçılardır. Bu məqamda instinkt intellektlə birləşir və zəkanın məhsulu olan əsərlər meydana çıxır.

/edebiyyatqazeti.az/

# 2093 dəfə oxunub

Müəllifin son yazıları

# # #