Atamın nöyüt qoxulu nəfəsi... - NEFT DAŞLARI XATİRƏLƏRİ

Atamın nöyüt qoxulu nəfəsi... - <span style="color:red;">NEFT DAŞLARI XATİRƏLƏRİ
15 dekabr 2016
# 14:35

Bu yazını dekabrın 4-də "Günəşli" yatağında baş verən qəzanın qurbanlarına ithaf edirəm

Mənim doğulduğum gün atamın işə çıxma vaxtıydı. O, Neft daşlarında işləyirdi, əliqabarlı fəhlə idi, vəsiqəsində vəzifəsi “çilingər” yazılmışdı. Neftin qoxusu nəinki paltarlarına, bədəninə, hətta deyərdim, qanına hopmuşdu. Ovcu taxta kimi bərk idi, mazut əllərinin dərisinə hopmuşdu, heç bir sabun o mazutu yuyub apara bilmirdi. Atamdan nöyüt iyi gəlirdi, hər dəfə dənizdən qayıdanda qaçıb sinəsinə sığınırdım və bu nöyüt iyini ciyərlərimə çəkirdim. Bu nöyüt iyi atamın nəfəsi idi, atamı gözümdə güclü, yenilməz edən ondan gələn bu nöyüt iyi idi.

Qabarlı əllərini saçlarıma çəkib “Ananı incitməmisən ki?” deyə soruşardı. “Bax, dərslərini yaxşı oxu ha, yoxsa mənim kimi qara fəhlə olacaqsan” deyərdi.

On beş gün dənizdə, on beş gün evdə olurdu. Dənizdə olduğu vaxtlarda günləri sayırdım, gəlməli olduğu vaxtdan bir gün keçəndə anam da, mən də narahat olurduq. Anam ev telefonuyla kommutatoru yığıb Neft daşlarını sifariş verirdi. 5-84. Bu nömrə heç vaxt yadımdan çıxmır. Atamın çalışdığı “masterskoy”un nömrəsi idi, çox vaxt cavab verən olmurdu, dəfələrlə zəng vurandan sonra kimsə dəstəyi qaldırırdı, “Şirbala kişi mədəndədir”, deyirdi. Axşama qədər gözləyirdik, nəhayət, atam özü zəng vururdu:

- Vertolyot gözləyirik, külək, tufan vertolyotun gəlməsinə imkan vermir.

Nigarançılıq anamı üzürdü. Anamı atamın nigarançılığı qocaltdı...

Qarlı, çovğunlu günlərdə atamın gəlişi günlərlə yubanırdı. Ta havalar mülayimləşənə qədər gözləyirdik. Hər qapı səsinə diksinirdim, elə bilirdim gələn atamdır. Amma atam heç vaxt qapını döyməzdi, evimizin küçəyə baxan pəncərəsini yüngülcə tıqqıldadanda bilirdik ki, gələn atamdır. İşə gedəndə də bir gün əvvəldən hazırlaşırdı, anam onun üçün ərzaq qoyurdu, yeməklərini özləri bişirib yeyirdilər. Sübh tezdən məni yuxuda qoyub çıxırdı. Anam deyirdi ki, atan hər dəfə evdən çıxanda sənin üzündən öpür. Ha çalışırdım, atam gedəndə onu yola salım, yenə yatıb qalırdım, üzümdən öpməyindən xəbərim olmurdu.

Bir dəfə qış vaxtı möhkəm xəstələnmişdim, qızdırma içində yatırdım. Atamsa dənizdəydi. Tez-tez anama deyirdim ki, atam gəlmədi? Anam da çarəsizcəsinə deyirdi ki, atan dənizdədi də, ay bala. Gərək günləri bitsin ki, gəlsin. Xatırlamıram, günün hansı vədəsiydi, yuxulamışdım, kimsə astaca üzümdən öpdü, cod bığları üzümü daladı. Dik atıldım və atamın boynunu qucaqlayıb ağladım. Necə hönkürdüm, İlahi!

Atam işə gedəndə ev üçün bir az pul qoyurdu ki, o gələnə qədər korluq çəkməyək. Bəzən maaşı yubanırdı, onda da anam yumurta satmaqla evi dolandırırdı. Həyətdə çoxlu toyuq-cücəmiz vardı, kasadlıq olanda yumurta bizi xilas edirdi. Amma həmişə belə olmurdu, çox zaman yaxşı dolanırdıq.

Yayın qızmar günlərindən birində qapımız döyüldü, açanda gördük ki, iki nəfər atamın qoluna girib, özü isə ayaq üstə dayana bilmir, sol ayağında nə ayaqqabı, nə corab vardı, şalvarı dizinəcən çirmənmişdi, dizdən aşağı hissə şişib göyərmişdi. Anam hay-haray salıb iki əlini dizlərinə çırpdı: “Vay, evimiz yıxıldı!” Atam təmkinini pozmadan “Qorxma, ay arvad, bir balaca əzilmişəm, heç nə yoxdu” deyib anamı sakitləşdirməyə çalışdı. Yük meydançasında qaldırıcı kran hansısa borunu qaldıranda tross qırılıb və boru aşağı düşüb. Atam cəld kənara sıçrasa da boru diyirlənib onu əzmişdi. Ölümdən qurtulub. Üç ay yataqda qaldı. Hətta ayağının kəsilmək təhlükəsi vardı. Atamın ölümdən qurtulmağına sevinirdim və həm də ona sevinirdim ki, atam yanımızdadır. Daha günlərlə onun əmək növbəsindən qayıtmasını gözləməyəcəm.

Üç aydan sonra atam axsaya-axsaya yeriməyə başladı və nə qədər təkid etsək də, evdə qalmayıb yenidən işə çıxdı. O vaxt ondan incimişdim, sonralar anladım ki, dəniz onun həyatının bir parçasıdır. Əks halda 45 il fasiləsiz olaraq bir işdə çalışmaq mümkünsüzdür. Ömrünün sonuna qədər işindən ayrılmadı. Ağır xəstə yatanda da fikri, xəyalı mədəndə, buruqların yanında idi, arada sayıqlayanda da öz iş yoldaşlarının adını çəkirdi. Qəfildən deyirdi ki, “Bu gün hava küləklidir, gəmi gəlməyəcək”, “Mən işə çıxmalıyam, belə olmaz!”

Orta məktəbi bitirəndən sonra atam məni də özüylə Neft daşlarına apardı. Anam giley-güzar edirdi ki, uşağı da aparıb özün kimi bədbəxt eləmə. 25 il sənin yolunu gözlədim, indi də bunun yolunu gözləməyə səbrim çatmaz.

Mənsə dənizə çıxmaq istəyirdim, neftçilərin həyatı məni özünə çəkirdi. Paytaxtdan su yolu ilə 42 km aralıda yerləşən bu möcüzələr adasında insanlar necə yaşayırdı? Getdim və gördüm. Bir ilə qədər atamla birlikdə çalışdım. Özünəməxsus "küçə" vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Tufan, qasırğa qopanda işçilər günlərlə evə qayıda bilmirdi, helikopterlərin meydançaya enməsi, gəmilərin estakadaya yan alması mümkünsüz olurdu.

Mən gözətçi işləyirdim və axşamlar posta çıxanda silahla çıxırdım və səhər qayıdanda silahı təhvil verirdim. İlk dəfə silahı onda gördüm. Gecələr gəlib postları yoxlayırdılar, yatmaq olmazdı. Bir dəfə silahımı postda qoymuşdum, yarı yolda məni götürən sürücünü maşını geri sürməyə məcbur elədim. Qayıtmaq istəmirdi, rus idi, tərsin biriydi. Dedim, silahım postda qalıb, qayıt! Vecinə almadı, sükanı əlindən almaq istədim. Qışqırıb əyləci basdı, “QAZ 51” silkələnib dayandı.

- Sən neynirsən, ay eşşək?! Bizi dənizə aşırmaq istəyirsən?

Gördü ki, əl çəkən deyiləm, dedi, yaxşı, bir şərtlə qayıdıram, mənə bir araq alacaqsan. Dedim, bir yox, lap ikisini alaram. Başqa əlacım yox idi, silahsız növbəni təhvil verə bilməzdim, başıma oyun açardılar. Növbəni təhvil verəndən sonra rusla yaxşıca vurduq. Sonra atam hadisədən xəbər tutdu və məni möhkəm danladı. Rusu da tapıb ona təpindi ki, bir də o uşaqla araq içsən, məndən incimə!

Amma hər dəfə əmək növbəsindən qayıdanda gəminin kayutundakı restoranda yığışıb şəhərə çatana qədər yeyib-içirdik.

Biz işə gəmiylə gedib gəlirdik. Bəzən günlərlə üfüqdə gəmi görünmürdü və gözləməkdən başqa əlacımız qalmırdı. Bir-iki dəfə atam xahiş edəndən sonra vertolyota minməyimə icazə vermişdilər.

Dəfələrlə qəzaya yaxın vəziyyətin şahidi olmuşam. Bütün həyat instinktləri səfərbər olur və yaşamaq uğrunda mübarizə gedir. Dəniz qəzəblənəndə çox dəhşətli olur, hirsi-hikkəsi yeri-göyü dağıdır. Dəniz neftçiləri belə hallara öyrəşiblər, onlar bu vəziyyətdə qətiyyən narahatlıq keçirmirlər, hamı öz işini görür. Mənsə həyəcan keçirirdim, mənə baxıb qımışırdılar, yəni hələ təzəsən, belə vəziyyətlərlə hələ çox qarşılaşacaqsan.

Bir il tamam olmamış ərizəmi yazıb işdən çıxdım. Atam bu qərarıma heç bir reaksiya vermədi. Amma bir dəfə evdə söhbət əsnasında dedi ki, ordan yaxşı çıxdın, sənin yolun ayrıdı, nə vaxtsa bu gördüklərini yazarsan...

12/07/2015

# 3062 dəfə oxunub

Müəllifin son yazıları

# # #