“Mayakovskinin ifşa etdiyi xalq düşməni...”

“Mayakovskinin ifşa etdiyi xalq düşməni...”
25 yanvar 2013
# 10:57

Kulis.az mərhum tənqidçi, ədəbiyyatşünas Məmməd Arifin “Kommunist” qəzetinin 24 aprel 1937-ci il tarixli sayında dərc edilmiş “Vladimir Mayakovski” məqaləsini təqdim edir

Vladimir Mayakovski proletar revolyusiyasının yetişdirdiyi yeni tipli bir şairdir. Rəhbərimiz ulu Stalin bu şairi “sovet epoxamızın ən yaxşı və talantlı şairi” adlandırmışdır. Bu tərif devrimizin ən maraqlı və orijinal bir sənətkarı olan Mayakovskinin əsərlərinin bütün revolyusion mahiyyətini anlamağa yardım edir.

Mayakovskinin yeniliyi ondadır ki, o, proletar revolyusiyasının qələbələrini, işçi sinfinin qəhrəmanlıqlarını geniş, ümumiləşdirilmiş obrazlarla əks etdirməklə bərabər heç vaxt gündəlik, “xırda” siyasi məsələləri yaddan çıxarmayır, özünəməxsus bir amansızlıqla bu məsələlərə cavab verirdi. Mayakovski doğurdan da bütün “şairlik qüvvəsini hücuma keçən sinfə” verdiyi üçün yüksək sənət şüarları ilə revolyusiyanın gündəlik işlərini bir vəhdət halında ala bilirdi. O, “Lenin”, “Yaxşı” kibi poemalalrla birlikdə müxtəlif revolyusion şüarlar, marşlar, plakatlar yazır, bürokratizmlə, xalturaçılıqla mübarizə aparırdı.

Doğrudur, Mayakovskinin revolyusiyadan əvvəlki yaradıcılığında bir sıra ziddiyyətlər vardı, bu ziddiyyətlər onu müəyyən zaman rus futuristləri sırasında saxlayıb, sosialist revolyusiyasının gələcək vəzifələrini dərk etməsinə mane olurdu. Lakin hələ Mayakovskinin o zamankı ədəbi fəaliyyətinə diqqət etsək, bu talantlı şairin son dərəcə şiddətli revolyusion bir temperamentə malik olduğunu görərik. İmperialist müharibəsi illərində burjua-şovinist yazıçıların ağız-ağıza verərək müharibəni mədh etdikləri bir zamanda Mayakovski öz “Hərb və sülh” əsəri ilə müharibə əleyhinə dərin qəzəb və nifrətini yağdırırdı.

Yalnız revolyusiyadan əvvəlki rus poeziyasında deyil, dünya poeziyasında belə kapitalizmi Mayakovski qədər qəzəb və nifrətlə rədd edən olmamışdır. Kapitalizm üsulunun boğucu və murdar şəraitini “Dumanlı bulud” (1915) “Hərb və sülh” (1916), “İnsan” (1917) kibi əsərləri ilə ifşa edən Mayakovskinin proletar revolyusiyasına gəlməsi tamamilə təbii və qanuni idi.

Oktyabr sosialist revolyusiyası Mayakovskinin yolunu işıqlandırdı, ona milyonlarla oxucu bağışladı. Revolyusiyamızın ən talantlı şairi “bütün cavan qüvvətini” proletariata verərək sosializm uğurundakı şərəfli mübarizəyə qoşuldu. Buna görədir ki, onun ilk yaradıcılığındakı pessimizm revolyusion optimizmlə əvəz olundu. O, sosializm qələbələri ilə ürəkdən sevinməyə, öz doğma vətənini səmimiyyətlə tərənnüm etməyə başladı:

Mən də Vətənimi, respublikamı

əməklər və mübarizələr içində doğmuş

bəşəriyyət baharı kibi

tərənnüm edirəm.

Mayakovski öz şeirlərinin siyasi və bədii səviyyəsini Kommunist Partiyasının ideyaları səviyyəsinə qaldırmağa çalışdı, geniş xalq kütləsini maraqlandıran hər bir məsələ onun öz şəxsi, doğma işi oldu, onun lirikası yeni ictimai bir məna, satirası isə siyasi bir kəskinlik qazandı. Sosializm quruculuğu praktikasından aldığı müxtəlif konkret materialları mənimsəyib kommunizm nöqteyi-nəzəri ilə dərk etdiyi üçündür ki, Mayakovski öz lirik şeirlərində sosializm sənətinin yüksək nümunələrini yaratmağa müvəffəq oldu.

Mayakovskinin şeirləri olduqca səmimi və eyni zamanda revolyusion ruhla doludur. O, atəşsiz, adamı yandırmayan, həyəcana gətirməyən soyuq şeirlərin əleyhinə idi.

Öz əsərlərini hər tərəfdən yüksək sənətkarlıq səviyyəsinə qaldırmaq üçün Mayakovski bədii forma üzərində çox çalışırdı. O, novator idi, lakin bu novatorluq şairin yaradıcılığının ictimai məzmunu ilə bağlı idi.

Lakin uzağı görməyən adamlar Mayakovskinin yaradıcılığında ancaq onun ilk futurist ifratlarını, özünün dediyi kibi “gur səsli üsyançının” yanlışlıqlarını görürlər. Onlar şairin əsərlərinin böyük bədii və siyasi qiymətini görməyir və yaxud görmək istəmirlər.

Mayakovskinin yaradıcılığına bu cür birtərəfli və sarsaq yanaşma halları Azərbaycan ədəbiyyatında da olmuşdur. Vaxtilə öz murdar ikiüzlülükləri ədəbiyyat müəssisələrimizdə özlərinə yer tapan kontrrevolyusioner xalq düşmənləri H. Zeynallı və Əli Nazim dərs kitablarında Mayakovskinin xırda burjua intellligentliyini göstərir, proletar şairliyini, əsərlərinin bədii və siyasi qiymətini gizlədirdilər. Vaxtilə Mayakovskinin öz “Pampadur” adlı satirasında amansızcasına ifşa etdiyi xalq düşməni Ruhulla Axundov da devrimizin ən talantlı şairini hər vəchlə hörmətdən salmağa, ölümünün ildönümü münasibətilə verilən gecələri pozmağa çalışırdı.

Mayakovski hər cür bürokratizmə, ikiüzlülüyə, yaltaqlığa düşmən olmuş, xalq düşmənlərini, sosializm düşmənlərini ifşa etməkdə böyük iş görmüşdür. Bu cəhətdən də onun yaradıcılığı bu gün ən aktiv təsirini davam etdirməkdədir.

Böyük şairin yaradıcılığı şairlərimiz üçün bir çox cəhətdən nümunə olmuş və olacaqdır.

“Kommunist” qəzeti

24 aprel 1937-ci il

Məmməd Arif

# 3148 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #