Layihə- 37
Kulis.az “Kommunist” qəzetinin 6 fevral 1937-cil tarixli sayında H. imzasıyla dərc edilmiş yazını olduğu kimi təqdim edir.
Xalq düşmənlərini və onların havadarlarını sonadək ifşa etməli
Revolyusion sayıqlıq və kəskin bolşevik özünütənqidi olmayan yerdə, kontrrevolyusion trotskiçilər, millətçilər, bir sözlə hər sahədən olan xalq düşmənləri, oz kontrevolyusion pozucu işlərini aparmağa geniş imkan tapa bilirlər.
Mənfur düşmən öz burnunu xalq təsərrüfatımızın ayrı-ayrı sahələrinə soxduğu və öz qara əlaltı işlərini apardığı kimi, elm müəssisələrimizə də soxularaq bu müəssisələrimizin həqiqi yaradıcılıq işlərinə hər cür əngəllər və maneçiliklər törətməyə çalışırlar.
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının dil-ədəbiyyat İnstitutunu alayım. Burada Ruhulla Axundov, Əhməd Triniç, Vəli Xuluflu, Buqşpan, H. Zeynallı, Çobanzadə və Çapiro kimi kontrrevolyusionerlər, onların quyruqları-havadarları olan Qulam Bağırov, ifşa edilmiş və partiyadan qovulmuş ikiüzlü Əli Nazim və başqaları uzun müddət özlərinə yuva salmış və öz xəyanətkar, çirkin işlərini apara bilmişlər.
Az.FAN-ın başında Ruhulla Axundovun və onun quyruqlarının alçaq kontrrevolyison, ziyankar fəaliyyəti nəticəsində açıqdan-açığa elmi-tədqiqat işlərinə maneçiliklər törədilmiş, bu mühüm elmi müəssisəyə, günün tələblərinə cavabverici iş nümunələri göstərə bilməsi üçün imkan verilməmişdir.
Dil-Ədəbiyyat İnstitutu hələ 1934-cü ildə “Azərbaycan və rus dili lüğəti” və “Əcnəbi sözlər lüğəti”ni hazırlamışdır. Lakin bu lüğətlərin böyük əhəmiyyəti olduğuna baxmayaraq bu günədək hələ nəşr edilməmişdir. Bu, həm də ona görə edilməmişdir ki, Azərnəşrin başında Azərbaycan əməkçiləri və onun kulturunun düşməni olan kontrrevolyusioner Əhməd Triniç dururdu və o: “Azərnəşr” mühüm işlərlə məşğuldur, lüğət kimi çox əhəmiyyətli olmayan kitabların nəşri ilə məşğul ola bilməz”- deyə bu işi gündən-günə yubadırdı. Dil-Ədəbiyyat İnstitutunun Vəli Xuluflu və H. Zeynallı kimi “rəhbərləri” də Əhməd Triniçlə razılaşmaya bilməzdilər, çünki onlara lazım olan da bu idi.
İnstitutun elmi işçiləri, Azərbaycanda yaşayan xırda millətlərin kulturunu, dilini və onun inkişaf yollarını tədqiq etmək kimi mühüm məsələləri sürür, onu institutun iş planına daxil edirlər. Lakin kontrrevolyusioner Ruhulla Axundov, Buqşpan, Zeynallı, Xuluflu və başqaları həmişə belə təşəbbüslərə qarşı çıxır, onu rədd edir, yaxud qeyri-müəyyən “vaxta” salırlardı.
SSRİ Yeni Əlifba Komitəsi tərəfindən göndərilən nümayəndə, Ruhulla Axundovun və Mikayıl Hüseynovun qarşısında, Abşeronda yaşayan tatların dilini tədqiq etmək üçün ekspedisiya təşkil etmək məsələsini iləri sürürkən bu əclaflar həyasızcasına bu məsələni bu gün-sabaha salmışlar.
İnstitutda Azərbaycan tarixini və bu xalqın revolyusion mübarizəsinin nümayəndələrini – Koroğlu və folkloru öyrənmək, ya plandan çıxarılmış və yaxud da onlar haqqında tamamilə kontrrevolyusion fikirlər yürüdülmüşdür.
Azərbaycan dilini elmi surətdə öyrənmək və onu inkişaf etdirmək nöqteyi-nəzərindən ən böyük tarixi əhəmiyyətə malik olan Mahmud Kaşğarinin 3 cilddən ibarət əsərini nəşrə hazırlamaq işində elmi işçilərə şərait yaradılmamış və onlara yardım edilməmişdir.
“15 il ərzində Azərbaycanda elm” məcmuəsində Azərbaycan xalqının yaradıcılığını bütün varlığı ilə işıqlandırmaq əvəzində “Sabir və Molla Nəsrəddinin dilləri belə olmamışdır” kimi komntrrevolyusion konsepsiya iləri sürən Çobanzadə və Qulam Bağırovun yazıları, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Zifeldin kəskin və qətiyyətli etirazına baxmayaraq konrrevolyusion Şapiro, Zeynallı və onun havadarı Seyidzadənin bilavasitə məcbur etməsilə nəşr edilmişdir.
Bu mürtədlər Az. FAN xəttilə kadroların seçilməsində də, hazırlanmasında da, iləri çəkilməsində də öz ziyançılıqlarını apara bilmişlər. İnstitutun elmi işçilərinə konkret, konkret aktual temalar verilməmiş, yaxşı çalışanları müxtəlif bəhanələrlə Az. FAN-dan uzaqlaşdırmış və əsas həlqələrdə öz quyruqlarını yerləşdirməyə müvəffəq olmuşlar. Bu ziyançılıqların ört-basdır edilməsində partiya namizədi Qulam Bağırov havadarlıq rolunu oynamışdır.
Kontrrevolyusioner Zeynallının Az. FAN nəzdindəki aspiranturanın rəhbərliyi vəzifəsinə çəkilməsi də təsadüfi deyildi.
Ruhulla və onun həmfikirləri öz ziyançılıqlarını Az. FAN-da aparmaqla kifayətlənməyib respublikamızın başqa elm müəssisələrində də özlərinə həmfikirlər toplamağa müvəffəq olmuşlar. Böylə bir müəssisə təşkil edildiyi gündən son zamanadək yalançı elm-pedaqogikanın bilavasitə propoqandasını mərkəzləşdirən (professor Maqoyelski, Fuad İbrahimbəyli, Veysəl Mustafayev və başqaları) sabiq Azərbaycan pedaqoji elmi tədqiqat institutu olmuşdur.
Qulam Ələkbərli sözdə Az. FAN-ın Dil və Ədəbiyyat İnstitutunun işləri ilə əlaqəsinin olmadığını söyləyir, işdə isə Ruhullanın rəhbərliyi ilə həmin ziyançılıqları Pedaqoji İnstitutda aparır.
Ruhulla Axundov və onun quyruqları öz ziyançılıqlarını genişləndirmək üçün Az.FAN-ın ayrı-ayrı işçiləri ilə kifayətlənməyərək, Az.FAN və elmi işlə heç bir əlaqəsi olmayan kontrrevolyusioner Əsədullayev Məmmədtağı kibilərlə əlaqəyə girişir və ziyançılıqları genişləndirmək məqsədilə onlara maddi cəhətdən də yardım edir.
Onların kökü hələ tamamilə kəsilməmişdir. İndiki vəzifə həmin əclafların quyruqlarını, havadarlarını sonunadək ifşa etməkdən ibarətdir.
Xalq düşmənlərinə və onların tör-töküntülərinə SSRİ-nin heç bir küncündə yer verilmədiyi kimi elmi müəssisə və idarələrimizdə də qəti surətdə yer verilməməlidir.
6 fevral 1937-ci il
“Kommunist” qəzeti
Hazırladı: Kənan Hacı