Axı bu qızlar məndən niyə qaçır?

Axı bu qızlar məndən niyə qaçır?
4 sentyabr 2014
# 11:00

Kulis.az Kənan Hacının “Qara pişik” hekayəsini təqdim edir.

Hər dəfə özünə söz verirdi ki, qara pişiyi vecinə almasın, olmurdu, bu məsələdə həmişə başqalarına lağ eləsə də mövhumatçılıq beyninin lap uzaq bir küncündə hərəkətsiz mikrob kimi gizlənirdi və tək səbir gələndə, yolunun üstündən qara pişik keçəndə o mikrob özünün varlığını bildirirdi. Onsuz da pişik oldu-olmadı, son vaxtlar işləri heç düz gətirmirdi, hansı işin qulpundan yapışırdısa, qulpu sınırdı. Şəhərin kəlləçarxında, Bayılın kələ-kötür küçələrində hər addımda qəfil öskürək kimi qarşına qara pişik çıxa bilərdi, pişiyi ciddiyə alsan, onda gərək evdən çölə çıxmayasan.

Zakir yaxınlıqdakı tikintidə fəhlə işləyirdi, gün ərzində iki dəfə, sübh tezdən işə gedəndə, bir də axşam işdən yorğun-arğın qayıdanda qalaqlanmış zibil qutularının böyründən keçməli olurdu, hər dəfə də bu yerdən keçəndə ödü ağzına gəlirdi, ayaqqabılarının altı kirli asfalta yapışanda əti çimçəşirdi, sanki bədəninə qurdlar daraşırdı. Paltarlarına da üfunət qoxusu hopmuşdu, üstünə səpdiyi ucuz ətir tər qoxusuna qarışıb xoşagəlməz iy əmələ gətirirdi. Ümumi həyətdə qalırdı deyə, hər gün çimə də bilmirdi, Allahın ver günü bu xarabada suyu kəsirdilər, su gələndə də həyətdə çimmək növbəsi yaranırdı. Bir dəfə kirayənişinlərdən birinin cavan xanımı diqqətsizlik edib hamamın qapısını açıq qoymuşdu, tərslikdən bu vaxt da Zakir hamam dəsmalı çiynində qapını açıb duşun altında lüt anadangəlmə fırlanan ağcamaya qadını görmüşdü. Qadın əlləriylə ayıb yerlərini tutub “oyyy” deyə çığıranda Zakir qapını hirslə bədəni buğlanan qadının üzünə çırpmışdı və “içəri girəndə bu xarabanın qapısını bağlayın daaa!” deməyi də unutmamışdı.

Bu həyətdə hər cür naqolay vəziyyətə düşmək mümkündü. Bir də görürdün, qarnı ağrıyır, tualetdə oturan adam hec cür çıxmaq bilmir, onda qıvrıla-qıvrıla qalırdı, ürəyində o adamın yeddi arxa dönənini sıraya düzürdü. Gecə evə gec gələndə qapı bağlı olurdu, neçə dəfə qonşu hasardan adlayıb qaldığı həyətə keçirdi. Bir dəfə su başına çıxan qonşunun arvadı həyətdə yad adam görüb səsini başına atmışdı, onda Zakir arvaddan betər qorxmuşdu, vəziyyəti izah edincə arvadın əri darbalaqla həyətə çıxıb binəvanı süpürləmişdi, nə yemisən turşulu aş, çırp ki, çırpasan.

Bu darısqal küçələrin elə döngələri vardı ki, pəncərədən başını çıxarıb qarşı tərəfdə yaşayan qonşunun pəncərəsindən onun əlini sıxa bilərdin. Bu dar döngələrdə qəpik-quruşa baxan kasıblar yaşayırdı. Yay gələndə məhəllənin kişiləri günortaya qədər yatır, yuxudan oyanandan sonra da tində kümələşib ta gecə yarısınadək nərd, domino çırpırdılar. Bu məhəllələrdə heç kəs həyət qapısına lampa vurmurdu, gecələr küçələr zülmətə bürünürdü, hansı tində ki, domino ya nərd oynanılırdı, işıq dirəyindən bir naqil ayırıb lampa yandırırdılar ki, rahat oynaya bilsinlər.

Zakir heç vaxt onlara qoşulmazdı, işdən tez çıxanda da evə gəlib yuyunur, sonra yaxınlıqdakı pivəxanaya yollanırdı. Yoldan bir qədər kənarda, ağaclığın içində yerləşən pivəxana gecə-gündüz müştəriylə dolub-daşırdı, buranın pivəsi yaxşı olurdu deyə, uzaq yerlərdən də gələnlər olurdu. Gəlib dalda yerə çəkilirdi, pivəsini sifariş verib əlüstü bir siqaret yandırırdı və düşüncələrə dalırdı. Arada qonşu masada oturanları gözaltı müşahidə edirdi, bu pinti-pələş, üzü tüklü, əli qabarlı, sinəsi gündən yanıb qaralmış kişilər ona Dostoyevskinin çarəsiz qəhrəmanlarını xatırladırdı. Onlar əllərinə düşən qəpik-quruşu pivəyə, arağa verib tuluqlarını doldururdular, evə arvad-uşaq yatandan sonra gedirdilər ki, danlaq eşitməsinlər. Bu pivəxana özləri də bilmədən onların ömürlərini yeyib-bitirirdi. Zakir fikir verirdi ki, əvvəlki müştərilərdən bir neçəsi artıq yoxdu, onlar haçansa gecəni yatıb səhəri yerlərindən qalxmayıblar. Bu adamların içalatı günbəgün çürüyür, özlərinin xəbəri yoxdu. Bu adamlar uzun və əzablı intihar yolunu seçmiş bədbəxtlərdi. Bir də görürdün hansısa masada iki sərxoş eləcə susub siqareti və sükutu ciyərlərinə çəkirlər...

Zakir də belə çarəsizlərdən idi, o, ürəyində sevinirdi ki, evə qayıdanda üz-gözünü danlayan olmayacaq. Amma bəzən öz tənhalığından üşənirdi, hər gün danlanmağa razıydı, təki axşam evə yorğun qayıdanda qabağına çay süzüb gətirən, qayğısına qalan, onunçün darıxan bir kimsə olaydı. Yaraşıqlı, qızların diqqətini cəlb edə bilən oğlan idi. Di gəl bu boyda dünyada bircə qız tapılmırdı ki, onunçün darıxsın, onu bu kasıb halıyla sevsin. Xoşuna gələn qızlar çox idi, amma kimisə sevməyə qorxurdu, hansısa günahsız bir qızı öz bədbəxtliyinə şərik etmək istəmirdi. Tanış olduğu qızlar da bir-iki gündən sonra səbəbsiz-filansız ondan uzaqlaşırdılar. Uzun müddət bu haqda düşündü, axı bu qızlar məndən niyə qaçır? Bəlkə danışığımda qüsur var, bəlkə qaraqabaq, adamayovuşmazam, qızlar üçün maraqlı tip deyiləm, deyə fikirləşdi. Bir dəfə birlikdə çalışdıqları fəhlə yoldaşlarından biri sözarası zarafatla dedi ki, qardaş, sən nə vaxtacan belə tək yaşayacaqsan, gəl səni baş-ayaq eləyək. Yaxınlıqda dayanmış müdirin istehzayla dediyi sözlər yeddi qatından keçdi: “Evlənmək bunun harasına yaraşır? G....ə şalvar ala bilmir. Kiminsə qızını alıb bədbəxt eləyəcək də”.

İstədi boynu dönməyən bu əbləhin yaxasından tutub desin ki, fəhlə adam deyil, fəhlə evlənə bilməz?!

Qızlar ondan ona görə uzaqlaşırdı ki, o, kasıb idi, kimsəsiz idi, bir sənətin yiyəsi deyildi, qızlar fəhləyə ərə getmək istəmirdilər. Təkcə sevgiylə qarın doymur axı.

Daş olan günüvə! Vaxtında niyə oxumadın? Heç olmasa, bir sənətin yiyəsi olsaydın, indi onun-bunun əlinin altında nökərçilik etməzdin, ay günüqara!

...Gecədən xeyli keçmişdi. Həmişə olduğu kimi yenə başı dumanlı halda evə qayıdırdı. Ətraf zülmət idi, zibil qutularından qalxan başçatladan qoxu vecinə deyildi, bu qoxu artıq onun içinə hopmuşdu. Qəfildən ayağının altında yumşaq bir şey qaldı, qara pişik qiyyə çəkdi. Dik atıldı, içkinin dumanı bir anda başından çəkildi. Zavallı pişiyi maşın vurub yaralamışdı, arxa pəncəsindən qan axırdı, yaralı olduğu üçün tərpənə bilmirdi.

Pişiyin qaranlıqda parıldayan şüşə gözləri canına üşütmə saldı. Zibil qutularının böyründə çöməlib bir siqaret yandırdı, tüstünü ciyərlərinə çəkdi. Bu qaranlığın içində işıq axtarmağa dəyməzdi. Fikirləşdi ki, hər ötən günün gecəsi onun ömründən qara pişik kimi keçir, getdikcə özü də qaranlığın bir parçasına çevrilib. Qara pişik-filan da bəhanədi.

Ağlına gələn başqa fikirdən ürəyi toxtaqlıq tapdı, bu qaranlığın içində yeganə işıq vardısa, o da bu qara pişik idi.

Yaralı pişiyi qucağına götürüb evdə onu səbirsizliklə gözləyən sükutu pozmağa getdi...

26 avqust, 2014

Buzovna

# 2468 dəfə oxunub

Müəllifin son yazıları

# # #