Hərəmxana qadınlarının yazıçısı

Hərəmxana qadınlarının yazıçısı
16 aprel 2013
# 10:17

Uzun müddət idi ki, Divanbəyoğlunun kimliyi haqda düşünürdüm. Amma onun barəsində doğru-dürüst məlumat əldə edə bilmirdim. Tam təsadüf nəticəsində az qala unudulmaqda olan bu yazıçının ömür yolu, yaradıcılığı ilə bağlı bilgilər əldə etdim.

Kənddə anamın köhnə kitablarını gözdən keçirirdim, birdən gözüm Divanbəyoğlu imzasıyla çap olunmuş kitaba sataşdı. “Can yanğısı” adlanan bu kitab 1981-ci ildə “Yazıçı” nəşriyyatında çap olunub. Kitabda yazıçının eyni adlı romanı, “Əbdül və Şahzadə” povesti yer alır.

Divanbəyoğlu imzasıyla yazıb-yaratmış yazıçının adı Abdullabəy, soyadı Sübhanverdixanov olub. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixində nasir, alim, müəllim və metodist kimi qalıb. Yazıçı 1883-cü il yanvar ayının 1-də Qazax qəzasının Hüseynbəyli kəndində anadan olub. Kiçik yaşlarından ata-anasız qalıb, yaxın qohumlarının himayəsində böyüyüb.

Qazax ibtidai məktəbini bitirdikdən sonra oxumaq, təhsil almaq həvəsi onu Qori Müəllimlər Seminariyasına gətirib çıxarır. Müəllimi Abakarovun və ana tərəfdən olan qohumlarının maddi dəstəyi ilə Seminariyaya daxil olur. Azərbaycanda maarifçiliyin inkişafında böyük rol oynamış bu məktəb onun tərbiyəsində mühüm rol oynayır. Gənc Abdullabəy rus ədəbiyyatı klassiklərini oxumağa başlayır və ilk qələm təcrübələrini Seminariyada təhsil alarkən edir. “Köçərilərin həyatına aid müşahidələr”, “Əhməd və Şahzadə” əsərlərini yazır. Daha sonra “Yeni məktəb” adlı pedaqoji materialı ərsəyə gətirir. Lakin bunların heç birini çap etdirə bilmir.

Abdullabəy 1903-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib Caynam (Acarıstan) və Batumi vilayətinin Xertivissi məktəblərində pedaqoji fəaliyyətə başlayır. Hələ seminariyada oxuyarkən düşündüyü iri həcmli əsərini burda yazmağa başlayır. “Can yanğısı” romanı belə yaranır. 1904-cü ildə Bakıya qayıdır. Əvvəl Rus-tatar, sonra isə ikinci dərəcəli şəhər məktəbində müəllimlik edir.

Divanbəyoğlu bu dövrdə var qüvvəsiylə savadsızlığa qarşı mübarizə aparır, “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin mədəni-maariflə bağlı tədbirlərini həyata keçirmək uğrunda çalışır. Eyni zamanda ədəbi fəaliyyətini də genişləndirir. “Dəbistan”, “Günəş”, “Yeni həqiqət”, “Haqq yolu” və digər qəzet və jurnallarda hekayə, povest və publisistik yazıları çap olunur.

Azərbaycan sovet hakimiyyəti qurulanda Divanbəyoğlu səmimi-qəlbdən bu quruluşun xalqları xoşbəxt gələcəyə aparacağına inanır və bütün qüvvə və bacarığını yeni quruluşun möhkəmlənməsinə, zəhmətkeş balalarının, fəhlə-kəndli sinfinin savadlanmasına sərf edir. Oktyabr inqilabından sonra proletar ədəbiyyatı(proletkultçuluq) konsepsiyası meydana çıxdı, bu konsepsiyaya görə hakimiyyətə yiyələnmiş fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalı idi. Sosial siniflərin xüsusi ədəbiyyatı ideyasının absurdluğuna rəğmən proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir forması idi. Divanbəyoğlu da bu ideyanın daşıyıcılarından biri idi.

Sovet hakimiyyətinin ilk illərində Xarici İşlər Nazirliyində tərcüməçi işləyən yazıçı xalq maarifini inkişaf etdirmək, kütləvi savadsızlığı aradan qaldırmaq üçün təcrübəli kadrlara ehtiyac olduğunu düşünürdü və bu məqsədlə də 1920-ci ilin iyulunda Nəriman Nərimanova məktub yazmışdı. Həmin məktubda o, xalq maarifi sahəsində işləmək arzusunu bildirirdi.

N. Nərimanov Divanbəyoğlunu hələ 1905-ci ildən savadlı və bacarıqlı bir müəllim kimi tanıyırdı. Ona görə də onu xüsusi zəmanətlə Xalq Maarif şöbəsinin sərəncamına göndərir. Divanbəyoğlu 1923-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) tarix fakültəsinin şərq şöbəsinə qəbul olunur. Təhsilini davam etdirməklə bərabər bir sıra məsul vəzifələrdə çalışır. 1926-cı ilə qədər Xalq Maarif Komissarlığında pedaqoji məktəblər şöbəsinin müdiri vəzifəsində çalışır.

Divanbəyoğlu sonralar Azərbaycan Elmi-Tədqiqat İnstitutunun əməkdaşı olub, Azərbaycan tarixinin öyrənilməsi, folklor və etnoqrafik materialların toplanmasında yaxından iştirak edib. O, 1930-cu ildə SSRİ EA Azərbaycan filialının tarix və etnoqrafiya şöbəsinə müdir təyin edilib və ömrünün sonuna qədər həmin vəzifədə çalışıb.

Divanbəyoğlu cəmi 53 il ömür yaşayıb. O, 1936-cı ilin yanvarında dünyasını dəyişib. Hansı səbəbdən öldüyü haqda məlumat yoxdur.

Azərbaycan oxucusu Divanbəyoğlunu demək olar ki, tanımır. Onun yaradıcılığında qadınların azadlıq problemləri əsas yer tuturdu. Yazıçı qadınların ictimai həyatda kişilərlə bərabər, eyni mövqedə dayanmasına çalışırdı. 1902-ci ildə rus dilində yazdığı “Əhməd bəy və Şahzadə” povestində bu məsələ konkret qoyulub. Əsərdə müəllif qadınların hərəmxanalarda məhv olmasının, hüquqsuzluğunun, qul kimi alınıb-satılmasının əleyhinə çıxır, bütün müsəlman Şərqində onların acınacaqlı vəziyyətini ustalıqla açıb göstərir.

“Can yanğısı” romanının da əsas mövzusu qadınların hüquqsuzluğu, faciəli taleyi haqqındadır. Əsərin süjet xətti namusu ləkələndiyi üçün qan töküb doğma yurdundan qaçan Əhmədin gözəl köçəri qızı Ruqiyyə ilə faciəli məhəbbət macərası üzərində qurulub. Əsər xalq danışığına yaxın dildə yazılıb, yazıçı xalq zərbi-məsəllərindən geniş və yerində istifadə edib. Roman ilk dəfə 1910-cu ildə “Həqiqət” qəzetində hissə-hissə, 1913, 1926, 1958 və 1979-cu illərdə isə ayrıca kitab şəklində nəşr olunub.

Divanbəyoğlu kiçik hekayələr ustası kimi də tanınırmış. Onun əsərlərində xalq məişətinin canlı detallarından ustalıqla istifadə olunub. O, təkcə bədii yaradıcılıqla kifayətlənməyib, tarix, etnoqrafiya, pedaqogikaya aid əsərlər yazıb. Şifahi xalq ədəbiyyatının sahmana salınmasında da onun böyük xidməti olub. Müxtəlif rayon və kəndlərdən toplanmış 100-ə yaxın nağıl və əfsanələri “Folklor materiallarının təsnifi” başlığı altında çap etdirib.

Divanbəyoğlu millətimizin ədəbiyyat, maarifçilik tarixinə həkk olunmuş bir imzadır və bu imzaya etinasızlığımız mənə çox qəribə görünür. Əlli üç illik ömürdə xeyli işlər görüb, elmi, tarixi, bədii əsərlər yazmaqla kifayətlənməyib, maarifçiliyi inkişaf etdirib, qadın hüquqsuzluğuna qarşı mübarizə aparıb. O çətin dövrdə bu işləri görmək böyük fədakarlıq tələb edirdi.

# 3059 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #